• çərşənbə, 24 Aprel, 20:31
  • Baku Bakı 23°C

Mərkəzi Asiya təhlükə ilə üz-üzə

12.12.17 09:00 1691
Mərkəzi Asiya təhlükə ilə üz-üzə
Region ölkələrinin təhlükəsizliyi və əməkdaşlıq məsələləri Aşqabadda Mərkəzi Asiya və Əfqanıstan xarici işlər nazirlərinin toplantısında əsas müzakirə mövzularından biri olub. Məsələ ondadır ki, son vaxtlar Əfqanıstanda radikal qüvvələrin yenidən qruplaşması halları baş verir, əsasən ölkənin şimalında böyük gücə çevrilirlər. Eləcə də narkotrafikin güclənməsi təkcə region üçün deyil, bütövlükdə bütün ölkələr üçün ciddi təhlükə kimi qəbul edilir. Qərb mətbuatı yazır ki, İŞİD-ə qarşı Suriya və İraqda aparılan əməliyyatların başa çatması, digər regionlarda vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. Terrorçu qruplaşmalar hazırda yeni fəaliyyət istiqamətləri və yaraqlıların digər ölkələrə keçirilməsi üzərində işləyirlər. Tacikistanın xarici işlər naziri Sirociddin Aslov xüsusən Əfqanıstanda radikal qruplaşmaların aktivliyinin artmasından narahat olduqlarını bildirib. Bu ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, bu günlərdə Vyanada ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin toplantısında iştirak edən tacik nazir bildirib ki, Əfqanıstanda radikal dini qruplaşmaların fəaliyyəti xeyli güclənib və onlar təkcə Tacikistana deyil, həm də ATƏT-in cənub sərhədləri üçün ciddi təhlükə mənbəyidir. "Biz bir qonşu kimi daimi sülhün, siyasi sabitlik və Əfqanıstanın iqtisadi cəhətdən inkişaf etməsində maraqlıyıq”, - deyə XİN rəhbəri vurğulayıb. O, ümidvardır ki, Əfqanıstan regional ticarət-iqtisadi inteqrasiya prosesinə cəlb ediləcək.
"Təhlükəsizlik planında məhz əfqan istiqaməti digər məsələlərlə müqayisədə ciddi narahatçılıq doğurur. Ən ciddi narahatçılıq keçirən ölkələr sırasında Rusiya və digər postsovet respublikaları göstərilir. Əfqanıstanın özündə radikal yaraqlıların bir neçə istiqaməti formalaşıb. Şimal əyalətləri də onlardan biridir. Bura Mərkəzi Asiya ölkələrindən radikallar, Çindən uyğurlar və çeçenlər axışırlar. Çeçenlər "İslam Dövləti”nin rəhbərliyində, eləcə də bu qruplaşmaya daxil "Xorasan” qrupunda təmsil olunurlar. Bir çox yaraqlılar, daha dəqiq desək, "Ən-Nusra” hərəkatının (Əl-Qaidənin filiallarından biri) üzvləri Suriyada fəal mübarizə aparırdılar”, - deyə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Mərkəzi Asiya və Əfqanıstanın tədqiqi institutunun direktoru Andrey Kazançev bildirib. Ekspertin qənaətincə, bu terrorçu təşkilatlar ciddi təhlükə mənbəyidirlər. "Onların Əfqanıstan və Mərkəzi Asiyada öz əhatə məskənləri var. Düzdür, Tacikistan və Qırğızıstan Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatına daxildirlər və Rusiya tərəfindən müdafiəyə malikdirlər. Özbəkistana gəldikdə, onun güclü ordusu var və əfqanlarla kiçik sərhədə malikdir. Regionda ən zəif qorunan yer türkmən-əfqan sərhədidir. Türkmənistan neytral statusa malikdir, ölkə hər hansı bir hərbi-siyasi bloka üzv ola bilməz. Bu səbəbdən də hərbi yardımın göstərilməsi məsələsi Aşqabadın xüsusi müraciətindən sonra mümkündür. Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinin təmin olunması onların özləri, xüsusən də neytral ölkə kimi Türkmənistan üçün böyük rol oynaya bilər”, - deyə ekspert vurğulayıb. A.Kazançev bildirib ki, Aşqabad ciddi problemlər üzə çıxacağı təqdirdə, BMT-yə müraciət edə bilər. Lakin sülhyaratma əməliyyatlarını əsaslandırmaq üçün ciddi əsas gərəkdir.
Sərhədlərin yaxınlığında yaraqlıların qruplaşması isə müraciət üçün əsas vermir. Lakin Əfqanıstanın şimal əyalətlərindən gələn xəbərlər optimizmə əsas vermir. Məsələn, əfqan jurnalist Əbu Müslim Şirzad özünün "Facebook” səhifəsində bildirib ki, Əfqanıstanın şimal əyalətlərində fransız və əlcəzairli yaraqlılar qeydə alınıb. Onların guya burada neft və qaz axtarışı ilə məşğul olduqlarını yazıb. Analoji müraciətlə əfqan yerli hakimiyyət orqanları da çıxış ediblər. Onlar bildiriblər ki, fransız və Sudan yaraqlıları Türkmənistanla sərhəd Cauzdcan əyalətinin Dərzab və Quştəpə ərazilərində neft və qaz yataqlarının axtarışı ilə məşğul olduqlarını bildiriblər. "Pajhwok” informasiya resursunun məlumatına görə, adıçəkilən əyalətdə İŞİD yaraqlarının təlimi üzrə mərkəzlər mövcuddur. O mərkəzlərdə 300-ə yaxın yaraqlının təlim keçdiyi vurğulanır. Əyalətin inzibati bölməsinin rəhbəri səlahiyyətlərini icra edən Məhəmməd Davar bildirib ki, İŞİD bu yaxınlarda Moğul kəndində böyük bir toplantı keçirib. Toplantıda gənclərin, xüsusən də 20 yaşına qədər olanların öz sıralarına daxil edilməsi barədə qərar qəbul edilib. Əyalətinin qubernatoru Lütfülla Əzizi bildirib ki, İŞİD demək olar ki, bütün yerlərdəki məktəblərin bağlanmasına nail olub. Dərzaba əyalətinin rəsmisi Xəlimə Sədəf bildirib ki, insanların İŞİD-in tələblərini yerinə yetirməkdən başqa yolu qalmayıb. "Yaraqlılar türkmən istiqamətində möhkəmləniblər. Onlar hətta yerli hakimiyyət orqanları yaradırlar. Özbəkistanla Bəlx vilayəti qonşudur. Hakimiyyətin apardığı siyasət nəticəsində orada vəziyyət bir qədər sabitdir. Antihökumət qüvvələrinin vəziyyəti nəzarətdən çıxarmaq barədə bütün cəhdləri uğursuzluqla nəticələnməkdədir.
Tacikistanla sərhəd vilayətlərdə isə radikal qüvvələr güc toplamaqdadır. Ötən istirahət günlərində Qunduz vilayətində hökumət qüvvələri yaraqlıların hücumlarının qarşısını almağa müvəffəq olub”, - deyə tacik eksperti İlhom Nəzriyev bildirib. O, həmçinin xatırladıb ki, bu günlərdə Əfqanıstan ərazisindən Tacikistana qaçaqmalçıların silahlı müdaxiləsinin qarşısı alınıb. Döyüşlər zamanı sərhəd xidmətinin polkovniki Xayriddin Axtamov öldürülüb. Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məlumatına görə, hadisə yerindən xeyli silah və 33 kilo narkotik müsadirə edilib. Nəzriyevin qənaətinə görə, yerli narkoticarət qruplarının sərhəd əyalətlərində qruplaşması prosesi gedir. Onun sözlərinə görə, ilin əvvəlindən bəri tacik sərhədçiləri narkoticarətçilərin 10-dan artıq hücumunun qarşısını alıb. Ekspertin qənaətincə, bu o deməkdir ki, narkoqruplaşmalar narkokuryerlərin döyüş dəstələrinə çevrilirlər. Məlumata görə, sərhəd ərazilərdə vəziyyət gərginləşməkdə davam edəcək. Səbəb də odur ki, Əfqanıstanda opiatların (narkotik) istehsalı getdikcə artır. BMT-nin hesabatına görə, 2017-ci ildə Əfqanıstanda tiryək əkin sahələri 63 faiz artaraq, 328 min hektara çatıb. Bu da istehsalçılara əlavə 9 min ton narkotik istehsal etməyə imkan verəcək. Bu isə Əfqanıstanın bütün tarixi ərzində rekord həddir. Ən narahatedici hal ondan ibarətdir ki, əvvəllər tiryək istehsalı ölkənin cənubunda, Gilmen vilayətində əkirdilərsə, artıq indi şimal əyalətləri də bu gəlirli sahə ilə məşğul olmağa başlayıblar. Bunun da nəticəsində əlavə narkokuryerlərə tələbat yaranacaq. "Əfqanıstanda gələn ilin yayında keçiriləcək prezident seçkilərinə qədər vəziyyətin gərginləşəcəyi proqnoz edilir. Mərkəzi Asiyanın sərhəd respublikalarında cəmləşən silahlı qruplaşmalar da bundan yararlana bilərlər”, - deyə ekspert bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər