Mənşə sənədinin alınması proseduru sadələşdirilib
Bakı Biznes
Mərkəzində "İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-i tərəfindən
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə
təsdiq edilmiş "Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli
Fəaliyyət Planı”na uyğun olaraq, sahibkarların qarşılaşdıqları məsələlərin
öyrənilməsi, ixrac zamanı yaranan məsələlərin operativ həlli və şəffaflığın
təmin edilməsi məqsədilə təşkil edilən "Açıq qapı” günləri çərçivəsində seminar
keçirilib. Tədbirdə 50-dən çox sahibkarlıq subyektinin nümayəndəsi iştirak
edib.
Seminarda ixracın stimullaşdırılması istiqamətində kompleks tədbirlərin
həyata keçirildiyi vurğulanıb, "İstehlak Mallarının
Ekspertizası Mərkəzi” MMC-nin və regional bölmələrin inzibati binalarında
təşkil olunan "Açiq qapı” günləri barədə sahibkarlara ətraflı məlumat verilib.
Tədbir çərçivəsində "Mənşə
ekspertizaların aparılması qaydaları və ixrac zamanı güzəştlərin tətbiqi” və
"Laboratoriya xidmətləri” mövzularında keçirilmiş təqdimatlarda sahibkarlar
malın ixrac proseduru və gömrük güzəştləri barədə məlumatlandırılıb. Bildirilib
ki, mənşə sənədinin verilməsi
prosedurunun sadələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən
elektron müraciət forması daha da təkmilləşdirilib, tələb olunan sənədlərin
sayı hüquqi şəxslər üçün 9-dan 6-ya, fiziki şəxslər üçün isə 5-dən 4-ə
endirilib. Azərbaycanda mənşə ekspertizası və malın
mənşəyini təsdiq edən sənəd 1 gündən gec olmayaraq sahibkara təqdim edilir. Məlumat
üçün bildirək ki, istər MDB məkanında,
istərsə də əksər digər ölkələrdə malın mənşəyinin müəyyən edilməsi müddəti 3 gündən
az deyil. Bundan başqa, artıq 2 ildir ki, ölkəmizdə
qeyri-neft malları üçün ekspertiza xidmətlərinin tarifləri 30% aşağı salınıb.
Qeyd edək ki, sahibkarlara mənşə sertifikatının alınması qaydaları barədə
təlimatlar paylanılır.
Seminarda "İstehlak
Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi
qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının iş prinsipi,
akkreditasiya sahələri, burada aparılan laborator müayinələr barədə məlumat
tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda sahibkarları maraqlandıran
suallar cavablandırılıb.
Belə seminarların mütəmadi
olaraq keçirilməsi nəzərdə tutulur.