• çərşənbə axşamı, 19 mart, 12:52
  • Baku Bakı 8°C

Mərkəzi Asiya ölkələri növbəti sammitə hazırlaşır

20.11.19 16:16 2535
Mərkəzi Asiya ölkələri növbəti sammitə hazırlaşır
Daşkənddə keçiriləcək tədbirdə bütün ölkələr prezident səviyyəsində təmsil olunacaq

Noyabrın 29-da Daşkənddə Mərkəzi Asiya dövlətləri prezidentlərinin ikinci sammiti keçiriləcək. Tədbirin maraqlı olan cəhəti odur ki, bu dəfə region dövləti olmayan ölkə və təşkilatların nümayəndələri sammitə qatılmayacaq. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistan rəhbərləri regionun nəqliyyat, turizm, ticarət və təhsil sahəsindəki problemləri və onların həlli yollarını müzakirə edəcəklər. Məlumat üçün bildirək ki, region dövlətlərinin birinci qeyri-formal sammiti ötən ilin martında Qazaxıstanda keçirilmişdi. İkinci iclas bu ilin yazında Daşkənddə keçirilməli idi. Lakin həmin ərəfədə region dövlətləri arasında müəyyən problemlərin yaşanması buna imkan vermədi. Tacikistan və Qırğızıstan, eləcə də, Tacikistan və Türkmənistan arasında müəyyən problemlər yarandı. Onları həll etmədən isə dövlət başçılarının görüşünü keçirmək mümkünsüz və effektsiz olardı. "Əgər görüşürlərsə, onda qoy bütün prezidentlər orada olmalıdır. Bu formatı hansısa bir prezident nəzərə almazsa, onda işlək olmayacaq. Bu səbəbdən də qarşıya məqsəd qoyuldu - bütün prezidentləri istisnasız dəvət edirik. Lakin məhz burada liderlərlə bağlı müəyyən problemlər ortaya çıxdı. Onların bəziləri bir-biri ilə görüşə hazır deyildilər”, -deyə "Mano” tədqiqatlar mərkəzinin direktoru Bəxtiyar Erqaşov "Nezavisimaya qazeta”ya açıqlamasında bəyan edib. Xatırladaq ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Qətərə gedəcəyini bəhanə edərək Astanadakı sammitə getməmişdi. Öz yerinə parlamentin spikeri Akdca Nurberdiyevi göndərmişdi. Lakin real səbəb onun tacik həmkarı Emomali Rahmonla münaqişəsi idi. Münaqişə də Düşənbənin Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolu layihəsində iştirakdan imtina etməsi ilə bağlı idi. Bu layihə bir vaxtlar Düşənbəyə nəqliyyat dalanından çıxmaq üçün hava-su kimi lazım idi. Belə ki, Özbəkistan prezidenti İslam Kərimov Tacikistan üçün özbək tranzitini bağladığından problem yaranmışdı. Türkmənlər öz tərəflərindən onun inşasına razılıq verərək, bu yolun 273 km-ni qurdular. Lakin Düşənbə Daşkəndlə münasibətləri normallaşdırdıqdan sonra özbək dəmir yollarına çıxış və güzəştlər əldə etdi. Əvəzində isə Türkmənistan-Əfanıstan-Tacikistan dəmir yolu xəttinin ona düşən hissəsini inşa etməkdən imtina etdi. Berdıməhəmmədov da əvəzində İrandan Tacikistana gələn tranzitin qarşısını kəsdi. Qonşular arasında münasibətlərdə əsaslı dönüş MDB dövlət başçılarının Aşqabadda keçirilən sammitində qoyuldu. Şavkat Mirzoyeyev həmkarlarını barışdırdı və onları noyabrın sonlarında Daşkəndə gəlməyə razı sala bildi. İlk dəfə sammitdə Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev də iştirak edəcək. Ondan yeni təkliflər gözləyirlər. Axı Qazaxıstan və Özbəkistanı regional inteqrasiyanın lokomotivi olduqlarını elə belə demirlər. Düzdür, Qazaxıstanda çoxları bildirir ki, özbəklər öz məhsulları ilə onların bazarlarını doldurub. Artıq özbək toxuculuq, elektrik məişət texnikasına qazax bazarında ciddi tələbat yaranıb. "Artıq Özbəkistanın qonşu dövlətlərlə münasibətlərini yaxşılaşdırması çərçivəsində, qonşu dövlətlər özbək mallarının digər dövlətlərə ixracına da məhdudiyyətlər tətbiq edirlər. Məsələn, 2018-ci ildə özbək-tacik ticarətində artım 78 faiz təşkil edib. Bu göstərici yüksək olardı, əgər Düşənbə özbək ekspansiyasından qorxub bir sıra özbək mallarına məhdudiyyətlər tətbiq etməsəydi. Qırğızıstanla isə əksinə, bir sıra istiqamətlər üzrə irəliləyişlər var - avtomobillər, məişət texnikası, mebel qırğız bazarına daxil olur”, - Bəxtiyar Erqaşov bildirib. Onun qənaətincə, əsas problemlər bəllidir və sammitdə də bunları həll etməyə çalışacaqlar. "Axı siyasət - imkanlar sənətidir. Bütün problemləri birgə səylərlə həll etmək mümkün deyil, prioritetlər gərəkdir. Və mənə elə gəlir ki, bu prioritetlər bəyan ediləcək”, - deyə ekspert bildirib.
Digər az əhəmiyyət kəsb etməyən məsələ, Erqaşovun qənaətincə regionun nəqliyyat strategiyasının müzakirəsi olacaq. Lakin burada da ciddi ziddiyyətlər mövcuddur. Məsələn, Qazaxıstan və Türkmənistan Xəzər limanlarında rəqabətdədirlər. Rəqabətə baxmayaraq, hamı başa düşür ki, birləşmə olarsa regionun bütün dövlətləri uduşlu vəziyyətdə olacaqlar. Məsələn, Qazaxıstan "Lazurit dəhlizi”nin imkanlarından istifadə etməkdə maraqlıdır. Dəmir və avtomobil yollarının köməyi ilə bu dəhliz Torqundi şəhərini əfqanların Herat, Aşqabad və Türkmənbaşı limanı, ardınca Xəzər dənizi ilə Bakıya, Tbilisi, Ankara (Poti və Batumi limanları), oradan isə İstanbula kimi birləşdirəcək. Özbəkistan isə öz növbəsində Çinə qədər uzanacaq dəmir yolunun inşasında maraqlıdır. Lakin Qırğızıstan bu layihənin reallaşmasına qarşı çıxır. Səbəb Bişkekin Çindən əlavə borc götürmək istəməməsidir. Əsas irad da odur ki, yüklər kifayət qədər olmayacaq. Bu isə alınan borcları və kreditləri ödəməyə imkan verməyəcək. Layihənin maliyyə tərəfi ilə yanaşı, geosiyasi tərəf də var. Bişkek bu yolu ölkənin şimalı ilə cənubunu birləşdirmək üçün istifadə etməyə çalışır. Lakin digər iştirakçılar bunda maraqlı deyillər. Bütün ümidlər də bu yaxınlarda layihəyə qoşulan Rusiyayadır. "Əslində nəqliyyat sahəsində təmsil olunan ölkələr bir-birindən asılı vəziyyədidrlər”, - deyə Erqaşev bildirib.
Ekologiya sahəsində də region ölkələri liderlərinin mövqeyi üst-üstə düşmür. Məsələn, Qırğızıstanın Mərkəzi Asiya və Aral dənizinin ekoloji təhlükəsizliyi məsələsinə xüsusi mövqeyi var. Bişkek müşahidəçi mövqedə duraraq bildirir ki, bunun ona dəxli yoxdur. Yəni, vahid təhlükələr region ölkələrini birləşdirmir. Bu səbəbdən də problemləri həll etmək üçün format gərəkdir. Region ölkələrinin vahid orqanını yaratmaq, məsələn, birgə investisiya layihələrini maliyyələşdirə biləcək vahid bank yaratmaq olar. Və yaxud avtomobil sahəsini yaratmaq olar. Bu sistem artıq Qazaxıstan və Özbəkistanı birləşdirir.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Tədqiqi Mərkəzinin analitik qrupunun rəhbəri Stanislav Pritçin hesab edir ki, regionda güclənən Özbəkistan qonşuları ilə əməkdaşlığın optimal formatlarını, o cümlədən Əfqanıstanda təhlükəsizlik məsələlərini axtarıb tapmaqda davam edəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər