• cümə, 29 Mart, 09:08
  • Baku Bakı 5°C

Mənim maliyyə karyeram

23.05.16 11:09 2081
Mənim maliyyə karyeram
Mən hər dəfə banka girəndə çox qorxurdum. Bank işçiləri, iri pəncərələr, qapılar məni qorxudurdu. Adamların əllərindəki pulları görəndə həyəcanlanırdım. Bir sözlə, bankda olan hər şey məni qorxudurdu.Mən bunu qabaqcadan bilirdim. Ancaq mənim maaşım ayda əlli dollar qalxmışdı və mən fikirləşdim ki, bu əlli dolları saxlamaq üçün ən etibarlı yer bankdır. Beləliklə, mən ayaqlarımı sürüyə-sürüyə banka girdim və ətrafdakı bank işçilərinə qorxa-qorxa baxdım. Mən elə bilirdim ki, bankda hesab açan hər bir kəs mütləq bankın meneceri ilə məsləhətləşməlidir.
Mən üstünə "mühasib” yazılmış pəncərəyə yanaşdım. Mühasib hündürboylu, soyuqqanlı bir iblis idi. Hətta onun görünüşü məni qorxutdu. Onunla danışanda səsim çox kədərliydi, alçaq səslə danışırdım.
- Mən meneceri görə bilərəm? – ondan soruşdum və tez də əlavə etdim:
- Təklikdə görüşmək istəyirəm onunla.
İnanın ki, mən heç özüm də bilmədim nə üçün " təklikdə” sözünü işlətdim.
‑ Əlbəttə, mühasib dedi və gedib meneceri yanıma gətirdi.
Menecer çox ciddi, sakit görünüşlü bir kişi idi. Mən cibimdəki əlli altı dolları bərk-bərk sıxıb ona dedim.
- Siz menecersiniz?
Düzdür, ona belə sual verdim. Ancaq Allah da çox yaxşı bilir ki, mən onun menecer olmasına şübhə etmirdim.
- Bəli, - o dedi.
- Mən sizinlə söhbət edə bilərəm? - dedim. - Təklikdə.
Mən yenə də "təklikdə” sözünü işlətmək istəmirdim, ancaq mənə görə bu sözsüz sualımın heç bir mənası olmazdı.
Menecer üzümə həyəcanla baxdı. Yəqin ki, o elə hesab etdi ki, mən hansısa sirrin üstünü açmaq üçün ora gəlmişəm.
- Arxamca gəlin, - menecer dedi və bir otağa tərəf getdi. O açarı qapıya saldı.
- Burda bizə heç kim mane olmaz, əyləşin! - o dedi.
Biz hər ikimiz oturduq və bir-birimizin üzünə baxdıq. Mən heç bilmirdim necə danışım, nə deyim.
- Güman edirəm ki, siz agentsiniz, - o dedi.
Mənim qəribə hərəkətimdən o elə başa düşmüşdü ki, mən detektivəm. Mən indi onun mənim barəmdə nə fikirləşdiyini çox yaxşı bilirdim, bu da mənə çox pis təsir edirdi -
- Yox, yox, mən agent deyiləm, - dedim. - Düzünü desəm, - mən davam etdim.
(guya kimsə məni yalan danışmağa məcbur edirdi) mən detektiv deyiləm. Gəlmişəm ki, bankda öz adıma bir hesab açım. Bundan sonra bütün pullarımı bu bankda saxlamağa qərar vermişəm.
Sözlərimi eşidəndən sonra menecerin çiynindən sanki ağır yük götürüldü, ancaq o hələ də ciddiydi. İndi də o məni hansısa milyarder, ya da milyarder oğlu hesab edirdi.
- Güman edirəm ki, böyük məbləğdə pul qoyacaqsınız banka, - o dedi.
- Hə, böyük məbləğdır, - pıçıltıyla dedim. - Bu gün əlli altı dollar qoymaq istəyirəm, bundan sonra isə hər ay müntəzəm əlli altı dollar əlavə edəcəm.
Menecer ayağa durdu və qapını açdı. O mühasibi çağırdı.
- Cənab Montiqomeri, - o bir az əsəbi tonda mühasibə dedi. - Bu centlemen bizim bankda hesab açmaq istəyir. O əlli altı dollar depozit qoymaq istəyir.
Mən ayağa durdum.
Otağın o biri tərəfində böyük dəmir bir qapı açıldı.
- Hələlik, - mühasibə dedim və o biri otağa girdim.
- Otaqdan çıxın, - menecer soyuq tərzdə dedi və mənə başqa tərəfi göstərdi.
Mən mühasibin pəncərəsinə yanaşdım və əlli altı dollarımı sehrbaz cəldliyi ilə cibimdən çıxartdım. Sanki fokus göstərəcəkdim.
Pulu cibimdən çıxaranda rəngim sapsarı saralmışdı.
- Buyurun, - pulu mühasibə uzadıb dedim. - Bu pulu hesabıma qoyacam.
Mühasib pulu götürüb başqa işçiyə verdi. Sonra mənə bir kağız verdi ki, pulumun məbləğini ora yazım və imza edim. Yalnız imza edənsdən sonra nə etdiyimi başa düşdüm. Bankda olduğumu dərk etdim.
- Pulumu hesabıma qoydunuz? - titrək səslə soruşdum.
- Bəli, - mühasib dedi.
- Elə isə mən öz hesabımdan pul çıxartmaq istəyirəm.
Fikrim vardı ki, həmin gün hesabımdan yalnız altı dollar götürüm, gündəlik xərclər üçün.
Kimsə mənə yenə də bir kağız verdi, nə yazmaq lazım olduğunu dedi.
Bankda olan adamlar elə hesab edirdilər ki, mən onlara etibar etməyən bir milyonerəm. Mən kağıza bəzi sözlər yazıb onu bank işçisinə qaytardım. O kağızı nəzərdən keçirdi.
- Nə? Siz indi qoyduğunuz pulun hamısını geri götürürsünüz? – bank işçisi təəccüblə soruşdu.
Yalnız həmin anda başa düşdüm ki, mən altı dollar əvəzinə əlli altı dollar qeyd etmişəm. İndi isə niyə belə etdiyimə bəhanə tapmalıydım. Bunu əsaslandırmalıydım. Yaxşı bilirdim ki, niyə belə etdiyimi izah etmək qeyri-mümkündür. Orda olan bütün işçilər əllərindki işi yarımçıq qoyub mənə baxırdılar.
Çox çətinliklə özümü ələ alıb dedim:
- Bəli, bütün pulumu götürmək istəyirəm.
- Deməli, siz indicə hesabınıza qoyduğunuz pulun hamısını geri götürmək istəyirsiniz?
- Hə, qəpiyinə qədər.
- Bir daha hesabınıza pul qoymaq fikriniz yoxdur? – heyrətlənmş bank işçisi soruşdu.
- Heç vaxt! – dedim.
Beynimə axmaq bir fikir gəldi. Düşündüm ki, birdən bank işçiləri elə güman edərlər ki, mən imza edərkən kimsə məni təhqir edib, ona görə də qərarımı dəyişməyə məcbur olmuşam. Bu ideya əla idi. Ona görə də üzümə elə ifadə verdim ki, guya adi sözdən tez özündən çıxan, tez əsəbiləşən adamam.
Mühasib pulları sayırdı ki, mənə versin.
- Pulu necə götürmək istəyirsiniz? – o soruşdu.
- Nə? Anlamadım, - dedim.
- Deyirəm ki, beşlik dollar verim, ya onluq?
- Ah,- mən gec də olsa onun sözlərinin mənasını anladım, fikirləşmədən dedim.
- Əllilik.
O mənə bir əlli dollar verdi.
- Bəs altı dolları necə verim?­ - O soruşdu.
- Hamısı bir dollar olsun.
Mühasib pulu mənə verdi və mən tez ordan çıxmağa tələsdim.
Bankın qapıları taybatay açılanda arxadan gələn gülüş səslərini eşitdim. Həmin vaxtdan bəri heç vaxt banka pul qoymuram. Mən kağız pullarımı şalvarımın cibində və xırda pulları da corabımda saxlayıram.

İngilis dilindən tərcümə edən: Sevil Gültən
banner

Oxşar Xəbərlər