AZE | RUS | ENG |


“Məqsəd aşıq musiqisinə yeni baxışı təqdim etməkdir” - Fotolar

“Məqsəd aşıq musiqisinə yeni baxışı təqdim etməkdir” - Fotolar
Bakıda konsert verməyə hazırlaşan Təbrizin məşhur «Dalğa» musiqi qrupunun rəhbəri deyir ki, müasir dövrdə aşıq musiqisinə elmi yanaşma zəruridir

Təbrizin məşhur «Dalğa» musiqi qrupu paytaxtımızın qonağıdır. Bu yaxınlarda musiqi qrupu Heydər Əliyev Sarayında "Qarabağ dərdi” adlı konsertlə çıxış edəcək. Qrupun rəhbəri, tanınmış aşıq Çingiz Mehdipurdur. O, 1961-ci ildə Güney Azərbaycanın Qaradağ bölgəsinin Kəleybərinin Şıx Həsənli kəndində anadan olub. Uşaqlıqdan musiqini sevib və Qaradağın tanınmış aşıqlarından sayılan əmisi Aşıq Eynullanın yanında aşıqlıq və qopuz çalmağın sirlərini öyrənib. Çingiz 1977-ci ildə Tehrana gedərək orada musiqi öyrənməyə davam edib və bir neçə il Azərbaycan türkcəsində olan aşıq bəstələri ilə tanış olub. 1983-cü ildə Tehran Çəng musiqi məktəbində musiqi yazmağa və notları toplamağa başlayıb. Çingiz 1989-cu ildə Təbrizə qayıdandan sonra ustad Yəhya İsmayılzadədən musiqi nəzəriyyəsini öyrənib. 1990-cı ildə "Dalğa” musiqi qrupunu yaradıb. Aşıq Çingiz "Qopuz məktəbi və onun elminin öyrənməsi” və "Aşıq havaları” kitablarının müəllifidir. «Dalğa» musiqi qrupunun rəhbəri, tanınmış aşıq Çingiz Mehdipur bu günlərdə «Kaspi»nin qonağı olarkən aşıq sənətinin sirlərindən, bu qədim sənətin hazırkı vəziyyətindən danışdı. 

Aşıq sənətini elmiləşdirmək

- Aşıq musiqisinin açılmamış sirləri çoxdurmu?
- Aşıq sənəti o taylı, bu taylı xalqındır. Bu, ata-babalarımızdan bizə qalan miras kimi dəyərli xəzinədir. Həmin xəzinənin qorunub saxlanması üçün biz məsuliyyət daşıyırıq. Aşıq sənətini yaşatmaq üçün bu sahədə mövcud olan potensiallar da çox önəmlidir. 27 ildir ki, «Dalğa» musiqi qrupunu təşkil etmişəm. Bu müddət ərzində 30-dan çox ölkədə konsert proqramı ilə çıxış etmişəm. İlk dəfə olaraq mən bu sənətə elmi yanaşaraq, saz havalarını nota köçürmüşəm. Məndən əvvəl bu işi heç kim görməyib. Deyə bilərəm ki, aşıq musiqisində yeni bir aranjemanla çıxış edirəm. Aşıq musiqisinin açılmamış çox sirləri var. Xalqımız o sirlərlə, hələ tanış deyil. Çox təəssüf ki, biz bugün bu sənəti hələ öz xalqımıza tanıtdırmağa çalışırıq. Bunda isə xalqımız günahkar deyil, bu, mənim və həmkarlarımın borcudur. Dünyanın böyük alimləri ilə bu sənət haqqında müzakirələr açanda, onlar heyrətdə qalırlar. Heyf ki, sazımız indiyə qədər olduğu kimi tanınmayıb. Həm bu tayda, həm də o tayda çox gözəl saz ifaçılarımız var. Ancaq indiyə qədər yalnız keçmişlərdəki ifaları savadsız və elmsiz şəkildə yamsılayaraq təqdim ediblər. Bu sənətin klassikliyini çoxları bilmir. Sazı aşıqların qarşısına qoyub «haqqında danış» desək, inanın ki, alət haqqında elmi cəhətdən danışa bilməzlər. Məsələn, sazın pərdə düzümlərinin hansı intervaldan asılılığı və ya köklərinin nədən ibarət olduğunu söyləməkdə çətinlik çəkərlər. Dünya xalqlarına saz barədə danışmaq üçün onun haqqında bilgiyə malik olmamaq utancvericidir. 
 
 

- Sazın qüdrətini üzə çıxarmaq, onu daha geniş tanıtdırmaq üçün hansı işləri görmək olar?
- Bu sənətlə dünyaya çıxmaq mümkündür. Mən İspaniyada 120 ölkə arasında solo ifaçılığına görə birinci yerə layiq görülmüşəm. Həmçinin ayrı-ayrı ölkələrdə ifalarımı dinləyən musiqi mütəxəssisləri «musiqinizdən hiss edirəm ki, yaşadığınız ərazi coğrafi baxımdan dağlı-daşlı yerlərdir» - deyirlər. Musiqi öz ifası ilə məxsus olduğu xalqın tarixini, coğrafi ərazisini, yaşayışını təqdim edə bilir. Bu, böyük missiyadır. Həmçinin bu sənəti xalqımızla barışdırmaq lazımdır. Bir sıra sazlar var ki, onlar bu gün elmi baxımdan səhnədə olmağa qadir deyillər. Ancaq bizim sazımız elmi baxımdan musiqi üsulundan uzaq deyil. Bu sazı elmiləşdirmək və onu yenidən xalqa çatdırmaq lazımdır. Bu gün evlərimiz gitara və ya başqa musiqi alətləri ilə doludur. Mən onların əleyhinə deyiləm. Ancaq bizim sazımız xaricdəki insanların heç birinin evində yoxdur. Biz bunu bacarmamışıq. Ata-babamızdan qalan bu böyük musiqi alətini başqa dünya xalqlarına da lazımi qədər tanıtdıra bilməmişik. İndi dünya musiqisi sərhədlərdən çıxıb. Biz aşıq musiqisinə hüdud tətbiq edib onu «Tovuz aşıqları», «Borçalı aşıqları» və ya «Təbrizin Qaraçuxur aşıqları» deyə məhdudlaşdırmamalıyıq. Bizim sazımızda elə qabiliyyət var ki, onun hüdudlarını aşıb-keçmək mümkündür. Sazımızla klassik əsərlər ifa etmişik. Mənim tələbələrim 25 ildir ki, notla əsərlər çalırlar. Mənim yaratdığım «Rövşən» musiqi məktəbində 400-ə yaxın tələbəm vardı. O məktəbdə dünyanın böyük bəstəkarlarının - Motsartın, Bethovenin əsərlərini çalmışıq. Bu ifalar bizim sazın qüdrətini üzə çıxarıb. 
 
 

- Azərbaycanın aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bəs İranda aşıq sənəti nə dərəcədə qorunur?
- Azərbaycanın aşıq sənətinin YUNESKO siyahısında yer almasına çox sevinirəm. Ancaq Azərbaycan sazı dünyaya çıxara bilməyib. Bu sənətin ən önəmli işi də onun yayılması, başqa xalqlara tanıdılmasıdır. Ermənilər isə balabanı öz adlarına çıxaraq onu dünyaya yaydılar. Bu gün dünyada hər şey elmiləşib. Ancaq təəssüf edirəm ki, aşıq musiqisi hələ özünə Konservatoriyada yer etməyib. Keçmişdə aşıq sənətində ustad-şagird ənənəsi vardı. 100 illərdir bu ənənə davam edirdi. Ancaq son 30-40 ildir ki, bu ənənə tükənib. O cümlədən tar da, kamança da, muğam sənəti də belə qaydada inkişaf edirdi. 100 il bundan əvvəl aşıq sənəti muğamı üstələmişdi. Amma bu gün muğam çox yüksəyə qalxıb. Çünki muğama dövlət qayğısı var. Aşıq sənətinə də qayğı var, ancaq muğam elmi cəhətdən tədris olunur. Aşıq sənəti isə bu diqqətdən kənardır. Aşıqların paltarlarına baxanda, çox narahat oluram. Onların geyimləri də sənətlərini tamamlamalıdır. Aşıqlar bacardıqları qədər bu sənəti qoruyurlar. Sadəcə bu sənətə bir qədər dövlət qayğısı da olmalıdır. Dövlət bu sənətə sahib çıxmasa, aşıq sənəti çayxana səviyyəsində qalacaq. Aşıq sənətini bu səviyyədən qaldırmaq üçün onun mütəxəssislərini toplamaq və bu sənətin elmi baxımdan tədrisi ilə məşğul olmalarına şərait yaratmaq lazımdır. Yalnız bundan sonra həm sənətin musiqidə tutduğu yer bəlli olar, həm də onu dünyaya çıxarmaq mümkünləşər. İrana gəlincə, bilirsiniz ki, İranda aşıq sənətinin Aşıq Abas Tufarqanlı, Xəstə Qasım kimi sərkərdələri olub. Bu gün aşıq sənəti İranda daha çox inkişaf edib. Orada 7-8 aşıq mühiti və onların hər birinin özünəməxsus havaları var. Xüsusən Təbriz, Qaradağ mühitində aşıq sənəti çox səviyyəlidir. Dünyada vahid musiqinin bir dili var. Bizim musiqimiz melodiya, ritm baxımından elə rəngarəngdir ki, heç bir xalqda bunlar yoxdur. Aşıq musiqisini dünyaya tanıtmağın yeganə yolu elmi yanaşma və musiqinin vahid dili olan notla dünyaya yaymaqdır. Bütün dünya musiqiləri get-gedə elmiləşir.
 
 

Ustad-şagird ənənəsi daha yoxdur

- İndi tez-tez sazın dəyişmiş formasında və fonaqrama ilə aşıq havalarını eşidirik. Bu ifaları modern aşıq musiqiləri saymaq olarmı? Ümumiyyətlə, hazırki ifaçılar haqqında fikirləriniz maraqlıdır...
- Çox gözəl solo ifaçılarımız var. Ancaq onlar aşıq sənətinin klassikliyindən bir qədər uzaqlaşıblar. Onlara qulaq asanda ifalarından Aşıq Ədalətin musiqisinin zövqünü almaq olmur. Və yaxud oxuyanlardan heç vaxt Əkbərin ifasının hissini ala bilmirəm. 40-50 il bundan əvvəl oxuyan aşıqların ifalarının heç birini bu gün eşitmirəm. Bu gün hansı toyda dastan oxudurlar? İndi bu dastanları da yaşatmağın yolları var. 100 il bundan əvvəl aşıqlarımız elə gözəl oxuyublar ki, onların ifalarında bütün musiqi prinsiplərinə əməl olunub. Yəni onlar ustad görüblər. Ancaq həmin ustad-şagird ənənəsi daha yoxdur. Əvvəllər musiqi sinədən-sinəyə keçmişdi. Bu gün artıq bu ənənə yoxdur. Hər kəs əlinə bir saz alıb səsyazmasını edərək təqdim edir. İndi səhnədə rəqqaslar elə ifa edirlər ki, aşığa yalnız oxumaq qalır. Aşıq keçmiş ifasını əldən verib. Keçmişdə isə aşıqlar öz ifalarında həm oxuyur, həm saz çalır, həm bəstəkarlıq, həm də rəqs edirdilər. Onlar öz ifalarında bir neçə sənəti birləşdirirdilər. Get-gedə hər şey dəyişir. Ancaq buna da təbii baxmaq lazımdır.

- İranın özündə də müxtəlif aşıq məktəbləri var. Həmin məktəblərin Azərbaycandakı müxtəlif bölgələrin aşıq məktəbləri ilə, o cümlədən Borçalı aşıq muhiti ilə hansı oxşar və fərqli cəhətləri var?
- Bu gün Tovuz, Gədəbəy, Borçalı, Qazax aşıq mühitləri ilə Təbrizin Qaradağ aşıq mühitinin heç bir fərqi yoxdur. Ya da 5-6 fərqli havaları var. Bunun da səbəbi uzun müddət ölkələr arasında rabitənin qırılması olub. Ancaq burada çalınan havaların hamısını biz orada radio, televiziya vasitəsilə eşidirik. Ancaq Borçalı aşıq mühitində bir az Urmiya aşıq mühitinin təsiri hiss olunur. Şirvan aşıq mühiti isə bunlardan fərqlidir. İranda olan Qaradağ, hətta Zəncan aşıqları da Şirvan aşıq mühiti havalarını eynilə ifa edirlər. Mən budəfəki konsertimdə 3-4 Şirvan aşıq məktəbinin musiqilərindən yeni oranjemanlar etmişəm. Təbrizdə Qaradağ, Urmiya, Sava, Həmədan, Zəncan, Qaşqay, Xorasan aşıqlarının hər birinin özlərinə aid 60-70 havaları var. 
 
 

- İranda aşıq havaları ən çox harada təqdim olunur - konsertlərdə, toylarda, yoxsa mərasimlərdə?
- Aşıq musiqisi demək olar ki, hər bir yerdə ifa olunur. Yeni bir nəsil yetişir ki, onlar aşıq sənətini qorumağı özlərinə vəzifə hesab edirlər. Ancaq bu aşıq mühitləri ilə müqayisədə Qaradağ aşıq mühiti daha çox sevilir. İlk dəfə aşıq musiqisi üçün bilet satışını 20 il əvvəl «Dalğa» qrupu həyata keçirib. Tehranda bizim qrupun konserti olanda 3500 nəfərlik zalda iki gün bir dənə də boş yer olmadı. Başqa xalqlar da bu sənəti İranda sevirlər. İranda başqa musiqilərə necə yanaşırlarsa, aşıq musiqisinə də elə yanaşılır. Bu işi sistemli görmək lazımdır. Mən 21 il əvvəl 4 ay Kanadada qalaraq müxtəlif şəhərlərdə konsertlər verdim. Məqsədim orada qalmaq idi. Ancaq yaxşı ki, qalmadım. Çünki ondan sonra «Dalğa» qrupunu yaratdım, bu sənət haqqında kitablar yazdım. Bu musiqini xalqımıza təzədən sevdirdim. Bu gün konsertlərimə 20 yaşlı cavanlar gələrək «biz bu sənətdən doyub qaçmışdıq, siz bizi yenidən bu sənətlə barışdırdınız» - deyirlər. Bizim disklərimiz İranda əldən-ələ gəzir. Mən indi dünyanın hər hansı bir ölkəsində, məsələn, Kanadada, Amerikada aşıq musiqisini müxtəlif oranjemanlarda təqdim edə və bundan da yüksək mövqelər qazana bilərdim. Ancaq millətimin içində gördüyüm bu işləri orada görə bilməzdim. Məncə, işi millətin içində görmək olar. Bir xalqın içində ölü bir musiqini yenidən diriltmək o qədər asan iş deyil. Sevinirəm ki, mən bu işi görə bilmişəm. 
 
 

- Aşıq musiqisində yeni havalar necə yaranır? İstənilən şeir mətnini aşıq musiqisinə çevirmək olarmı?
- İndi çox böyük bəstəkarlar var, əsərlər də yazırlar. Ancaq mən o əsərlərə qulaq asanda hər hansı bir avropalının əsərinə qulaq asdığımı hesab edirəm. Bu, musiqinin bütün janrlarına aiddir. Orada Azərbaycan musiqisini hiss eləmirəm. Sintezin əleyhinə deyiləm, bu, insanların bir-birini sevməsi, bir-birinə yaxın olması kimidir. Aşıq havası yaratmaq, yazmaq çətin deyil. Aşıq musiqisində təkcə qəzəl oxunmayıb. Ancaq o not üzərində də işləmək olar. Ümumiyyətlə, aşıq musiqisində bütün şeir səpkilərini oxumaq olar. Mən Ramiz Rövşənin «Qara paltarlı qadın» sərbəst şeirinə də musiqi bəstələyərək onu vokal formasında işləmişəm. Ancaq onu aşıq havasına da çevirmək olar. Burada melodiya yazanda gərək yamaq olmasın. Aşıq havasını yaratmaq üçün gərək musiqinin dərinliyini düşünəsən. 

- Bu yaxınlarda təqdim edəcəyiniz konsertin özəlliyini necə izah edərdiniz?
- Konserti təşkil etməkdə məqsəd aşıq musiqisinə yeni baxışı təqdim etməkdir. Bu konsertdə aşıq sənətinin gücünü, potensialını, açılmamış sirlərini göstərmək niyyətindəyik. 
 
Söhbətləşdi
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.2084
TRY 1 Türk lirəsi 0.4757
KWD 1 Küveyt dinarı 5.6114
SEK 1 İsveç kronu 0.1953
EUR 1 Avro 1.9029
CHF 1 İsveçrə frankı 1.7439
USD 1 ABŞ dolları 1.7021