• çərşənbə axşamı, 16 aprel, 18:40
  • Baku Bakı 18°C

Mərkəzi Asiya və Xəzərin güclənən geosiyasi mövqeyi

09.04.21 19:45 1333
Mərkəzi Asiya və Xəzərin güclənən geosiyasi mövqeyi
Ankaranın regionda güclənməsi Tehran və Pekini hərəkətə keçirib
SSRİ-nin süqutu ilə Mərkəzi Asiya uğrunda böyük dövlətlərin başladığı nüfuz mübarizəsi bu gün də səngimir və görünür ki, proses sonsuzluğa kimi davam edəcək. Belə baxanda, region dövlətləri siyasi cəhətdən mövqelərini müəyyənləşdirmiş kimi görünür. Lakin vəziyyət hər an dəyişə, indiyə qədər sabit görünən münasibətlər fərqli hal ala bilər. Ortada praktika da var - Özbəkistan. Bu ölkə bir neçə ildir ki, çoxvektorlu siyasəti ilə diqqət mərkəzindədir. ABŞ-dan tutmuş Rusiyaya kimi bütün dövlətlərlə balanslı siyasət yürüdür. Nə vaxtsa Türkmənistanı da belə bir tale gözləyir. Mövcud durum isə belədir ki, bölgə uğrunda iri oyunçu hesab edilən dövlətlərin mübarizəsi güclənir. Rusiya, Çin, İran və Türkiyə bu sırada liderdir. Düzdür, Rusiya və Çin artıq bölgədə möhkəmlənmiş durumdadır. Birincisi siyasi, ikincisi isə daha çox iqtisadi baxımdan. Lakin digər dövlətlər də tədricən öz mövqelərini ortaya qoymağa çalışır. Qardaş Türkiyə də bu sıradadır və aktiv siyasət yürüdür. Bu yaxınlarda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu region dövlətlərinə ayrı-ayrılıqda səfər etdi və ikitərəfli əməkdaşlığı genişləndirmək barədə razılaşmalara imza atıldı. Dərhal da, Türkiyənin ardınca, qonşu İran da bölgədə itirdiyi mövqelərini bərpa etmək qərarına gəlib.

İran nüfuzunu bərpa edə biləcəkmi?

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif in Mərkəzi Asiya respublikalarına səfərinin yekunlarına nəzər salaq. Tehran üçün Çinlə hərtərəfli saziş imzaladıqdan sonra regionda özünün itirilmiş geosiyasi, geoiqtisadi mövqelərini bərpa etmək və möhkəmləndirmək, eləcə də, layihələrini reallaşdırmaq zəruridir. İran XİN rəhbərinin səfəri prezident Həsən Ruhani administrasiyasının getməsi fonunda baş verir. Çinlə 25 illik bütün sahələri əhatə edən saziş imzalandıqdan sonra bəlli olub ki, Pekin İran iqtisadiyyatına 400 mlrd. dollar investisiya yatırmaq niyyətindədir. Çin pulları neft nəqlinə, faydalı qazıntılara, İran sənayesinin inkişafı, kənd təsərrüfatı və nəqliyyat infrastrukturunun inşasına sərf olunacaq. Çin də əvəzində İran neftini və qazını alacaq. Bir faktı da qeyd edək ki, Çin və İran arasında saziş 2019-cu ildə imzalansa da, o zaman Pekin geri çəkildi. Yalnız Ankoridcedə keçirilən və uğursuz nəticələnən ABŞ-Çin sammitindən sonra çinlilər başa düşdü ki, ABŞ-la normal münasibətlər qurmaq alınmayacaq. Bu səbəbdən də Tehranla müvafiq saziş imzalandı. Mano tədqiqat təşəbbüsləri mərkəzinin direktoru Bəxtiyar Erqaşev hesab edir ki, yeni sazişlə İran ciddi və uzunmüddətli investisiyalar mənbəyi əldə etmiş olur. Çin isə karbohidrogen ehtiyatları. Qiymətə gəldikdə, bu, artıq başqa bir mövzudur. Bəllidir ki, Çin hər zaman tərəfdaşlarının ağır vəziyyətindən yararlanıb. Və bundan qazanc əldə etməyə çalışır. Əgər bu saziş işləyərsə, o zaman Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalar səddi çat vermiş olacaq. Əgər İran Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqına üzv olarsa, bu sədd tamamilə dağıla bilər. Erqaşev bildirir ki, İran ABŞ və onun müttəfiqlərinin sanksiyalarının total xarakter daşıdığını göstərən ilk ölkə ola bilər. İran təcrübəsini digər ölkələrə də ixrac etmək mümkün olar. Məsələn, Venesuelaya. İran-Çin razılaşması Tehran üçün maraqlı geosiyasi və geoiqtisadi gedişdir. Zərifin də səfəri regional layihələrin inkişaf etdirilməsi ilə bağlıdır. Özbək ekspert də hesab edir ki, nəqliyyat-logistika layihələri məsələləri İran xarici işlər nazirinin səfərində əsas yeri tutub.


Onu da qeyd edək ki, İran Mərkəzi Asiya ölkələri ilə quru yolla yalnız Çin vasitəsilə münasibətlər yarada bilər. Daşkənddə keçirilən danışıqlar da İran üçün zəruri olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşası məsələsi müzakirə olunub. İran bu layihəyə maraq göstərir, çünki bu magistral Özbəkistan-Əfqanıstan-İran nəqliyyat dəhlizi (Məzari-Şərif-Herat- Çobahar limanı) arasında bağlayıcı magistral ola bilər. Tehran bu yolun işləməsində maraqlıdır. 2020-ci ildə pandemiyanın qızğın vaxtında bu marşrut üzrə avtomobil əlaqəsi start götürmüşdü. İndi isə bu avtomobil yolunun dəmir yolu vasitəsilə gücləndirilməsi gərəkdir.
Türkiyənin mövqeyi çoxlarını narahat edir
Diqqət çəkən məqam odur ki, Rusiya mediasında dərc olunan məqalələrdə Mərkəzi Asiyada Türkiyənin aktiv siyasət yürütməsinin Çin və Rusiya ilə yanaşı, İran tərəfindən də müəyyən suallar doğurduğu vurğulanır. Ruspərəst ekspertlər daha çox Türkdilli dövlət başçılarının iştirakı ilə keçirilən son sammitin üzərində xüsusi dayanırlar. Etiraf edirlər ki, Türkiyənin Mərkəzi Asiyada mövqeyi güclüdür. Lakin İranın Mərkəzi Asiya istiqaməti üzrə aktivləşəcəyi bildirilir. Xüsusən də söhbət Avrasiya İqtisadi İttifaqından gedir. İran, təşkilatın daimi üzvünə çevrilməsə belə, Tehranla Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonasının yaradılması ideyasının reallaşacağını bildirirlər. Onların qənaətincə, prezident Həsən Ruhaninin prezidentliyi müddətində Mərkəzi Asiya vektoru uğursuz olub. Onun yerinə kimin gəlməsindən, hansı düşərgəni təmsil etməsindən asılı olmayaraq, mütləq Mərkəzi Asiya keysini bərpa etməli olacaq. Cavad Zərif "axsaq ördək” olsa da, hər halda, bu səfər önəm kəsb edir. Bu, sadəcə vida səfəri deyil, həm də ikitərəfli münasibətlərin təftişidir. Belə ki, qəfildən aydın olur ki, İranın Mərkəzi Asiyaya təsiri, ümumiyyətlə mövcud deyil. İran Mərkəzi Asiya respublikaları üçün bir növ toksik vasitəyə çevrilib - bütün layihələr ləğv edilib, ticarət sövdələşməsi minimuma endirilib. Ən iri ticarət dövriyyəsi Qazaxıstanla olsa da, ötən il bu həcm bir milyard dollara da çatmayıb. Bu da regionda İranın siyasi təsirinin də itirilməsinə gətirib çıxarıb. Və bütün bu proseslər də məhz Zərifin İran xarici siyasətinə rəhbərlik etdiyi dövrdə baş verib. Bu səbəbdə də iflas siyasətinə görə cavabdeh daşıyır. Tehran üçün əsas məsələ Çin layihələrinə qoşulmaq, köklənməkdir.
Xəzər geosiyasi qarşıdurmanın yeni mərkəzi ola bilərmi?
Yeri gəlmişkən, ekspert dairələrində Xəzər dənizinin geosiyasi qarşıdurmanın yeni mərkəzi olaraq nəzərdən keçirildiyi barədə fikirlər kök salıb. Və bu qarşıdurmada tək sahilyanı dövlətlər iştirak etmir. Bu sırada isə daha çox Xəzərə çıxışı olmayan Çin və Türkiyənin adı çəkilir. İri təbii resurslara malik olmaq uğrunda ölkələrin mübarizəsi kəskin xarakter alır. Söhbət ilk növbədə karbohidrogen ehtiyatlardan gedir. Tək bir faktı qeyd etmək olar ki, məsələn Azərbaycan bu yaxınlarda "Şəfəq-Asiman” yeni yatağında iri qaz ehtiyatı kəşf edib. Qardaş ölkə mətbuatında dərc olunan məqalələrə nəzər saldıqda görmək olur ki, yaxın onilliklər ərzində Xəzərin nəqliyyat baxımdan əhəmiyyəti artacaq. Anadolu agentliyi yazır ki, Xəzər dənizi bu yaxınlarda öz tarixində ən iri kollaps yaşayan Süveyş kanalına rəqabət yarada bilər. Təbii ki, Türkiyə də özünü Xəzərdəki iri nəqliyyat layihələrində başlıca oyunçulardan biri kimi görür. Rəsmi Ankara artıq çoxdandır ki, irəli sürdüyü və Çin, Türkmənistan, Qazaxıstan və Azərbaycanı birləşdirəcək "Orta dəhliz” meqalayihəsini reallaşdırmağa çalışır. Layihə "Şimal dəhlizi”nə alternativ olmalıdır. Burada birinci skripka rolunu İran oynasa da, adından göründüyü kimi, əsas rol Rusiyaya məxsusdur. Və yeni nəqliyyat dəhlizinin reallaşması üçün 8 trilyon dollar gərəkdir. Təbii ki, buna tək Türkiyə deyil, digər dövlətlər də investisiya yatırmalı olacaq. Türkiyə yalnız "Orta dəhliz”in bir hissəsi olacaq "İstanbul” gəmi kanalının inşasını öz üzərinə götürəcəyini bildirir. Elə prezident Rəcəb Tayyib Ərdoğan da bir neçə gün əvvəl bu məsələyə toxunub. Bildirib ki, "İstanbul kanalı” layihəsi ilə bağlı hazırlıqları böyük ölçüdə tamamladılar və istəsələr də, istəməsələr də, bu layihəyə başlayacaqlar. O, 56 qurum və 200-dən artıq elm adamı tərəfindən layihə ilə bağlı araşdırma aparıldığını diqqətə çatdırıb. Qeyd edək ki, "İstanbul kanalı” layihəsi Qara və Mərmərə dənizlərini bir-birinə bağlayacaq. Avropa və Asiyanı bir-birinə bağlayan Bosfor kanalına alternativ olacaq bu kanal pullu olacaq və perspektivdə ona yatırılan vəsaiti doğruldacaq. Başqa bir nəşr - "Yeni Şafak” isə Asiya liderlərinin Xəzərin gələcəyi ilə bağlı söylədikləri fikirləri xatırladır. Və bu liderlər sırasında tək Ərdoğan deyil, məsələn Böyük İpək yolu və Turan dəhlizinin bərpası barədə danşan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev də var. Nəşr qeyd edib ki, bu dəhliz Avropa və Asiyanı birləşdirəcək yeni, təhlükəsiz və qısa ticarət marşrutu ola bilər. "Anadolu” xüsusi vurğulayır ki, "Orta dəhliz”in reallaşmasında əsas "problem”li sahə Azərbaycanın Naxçıvan anklavı idi. Faktiki olaraq o, uzun illər Ermənistan, Azərbaycan və İranı birləşdirən və Naxçıvandan keçən dəmir yolunun fəaliyyətini dayandırması səbəbindən nəqliyyat blokadası vəziyyətinə salınmışdı. Məhz bu səbəbdən də Türkiyə və Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin bərpasının zəruriliyi ideyasını ortaya atırdılar.

Çin Cənubi Qafqaza doğru gedir
Öz növbəsində "Modern Diplomacy” analitik nəşri proqnoz edir ki, Türkiyənin ardınca Xəzər istiqamətində qeyri-adi fəallığı Çin nümayiş etdirir. Və xüsusi qeyd edir ki, onların maraqları üst-üstə düşür. Bununla yanaşı, nəşr vurğulayır ki, geoiqtisadi mənada Çin Türkiyədən geri qalır. Belə ki, Türkiyə aktiv şəkildə və uzun müddətdir ki, Cənubi Qafqazdadır. Ondan fərqli olaraq Çinin Cənubi Qafqazda yalnız bir sənaye parkı - "Xualinq Kutaisi” var. Müqayisə üçün bildirək ki, məsələn, Şimali Afrikada və Qərbi Asiyada ən azı səkkiz Çin sənaye parkı fəaliyyət göstərir. Mərkəzi Asiyada isə altı. Bu da hər iki regionun uzunmüddətli geosiyasi əhəmiyyət daşıdığını göstərir. "Bu, Çin tərəfinə münasibətləri "sıfır”dan başlamağa imkan verir”, - deyə "Modern Diplomacy” bu qənaətə gəlir. Onu da qeyd edək ki, Çin 2015-ci ildə Azərbaycanla dost əməkdaşlıq münasibətlərini möhkəmləndirib, 2019-cu ildə isə Azərbaycan prezidentinin Çinə səfəri baş tutub. Pekində keçirilən beynəlxalq "Dəhlizlər və yollar” sammitində bir çox ikitərəfli layihələrin reallaşması istiqamətində addımlar atılıb.

Bir faktı da qeyd edə ki, Vaşinqton tərəfindən təzyiqlərin artması Çinin üzünü Mərkəz Asiyaya tutmağa məcbur edib. "Kəskin rəqabət” artıq bütün dünya boyu güclənir. Pekin, hələ ki, Vaşinqtonun ona rəqabət vəziyyətində olmadığı bu regionda öz mövcudluğunu və nüfuzunu genişləndirməyə çalışacaq. Yaxın aylarda dünya izolyasiyadan çıxacağı müddətdə isə Pekin Mərkəzi Asiyada özünü etibarlı ticarət tərəfdaşı kimi göstərməyə çalışacaq. Bütün bunlardan da bu nəticəyə gəlmək olar ki, yaxın perspektivdə tək Mərkəzi Asiya deyil, bütövlükdə postsovet məkanında güclü dəyişikliklərin, əsasən də iqtisadi dəyişikliklərin baş verəcəyinin şahidi ola bilərik.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər