AZE | RUS | ENG |


“Valideyn övladına maddidən çox mənəvi nələrsə verməyə çalışmalıdır” – Mənim balam

“Valideyn övladına maddidən çox mənəvi nələrsə verməyə çalışmalıdır” – Mənim balam
Valeh Əhmədov: Nağıllarımızın hamısı “Biri var idi, biri yox idi, Həvva adında ağıllı, gözəl, şirin bir qız var idi” ilə başlayır


Deyirlər, hər insanın əsas çətinlik dövrü ailə qurandan sonra başlayır. Ancaq məncə, əsas çətinlik dövrü valideyn statusu qazandıqdan sonra baş verir. Çünki üzərinə düşən məsuliyyət birə-iki artır və bundan sonra atdığın bütün addımlarında ilk olaraq övladını düşünməyə başlayırsan. Əslində insanın qazandığı ən böyük status da "ata”, "ana” statusudur desək, yəqin ki, yanılmarıq.
Hər bir valideyn övlad böyüdərkən daha məsuliyyətli olmağa, onlara gözəl gələcək bəxş etməyə çalışır. Elə müsahibim, "Xəzər” televiziyasında yayımlanan "Qaynana”, "Aramızda qalsın”, "Səndən sonra”, "Bir ailəm var”, hazırda nümayiş olunan "Cehizsiz gəlinlər” seriallarının baş ssenaristi Valeh Əhmədov kimi. Müsahibimizin qızı Həvva 2 yaş 8 aylıqdır. Həvva dünyaya gəlişi ilə doğulduğu ailəyə xoşbəxtlik,  gözəllik qatıb.
 
- Valeh bəy, övladınızı tərbiyə edərkən hansı üsuldan yararlanırsınız? Dədə-baba üsuluna heç müraciət edirsinizmi?

- Valideynlərim sözün əsil mənasında mənə dost olublar. Hər zaman mənim gələcəkdə çalışdığım sahədə uğur qazanacağıma inanıblar. Hər bir övlad üçün bu çox önəmli nüanslardan biridir. Mən də onlar kimi övladıma daima dəstək olmağa çalışacağam. Valideynlər maddi olaraq övladlarına nəyisə almaqdan daha çox, onlara mənəvi olaraq nəyisə verməyi düşünməlidirlər. Bəzilərinin bu məsələdə bəxti gətirir, bəzilərininkin isə yox. Bir valideynin övladının bütün istəklərini yerinə yetirməyə imkanı çatır, digərinin imkanı olmur. Mənim üçün həyatda ən önəmli şey valideynin övladına inanması və onun arzularını dinləməsidir. Uşağı düzgün şəkildə yönləndirməsi və ona söylədiyi fikirləri göstərərək, onu öz əməli ilə təsdiqləməsidir. Misal üçün, bir valideyn siqaret çəkir, ancaq övladına məsləhət görür ki, siqaret zərərlidir, onu çəkmək olmaz. İnsan hərəkəti, əməlləri ilə övladına örnək olmalıdır. Hər bir valideyn öz övladına bir örnəkdir. O ki qaldı Həvvanın tərbiyə məsələsinə, hələ ki 2 yaş 8 aylıqdır. Həvva hər şeyi tam dərk etmir. Ancaq müəyyən yaşdan sonra əlimdən gəldiyi qədər ona təcrübələr göstərərək düzgün şəkildə yetişdirməyə çalışacam. Misal üçün, əgər bir şey ona ziyandırsa, ilk olaraq ona sübut edəcəm ki, bu sənə zərər yetirir. Yoxsa sənə bu olmaz, o olmaz, filan şeyi etməyəcəksən kimi qadağalar qoymayacağam. Əgər bu, pisdirsə, o pisin pis tərəflərini izah etmək lazımdır ki, uşaq öz təcrübəsindən görsün ki, həqiqətən də bunu etmək olmaz.
 
- Qızınız "yox”un nə olduğunu bilirmi?
 

- Açığını desəm, yaşı hələ çox azdır. Çox şeyi dərk etmir, danışa bilmir. Adi bazarlıq üçün marketə gedəndə, alış-veriş arabası ilə marketin içərisində gəzməyi çox xoşlayır. Ancaq marketdə heç nəyə əlini uzadıb, istəmir. Gələcəkdə istədiyi hər hansı bir şey olsa belə, zaman-zaman ona "yox” deməyi də düşünürəm. Ona hər şey qurbandır, amma "yox”un nə olduğunu da bilməlidir. İnsanıq, həyatda hər şey olur. Əgər bu gün müəyyən imkan varsa, sabah bu olmaya da bilər. Qoy hər şeyə hazırlıqlı olsun. Problemlərlə üzləşəndə çətinlik çəkməsin.
 
- Bəs, cəzalandırma sistemini necə edirsiniz?
 

- Bu günə qədər onu heç vaxt cəzalandırmamışam. Xoşuma gəlməyən hər hansı hərəkətinə etirazımı isə küsməklə edirəm. Elə hərəkət edirəm ki, guya onun etdiyi hərəkətə görə ondan küsmüşəm. Mənim bu hərəkətimi görən Həvva özünü cəzalandırmağa başlayır. Özü özünü qınayır və ağlayır ki, niyə belə etdim. Onda çox da üstünə getmirəm.
 
- Valeh bəy, sizcə, uşağı günahı üstündə döymək tərbiyə üsuludurmu?

 
- İstənilən halda, uşağı döyməyin tərəfdarı deyiləm. Ancaq qeyd edim ki, övladına hirslənən, acıqlanan valideynlərə də pis baxmıram. Hələ ki Həvva məni ona çox hirslənəcək dərəcədə qəzəbləndirməyib. Ancaq uşağı döyəndə, bu onun gələcək həyatına da böyük ziyan vurur. Belə ki, döyülən uşaq zədə görür, travma alır, həm də bu, acı xatirə kimi beyninə həkk olunur. Belə olan halda, uşağın gələcəkdə daha aqressiv olmasına gətirib çıxara bilər.
 
- Hərdən uşaqlar o qədər dəcəl olur ki, onlara söz kifayət etmir. Valideynə acıqlanmaqdan başqa çıxış yolu qalmır.  

 
- Hələ ki bu fikirdəyəm. Bəlkə övladım böyüdükcə, daha çox nadinc və sözəbaxmaz olacaq, onu deyə bilmərəm. Bəlkə də gələcəkdə bu fikirlərin tamam əskinə deyəcəm. İnsan onu yaşamayınca, kənardan danışmaq çox asandır. Deyirlər ki, filankəs qəddardır, uşağına acıqlanır. Biz bilmirik, o uşaq nələr edib ki, valideyn ona acıqlanıb.  
 
- Həvvanın tərbiyəsi ilə siz, yoxsa anası məşğul olur?

 
- Onun tərbiyəsi ilə daha çox anası məşğul olur. Ondan başqa Həvva nənələrinin, babasının sevimlisidir. Hərdən onlar da Həvva ilə məşğul olurlar. Mən daha çox onunla oyunlar oynayıram.
 
- Onda siz bu məsələdə bir qədər siyasətçi addımı atırsınız. Kim onunla oyun oynayan atanı çox istəməz ki?
 

- (Gülürük) Elədir. Onunla əylənmək, zaman keçirmək mənə xoşdur.
 
 - Bəs, Həvvaya nə qədər zaman ayıra bilirsiniz?

 - İşlərim bitən kimi, onun yanına getməyə tələsirəm. Düzdür, iş çox vaxtımızı alır. Bizim işimizin saatı olmur. Bacardığım qədər şənbə, bazar günləri Həvvanı təmiz hava almaq üçün dənizkənarı bulvara aparıram. O, gəzməyi çox xoşlayır.
 
- Qızınız gələcəkdə özünə sənət olaraq incəsənətin ən çətin qolunu seçsə, hansı reaksiya verərsiniz?

 
- O özü hansı sənəti seçsə, bacardığım qədər qızıma dəstək olacam. Düzdür, ona hər şeyi olduğu kimi deyəcəm ki, bu sənətin bu kimi çətinlikləri var. Sən bu yolla getsən, filan çətinliklərə qatlaşmalı olacaqsan. Əgər nəticədə o, fikrindən dönməsə, razılaşmaqdan başqa çarəm yoxdur.  İnsanı heç nəyə sona qədər məcbur etmək olmaz.
 
- Bəs qızınıza nağıl danışırsınızmı?

 
- Əlbəttə, vaxt olduqca danışıram.  
 
- Nağılların da ssenarisini özünüz yazırsınız?

 
- Bildiyiniz kimi, Həvvanın anası da ssenaristdir. Bu bizim sahəmiz olduğu üçün hətta Həvvaya danışdığımız nağılları da özümüzdən deyirik (gülürük). Ssenaristlərdə fantaziya güclü inkişaf etdiyi üçün biz də bu məsələdə çətinlik çəkmirik.
 
- Ona necə nağıllar yazırsınız?
 
- Nağıllarımızın hamısı "Biri var idi, biri yox idi, Həvva adında ağıllı, gözəl, şirin bir qız var idi” ilə başlayır. Bütün nağılların qəhrəmanı da məhz Həvvanın özü olur. O, qəhrəman olmağı xoşlayır. Belə nağıllara sona qədər qulaq asır.
 
- O zaman, Həvvanmı gələcəkdə yazar kimi görsək, heç də təəccüblənmərik.

 
 - (Gülürük) Qismət. Hərdən əlinə qələm alır, guya yazı yazır. Qələmi də elə tutur ki, elə bil 10 ildir onun əlində qələm olub.
 
- Məni maraqlandıram bir məqam var. Sizi ssenarist, aktyor kimi yaxşı tanısaq da, ailəniz, övladınız haqqında mətbuatda o qədər də məlumat yoxdur. Bu sizin sosial şəbəkələrdə olmamağınızla bağlıdır, yoxsa xasiyyətinizdən irəli gəlir?  
 

- Son zamanlar az da olsa, sosial şəbəkələrə daxil olmağa çalışıram. Hər kəsin özünə qoyduğu şərtlər var. Bir zamanlar mən də sosial şəbəkələrdən çox aktiv istifadə edirdim. İndiki karyeramı qurmaq üçün gördüm ki, bunlar mənim çox vaxtımı alır. Sosial şəbəkələrdə çox zaman keçirən həmkarlarıma da böyük hörmətim var. Danılmaz faktdır ki, sosial şəbəkələrsiz bu gün yaşamaq mümkün deyil. Çünki sosial şəbəkələr insanı aktivləşdirir. Əgər bu aləmdə yoxamsa, o demək deyil ki, mən tamam bu məsələlərdən kənarda qalıram. Lazımi mənbələrdən məlumat alıram, hadisələri qeyd edirəm. Onu da qeyd edim ki, artıq bir aya yaxındır ki, "İnstagram” səhifəm var.
 
- Sosial şəbəkəni əlavə vaxt itkisi hesab edirsiniz?
 

- İnsan özü özünə qadağa qoymağı bacarırsa, heç də vaxt itkisi deyil. Pis vərdişlər xaricində. Sadəcə olaraq, sosial şəbəkəyə bir neçə dəqiqəlik daxil olursan, bir də baxırsan ki, zaman su kimi axdı getdi. Marağını çəkən bir videoya baxırsan, sonra digər maraqlı xəbərlər, məlumatlar... Bir də görürsən ki, artıq 3 saat keçib. Əsas görməli olduğun işdən isə yayınırsan.
 
- Valeh bəy, deyirlər, qızlar atalarını daha çox istəyir. Sizcə də elədirmi?
 

- Deyilənlərə görə elədir. Kənardan görünən odur ki, Həvva mənə çox bağlıdır. Düzdür, anasının da xətrini çox istəyir, onun sözünə baxır. Amma hiss edirəm ki, mənə fərqli cür bağlıdır.
 
- Daha çox sizə, yoxsa anasına bənzəyir?
 

 - (Gülür)...
 
 - Təbii ki, deyəcəksiniz sizə bənzəyir, hə?
 

- Kənardan deyirlər ki, mənə daha çox bənzəyir. Açığını desəm, hərdən elə hərəkətlər edir ki, ona bu hərəkətləri heç kim öyrədə bilməz. Bu, qandan gəlir. Həvvanın anasına, anama, hətta babasına belə bənzədiyi çox xüsusiyyətləri var. Hərdən bizim hansısa hərəkətlərimizi yamsılayır.
 
- Gələcəkdə qızınızı hansı ixtisasda görmək istəyərdiniz?
 

- Nə işlə məşğul olursa-olsun, əsas odur ki, insanlara ziyan verməsin. İstəyirəm, elə bir sənət seçsin ki, cəmiyyətimizə də bir faydası olsun.  Hansı sahəni seçirsə-seçsin, işinin peşəkarı olsun. Əlimdən gələni edəcəm ki, o sevdiyi sahə üzrə getsin.  
 
Xəyalə Rəis
 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.2084
TRY 1 Türk lirəsi 0.4757
KWD 1 Küveyt dinarı 5.6114
SEK 1 İsveç kronu 0.1953
EUR 1 Avro 1.9029
CHF 1 İsveçrə frankı 1.7439
USD 1 ABŞ dolları 1.7021