• cümə axşamı, 28 mart, 17:41
  • Baku Bakı 16°C

Mərkəzi Asiya İŞİD-in əsas bazası kimi

19.01.17 09:00 808
Mərkəzi Asiya İŞİD-in əsas bazası kimi
İŞİD adı altında fəaliyyət göstərən terror qruplaşmasının ötən il və bu ilin ilk günlərində terror hücumlarını genişləndirməsi və öz sıralarına daha çox Mərkəzi Asiya ölkələrindən insanları cəlb etməsi diqqət mərkəzindədir. Türkiyədə gecə klubunda baş verən son terror hücumu və onun təşkilatçısının da məhz Mərkəzi Asiyadan olması da bunu əyani təsdiq etmiş oldu. Nüfuzlu "The National Interest” nəşrində dərc edilən məqalədə bu təhlükə təhlil edilib. Məqalə müəllifi yazır ki, Mərkəzi Asiyanın hakimiyyət orqanları öz əhalisinin yoxsul vəziyyətinə nə qədər az diqqət ayırırsa, bir o qədər də onların İŞİD sıralarına qoşulmasına münbit şərait yaratmış olur. Bəlli olduğu kimi, Mərkəzi Asiyadan olan İŞİD yaraqlılarının Türkiyədə baş verən bir sıra terror aktlarında iştirakları sübuta yetirilib. Aeroport və gecə klubuna edilən hücumların mənşəcə qırğız və özbəklərin törətdikləri bəlli olub. Hazırda İŞİD sıralarında nə qədər qırğız, özbək və Mərkəzi Asiyanın digər ölkələrindən olan vətəndaşların döyüşdükləri bəlli deyil. Lakin yayılan xəbərlərə görə, Mərkəzi Asiya ölkələrindən 5 minə yaxın insan İŞİD-ə qoşulub.Daha maraqlısı odur ki, bu proses indi də davam edir.Bəzi mənbələr son aylar bu göstəricinin 3 dəfədən çox artdığını qeyd edirlər.
Dəqiq rəqəmlər söyləmək çətin olsa da, böyük dövlətlərin (o cümlədən ABŞ və Rusiyanın) rəhbərlərinin bəyanatlarında İŞİD-ə getdikcə daha çox adamın üzv olduğu ilə bağlı narahatlıqlar ifadə olunub. Lakin "The Diplomat” xəbər verir ki, İŞİD liderləri onlardan daha çox kamikadze hücumları həyata keçirmək üçün istifadə edir. Nəşrin başqa bir iddiasına görə, İŞİD-in Mərkəzi Asiya ölkələrindən terrorçuları öz sıralarına cəlb etmələrinin başqa bir səbəbi onların türklərlə ümumi dil və din yaxınlığıdır. Məhz bu səbəbdən də Mərkəzi Asiya İŞİD-in rəhbərliyi üçün terrorçuları cəlb etməyin əlverişli bazası kimi nəzərdən keçirilir. Bəlli olduğu kimi, SSRİ-nin dağılması Əfqanıstanda vətəndaş müharibəsinin son mərhələsinə və Tacikistanda münaqişənin yeni mərhələsinə gətirib çıxardı. Bu döyüş əməliyyatları talibləri və Özbəkistan İslam Hərəkatını bir-birinə doğmalaşdırdı. Sonuncu isə hətta bəyan etdi ki, əsas məramı İslam Kərimovu devirmək və Mərkəzi Fərqanə vadisi olacaq islam xəlifəliyi yaratmaqdır. Mərkəzi Asiyanın beş dövləti - Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan terrorçuların fəaliyyətlərini genişləndirmələrinin qarşısını almaq üçün viza rejimi tətbiq etdilər. Lakin bu da Özbəkistan İslam Hərəkatının qarşısını ala bilmədi. Nəticədə onlar 1999-2000-ci illərdə Tacikistandakı bazalarından Qırğızıstana hücumlar etdilər.
Lakin ABŞ-ın 2001-ci ildə Əfqanıstana müdaxiləsindən sonra Özbəkistan İslam Hərəkatının fəaliyyəti zəiflədi. Terror təşkilatının əsas hissəsi məhv edilsə də, hərəkat öz kökünü qoruyub saxladı. Bununla da Mərkəzi Asiya üçün alternativ islam rejimləri presedenti yaratmış oldu. Region dövlətləri bundan sonra islamyönümlü təşkilatlara və siyasi müxalifətə qarşı hücumları genişləndirdilər. Buna misal kimi 2005-ci ildəki Əndican hadisələri göstərilir. Həmin hadisələrdə yaxşı iş, təhsil, dövlət xidməti tələb edən yerli sakinlərlə yanaşı, islam yaraqlıları da iştirak edirdilər. Özbək hakimiyyət aksiyaları sərt qaydada yatırdı və minə yaxın insan güllələndi. O zamandan bəri də Özbəkistanda əmin-amanlıqdır. Lakin Kərimovun ölümündən sonra yeni rəhbərlikdə Əndican hadisələrinin yenidən təkrar olunması təhlükəsilə bağlı narahatçılıqlar yaranıb. Qeyd edilir ki, sabitliyi qoruyub saxlamaq mümkün olsa belə, İŞİD-in narazı kütlə arasından öz sıralarına yaraqlıların cəlb edilməsində heç bir problem olmayacaq. Qanundan kənar elan edilən "Hizbu Təhrir” elan edəndə ki, əsas məramı Mərkəzi Asiyada dinc yolla xilafət yaratmaqdır - bu zaman onun sıralarına region dövlətlərindən xeyli sayda radikal qoşuldu. Qeyd edilir ki, Mərkəzi Asiya dövlətlərinin siyasi və iqtisadi islahatlar aparmaması, eləcə də, islam partiyaları və təşkilatları üzərində nəzarəti zəiflətmək istəməməsi İŞİD-in regiondakı fəaliyyətinə yol açır. Bu da təşkilata xaricdə bu ölkədən olan terrorçular vasitəsilə terror aktları həyata keçirmək imkanları verir. İstanbulda baş verən son terror aktı da dəqiq sübut etdi ki, İŞİD-in öz sıralarına cəlb etdiyi vətəndaşlar Mərkəzi Asiyadan Suriyaya və Türkiyəyə gəlirlər.
Nəşrdə daha sonra Mərkəzi Asiya dövlətlərinin İŞİD-ə qarşı ata biləcəkləri addımlar barədə tövsiyələr verilir. İlk addım kimi regionda dağıdılan təhsil sistemini yenidən bərpa etmək göstərilib. Keyfiyyətsiz dərslər və nəticədə savadsız gənclərin yetişməsi terrorçu təşkilatlar üçün göydəndüşmə bir vasitəyə çevriliblər. Bundan əlavə, təklif edilir ki, vəziyyəti dəyişmək üçün təbii resurslardan əldə olunan gəlirlərin bir qismi təhsil infrastrukturlarının qurulmasına, müəllimlərin əmək haqqının artırılmasına sərf olunmalıdır. Siyasi islahatların aparılması da zəruri addım kimi göstərilib. Məqalənin sonunda məşhur pakistanlı jurnalist Əhməd Rəşidin hələ 17 il bundan əvvəl beynəlxalq ictimaiyyəti Mərkəzi Asiyaya xüsusi diqqət yetirməyə çağırdığı barədə fikirləri yer alıb. Jurnalist nəşrə açıqlamasında o zaman söylədiyi fikirlərin bu gün reallıq olduğunu vurğulayıb. "Mərkəzi Asiyanın gələcəyi dünyanın yerdə qalan hissəsinə təsir edə bilər. Bu gün bu sözlər həqiqətə çevrilib və bunu İstanbul sakinlərindən soruşa bilərsiniz” , - deyə o bildirib.
Azər
banner

Oxşar Xəbərlər