• cümə, 29 Mart, 09:17
  • Baku Bakı 5°C

“MƏNİM ANAM” - BLOKUN ŞEİR GECƏSİ

08.08.16 11:11 3009
“MƏNİM ANAM” - BLOKUN ŞEİR GECƏSİ

Axşamüstü hava hələ işıqlı idi. Evdən çıxdıq. Marina mənə izah edir ki, Aleksandr Blok da, Aleksandr Puşkin kimi dahi şairdir. O danışdıqca canımı qəribə və xoş bir həyəcan bürüyürdü. Marina rəssam Nikolay Miliotinin bapbalaca yuvasında oturub kitablara baxır. Rəssam özü isə orada yoxdur.

Mən bağçada ora-bura qaçıb oynayıram. Lövhələrdə yazılıb: "Aleksandr Blokun şeir gecəsi”, Politexnik muzeyində "Pavel Koqanın şeir gecəsi”. Ümumiyyətlə, burda hər şey eynən Vorobyov dağlarında(Moskvanın cənub-qərbində ərazi) olduğu kimi bayram ab-havasında idi: xiyabanlarda ağacların altında kökələr satılır və qrammofon oxuyurdu.

Nəhayət ki, rəssamlar Vasili Dmitriyeviç Milioti və Arkadi Vışeslavtsev, şair Pavlik Antokolski və həyat yoldaşı gəlib çıxdılar. Gedirik bilet almağa. İçəri daxil oluruq, ordan da çəhrayı rəngli məxməri zala keçirik. Bir dənə də olsun boş yer qalmayıb. Bloksa hələ də gözə dəymir. Antokolski bizim üçün bir neçə stul gətirir. Elə təzə oturmuşduq ki, adamlar arasında pıçıldaşmalar eşidildi: "Blok! Blok! – Hardadı o? – Blok! – Əyləşir!...” Hamının üzündən sevinc yağırdı.

Taxta kimi uzun sifəti vardı. Tünd rəngli gözləri aşağı dikilmişdi. Quru, rəngsiz dodaqları, qəhvəyi üzü vardı. Ümumiyyətlə, elə bil başdan-ayağa dartılmış bədən quruluşu vardı. Göz, ağız və bütün sifətinin ifadəsi donuq idi.

O, "Cəza” poemasını oxuyurdu. Orada söhbət qədim zadəgan ailəsinin kiçik qızını heyran edən Bayrondan gedirdi. Bu Bayron əsl Bayron deyil. Guya qız ona ərə gedir, o da qızı özüylə aparır. Bir gün qız evə tək qayıdır. Arıqlamış, xeyli zəifləmiş qız sinəsinə körpəsini sıxmışdı. Oğul böyüdü, amma döyüşə getmədi. Ballarda şənlənməyə başladı. Bir dəfə rəqs zamanı təsadüfən öyrəndi ki, atası Varşavada – Roz küçəsində ömrünün son anlarını yaşayır. Varşavaya çatanda atasını yataqda artıq ölmüş gördü. (Atanın zahiri görünüşünün təsviri tamamilə Blokun görünüşü ilə üst-üstə düşürdü. Onun alicənab gözləri yumulu idi. Bədəni dartılmış və məğrur görünürdü. Barmağında nişan üzüyü vardı). Oğul nişan üzüyünü alicənab atanın barmağından çıxardır və onu əbədi yuxuya getmək üçün xaçladı.

Oğul məzarın yanında durarkən orda qara paltarlı, üzündə matəm duvağı olan bir qadın dayanmışdı.

O biri hissədə Aleksandr Aleksandroviç artıq müharibə, döyüş, döyüşdə həlak olanlar, qəhrəmanlıqla önə atılanlar haqqında şeir oxuyurdu.

O, sabit, qəribə səslə oxuyurdu.

Bir də mənə elə gəlir o deyirdi ki, oğul atasını unudub.

Sonra A.A.Blok dayandı və şeir oxumağı bitirdi. Hamı alqışlayırdı. O, utanaraq təzim edirdi. Camaat qışqırırdı: "Daha bir neçə şeir oxuyun!”, "On iki”, "On iki”ni zəhmət olmasa!”

–Mən... mən bacarmıram!

–"Naməlum qız”! "Naməlum qız”!

"Dumanlı səhər, – oxuyur A.A.Blok. – Bir oğlan uşağı kimi təzim edir o! Sağ olun! Qolbaqların cingildəməsiylə hansısa xatirələr oyanır!" (Bu misralar uşaqlıq illərimdən yaddaşıma yazılıb və ömür boyu da xatirəmdən silənməyəcək).

Bundan başqa şeir formasında heç nə yadımda qalmayıb. Amma bəzilərini nəsr kimi deyə bilərəm: "Sənin surətinin əksi masamın üstündə qızıl çərçivədədir önümdə. Sənli xatirələrim kədərlidir, amma... Sən tünd göy plaşda gecəyarısı getdin. Qızılı çərçivədəki surətinin əksini masamdan yığışdırıram.

A.A.Blok şeirlərini aramla, quru, qısa-qısa, çox sərt və qaşqabaqlı oxuyurdu: "gümüş üzüklərini dodaqlarıma soyuq-soyuq yapışdırırsan”.

Bəzən Blokun sözlər yadından çıxırdı. Onda arxaya çevrilib orda əyləşən xanım və cənaba baxırdı. Onlar da xəfifcə gülümsünərək növbəti sözləri yadına salırdılar.

Küncdə əyləşən Marinamın üzü qəzəbli, dodaqları sıxılmış idi. O, belə ancaq əsəbiləşəndə olurdu. Arada bir mənim əlimdə olan gül dəstəsini gözəl donqar burnuna yaxınlaşdırıb, yarpaqların ətirsiz ətrini iyləyirdi. Ümumiyyətlə, onun üzündə zərrə qədər sevinc hiss olunmasa da, heyranlıq vardı.

Artıq qaranlıq düşürdü. Blok hələ də fasilə edə-edə şeir oxuyurdu. Yəqin ki, qaranlıq olduğu üçün belə idi. Bizdən arxada əyləşən bir cənab işıq yandırdı. Sonra çilçıraqda bütün işıqlar, künclərdəki böyük lampalar yandı.

Bir neçə dəqiqədən sonra hər şey bitdi. Marina V.D.Miliotidən xahiş etdi ki, məni Blokun yanına aparsın. Mən o olan otağa girərkən, özümü elə göstərdim ki, guya gəzişirəm. Sonra Bloka yaxınlaşdım. Ehmalca qolçağından tutdum. Üzünü çevirdi. Mən məktubu uzatdım. O, gülümsəyərək dedi: "Çox sağ ol”. Xudahafizləşdim. O da xəfif bir təbəssümlə mənimlə sağollaşdı. Getdim.

15 may 1920-ci il.

Blok Marinanın həyatda həmkar kimi yox, poeziyanın allahı kimi oxuduğu yeganə şair idi. Digər sevdiklərini isə öz həmkarı, silahdaşı kimi, daha doğrusu özünü onların həmkarı və silahdaşı kimi hiss edirdi. Vasili Kirilloviç Trediakovskidən (rus şairi, tərcüməçi, filoloq) tutmuş Vladimir Vladimoroviç Mayakovskiyə qədər hamıya, Aleksandr Sergeyeviç Puşkin haqqında dediyi sözləri deməyə özünü haqlı bilirdi: "qələmi necə iti çərtdiyini, barmaqlarında mürəkkəbin qurmamağından bilirdim".

Bundan əlavə, onlardan hər birini, hətta Rayner Mariya Rilkeni də özünə qanı bir, canı bir qardaş bilirdi. Şeirlərinin ancaq istedaddan deyil, insan kədəri, ehtirası, zəif nöqtələri və sevinclərindən, onun ağrı təcrübəsi, iradə və gücü, əziyyəti, aclığı və susuzluğu ilə doğduğunu bilirdi. Şairlərin yaradıcılıqlarından çox onların çəkdiyi fiziki ağrılara – sıxıntılara şərik olurdu. Hansı ki o, özü də həmin sıxıntıları yarıb keçməli idi.

Ancaq Blokun yaradıcılığını Svetayeva zirvə – həyatdan azadolunma yox, özünün təmizlənməsi (bu cürə odla təmizlənirlər!) hesab edirdi. Onunla bir zirvəyə qalxa bilməyi Svetayeva heç ağlına da gətirmirdi. 1916 və 1920-21-ci illərdə Bloka həsr etdiyi şeirləri, 30-cu illərdə yazıb Parisdə ədəbi məclislərdə oxuduğu və heç yerdə çap olunmayan, əlyazmaları saxlanılmayan prozaları da bu cür sevgi və "təzimlə" yazılmışdı.

Mənim dövrümün oxucuları "Pasternak və Svetayeva” dediyi kimi, o dövrün də oxucuları "Blok və Axmatova” deyirdilər. Lakin Svetayeva üçün bu iki adı birləşdirən hissəcik şərti idi. Onlar arasında bərabərlik aparmırdı. Onun Axmatova haqqındakı lirik mədhlərinin ifadəsi apogeyə (ən yüksək zirvə) qədər qaldırmış bacı duyğuları idi.

Onlar poeziyada bacı olsalar da, əkiz bacı deyildilər. Svetayevanı əvvəldə əsir edən Axmatovanın tam hormoniyalığı, ruhi plastikliyi, sonralar ona Axmatova yaradıcılığını və poetik şəxsiyyətinin inkişafını məhdudlaşdıran bir keyfiyyət kimi görürdü. "O, mükəmməldir. Və təəssüf ki, bu, onun məhdudiyyətidir”, – Svetayeva Axmatova haqqında demişdi.

Yadımdadır ki, Pavlik Antokolski (rus sovet şairi) Blokun "On iki”sini, (Blokun və ümumiyyətlə rus poeziyasının zirvəsi sayılan poema), böyük formatda, ağ-qara rəngli – Qara şəhər, ağ qar – heyrətamiz illüstrasiyalarla kitabı gətirib hədiyyə etmişdi. Demək olar ki, elə qapımızın kandarından parıltılı, vəhşi gözləri ilə oxumağa başlamışdı. Yumruqları havada oynayırdı. Masaya dəyib dayanana qədər kor kimi ayağı ora-bura ilişə-ilişə önümüzə gəlirdi. Marina ayağa durdu. Oxuyub qutaran kimi, Marina gözlərini qaldırmadan kitabı onun əlindən aldı. Heyran olduğu hallarda o kirpiklərini qaldırmır, dişlərini qıcayırdı ki, içində qaynayan daxili buzlaşma çölə axıb çıxmasın.

"On iki” fenomeni onu nəinki heyran etmişdi, həm də nəsə yaradıcılıq baxımından özünü və dövrünün başqa şairlərini də müəyyən qədər utandırmışdı. Bu haqda onun Bloka həsr olunmuş prozasında xeyli və kəskin söhbət açılır. Blokun inqilabdankənar qoyduğu "Balaqanlar" (küçə tamaşası, oyunbazlıq), məhz inqilab vaxtı, uzunmüddətli olmasa da, özü də o sırada olmaqla, həmin dövrə uyğun olmayan gözəl pyeslər yazan bir çox şair üçün sığınacaq yeri idi.

Muza yox, Muza yox, fani bağlar da yox

Doğmalıq – sənin əsarətin deyil.

Dostluq: – Üzərimdəki bağlar

Qəddar qadın əliylə dartılmayıb.

İndi birlik qorxuludur.

– Qaranlıqda uzanmışam...

Gün çıxır, şəfəq yayır.

Kim kürəyimdəki dəyərəgəlməz

İki qanadımı tərəzidə çəkdi?

"Qırmızı atın tərkində” poemasında (1921) Svetayeva "On iki”nin yaradıcısı, İnqilab qəhrəmanı, poeziyanın misilsiz dahisi, uca zirvələrin sakini olan Bloka həsr etmişdi. Svetayeva həmin zirvələri özü üçün əlçatmaz bilirdi.

O, Bloku bir neçə gün ərzində Moskvada iki dəfə görüb eşitmişdi. 1920-ci ilin 9-14 mayında Politexnik Muzeyində və Mədəniyyət Sarayında şeir oxuyarkən görmüşdü. Onunla tanış deyildi. Heç tanış olmaq üçün cəsarət göstərmədi. Buna görə ömrü boyu heyifsilənirdi. Lakin bununla yanaşı da yalnız xəyalda canlanan görüşlərin ona məyusluq gətirmədiyini bilərək buna sevinirdi.

Rus dilindən tərcümə edən: Xanım AYDIN

banner

Oxşar Xəbərlər