• çərşənbə axşamı, 23 aprel, 10:47
  • Baku Bakı 20°C

Mənzil bazarı: ucuzlaşma, yoxsa bahalaşma?

02.12.14 13:58 1507
Mənzil bazarı: ucuzlaşma, yoxsa bahalaşma?
Mətbuatda yer alan mənzil bazarında ucuzlaşma ilə bağlı məlumatlar heç də özünü tam doğrultmur. Bu qənaətə bazardan daha çox xəbərdar olan maklerlə söhbətdən sonra gəlmək olar. Belə ki, ev alqı-satqısı ilə məşğul olan Fərid bildirir ki, ucuzlaşma heç də bütün bazarı əhatə etmir. Məsələn, yeni tikilən binalarda qiymətlər dəyişməz olaraq qalır. Düzdür, bu binalarda satış o qədər də yüksək səviyyədə deyil, amma ucuzlaşma da müşahidə edilmir: “Yeni tikililərin qiymətində dəyişiklik çox az hallarda olur, daha çox da bahalaşma istiqamətində”.
Həmsöhbətimiz onu da bildirdi ki, hazırda birotaqlı evlərin qiymətində əksinə, bahalaşma müşahidə edilir: “Adətən bahalaşma və ucuzlaşma köhnə bazarda çoxotaqlı mənzillərin qiymətində olur. Bir və ikiotaqlı mənzillərə də bu proses az-az təsir edir. İndi bazarda demək olar ki, durğunluqdu, nə ciddi bahalaşma, nə də ucuzlaşma yoxdur”.
Qeyd edək ki, mütəxəssis hesablamaları da bazarda durğunluğun olduğunu göstərir. Ekspertlərin fikrincə, bunun bir neçə səbəbi var ki, ən başlıcası da neftin dünya bazarında ucuzlaşmasıdır. Bu prosesin birbaşa təsirləri olmasa da, dolayı və psixoloji təsirləri artıq Azərbaycanın daşınmaz əmlak bazarında özünü göstərir - bir sıra məhsullar üzrə bahalaşma, digərləri üzrə ucuzlaşma ilə. Mənzillərin qiymətinə isə mütəxəssislərə görə, həm də söküntü işlərinə ayrılan vəsaitin azalması, Rusiya ətrafında baş verən proseslər təsir edir.
Əmlak bazarı üzrə mütəxəssis Ramil Osmanlının sözlərinə görə, 2014-cü ilin 9 ayı ərzində baş verən qiymət dəyişməsini göstərən rəqəmlərə əsasən söyləmək olar ki, bazarda 20 faizdən çox qiymət artımı olub. Ekspert bildirir ki, sentyabra qədər alıcılıq qabiliyyəti normal olub: “Burada “Sovetski” söküntülərinin də rolu vardı. Sadəcə, sentyabrdan sonra neftin qiymətinin düşməsi nəticəsində dövlət büdcəsində müəyyən kəsirlər yaranmağa başladı. Hökumət büdcə vəsaitlərinin bir qədər ehtiyatlı sərf olunmasına üstünlük verdi. Bu səbəbdən də söküntü işlərinə ayrılan vəsaitlərin həcmi bir qədər azaldıldı. Bu proses bazara olan pul axınının qarşısını müəyyən qədər aldı. Nəticədə əmlak bazarında stabil bir vəziyyət yaranıb. Hətta Azərbaycan bazarında vəziyyət o qədər mürəkkəb və unikaldır ki, nəinki prosesin həyata keçirilməsi, pulların verilməsi, hətta bu müzakirələrin aparılması belə bazara təsir göstərir”. R.Osmanlıya görə, daşınmaz əmlak bazarında müşahidə olunan stabilliyin əsas səbəblərindən biri də ilin sonu olmasıdır. Ekspert hesab edir ki, ilin yekunu ilə əlaqədar olaraq bazara pul axınlarının həcmində müəyyən azalmalar var: “Söküntü işlərinin tədricən zəifləməsi ilə yanaşı, ipoteka kreditlərinin verilməsində də müəyyən ləngimələr var. Bununla bağlı təbii ki, müraciətlərin sayının azalması bazardakı dinamikanın aşağı düşməsinə gətirib çıxarıb”.
İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, bazarda cüzi ucuzlaşma ola bilər: “Fikrimcə, bu, daha çox mövsümi amillərin təsiri altında baş verir. Amma onu da qeyd etmək istərdim ki, yaxın gələcəkdə ölkəmizin daşınmaz əmlak bazarında da müəyyən təlatümlər gözlənilir. Buna səbəb isə dünyada baş verən iqtisadi qarşıdurmanın təsiri olacaq. Hələ ki bu dalğa bizdə hiss edilmir. Rusiyada baş verənlərin bir az yumşaq formada Azərbaycanda da baş verməsi gözləniləndi. Çünki hər iki ölkənin iqtisadi modeli, büdcəsinin formalaşma mənbəyi uyğundur. Fərq yalnız həcmdədir. Qısası, qarşıdakı illərdə daşınmaz əmlakın ciddi ucuzlaşması gözləniləndi. Lakin ucuzlaşma daha çox qeyri-yaşayış sahələrində özünü göstərəcək”.
İqtisadçı ekspert Samir Əliyev bildirir ki, daşınmaz əmlak bazarında müəyyən durğunluq yaranıb, ancaq burada söhbət qiymətin ucuzlaşmasından getmir, sadəcə, evlərin satışında zəifləmə var: “Məsələn, əvvəl bir ev 1-2 aya satılırdısa, indi 4-5 aya və ya daha çox çəkə bilir. Az-az hallarda qiymət ucuzlaşması da ola bilər. Zatən durğunluğun növbəti mərhələsi ucuzlaşmadır. Ancaq bu gün əmlak bazarında ciddi ucuzlaşma yoxdur. Belə bir vəziyyətdə kiməsə təcili pul lazımdırsa və evini satmaq istəyirsə ucuz sata bilər. Ancaq bu hal kütləviləşməyib. Əgər gələcəkdə müəyyən ucuzlaşma olarsa belə, bu, özünü köhnə tikililərdə göstərəcək. Yeni tikilən mənzillərdə ucuzlaşma ümumiyyətlə, yoxdur. Yeni mənzilləri müxtəlif şirkətlər tikib, satır. Onlara həmin evləri dəyər-dəyməzinə satmaq maraqlı deyil. Bir qiymət qoyurlar və fikirləşirlər ki, nə vaxt satılar-satılar”.
S.Əliyev yaranmış vəziyyəti iki amillə əlaqələndirir: birincisi, dünya bazarında neftin qiymətinin düşməsi, ikincisi isə Rusiyada baş verən proseslər: “Neft baha olanda ölkəyə çoxlu neft pulları gəlirdi. Belə olan halda, investisiya xərcləri və digər yollarla tikinti sektoruna pullar axırdı. Nəticədə tikinti sektorunda qiymətlər baha olurdu. Hətta bu tikinti şirkətlərinin pulu o qədərdir ki, bir tikilən binadakı mənzillər satılıb qurtarmamış, digərinin tikintisinə başlanırdı. Pul olmasaydı, tikinti şirkəti də çalışardı ki, evləri tez bir zamanda və ucuz qiymətə satsın ki, ikinci bir layihəyə başlaya bilsin. Bütün bunlar neft amilinin əmlak bazarına təsiri idi. İndi neft ucuzlaşmağa başlayıb. Bu ucuzlaşma davam edərsə, bizim daşınmaz əmlak bazarına da təsir göstərəcək. Bu zaman qiymət azalmasını müşahidə edəcəyik”. Ekspert bazardakı duruma neft amili ilə yanaşı Rusiyada baş verənlərin də təsir etdiyini deyir. Bildirir ki, Rusiyadan Azərbaycana ildə 2-3 milyard dollara yaxın pul göndərilirdi: “Orada işləyən insanların Bakıda ev almaq potensialı daha çoxdur, nəinki Azərbaycanda yaşayıb işləyənlərin. Qiymətlərin yüksək səviyyədə saxlanılmasında Rusiyadan gələn pulların da rolu var idi. İndi Rusiyada vəziyyətin pisləşməsi, üstəlik neftin qiymətinin ucuzlaşması Azərbaycan əmlak bazarında durğunluğa səbəb olub”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər