Mərkəzi Asiya dövlətləri sammitə hazırlaşır
Astana Mərkəzi Asiya dövlətlərinin sammitinin keçirilməsi təşəbbüsü
ilə çıxış edib. Rusiyanın "Nezavisimaya qazeta” nəşri yazır ki, sammitin
keçirilməsi üçün yaz bayramı - martın 21-i tarixi seçilib. Görüşün keçirilməsi
regional problemlərin həlli və ticarət-iqtisadi əməkdaşlığı inkişaf etdirmək
zərurətindən doğub. Tədbirə rəhbərliyi də Nursultan Nazarbayev həyata keçirəcək.
Ekspertlər hesab edirlər ki, nəticəli dialoq iki istiqamət əsas götürülərsə
mümkündür. Bu istiqamətlər isə sərhəd və su-enerji əməkdaşlığıdır. "Bu gün
Mərkəzi Asiyada ənənəvi dostluq və qardaşlıq münasibətlərinin konsolidasiyası
müşahidə edilir. Və biz bütün qonşularımızla Mərkəzi Asiya liderlərinin
qeyri-formal məsləhətləşmələrində əldə olunan təşəbbüsləri həyata keçirmək
üzərində işləyəcəyik. Hesab edirik ki, ən gözəl tarix yaz bayramı – Novruzdur. Bu
tarix Mərkəzi Asiya liderlərinin bizim liderimiz Nursultan Nazarbayevin sədrliyi
ilə müvafiq toplantısının keçirilməsi üçün simvolik fon rolunu oynaya bilər”, -
deyə Qazaxıstan xarici işlər naziri Kayrat Abdahmanov ölkənin ilk prezidenti
günü ilə bağlı keçirilən beynəlxalq parlament konfransında bildirib.
Risklərin qiymətləndirilməsi Qrupunun rəhbəri Dosım Satpayev qeyd
edib ki, birinci regional sammitin keçirilməsi barədə təşəbbüsün məhz
Qazaxıstan tərəfindən irəli sürülməsi böyük rezonans doğurub. Bu ölkə müxtəlif
inteqrasiya layihələrinin keçirilməsinin qızğın tərəfdarıdır. Özbəkistanın
mərhum prezidenti İslam Kərimov belə təşəbbüslərə laqeyd yanaşır, region
dövlətlərinin "birləşməsi”nə biganə idi. İndiki rəhbərlik isə əksinə, belə
layihələri dəstəkləyir. Məsələn, prezident Şafkat Mirzoyeyev hətta Mərkəzi
Asiya dövlət başçılarının Məsləhətçi Şurasının təsis edilməsini təklif edib.
Onun qənaətincə, bu, regional problemləri ən yüksək səviyyədə müzakirə etməyə
və onların həllinin axtarıb tapmaq yollarını tapmağa imkan verər. Özbək lideri
qeyd edib ki, söhbət yeni beynəlxalq təşkilat və yaxud inteqrasiya strukturunun
yaradılmasından getmir. Onun sözlərinə görə, yeni platformanın fəaliyyəti sırf problemlərin
həllinə yönələcək.
Daşkəndin Məsləhətçi Şuranın təsis edilməsin təklifinə ilk reaksiya
verən elə onun qazax həmkarı olub. Sonradan digərləri də təklifi
dəstəkləyiblər.
Yeri gəlmişkən, regionda müxtəlif vaxtlarda müxtəlif inteqrasiya
təşəbbüsləri irəli sürülüb. Məsələn, 2007-ci ildə N. Nazarbayev Mərkəzi Asiya
dövlətləri İttifaqının yaradılması təşəbbüsünü irəli sürmüş və bildirmişdi ki,
region daxili imkanları ilə özünü ərzaq və enerji resursları ilə təmin edə
bilər. Lakin bu təklif elə layihə olaraq da qaldı. Qazax ekspertin qənaətincə,
Özbəkistan liderinin təklifi regionda pozitiv reaksiya doğurub. "Qazaxıstan
inteqrasiyanın tərəfdarıdır və bu cür təşəbbüsləri dəstəkləyir. Özü də Astana
və Daşkənd regionda əhəmiyyətli strateji tərəfdaşdırlar. Astana Daşkəndlə tək
dövlət başçıları səviyyəsində deyil, hərtərəfli sıx münasibətlər qurmağa can
atır”, - deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, ideya bir sıra
aspektlərdən maraqlıdır. Ən əsası, dövlətlər və yaxud ölkələrin blokları
arasında siyasi bəyanatlar deyil, konkret biznes maraqları durmalıdır. Əgər
dövlətlərarası qarşılıqlı münasibətlərdən söhbət gedirsə, burada daha çox
diqqət sərhəd məsələlərinə ayrılır. Onun qənaətincə, əgər Qazaxıstan və
Özbəkistan yaxınlaşma siyasətinə başlasalar, sonra əsas məsələ regionun ən
problemli ölkəsi hesab edilən Tacikistanı birliyə cəlb etmək olacaq: "Qırğızıstana
gəldikdə, bu ölkə ilə də bağlı problem var. Bişkek siyasi oyunları deyil,
iqtisadi praqmatizmi rəhbər tutub inteqrasiyaya yaxınlaşacaqmı? Bu ölkə son
vaxtlar siyasi məsələlərə daha çox yer ayırır”. İndi bütün diqqət Qırğızıstanın
yeni prezidenti Sooronbay Jeenbekovun atacağı
ilk addımların nədən ibarət olacağına yönəlib. Ekspert də hesab edir ki,
perspektivdə regional blokun yaradılması yalnız iki istiqamət üzrə inkişaf
edərsə mümkündür – sərhəd və su-enerji əməkdaşlığı varsa.
Mərkəzi Asiya və Qafqaz
İnstitutunun direktoru Frederik Starr əmindir ki, regionda fikir
ayrılıqları olub və çox güman ki, bundan sonra da olacaq. "Bu, qaçılmazdır –
ölkələr müxtəlifdir. Bu yarımərkəzləşmiş regiondur. Lakin əsrlər boyu onlar
bir-biri ilə sıx tellərlə bağlanıb. Bir-biriləri ilə qarşıdurma vəziyyətində
olduqları dövrlər isə geridə qalıb. İndi onlar dayaq nöqtəsi axtarışındadırlar
və bu da müsbət qiymətləndirilməlidir”, - deyə amerikalı ekspert vurğulayıb.
Onun qənaətincə, əgər region dövlətləri Əfqanıstanı da özlərininki hesab
etsələr, onda uğur daha böyük ola bilər. "Əfqanıstanı Mərkəzi Asiyanın qonşu
dövləti kimi deyil, bir hissəsi kimi nəzərdən keçirmək gərəkdir. Bu ölkənin
sakinlərinin böyük bir hissəsi islam dininin radikal kəsiminin təmsilçiləridir.
İndi bu ölkənin yaxşı imici mövcud deyil. Lakin gələcəkdə uğurlu ölkəyə
çevrilməsi mümkündür. Konkret olaraq Cənubi Koreya nümunəsi var. Onun təbii
resursları mövcud deyildi, ali təhsilli insanları da az idi. Lakin Koreya uğur
qazanmağa müvəffəq oldu. Əfqanıstanın isə təbii resursları və ideal coğrafi imkanları
var. Bu ölkə Mərkəzi Asiyanın tən ortasında yerləşir. Ən nəhayət, Əfqanıstan
vasitəsilə nəqliyyat marşrutları inşa ediləcək və əfqanlar da ticarət aparmağın
yollarını yaxşı bilirlər”, - deyə ekspert bildirib. Öz növbəsində Dosım
Satpayev hesab edir ki, xarici oyunçular istənilən təşəbbüsü dəstəkləməyə
hazırdırlar. "Əgər həmin təşəbbüslər Mərkəzi Asiyada regional təhlükə və siyasi
risklərin tempini aşağı salmağa xidmət edəcəksə, onda niyə də dəstək almasın”, -
deyə qazax ekspert bildirib.
Beləliklə, əsas olan odur ki, ilk baxışdan cəlbedici və dəstəklənməli
olan sammit təşəbbüsü ortaya atılıb və bir neçə dövlət də ona dəstək verib.
Sözsüz ki, bu təşəbbüs reallaşarsa, region dövlətləri arasında inteqrasiya və
problemlərin aradan qaldırılmasına gətirib çıxaracaq. Qalır sadəcə, təşəbbüsü
digər dövlətlərin də ciddi şəkildə dəstəkləməsi.
Azər NURİYEV