AZE | RUS | ENG |


Mərhəmət və humanizm missiyası - Fotolar

Mərhəmət və humanizm missiyası - Fotolar
Birinci vitse-prezident Mehriban Əliyeva qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin problemlərinə həssaslıqla yanaşır

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, ölkənin birinci xanımı Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi, mədəni həyatında daim mühüm və fəal rol oynayıb. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondu məhz Mehriban xanımın rəhbərliyi altında Azərbaycanın, eləcə də regionun ən böyük ictimai təşkilatına çevrilib. 

Ulu öndərin adını daşıyan Fond milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına xüsusilə köməklik göstərib. Bununla yanaşı, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirlər, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələr Heydər Əliyev Fondu tərəfindən daim dəstəklənib. Mehriban xanımın rəhbərlik etdiyi Fond uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirib. Ona görə də Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilib. 

Məmur üçün laqeydlik qorxulu anlayışdır

Mehriban xanım vaxtilə Mili Məclisin deputatı kimi də çoxşaxəli fəaliyyəti ilə diqqət çəkib. O, təmsil etdiyi dairənin sosial-ictimai problemlərinin həllində böyük addımlar atıb, fəal deputat kimi seçiciləri ilə daim təmasda olub. Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri də onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. Bu təşəbbüslərin dövlət başçısı İlham Əliyev tərəfindən dəstəklənməsi sayəsində 20 minə yaxın məhbus azadlığa qovuşub. UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi ölkə daxilində və xaricində mühüm layihələrə imza atan Mehriban Əliyeva Azərbaycanın birinci xanım statusunu da şərəflə daşıyıb. Ölkənin birinci xanımı Prezidentin ən yaxın silahdaşına çevrilməklə, sosial sahəyə xüsusi diqqətlə yanaşıb, öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə çalışıb. Cari il fevral ayının 21-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın Birinci vitse-prezidenti təyin olunan Mehriban Əliyeva mətbuata verdiyi ilk müsahibəsində bundan sonrakı fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətində olduğunu bəyan edib. O, mərhəmətsizlik və laqeydliyin qorxulu anlayışlar olduğunu diqqətə çatdıraraq, istər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumağın vacib olduğunu vurğulayıb.
 
 

Verilən vədlərə sadiqlik nümunəsi

Birinci vitse-prezident Mehriban Əliyeva ötən bir neçə ay ərzində ortaya qoyduğu fəaliyyəti ilə verdiyi vədlərə sahib çıxdığını nümayiş etdirib. Martın 9-da Birinci vitse-prezidentin sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın, məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib. O, müşavirədəki çıxışında görülən işləri qeyd etməklə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsinin yaşadığını xatırladıb. Bildirib ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Mehriban xanım qeyd edib ki, qarşıda duran əsas məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir. 
 
 

Mehriban xanımın sədrliyi ilə keçirilən müşavirədən sonra Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda məskunlaşan qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi üçün müvafiq tədbirlər görülüb. Birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb. Həmin plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 bina, Sabunçu rayonunun Ramana qəsəbəsində 1 binanın inşa olunmasına başlanılıb. Sumqayıt şəhərində isə qaçqın və məcburi köçkün ailələri üçün 5 binanın tikintisi başlayıb və digər 5 binanın inşası üçün də yer ayrılıb. Yaxın zamanda bu ərazidə də təyinatı üzrə tikinti işlərinə başlanılacaq. Bununla yanaşı, həm Bakı şəhərində, həm də Sumqayıtda tikintisi başa çatmış hazır binalardan da qarşıya qoyulan məqsəd üçün dövlət tərəfindən mənzillər alınmaqdadır. Mayın 30-da isə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qaradağ rayonunda məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib. Layihəyə görə, Qaradağ rayonundakı 6 hektardan çox ərazidə yeni yaşayış kompleksi yaradılacaq, ümumilikdə, 1026 ailə üçün 9 mərtəbəli 11 bina inşa olunacaq. Qəsəbənin bütün lazımi infrastrukturu olacaq, o cümlədən 220 nəfərlik uşaq bağçası, 624 şagird yerlik orta məktəb binası tikiləcək. Plana əsasən, bütün işlər bir il ərzində başa çatdırılmalıdır.
 
Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması

Bununla yanaşı, qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva həmin mərasimdə iştirak edib. Mərasimdə bildirilib ki, Masazır qəsəbəsindəki "Yeni Bakı” yaşayış kompleksində 164 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunub. Mehdiabad qəsəbəsindəki Binəqədi Gənclər şəhərciyində də 50 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Ümumilikdə 214 mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki "Energetika” pansionatında yararsız binada və Xətai rayonunun Gəncə prospektindəki qəzalı vəziyyətdə olan binada məskunlaşmış məcburi köçkünlər üçün nəzərdə tutulub. Bütün mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz edilib. Füzuli rayonundan məcburi köçkün Rafiz Kərimov, Şuşadan Vüsalə Fətəliyeva, Laçından Zabilə Cəfərova və Əmirxan Zeynalov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Çıxışlardan sonra Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı şəhərindən şəhid ailəsi Ulduzə Xocayevanın mənzilində yaradılan şəraitlə tanış olub. Bu hadisənin özü də Birinci vitse-prezident tərəfindən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə daha bir əyani misaldır.
 
 

Şəhid ailələrinə qayğı

Birinci vitse-prezident Mehriban Əliyeva qaçqın və məcburi köçkünlərlə bərabər, müharibə veteranlarına, şəhid ailələrinə də daim diqqət və qayğı ilə yanaşıb. O, hələ ötən il aprelin 7-də şəhid anaları ilə görüşüb. Heydər Məscidində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib. Azərbaycanın birinci xanımı Vətən uğrunda qəhramanlıqla şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri və yaxınları ilə görüşərək həlak olan Azərbaycan oğullarına Allahdan rəhmət, yaralananlara şəfa diləyib. Şəhid ailələrinin qayğıları sonrakı dövrdə də Azərbaycanın Birinci vitse-prezidentinin daim diqqət mərkəzində olub, onların bir sıra problemləri öz həllini tapıb. Bu mənada, onun Birinci vitse-prezident kimi keçirdiyi ilk iclasın qaçqın və məcburi köçkünlər, ikinci görüşün isə aprel döyüşlərində yaralanmış hərbçilərlə bağlı olması təsadüfi deyil. 

Şəhidin kredit borcu bağlanıb

Cari il aprelin 3-də Mehriban Əliyevanın iştirakı ilə "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub. Təqdimatdan öncə ötən ilin aprel döyüşlərinin iştirakçısı olan əsgər və zabitlər qarşısında çıxış edən Mehriban xanım bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə yanaşır. O, deyib ki, Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Mehriban xanım aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin də normal həyata qayıtması üçün bütün lazımi addımların atılacağını söyləyib. Mehriban xanım bildirib ki, şəxsən onun tapşırığı ilə yaralanmış əsgər və zabitlərin hər birinə fərdi yanaşılacaq, onlar normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunacaqlar. Mehriban xanım rəhbərlik etdiyi Heydər Əliyev Fondunun işçilərinin də hər zaman yaralanmış əsgər və zabitlərə xidmət etməyə, yardım göstərməyə hazır olduğunu söyləyib. Və cəmi 20 gün sonra aprel döyüşlərində yaralanmış əsgər və zabitlər ən müasir protezlərlə təmin olunublar.
 
 

İyunun 22-də medianın ictimailəşdirdiyi bir məqam da Mehriban xanımın şəhid ailələrinə qayğı ilə yanaşdığını bir daha sübut edir. Belə ki, 2016-cı ilin aprel döyüşlərində şəhid olan Xaliq Əzizzadə vaxtilə "Para" BOKT ASC-dən kredit götürüb. Sonradan kreditin şəhidin ailə üzvləri tərəfindən ödənməməsi səbəbilə borc yaranıb. "Para" BOKT ASC də kredit borcuna görə məhkəməyə müraciət edib və nəticədə şəhid ailəsi evini itirmək təhlükəsi ilə üzləşib. Bu məsələ mediada ictimailəşdirildikdən dərhal sonra Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov şəhidin anası ilə danışıb və bildirib ki, bütün şəhid ailələri, o cümlədən Xaliq Əzizzadənin ailəsi Mehriban Əliyevanın diqqətindədir. Bunun ardınca şəhid Xaliq Əzizzadənin banka olan kredit borcu bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.
 
Azərbaycan xalqına və onun dövlətçiliyinə şərəflə xidmət

Bütün sadalanan faktları ümumiləşdirərək bir daha qeyd etmək yerinə düşər ki, uzun illərdir ölkəmizin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunduqdan sonra da sosial məsələləri daim diqqət mərkəzində saxlayır. Mehriban xanım işlərini əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurur. "Ayrı-ayrı insanların problemlərinə heç vaxt biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olanlara kömək etmək, mənəvi dəstək vermək ümdə vəzifəmizdir”, - deyən Birinci vitse-prezident Mehriban Əliyeva bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir, Azərbaycan xalqına və onun dövlətçiliyinə şərəflə xidmət edir.

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6853
GBP 1 İngilis funt sterlinqi 2.2538
TRY 1 Türk lirəsi 0.4659
KWD 1 Küveyt dinarı 5.6320
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0028
CHF 1 İsveçrə frankı 1.7405
USD 1 ABŞ dolları 1.7003