• cümə axşamı, 28 mart, 17:38
  • Baku Bakı 16°C

MƏNİM ANAM - MARİNA SVETAYEVA

20.06.16 10:50 2651
MƏNİM ANAM - MARİNA SVETAYEVA
O NECƏ İDİ?

Mənim anam – Marina İvanovna Svetayeva bəstəboy – 163 sm, "misirli oğlan" bədən quruluşunda – enlikürək, dar ombalı, incəbelli bir xanım idi. Gənclik illərindəki köklüyü tezliklə və həmişəlik arıq bədən forması ilə əvəz olundu; quru və dar topuqları və biləkləri, cəld və xəfif yerişi, sərt və kobud olmadan, zərif hərəkətləri vardı. İnsanların onu seyr etdiyini, hətta süzdüyünü hiss edəndə hərəkətlərini daha da ləngidirdi. Həmin an çox ehtiyatla jestlər etsə də, kənardan tam sərbəst görünürdü.
Ciddi, qamətli boy-buxunu vardı onun: hətta yazı masasına əyilən zaman belə, bel sütununu dik saxlayırdı.
Gəncliyində yumşaq və bir-birinə dolaşan qızılı-şabalıdı saçları çox erkən ağarmağa başladı. Və bu onun qarabuğdayı-solğun bənizindən şəfəqlənən işığı artırırdı; yaşıl, üzüm rəngli, qəhvəyi kirpiklərlə haşiyələnmiş gözləri aydın və parlaq idi.
Üzünün cizgiləri düz və dəqiq idi; heç bir yayğınlıq yox idi. Sanki Yaradan hər şeyi əvvəlcədən ölçüb-biçərək, cilalayıb yaratmışdı onu. Burnunun üst yerindən kiçicik donqarı olsa da, ucu iti yox, qısa, hamar idi. Ağızı sanki görünməyən xətlə çərçivələnmişdi.
Alnında üfüqi xətlə uzanan iki qırış xurmayı qaşlarını ayırırdı.
Susqun və solğun üzü, səma və su kimi dəyişkən, zəngin, daimi daxili hərəkətlə dolu idi.
Lakin çox az adam onu oxuya bilirdi.
Əlləri möhkəm, işgüzar və zəhmətkeş idi. Heç vaxt barmaqlarından çıxartmadığı iki gümüş (gəmi təsvirli möhür-üzük, hamar çərçivədə Hermesli əqiq gemma, atasının hədiyyəsi idi) və nişan üzüyü əllərini diqqət mərkəzinə çəkmirdi, ona nə bəzək verirdi, nə də ki bir-birinə bağlayırdı, sadəcə əllərinin bir hissəsinə çevrilmişdi.
Səsi qız səsi kimi yüksək tonlu, cingiltili, elastiki idi.
Nitqi qısa, replikaları formal idi.
Dinləməyi bacarardı; heç vaxt həmsöhbətinin sözünün kəsməzdi, lakin mübahisə zamanı təhlükəli olurdu: disputlarda, diskussiyalar və müzakirələrdə buz kimi nəzakət çərçivəsindən kənara çıxmamaq şərtilə, rəqibini ildırımtək vururdu.
Bənzərsiz bir hekayəçi idi.
Şeirlərini sanki bir neçə adam üçün yox, hər zaman böyük bir auditoriya üçün səsləndirirdi.
Temperamentli oxuyurdu, mənalı oxuyurdu, poetik "ulaşmalarsız”, misraların sonunu buraxmadan (ötürmədən!) oxuyurdu; ən mürəkkəb ifadələr onun ifasında aydınlanırdı.
Həvəslə oxuyurdu, sadiqcəsinə, bəzən heç təklif gözləmədən, özü təklif edirdi: "İstəyirsiniz sizin üçün şeir oxuyum?”
Həyatı boyu böyük adam oldu. Onun oxucuya, dinləyiciyə, yazılana tez və bilavasitə cavab verilməsinə olan tələbatı ödənmədi.
Yenicə ilk addımlarını atan gənc şairlərə qarşı xeyirxah və hədsiz səbirli idi. Bircə onlarda "ilahi qığılcımları” hiss ya da təsvir edəydi; hər bir belə adamda həmkarını, varisini görürdü, amma özünün yox, məhz Poeziyanın varisini!
Həqiqətən də xeyirxah və səxavətli idi: yardım etməyə həmişə tələsirdi, xilas etməyə, əldən tutmağa – heç olmasa arxa-dayaq olmağa; əlində olan son tikəsiylə də paylaşırdı, artıq heç nəyi yox idi.
Əyilmədən verməyi də, almağı da bilirdi; Uzun müddət yaxşılığın qarşılıqlı olmasına, insanların yardımsevərliyinə inanırdı.
Heç vaxt çarəsiz olmazdı, lakin həmişə müdafiəsiz idi.
Özgələrə qarşı iltifatlı idi. Yaxınlarına – dostlarına, uşaqlara qarşı, özünə olduğu kimi tələbkar idi.
Bəzi dayaz düşüncəli çağdaşları kimi heç vaxt dəbi inkar etmirdi. Saxta geyimlər altında gizlənən yoxsul adamlardan iyrənirdi. Mühacirətlik illərində köhnəlmiş paltarlarını məğrurluqla geyinirdi.
Əşyalardan hər şeydən çox zamanla sınanmış dözümlülüyə dəyər verdi: kövrək, əzilən, cırılan, ovulan, qırılan, bir sözlə "zərif” olan heç nəyi sevmirdi.
Gec saatlarda yatırdı. Yatmazdan əvvəl mütləq mütaliə edirdi. Səhər tezdən oyanırdı.
Adətlərində mütəvazi idi. Yeməyi aramla, tələsmədən yeyirdi.
Çəkirdi: Rusiyada özü doldurduğu papirosları, xaricdə tünd, kişi siqaretlərini, albalı müştüyündə sadə yarımsiqaret çəkirdi.
Qara qəhvə içərdi: açıq rəngli dənələrini qəhvəyi rəngə çalanacan qızardardı, səbirlə misdən olan dairəvi sütuncuq formalı, üstü şərq üslubunda hörmə naxışlı qədim türk dəyirmanında üyüdərdi.
Təbiətlə həqiqətən də sanki qan qohumluğu vardı. Sözlə ifadə olunan və həmçinin sevgiylə gəzib dolaşmaq mümkün olan dağları, qayaları, meşələri sevirdi. Lakin nə piyada, nə üzməklə keçmək olmayan dənizlə necə münasibət quracağını bilmirdi. Çünki onu sadəcə seyr etməyi bacarmırdı.
Sükutda qalan düzəngahlı mənzərələr onu dəli edirdi. Bataqlıqlı, daşlı yerlər, həmçinin ilin ayaq basanda yerin boş, nəmişli aylarını, üfüqün yayıldığı vaxtlarını sevmirdi.
Doğmalarıyla birgə həmişə xatirində uşaqlığından Tarusa və gənclik illərindən Koktebeli saxlayırdı. Onları hər zaman axtarırdı. Və çox nadir hallarda Medon meşəliyinin keçmiş "kralın ov yerlərindəki" dərə-təpəliklərində, Aralıq dənizi sahillərinin rəng və ətrində tapırdı.
İstini yaxşı keçirir, soyuğu heç davamı yox idi.
Kəsilmiş güllərə, çələnglərə, güldanda və ya pəncərə qırağına düzülmüş dibçəklərdə bitən hər şeyə qarşı etinasız idi. Bağlarda bitən gülləri isə – daşsarmaşığı, yabanı üzüm, kollara qüvvətli və uzunmüddətli olduğuna görə üstünlük verirdi.
İnsanın təbiətə ağıllı, müdrikanə müdaxiləsini, birgə yaradıcılıqlarını –parklar, bəndlər, yollar və s. yüksək dəyərləndirirdi.Dəyişilməz zərifliklə, sadiqlik və anlayışla (hətta hörmətlə!) itlərə, pişiklərə yanaşırdı. Onlar da ona qarşı o cür idilər.Gəzintiyə çıxan zaman çox vaxt məqsəd qoyurdu: filan yerə çatanacan, filan yerə çıxanacan; alınma şeylərdən daha çox "qənimətə" – toplanılan göbələklərə, giləmeyvələrə fərəhlənirdi. Və bədheybət uzaq kəndlərdə yaşadığımız çətin "çex dövrlərində” sobanı qalamaq üçün yığdığımız oduna görə çox sevinirdi.
Şəhərdə və şəhərdənkənar yerlərdə səmti, cəhəti yaxşı bilsə də, şəhər hüdudlarından qıraqda istiqaməti itirir, hətta tanıdığı yerlərdə belə azırdı.
Hündürlükdən, yüksək mərtəbələrdən, kütlədən, avtomobillərdən, eskalatorlardan, liftlərdən qorxurdu. Bütün növ şəhər nəqliyyatlarından (tək olanda) yalnız tramvay və metrodan istifadə edirdi. Onlardan heç biri olmayanda piyada gedirdi.
Riyaziyyatı çox zəif bilir, texnikadan başı çıxmırdı.
Məişəti işlərini dözülməzliyinə görə, daha əsas və vacib şeylər üçün lazım olan vaxtın çoxunu apardığına görə, gündəlik qayğıların mənasız yerə təkrarlanmasına görə sevmirdi. Bütün həyatı boyu bunu səbirlə tək-tənha bir qərib kimi öhdəsindən gəlirdi.
Ünsiyyətcil, qonaqpərvəridi. Həvəslə yeni tanışlıqlar yaradırdı, lakin daha çox maraqsız tanışlıqları bitirərdi. "Düzgün insanlar" cəmiyyətində əcaib adamlara üstünlük verirdi. Elə özü də əcaib, qəribə bir qadın idi.
Dostluqda və düşmənçilikdə tərəfgir idi və heç də həmişə sistematik deyildi. "Heç kimə pərəstiş etmə" ehkamını hər zaman pozurdu.
Gəncliklə hesablaşır, yaşlı nəslə ehtiram edirdi.Nəfis yumor hissinə malik idi. Açıq-aydın gülməli olan və ya kobudcasına gülməli olan şeylərdə gülməli heç nə görmürdü.
Uşaqlığında məruz qaldığı iki şeydən – təsviri incəsənət (atasının sahəsi) və musiqidən (anasının sahəsi) musiqini seçmişdi. Forma və kolorit – gerçəkdən hiss olunan (toxunula bilən) və gerçəkdən gözlə görünə bilənlər onunçün yad, yabançı olaraq qaldı. Ancaq təsvir olunanın süjeti ilə maraqlanardı – necə ki, uşaqlar "şəkillərə baxır". Buna görə də kitab qrafikası və qismən qravyur (Dyureri, Doreni sevirdi) onun ruhuna rəssamlıqdan daha yaxın idi.
Teatra erkən marağı, qismən gənc ərinin və dostlarının yaratdığı maraq kimi də izah olunur, lakin bu maraq elə gənclik illərindəcə nə yetkinlik sərhədini, nə də ki ölkənin sərhədlərini aşmadan Rusdiyada qaldı.
Bütün tamaşa olunanlardan seyirçiyə daha çox yaradıcılıq, hiss, duyğu, təsvir ötürə bildiyi üçün kinonu sevirdi.
Zəhmətkeşlərə daim dərin hörmətlə yanaşırdı; intizamsızlıq, tənbəlik, axmaqlıq kimi, avaralıq, bekarçılıq, parazitizm də ona zidd idi.
Məsuliyyətli, sözünün arxasında duran insan idi.
Nə qədər təvazökar olsa da, öz dəyərini bilirdi.
O NECƏ YAZIRDI?
Bütün təxirəsalınmaz işlərini səhər tezdən ac qarnına, öz açıq beyninə yazırdı.
Özü üçün bir fincan qaynar qəhvə süzüb yazı masasının üstünə qoyurdu. O, ömrünün hər gününü yaxınlaşdığı yazı masasına fəhlə dəzgah arxasına keçən kimi yaxınlaşırdı. Həmin o cürə məsuliyyət və labüdlük hissiylə. Sanki bu masadan ayrılmaq mümkünsüz idi onun üçün.
Həmin anda gözünə artıq nə görünsə kənara çəkirdi. Mexaniki hərəkətlərlə dəftər və dirsəyini qoymaq üçün yer açırdı.
Alnını ovucunun içinə dirəyir, barmaqlarını saçlarının arasına daraqlayır, elə bir andaca fikrini cəmləşdirirdi.
Fikrinin və qələminin itiliyi ilə əlyazma olandan başqa hər şeyə lal və kar olurdu.
Ayrı-ayrı vərəqlərdə heç vaxt yazmazdı. Ancaq dəftərdə, istənilən cür dəftərdə – məktəbli dəftərindən tutmuş baş dəftərəcən. Təki kağızda mürəkkəb yayılmasın. İnqilab illərində, hətta özü dəftər tikirdi.
Adi nazik ucluqlu (məktəb) taxta qələmlə yazırdı. Özüyazan (diyircəkli) qələmlərdən heç vaxt istifadə etməzdi.
Arabir siqaret çəkir, bir qurtum qəhvə içirdi. Sözün necə səslənəcəyini yoxlamaq üçün özü özlüyündə mızıldanırdı. Oturduğu yerdən sıçramırdı, otaq boyu var-gəl etmirdi. Masanın arxasında gördüyü işə, ona məhkumolunmuş kimi baxırdı.
Əgər ilhamlanırdısa, çox zaman qeyri-adi cəldliklə əsas olanı yazırdı, ideyanı önə çəkirdi; əgər təkcə fikrini cəmləşdirirdisə, onda ancaq poeziya qaralaması yazırdı. Hazır mətndən sözün mənasını, təyinini, qafiyəni axtarır, artıq və uzun-uzadı hesab etdiklərini çıxarırdı.
Məna və səslənmənin vahidlik dəqiqliyinə nail olandan sonra, səhifələrcə sütun-sütun qafiyələr, onlarla misra variantı yazırdı. Adətən, inkar etdiklərini silmirdi, yenidən axtarışlar etmək üçün altından xətt çəkirdi.
Böyük bir işə girişməzdən əvvəl, onun ideyasını başdan-başa konkretləşdirirdi, plan cızırdı, nəsnə onu öz axınının ardınca aparıb idarəolunmaz nəyəsə çevirməsin deyə, planından kənara çıxmırdı.
Özünəməxsus yumru, xırda, dəqiq və aydın xətlə yazırdı. Ömrünün son üçdə birində qısa şəkildə yazdığına görə, əlyazmaları çətin oxunulurdu: bir çox sözlər təkcə bir hərflə işarə olunurdu; getdikcə qaralamalarını ancaq özü oxuya bilirdi.
Xəttinin çox erkən – hələ uşaq ikən formalaşmışdı.
Ümumiyyətlə, səliqəsiz xətlə yazan adamın, həmin yazını oxuyacaq adama – istənilən ünvana, redaktora, mürəttibə qarşı hörmətsizliyi kimi qəbul edirdi. Ona görə də məktubları xüsusən, aydın və diqqətli yazırdı. Mətbəəyə göndərəcəyi əlyazmaları isə yenidən çap hərfləri ilə ağlamaya köçürərdi.
Məktublara dərhal cavab verirdi. Məktubu əgər səhər gələn poçtla alırdısa, adətən, ləngitmədən cavabının qaralamasını həmin günün yaradıcılıq axını kimi dəftərinə yazırdı. Əlyazmalarına olduğu kimi, məktublarına qarşı da tələbkar idi. Və buna da yaradıcı yanaşırdı.
Bəzən dəftərdəki qeydlərinə gün ərzində yenidən qayıdırdı. Gecələrsə yazdıqları üzərində ancaq cavanlığında işləyərdi.
İstənilən şəraiti işə tabe edə bilirdi, yenə də təkrar edirəm: istənilən şəraiti.
Onun zəhmətkeşlik istedadı və daxili mütəşəkkilliyi ilahi vergiyə bərabər idi.
Dəftərini örtən kimi otağının qapısını açırdı – günün bütün qayğılarına və ağırlıqlarına.
Ardı var
Rus dilindən tərcümə etdi: Xanım AYDIN
banner

Oxşar Xəbərlər