• çərşənbə, 24 Aprel, 12:55
  • Baku Bakı 27°C

Mənfi obrazlar “əyninə biçilən” aktyor

06.02.20 11:00 6708
Mənfi obrazlar “əyninə biçilən” aktyor
Fikrət Məmmədov: "Yaradıcı bir insan kimi həyatımın 25 ilini itirmişəm”

Onu 2 il bundan öncə "Ol” teatrında gördükdə təəccüblənmişdim. 25 ildən sonra səhnəyə qayıtmışdı. Daha sonra "Ol” filmində əsas qəhrəman olaraq qarşımıza çıxdı. Ötən il "YARAT" Müasir İncəsənət Məkanında 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalında Kamran Şahmərdanın rejissoru olduğu "Dəli yığıncağı" tamaşasındakı obrazı ilə səhnəyə geri dönüşünü rəsmən də elan etmiş oldu. Fikrət Məmmədovu "Axırıncı reys” (film, 1989), "Bağlı qapı” (film, 1981), "Bayquş gələndə” (film, 1978), "Cin mikrorayonda” (film, 1985), "Çarə” (film, 1981), "Doğma sahillər” (film, 1989), "Əlaqə” (film, 1989), "Fəryad” (film, 1993), "Fırıldaqçı” (film, 1983), "Gözbağlıcı” (film, 1986), "Gümüşgöl” əfsanəsi (film, 1984), "Güzgü” (film, 1990)(II), "Hədiyyə” (film, 1986) "İbrət dərsi” (film, 1984) və başqa filmlərdən daha yaxşı tanıyırdım. Adının keçdiyi o filmlər bu gün tarixə çevrilib. Aktyor "Fəryad” filmindəki Aşot obrazı ilə də yaddaşımda qalıb. Erməni obrazını olduqca təbii və inandırıcı canlandıran Fikrət Məmmədovla söhbətləşdik.
- Bu vaxta qədər haralarda idiniz?
- 90-cı illərdə Kinostudiya təmirə bağlandıqdan sonra elə bil mənim bəxtim də bağlandı.
- Sizi kinodan küsdürmüşdülər?
- Həm küsdürmüşdülər, həm də özüm həyatdan küsmüşdüm. Teatrda 180 manat maaş verirdilər. O maaşla da ailə saxlamaq mümkün deyildi. Çox çətin illər idi. Ailəm dağıldı, həyatım məhv oldu və mən həyatdan küsdüm. Həmin illər indiki kimi deyildi, çox az filmlər çəkilirdi. 25 il kinodan uzaq durdum. Bu 25 ildə çox yerdə çalışdım. Əczaçılıq etdim, anbarda,mağazada, inşaatda, zavoda, müxtəlif yerlərdə işləyib pul qazanırdım.

- Bu müddət ərzində rejissorlara və teatrlara müraciət etmədiniz?
- Al Paçinonun bir sözü var: "Hər kəs soruşur ki, sən hardasan, niyə yoxsan. Ancaq mən heç yerə tərpənməmişəm, olduğum yerdəyəm. İstəsəniz məni tapa bilərdiniz”. İndi onun sözü olmasın mən rejissorlara, teatr rəhbərlərinə gedib müraciət edən aktyorlardan deyiləm. Bir gün dəyərli sənətkar Namiq Ağayevlə görüşdük və söhbət etdik. Onunla bir-birimizi çox yaxşı anlayırıq. "Oskar almaq istərdim” adlı 40 səhifəlik ssenarimi ona təqdim etdim. Bu ssenari komediya janrında idi. Namiq bunu oxudu və adını dəyişdirərək "Ol” etdi. Təsəvvür edin ki, 40 səhifəlik ssenarini 10 səhifə ssenari edib geri gətirmişdi. Dedi ki, bunu al oxu, bu ssenari film olacaq. Mənim o ssenaridən çox xoşum gəldi və nəticədə "Ol” filmi meydana gəldi. Ssenariyə görə biz "Qızıl pəri” mükafatı aldıq. İndi yeni layihələr haqda düşünürük.
- Necə bir layihə?
- Cəmiyyətə özünü lazımsız hiss edən insanlar üçün bir mövzu üzərində düşünürük. Axı onlar cəmiyyətə lazımdırlar. Ssenarimiz də hazırdır, onu oxuyan və ya izləyən izləyici birdən başa düşür ki, hər bir fərd bu ölkə üçün lazımlıdır. Cəmiyyətin yararsız hesab etdiyi, sən demə, istedadlı yazıçı və başqa bacarığa malik biri imiş.
- Sizi daha çox mənfi obrazların mahir ifaçısı kimi tanıyırıq.
- Rejissorların məni hansı səbəbdən daha çox mənfi obrazda gördüklərini bilmirəm. Ancaq onlar həmişə məni xarakter aktyoru kimi tanıyıblar. Bunun özü çox yaxşı haldır. Hətta epizodik rollarda belə, mənə xarakter obrazları veriblər. Mənfi obraz yaddaqalan olur. Hər zaman mənfi obraz veriləndə, böyük məmnuniyyətlə qəbul etmişəm. Çünki mənfi obrazlar mənim "əynimə biçilib”. Ancaq özümdə xarakter olaraq heç bir mənfi xüsusiyyət görmürəm.
- "Fəryad” filmi bu gün də izlənilir. Filmin çəkildiyi o illəri necə xatırlayırsınız?
- 92-ci il… Çox ağır illər idi. Hər tərəfdən düşmənin üzərimizə hücum xəbərini alırdıq. Ermənilərin hər an gələ biləcəyi deyilirdi. Bunların hamısı psixoloji olaraq insanlara təsir edirdi. Belə bir məqamda film çəkməyin özü təhlükə altında idi. Ceyhun Mirzəyev filmi çəkəndə çox həyəcan keçirirdi. Filmin çəkilişləri Goranboyda baş tutdu. Orada Boris kəndində bir aşırım vardı, aşırımın digər tərəfindən əlisilahlı ermənilər görünürdü. Filmdə əsrlər dəyişilən həmin o körpüdə çəkiliş etmək təhlükəli idi. Bizə deyirdilər ki, o körpüdə ermənilər sizə hər an atəş aça bilərlər. Biz özümüz də həyəcan keçirirdik. Havalar çox soyuq idi. Biz onda Naftalanda sanatoriyada qalırdıq. Sanatoriyanın özü çox bərbad vəziyyətdə idi. 3 ay həmin şəraitsiz vəziyyətdə qaldıq. Ancaq heç bir çətinlik bizə mane olmadı. Elə böyük məbləğdə qonorar da almırdıq. Burda Ceyhun Mirzəyev faktoru var idi. O, bu filmə çox can yandırırdı. Sanki hiss edirdi ki, bu onun sonuncu filmidir. Kollektivin özü peşəkar komandadan ibarət idi. Belə ki, o şəraitsiz vəziyyətdə çalışan komanda, yorulmaq nədir bilmirdi. Belə bir kollektivlə birlikdə işləmək, həqiqətən gözəl, zövqverici idi.
- Deyirlər indi elə filmlər çəkilmir. Siz bu fikirlərlə razısınız?
- Biz o filmlərə çəkiləndə yüksək məbləğdə pul almırdıq. Bu filmlərə böyük maliyyə də ayrılmırdı, sadəcə işimizdə sənətə böyük sevgi vardı və hər kəs öz işini sevərək görürdü. Kino komanda işidir və komandadan çox şey asılıdır. Həmin rejissorlar, aktyorlar, operatorlar, hər biri öz işinin peşəkarı idi. İndi bu işləri kimlərə həvalə edirlər? Bu gün yaxşı filmlər çəkilir, deməzdim ki, çəkilmir. Bizim Namiq Ağayev, İlqar Səfa kimi çox rejissorlarımız var. Ancaq bu gün kinoya inam çox azdır. 95-ci ildə kinostudiya təmirə bağlananda, o komanda dağılanda mindən çox insan vardı. O zaman düşündüm ki, görəsən bu peşəkar insanlar bir də yenidən bir araya gələcəklərmi? Gəlmədilər… Sanki onların hamısı bir-bir yığılmışdı. Bu gün yaxşı rejissor, operator tapmaq çox çətindir.
Yaxşı qrup yığılanda isə "Ol” və "Nar bağı” kimi filmlər ərsəyə gəlir. Yaxşı rejissorlarımız, operatorumuz, ssenaristlərimiz var, amma onlar komanda olmağı bacarmırlar. Kino kollektiv sənətdir. Biri zəif, digəri güclü olsa, özünü mütləq hiss etdirəcək. "Bəyin oğurlanması” filmində deyildiyi kimi bu kino ki, var, həm qəlizdir, həm də ki vacib.
- Geriyə baxanda bu 25 ili itirilmiş hesab edirsinizmi?
- Bu 25 ildə insan kimi çox şey qazanmışam. Bu illərdə o qədər aktyor gücü toplamışam ki, indi hər şey edə bilərəm. Mənim üçün hər hansı obrazı canlandırmaqda problem yoxdur. Bu illər ərzində özümü ssenarist kimi kəşf etdim. Yəni illərim hədər getmədi. Ancaq yaradıcı bir insan kimi həyatımın 25 ilini itirmişəm.
- Niyə itirdiniz?
- Həyatdır. Bu, tək mənim başıma gəlməyib. İvanoviç Maxaradze kimi aktyor 50 yaşından sonra Maxaradze oldu. Amma halbuki 50 yaşına qədər bir çox obrazlar canlandırmışdı. İtirdiyim illərin qazancı çox böyükdür. Aktyor kimi itirsəm də, insan kimi çox qazanmışam. Bunların hamısından dərs almışam. Mənim üçün bu 25 il böyük bir dərslikdir. Ən əsası, insanları tanımışam, insan sərrafı olmuşam. Hər insan isə bir xarakterdir.
- Nəyinsə peşmançılığını çəkibsiniz?
- Oğlum yanımda deyil… Hələ də onun peşmançılığını çəkirəm.
- Bəs teatrlarımız necə, qoyub getdiyiniz kimidir?
- Biz çox teatral insanlar olmuşuq. Yadımdadır ki, Akademik Milli Dram Teatrına, Rus Dram, Musiqili Komediya Teatrlarına bilet tapa bilmirdik. Mənim babam Musiqili Komediya Teatrında bədii rəhbər idi. 60-cı illərdə kassada bilet tapmaq asan deyildi. O vaxt teatr maraqlı idi. İndi teatra maraq ölüb. O dövrlər insanın başını qatan bu qədər əyləncə vasitəsi yox idi, tək əyləncə teatr idi. Əvvəllər teatr aşiqlərin görüş yeri idi. Teatr cəmiyyətin ən elit yeri hesab olunurdu. Hər kəs teatra gedə bilmirdi. İnsanlar teatra getdikləri gün səliqəli geyinirdilər, sanki böyük bir məclisə gedirdilər. Teatr ən səviyyəli incəsənət məkanı idi. Bu gün hər kəs teatra gedə bilər. Biz o vaxt
kassalardan bilet tapa bilmirdik və məcbur olub, biletləri əldən alırdıq. Teatr ilahi bir yerdir.
- Bu gün teatrlarımızda nümayiş olunan tamaşalar aktual deyil.
- Bizim aktyorlarımız zəif deyil, əksinə, çox peşəkar aktyorlardır. Sadəcə olaraq, rejissor və əsər seçimi düzgün edilmir. Rejissorlarımız bir az qorxurlar. Nədən, nə üçün, onları kim və nə üçün qorxutduqlarını da bilmirəm. M.A.P festivalının açılışında F Kamran Şahmərdanın hazırladığı "Dəli yığıncağı” tamaşası elə bir tərzdə qurulmuşdu ki, sanki yeni bir əsərdi. Sanki tamaşa bir şou idi.
- Bu günün tamaşaçısı isə quru bir əsərə baxmaq istəmir, o səhnədə şou görmək istəyir.
- Niyə də yox? Tamaşaçı şou istəyirsə, ona şou göstərsinlər. Hər əsəri şou vəziyyətinə gətirmək olar. Klassik əsəri də şou kimi təqdim etmək olar. Yuli Qusman 80-ci illərdə Musiqili Komediyada "Don Kixot”u səhnələşdirdi və səhnəyə canlı at çıxardı. Niyə də yox? Mütləq at olmasın, amma səhnədə fərqli nəyinsə olması yaxşıdır.
- Nəinki teatrlarda səhnələşdirilən əsərlər, heç kinoteatrlarımızda nümayiş olunan filmlərimizin mövzuları da o qədər aktual deyil.
- O zaman rejissor hər filmi ilə bir söz demək istəyirdi. İndiki rejissorların filmdən ötürdüyü mesajı anlamaq olmur. İndiki filmlərə baxırsan, hər şey yaxşıdır, qaydasındadır, ancaq heç nə yoxdur. Hər şey var, amma heç nə yoxdur. Ucuz komediyalar daha çox çəkilir. Axı biz ucuz komediyalardan necə zövq ala bilərik? Bu komediyalarla xalqın zövqünü sındırırıq. Komediya gözəl janrdır, ancaq onun da dadı olmalıdır. Şit hərəkətlərlə insanı güldürməyin tərəfdarı deyiləm. Komediya kişmiş kimi olmalıdır. Onu yeyəndə dadını hiss etməlisən. İndi ucuz komediyaların vaxtı keçib. Bu gün getdikcə filmlərin sayı çoxalır. Bu, sevindirici haldır. Yeni gələn gənc nəsillə tanış oluram. Cavan uşaqlar Azərbaycan kinosuna baxırlar. Mən buna çox sevinirəm. Bu günün gəncləri yaxşı ilə pisi ayırd etməyi
bacarır. Bu gün böyüyən gənc nəsil köhnə Azərbaycan filmlərini əzbər bilir.
- Sizə nə üçün "Fiko” deyə müraciət edirlər?
- Kinostudiyada Fikrətlər çox idi və onların çoxuna da "Fiko” deyirdilər. İndiyə qədər də məni belə çağırılar və deyəsən ölənə qədər də belə çağıracaqlar. Bu mənim pisimə getmir. Əksinə, Fikrət Məmmədov deyəndə, heç kim məni tanımır.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər