• cümə axşamı, 28 mart, 14:09
  • Baku Bakı 16°C

Mərakeşdə itirdiyi "qızıl"ı Olimpiadada axtaracaq gənc - Portret

26.10.19 11:00 3576
Mərakeşdə itirdiyi "qızıl"ı Olimpiadada axtaracaq gənc - Portret
Yerli idman ictimaiyyəti üçün ötən həftənin əsas hadisələrindən biri Mərakeşdə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatı idi. Atlantik okeanı sahillərinə 11 nəfərlik heyətlə yola düşən komandamız, vətənə bir gümüş, bir bürünc medalla döndü. Əvvəlki iki ildən fərqli olaraq "qızıl"sız qalan, yekunda 12-ci yerlə kifayətlənən millinin çıxışına qənaətbəxş qiymət vermək çətin olsa da, ayrılıqda mundialın hər iki mükafatçısı haqqında xoş sözlər söyləyə bilərik. Əhməd və İbrahimin onlara bəslənən ümidi artıqlaması ilə doğrultduqlarını desək, yanılmarıq. Üstəlik, hər iki cüdoçu həm də böyüklərin reytinqində ciddi irəliləyişə nail oldu ki, bu, indiki məqamda olimpiya lisenziyasından uzaq olduğumuz 60 kiloqram çəki dərəcəsi üçün xüsusilə əhəmiyyətlidir. Odur ki, "Portret" rubrikasının budəfəki buraxılışında məhz dünya vitse-çempionumuz haqqında söhbət açacağıq.
Məşhur cüdoçumuzla eyni zalda

1999-cu ildə Göyçayda dünyaya gələn, altı yaşında ailəsi ilə Bakıya köçən Əhməd Yusifov, cüdo ilə 8 yaşından məşğul olmağa başlayıb. Atasının istəyinə əsasən böyük qardaşı Yusiflə birgə iki ildən artıq "Lokomotiv"in sıralarında bu populyar döyüş təliminin ilkin sirlərinə yiyələnən Mərakeş qəhrəmanımız, sonradan Respublika Olimpiya İdman Liseyinə qəbul olaraq, ölkənin ən təcrübəli məşqçilərindən sayılan Nağı Babayevin yanında yola davam edib. İlk vaxtlar məşqlərə könülsüz yanaşsa da, Azərbaycan cüdosuna Nicat Şıxəlizadəni qazandıran qocaman mütəxəssisin sayəsində hər keçən gün cüdoya daha dərindən bağlanıb. Həvəs, inam olan yerdə də nəticələr özünü çox gözlətmir. 30, 34 kiloqram çəki dərəcələrində Bakı birinciliklərinin qalibləri arasında yer alan Əhməd, 2015-ci ildə 55 kiloqramda Azərbaycan birinciliyinin finalçısı olur. Beləliklə, yığmaya cəlb edilərək, Avropa Kuboklarında sınaqdan keçirilir. 2016-cı ilin martında Türkiyədə təşkil olunan belə yarışda birinci olan Yusifov, bir ay sonra Çexiyada nəticəsini təkrarlayır, mayda Polşada üçüncü yeri tutur. Həmin ilin iyulunda Finlandiyanın Vantaa şəhərində keçirilən, oğlanların komanda hesabında yalnız Rusiyanı önə buraxdığımız qitə çempionatında isə 17 yaşlı Əhməd, yenidən fəxri kürsünün ən yüksək pilləsinə ucalır. Nəticədə, 2016-cı ili öz çəki dərəcəsi üzrə dünya reytinqinin lideri kimi başa vurur.


Finlandiyada yaşanan tarixi an

2017-ci ildən artıq gənclər kateqoriyasında çıxış etməyə başlayan Yusifov, debüt ilində Çexiyada baş tutan Avropa Kubokunun qızıl medalını qazanır. Sonrakı ildə Rusiya və İtaliyada keçirilən analoji turnirlərdə bürünc medalı boynundan asırsa, cari ilin aprelində Apenində birinciliyi heç kimə güzəştə getmir. Bundan üç ay sonra Berlində də ən güclü olan 20 yaşlı cüdoçumuz, gənclər arasında çıxış etdiyi son Avropa birinciliyində nəhayət, medal hesabını açmağa müvəffəq olur. Belə ki, ilk görüşdə Portuqaliya təmsilçisini "ippon"la üstələyən Əhməd, növbəti mərhələdə rusiyalı rəqibinə "vaza-ari" xalı ilə yenilib, ümidini "bürünc"ə bağlayır. İlk təsəlliverici görüşdə o, Avstriyadan olan cüdoçunu, ardınca italiyalı həmkarını "ippon" xalı ilə məğlub edir ki, nəticədə, AÇ-nın mükafatlandırma mərasimində tarixdə üçüncü dəfə bir çəkidə iki nəfərlə təmsil olunuruq. Maraq üçün qeyd edək ki, 60 kiloqramda Rövşən Əliyev ikinci yeri tutmuşdu.
"Çempionluğun bir addımlığında, özü də..."

Cari ildə uğurlu çıxışı sayəsində dünya reytinqinin üçüncü pilləsinədək yüksələn Yusifov, ondan cəmi bir pillə geri qalan Rövşənlə birgə mundialda 60 kiloqramın ən iddialılarından sayılırdı. Bununla belə, finaladək keçdiyi yolun ağırlığını qeyd etməsək, olmaz. Belə ki, o, ilk mərhələdə ən iddialı cüdo ölkələrindən olan Cənubi Koreya, ardınca Ukrayna təmsilçisi ilə üz-üzə gəlməli olursa, 1/4 finalda son qitə birinciliyinin türkiyəli qalibinin, finalın bir addımlığında isə böyüklər arasında builki mundialda yeddinci yeri tutan Qırğızıstan cüdoçusunun öhdəsindən gəlməyi bacarır. Ötən il İtaliyada "ippon"la məğlub etdiyi rusiyalı Konstantin Simeonidislə həlledici görüşə gəldikdə, "ona öz səhvimə görə uduzdum" deyir, Əhməd: "Fəndi yerinə yetirəndə tələsdim, o da ani boşluğu tutdu. Dünya çempionatındakı nəticəmdən razıyam, amma çempionluğun bir addımlığında, özü də əvvəl udduğum rəqibə uduzmaq ağırdır, nə gizlədim. Gənclərdəki son ilimi dünya çempionluğu ilə qeyd etməyi çox istəyirdim. Böyüklərdə belə bir imkan düşsə, əlimdən buraxmayacağam".
"İstədiyim kimi güləşə bilirəm"

Digər növlərdə olduğu kimi, cüdoda da olimpiya lisenziyalarının müəyyənləşməsinə cəmi yeddi ay qalıb. Əfsus ki, əvvəlki tsikllərdən fərqli, bu dördillikdə 60 kiloqramdakı təmsilçilərimiz heç cür özünü doğrulda bilmirlər. Bunun məntiqi nəticəsi olaraq, reytinqdə ilk "50-lik"də belə təmsil olunmuruq. Ən yaxşı göstərici Kəramət Hüseynovdadırsa, ondan, sadəcə iki pillə geri qalan Əhməd 58-ci yerdə qərarlaşıb. "Olimpiadaya qatılmağı çox istəyirəm, bunun üçün daha dörd il gözləmək fikrində deyiləm" deyən dünya vitse-çempionu, qarşıdakı aylarda lisenziya xalları verən yarışlarda şans qazanacağı təqdirdə etimadı doğruldacağını bildirir: "Böyüklərdə güləşmək mənə daha rahatdır. Çünki gənclərdə diqqət mənim üzərimdədirsə, orada məni heç kim tanımır. İstədiyim kimi güləşə bilirəm".
Yeri gəlmişkən, Əhmədin böyüklər arasında iki beynəlxalq yarış təcrübəsi var: 2018-ci il Daşkənd Qran Prisi və builki Bakı "Böyük Dəbilqə"si. Paytaxtımızda baş tutan yarışda ilk mərhələni keçsə də, sonradan tanınmış ispan cüdoçu Fransisko Qarriqosa yenilmişdi. Halbuki görüşün sonuna 10 saniyə qalanadək üstün tərəf idi.
Yaponlara xas təmkin

Sirr deyil ki, bir çox gənc, məşğul olduğu idman növünə nə qədər can yandırsa da, zamanla kənar sahələrə də meyillənərək, fikrini yayındır. Dediyinə görə, əvvəllər tez-tez idmanı buraxmaq, qardaşı kimi başqa sahədə özünü sınamaq niyyətinə düşüb. Səbəb kimi də bir ara düçar olduğu uğursuzluqları göstərir. İndi isə hər şey fərqlidir. Cüdo onun üçün sadəcə idman növü deyil, həm də həyat tərzidir. "Çiynində çanta məşqə gəlir, burdan da çox vaxt birbaşa evə gedir" deyir, Nağı Babayev: "Həddən artıq sakit təbiətlidir. Tatamidən qıraqda savaşmağı bir yana qalsın, kiminləsə mübahisə etdiyini də görüb-eşitməmişəm. Yapon cüdoçulara xas təmkini var. Birinci yeri tutsa da, baxsan, deyərsən, bəs uduzub gəlib. Halbuki üçüncü yeri tutan idmançılar belə, adətən vətənə qalib əhval-ruhiyyədə dönürlər".
İkinci "nömrə"

Kumirin kim olması ilə bağlı ənənəvi sualımıza əvvəlki buraxılışlarımızda bəhs etdiyimiz gənc həmkarlarından fərqli olaraq, "Rişod Sobirov" cavabı verdi. Özünəməxsus döyüş tərzi, zəngin texniki bacarıqları ilə cüdosevərlərin yaddaşında dərin iz buraxan özbəkistanlı üçqat olimpiya mükafatçısına qarşı sevgisi hələ 9 yaşında - ekran qarşısından Pekin olimpiadasını izləyərkən yaranıb. Öz döyüş üslubuna gəlincə, fiziki gücünə, rəqibi hiss etmə bacarığına arxalanan Əhməd, adətən ikinci "nömrə" kimi güləşir. Fəndləri həm sağ, həm də sol istiqamətdən icra edə bilməsi isə ona ayrıca üstünlük qatır.

Ənənələrin izi ilə

Cüdo, Azərbaycanın güləşdən sonra Olimpiadalarda ən uğurlu olduğu növdür. Bu və digər mötəbər yarışlarda qazanılan nailiyyətlərdə əsas pay sahibləri 73 kiloqram çəki dərəcəsində çıxış edən tatami ustalarımızdırsa, ikinci sırada məhz 60 kiloqram çəkidə mübarizə aparanlar dayanır. Üstəlik, ən yüngül çəkidə bir qayda olaraq gənc cüdoçular daha uğurlu olur. Nazim Hüseynov cəmi 23 yaşında olimpiya çempionu olubsa, Elçin İsmayılov, İlqar Müşkiyev, Orxan Səfərov kimi cüdoçular da çox gənc yaşlarda adlarından söz etdirə biliblər. Odur ki, Əhmədin niyə böyük arenalara bu qədər tələsdiyini anlamaq çətin deyil.
Bu arada, Mərakeşdəki nailiyyətdən sonra əsas yığmanın bir neçə aparıcı üzvü də onu təbrik edib. Təbii ki, bu faktın özü də Tokionu "qaralayan" gənc cüdoçunun əhval-ruhiyyəsinə təsirsiz ötüşməyə bilməz.

Portret

Hər uğurun arxasında illərə söykənən gərgin əmək, zallarda axıdılan tər dayanır. İdmançı karyerası qısadır. Sadəcə, əzmi, ağlı ilə seçilənlər bu dövrü ən yüksək səviyyədə dəyərləndirib, özlərindən sonra dərin iz qoya bilirlər. Əhməd də bunu yaxşı başa düşür. Bilir ki, indi əlində olan imkanı lazımınca qiymətləndirməsə, sonra gec ola bilər. Cüdoçumuz adi həyatda nə qədər sakit, təvazökar təsir bağışlasa da, tatamidə bunun tam əksini müşahidə edirik. Titulundan asılı olmayaraq, istənilən rəqib onunla görüşdə ehtiyatı əldən buraxmamalıdır.

Sahib




banner

Oxşar Xəbərlər