AZE | RUS | ENG |


Mərkəzi Asiya dövlətləri real inteqrasiya yolunda

Mərkəzi Asiya dövlətləri real inteqrasiya yolunda
Prezident Nursultan Nazarbayev artıq sözdən işə keçmək vaxtının çatdığını deyir

Mərkəzi Asiya dövlətlərinin daha sıx əməkdaşlığı məqsədilə vahid bir ittifaqda birləşməsi zaman-zaman müxtəlif siyasi dairələr tərəfindən səslənməkdədir. Bu məsələdə təşəbbüskar kimi daha çox Mərkəzi Asiyanın lider dövlətlərindən olan Qazaxıstan nəzərə çarpır. Belə ki, Prezident Nursultan Nazarbayev dəfələrlə öz çıxışlarında qeyd edib ki, regionun stabilliyinin, inkişafının, eləcə də hərbi və siyasi müstəqilliyinin yolu bu beş Mərkəzi Asiya ölkəsi arasında sıx iqtisadi əməkdaşlıqdan keçir və artıq praktiki olaraq bu istiqamətdə sözdən əmələ keçməyin vaxtı çatıb.

Məsələni maraqlı edən isə odur ki, Qazaxıstan liderinin bu fikirləri təkcə yerli KİV-lərdə deyil, eləcə də beynəlxalq mətbuatda da öz əksini tapmaqdadır və geniş auditoriyanın müzakirə mövzusuna çevrilib. Hətta beynəlxalq nəşrlər belə Nursultan Nazarbayevi regionun baş inteqratoru -prosesləri əvvəlcədən hesablamaq gücünə malik olan fitri istedad - elan ediblər. Analitiklər hesab edirlər ki, məhz Qazaxıstan on ildən artıqdır ki, Mərkəzi Asiya  məkanında bütün əməkdaşlıq proseslərinin baş təşəbbüsçüsü rolunda çıxış etməkdədir. Odur ki, haqlı olaraq Nursultan Nazarbayevin təşəbbüsləri beynəlxalq arenada özünə belə böyük dəstək qazanmaqdadır. Məsələn, Mərkəzi Asiyada yerləşən beş dövlətin daha sıx əməkdaşlığı üçün səylərin birləşdirilməsinin vacibliyindən söhbət düşərkən Nursultan Nazarbayev deyir: "...Allah özü bizə kömək olur. Baxın 55 milyon əhalimiz var, demək olar ki, dil problemimiz yoxdur, iqtisadiyyatımız qarşılıqlı əvəzolunandır, eyni məkanda nəqliyyat və energetika əlaqələrimiz mövcuddur. Bu region özünü ərzaq, energetika və s. məhsullarla tam şəkildə təmin edə bilər. Hətta daxili tələbatımızdan da artıq məhsul istehsal edə bilərik. Soruşuram, bizə daha nə lazımdır?...”. Ekspertlərin fikrincə, bu məsələdə Qazaxıstan prezidenti haqlıdır. Elə buradan da haqlı sual meydana çıxır. Bəs elə isə,  bir sıra cəhətlər baxımından bir-birinə yaxın və doğma olan, eyni ərazilərdə yaşayan, mentalitet baxımından fərqli olmayan bu ölkələrin nəhayət birləşməsi üçün daha nələr lazımdır? Analitiklər hesab edirlər ki, istənilən birlik, yaxud əməkdaşlığın özündə "plyuslar”  və "minuslar” var. Bu beş Mərkəzi Asiya dövlətlərinin - Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistanın bu birlik və əməkdaşlıqdan özləri üçün yalnız xeyir götürə biləcəklərinə regiondan kənarda da şübhə etmirlər. Hamı çox gözəl başa düşür ki, bu beş Mərkəzi Asiya dövlətinin birləşməsi dünyada yeni böyük siyasi və iqtisadi güc yarada bilər.   
 
 

Bu beş ölkənin malik olduqları təbii sərvətlərin zənginliyi və müxtəlifliyinə nəzər saldıqda, heç kimdə şübhə yeri qalmır ki, onlar bir-birləri üçün nə qədər xeyirli ola bilərlər. Məsələn, Qazaxıstan MDB ölkələri arasında xrom filizləri və qurğuşun ehtiyatı həcminə görə birinci, neft, gümüş, mis, sink, nikel və fosfor ehtiyatına görə ikinci, qaz, daş kömür, qızıl və qalay ehtiyatına görə isə üçüncü yerdədir. Üstəlik, Qazaxıstanın 1,6 milyon ton təsdiqlənmiş uran ehtiyatı var və ölkə bu göstəriciyə görə, dünyada ikinci yerdə qərarlaşıb. 

Məşhur amerikalı politoloq Z.Bjezinski vaxtilə Qazaxıstanın geosiyasi əhəmiyyətini vurğulayaraq, onu Avrasiyanın "ürəyi” adlandırmış və bildirmişdi ki, "Qazaxıstan Mərkəzi Asiyaya nəzarət edilməsinə imkan yaradır, eyni zamanda, Rusiyaya, Çinə, Xəzər vasitəsilə Qafqaza yol açır. Avrasiya İttifaqının gələcəyi Qazaxıstanın inkişafından birbaşa asılıdır".

Analitiklər hesab edirlər ki, Qazaxıstanın regiona verə biləcəyi töhfələr saymaqla bitirmək olmaz. Belə ki, bu ölkənin sərgilədiyi mehriban qonşuluq mədəniyyəti humanitar sahədə əməkdaşlığa da böyük töhfə verə bilər. Bundan əlavə, Qazaxıstanın MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi İttifaqı və Asiyada Qarşılıqlı Təsir və Etimad Tədbirləri Müqaviləsi  kimi regional birliklərlə əməkdaşlığı zamanı qazandığı təcrübə də bu məsələdə çox böyük əhəmiyyət daşıyır. Eləcə də Qazaxıstan ATƏT kimi nüfuzlu təşkilata sədrlik edib, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Ekspertlərin fikrincə, bu ölkənin rolu və yeri təkcə beynəlxalq siyasətçilər tərəfindən deyil, iqtisadi analitiklər camiyəsi tərəfindən də təqdir olunmaqdadır. Odur ki, nüfuzlu iqtisadçı alimlərin qənaətinə görə, ümumi tarixi köklərə və ortaq dəyərlərə malik regional oyunçuların birgə əməkdaşlığı onlara indiki zamanda dünyanı bürümüş iqtisadi böhrandan xilas olmaqda yardım etmiş olacaqdır. Təbii, əgər  xarici təsirlərin iştirakı olmadan düzgün regional siyasət yürütmək mümkün olarsa. Əslində Mərkəzi Asiya ölkələrinin problemləri bir o qədər də ciddi deyil və onlar xarici qüvvələr olmadan da region dövlətlərinin özləri tərəfindən həll oluna bilər. Odur ki, ümumilikdə götürdükdə, məhz əməkdaşlıqdakı qarşılıqlı anlaşma qlobal maliyyə və siyasi çaxnaşmaların fonunda regionun duruş gətirməsinə imkan yarada bilər. Analitiklər belə hesab edirlər ki, bu zaman region da təbii ki,  iqtisadi cəhətdən rəqabətədavamlı və siyasi cəhətdən stabil olmalıdır yalnız bu halda əməkdaşlıq fayda verə bilər. Sadə dillə desək, Mərkəzi Asiya məkanında əməkdaşlıq - nəinki regionun iqtisadi potensialının aşkarlanaraq üzə çıxarılmasıdır, bu, eyni zamanda siyasi, iqtisadi və ideoloji cəhətdən dost olmayan qüvvələrin, eləcə də köhnə və yeni dünya mərkəzlərinin təsirindən effektiv müdafiə deməkdir.
 
 

Yeri gəlmişkən xatırladaq ki, hələ bir neçə il bundan əvvəl Qazaxıstan lideri Nursultan Nazarbayev Mərkəzi Asiya Dövlətləri İttifaqının (MADİ) yaradılmasının vacibliyini bildirmişdi. O, belə bir təşəbbüslə ilk dəfə 2005-ci ilin fevralında, ənənəvi xalqa müraciəti zamanı çıxış etmişdi. "Biz sıx iqtisadi əməkdaşlıqda artıq sözdən işə keçməliyik, ümumi bazara və vahid valyutaya doğru irəliləməliyik”, - deyə dövlət başçısı vurğulamışdı. N.Nazarbayevin fikrincə, Mərkəzi Asiyada inteqrasiya bu regionda sabitlik, tərəqqi, iqtisadi, hərbi və siyasi müstəqillik deməkdir. "Belə bir birlik regionda yaşayan sadə xalqın maraqlarına cavab verir”, - deyə o zaman Qazaxıstan prezidenti bildirmişdi. Bu beş dövlətin inteqrasiyasından söhbət gedərkən, burada analitiklər haqlı olaraq qeyd edirlər ki, region dövlətlərinin birləşdirilməsi təşəbbüsü əvvəllər də mövcud olub. Belə ki,  Qazaxıstanın MADİ yaratmaq ideyasından əvvəl, hələ sovet dövründə, Qırğızıstan və Özbəkistan Mərkəzi Asiya İttifaqının (MAİ) yaradılmasına dair razılığa gəliblər. Və 1944-cü ildə həmin ölkələr öz aralarında vahid iqtisadi məkanın yaradıldığını elan ediblər. Sonradan Tacikistanın da bu alyansa daxil olması ilə, qurum adını dəyişərək Mərkəzi Asiya İqtisadi Birliyi adlandırılıb. Ekspertlər qeyd edirlər ki, əfsuslar olsun ki, Birliyin qlobal şəkildə əməkdaşlığı mümkün olmayıb. Çünki regional ittifaqın daxilində mövcud olan çoxsaylı maneələr və daxili ziddiyyətlər bu əməkdaşlığa mane olur. Analitiklər hesab edirlər ki, hər hansı bir regionda vahid iqtisadi məkanın yaradılması mütləq öz ardınca dövlət sərhədlərinin müəyyənləşdirilməsi məsələsini gətirməlidir və bu mümkün olmadıqda sərhəd problemi getdikcə daha da gərginləşə bilər. Elə Özbəkistan və Tacikistan arasında mövcud olan dövlət sərhədinin müəyyənləşdirilməməsi problemi kimi.
 
Ekspertlər hesab edirlər ki, unutmaq lazım deyil ki, bu regionun dövlətləri malik olduqları təbii ehtiyatların fərqliliklərinə rəğmən, həm də bir-birlərinə rəqibdirlər. Belə ki, onların əksəriyyəti məhz təbii xammal ixrac edən ölkələrdir. Digər tərəfdən isə əməkdaşlıq layihələrinin böyük əksəriyyətinin iflasa uğramasının əsas səbəblərindən biri də ölkələrin regionda özünü tam təsdiq edə bilməsi ilə bağlı olub. Başqa sözlə, ölkələrin əksəriyyəti regional inkişafın perspektivlərinə inamsızlıq nümayiş etdiriblər. Hətta Qazaxıstan belə, tamhüquqlu regional alyansın yaradılması ideyası ilə dəfələrlə cəhdlər göstərməkdən yorularaq, özünü Mərkəzi Asiya dövlətindən çox, Avrasiya dövləti kimi göstərməyə başlayıb. Bundan əlavə, analitiklərin fikrincə, Mərkəzi Asiya ölkələri arasındakı inteqrasiyaya bu dövlətlərin malik olduqları müxtəlif iqtisadi inkişaf modelləri, eləcə də dünyaya açıqlıq baxımından bir-birinə uyğun gəlməyən siyasi üsul-idarə formaları da mane olub. Buraya həmçinin,  qarşılıqlı ərazi iddiaları, eləcə də təbii su ehtiyatlarından səmərəli istifadə edilməsindəki fikir ayrılıqlarını da əlavə etmək lazımdır. Bütün bu sadalananları nəzərə alaraq haqlı sual ortaya çıxır. Bəs onda beş Mərkəzi Asiya dövləti arasında inteqrasiyaya necə nail olmalı? Nədən başlamaq lazımdır? Bu suala analitiklərin cavabı çox sadədir. Xüsusi olaraq heç nədən başlamaq lazım deyil. İnteqrasiya prosesi artıq davam edir və ona  çoxdan start verilib. Belə ki, bu, əsas etibarı ilə qarşılıqlı ticarət əlaqələrinin artan statistikasına söykənir.   

Analitiklər hesab edirlər ki, birləşmə prosesini regional siyasətçilərin maraqları baxımından dərk etmək və anlamaq lazımdır. Lakin bütün bunlara baxmayaraq, inteqrasiya prosesi getməkdədir və bu, bəzi Mərkəzi Asiya liderlərinin subyektiv iradələrindən asılı olmayaraq baş verir. Ekspertlərin fikrincə, hazırda gündəlikdə əsas bir məsələ durur - bu beş dövlət arasındakı real inteqrasiya məsələsini indi həll etmək lazımdır, daha onu hansısa sandığın bir küncünə atmaq lazım deyil. Çünki, birləşmənin əsasları üçün səylər artıq mövcuddur, bundan sonraya isə yalnız rəqabətədavamlı ümumi bazarın formalaşması, eləcə də indiyədək regionda mövcud olmayan Mərkəzi Asiya blokunun yaradılması məsələsi qalır. Söhbət o alyansdan gedir ki, onun yaradılmasını gözləyənlərin sayı, ondan ehtiyatlananlardan dəfələrlə və qat-qat çoxdur.  

Kamran


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6853
GBP 1 İngilis funt sterlinqi 2.2538
TRY 1 Türk lirəsi 0.4659
KWD 1 Küveyt dinarı 5.6320
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0028
CHF 1 İsveçrə frankı 1.7405
USD 1 ABŞ dolları 1.7003