• cümə axşamı, 25 aprel, 16:21
  • Baku Bakı 23°C

Mənəvi reallıqlar və Anar yaradıcılığı

24.02.20 12:00 5037
Mənəvi reallıqlar və Anar yaradıcılığı
Ədəbiyyatımızda elə yaradıcı simalar vardır ki, əsərlərinin tezlik amplitudasından asılı olmayaraq, onlara daha çox ehtiyac duyuruq. Bəhs edəcəyimiz Anar da məhz elə sənətkarlar sırasındadır. XX əsrin 60-cı illərindən ədəbi tənqidin hədəfində olan Anarla bağlı ədəbiyyatşünaslığımızın ən nüfuzlu nümayəndələri onun yaradıcılıq fərdiliyi, əsərlərindəki təhkiyə, istifadə etdiyi ifadə formaları, obrazlar aləmi, qəhrəmanların xarakteri və xaraktersizliyi ilə bağlı mübahisələr edir, mülahizələr ortaya qoyurlar. Bizcə, Anar yaradıcılığında ən qeyri-adi ədəbi gediş kimi onun qəhrəmanlarının daxili aləminin, hiss və həyəcanlarının, sevinc və kədərinin, arzu-istəklərinin Anarsayağı bədii təsvirinin ortaya qoyulmasıdır. Anar istər folklorla nəfəs alan, istər türk epik düşüncəsinin qaynağından gələn ("Dədə Qorqud” povesti), istər "Molla Nəsrəddin”lərdə təqdim etdiyi obrazlar, istər şəhər həyatının ekzotik landşaftını təsvir edən nümunələrdə təsvirçilikdən uzaq olub, obrazların psixoloji ovqatını yaratmaqla, oxucunu hadisələrin dinamizminə istiqamətləndirən, həyatın geniş və lokal kontekstdə təsvirini verən, təhkiyə tərzini çevik şəkildə dəyişməyi bacaran istedadlı yazıçıdır. Anarın nəsrinin də, dramaturgiyasında, kino yaradıcılığının da mahiyyətində xalqın, fərdin, obrazın üç dünyasına fərqli sənətkar mövqeyindən yanaşma özünü göstərir.
Anarda obrazların özünüdərk, özünüetiraf, özünəqayıdış və özünütəsdiqi təfərrüatlara işıq salmaq, zaman və məkan xronotopları çərçivəsində özünəməxsus həyat "yaşayır”. Yəqin buna görədə Anar nəsrində və dramaturgiyasında xarakter stixiyası adət etmədiyimiz qaydalarla bərq vurur. Onun çoxsaylı hekayələrində ("Asılqanda işləyən qadının söhbəti”, "Taksi və vaxt”, "Yaxşı padşahın nağılı”, "Gürcü familiyası” və s.), povestlərində, romanlarında, xüsusən "Beşmərtəbəli evini altıncı mərtəbəsi”ndə; insan və zaman probleminin bədii həlli bizi maraqlı gedişləri ilə cəlb edir.
Anar Azərbaycan nəsrini və dramaturgiyasını nəinki milli ənənələrə söykənərək inkişaf etdirdi, həm də dərin və geniş sənətkar erudisiyası ilə yaratdıqlarını dünya ədəbi-estetik fikrinin səmərəli bədii elementləri ilə bir araya gətirdi.
İndi onilliklər ötsə də, Anar nəsrinin və dramaturgiyasının qeyri-adi aləmi ("Beşmərtəbəli evin altıncı mərtəbəsi”, "Ağ qoç – qara qoç” romanları; "Keçən ilin son gecəsi”, "Qaravəlli”, "Adamın adamı”, "Şəhərin yay günləri” "Evləri köndələn yar”, "Sizi deyib gəlmişəm”, "Təhminə və Zaur” və s.) bizi müəllif dəst-xəttinin fərdi keyfiyyətləri, psixologizmin çeşidli xüsusiyyətlərinin millilik və bəşərilik kontekstində necə inikas etdirməsi və s. özünə yetərincə cəlb edir. Anarın nəsr və dramaturji yaradıcılığı Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyevlə müasir ədəbi-estetik, dramatik-teatr müstəvisində zaman-zaman keçmişlə gələcək arasında körpü yaradan orijinal bir istiqamətə köklənib. Anar nə nəsr, nə də dram yaradıcılığında ənənə buxovlarına məhkum olan sənətkar kimi tanınmır. O, bütün yaradıcılığı boyu milli yaddaşı öz fenomenal gedişləri ilə göz önünə gətirib. Yüzilliklərin dolanbaclarına öz milli tarixi yaddaş kodu ilə girməyi bacarıb. Anarın əsərlərindən M.F.Axundzadə, M.Sabir, M.Cəlil qoxusunun gəldiyini biz onun "Anlamaq dərdi”ndən yaxşı görsək də, müəllifin fərdi bədii gedişlərini də göz önünə gətiririk.
Anarın tarixi hissiyyatı və milli psixologiyası, Şərqlə Qərbin simbiozundan yaranmış bədii fəhmi olduqca dərindir. Məhz Anarı belə keyfiyyətlərinə görə Ç.Aytmatov, A.Bitov, A.Rasputin, A.Kim, F.İskəndər, Ç.Amiracibi, A.Alimcanov, O.Süleymenov, T.Zülfiqarovvə başqa bu kimi böyük yazıçıların sırasında görürük.
Anar XX əsrdə yazıb yaratdığı dövrün əsiri olmadı, o, düşüncəsi, bədii fəhmi ilə içində yaşadığı əsrdən XXI yüzilliyə inamla adladı. Azərbaycanın azadlıq mübarizəsini, onun müstəqilliyə qovuşmasını ən yüksək tribunalardan çəkinmədən səsləndirməklə, həmin ideyanın arxasınca məsuliyyətlə getdi, Azərbaycanın fəlakətlərini, bəlalarını hamıya hər yerdə bəyan etməklə, yaradıcılığının əsasına şəxsiyyət azadlığını, insan haqlarını qoydu.
Belə təfəkkür dərinliyi onunla bağlı idi ki, Anar ədəbiyyata gəldiyi zamandan bədii söz sənətimiz yeni bir mərhələyə daxil olurdu. Sovet ideologiyasının ehkamlarına baxmayaraq, ədəbiyyat, qabaqcıl bədii-fəlsəfi düşüncə insan psixologiyasının müxtəlif tərəflərini daha əsaslı şəkildə əks etdirməyə istiqamət götürürdü. Çünki mədəni-mənəvi, sosial-ictimai problemlərə səmt almaq, gedən prosesləri nəinki epik planda, həm də dramatik prizmadan işıqlandırmaq, obrazların və qəhrəmanların xarakterlərini bütün mürəkkəblikləri ilə açıb göstərmək həmin epoxada daha çox aktuallaşırdı. Odur ki, "Təhminə və Zaur”, "Şəhərin yay günləri” və başqa bu kimi dram əsərlərində yazıçı obrazların boy atdığı mühiti, onların mənəvi-psixoloji dünyasını daha dolğun psixoloji gərilmələr kontekstində təqdim etməyə üstünlük verirdi. Təsadüfi deyildir ki, adların çəkdiyimiz səhnə əsərləri ədəbiyyatşünasların, dilşünasların, mədəniyyətşünasların, teatrşünasların və teatr tənqidçilərinin – T.Hacıyevin, Ə.Ağayevin, M.Cəfərin, M.Əlioğlunun, T.Hüseynoğlunun, N.Cəfərovun, R.Kamalın, C.Yusifzadənin, İ.Rəhimlinin, R.Əliyevin, bu sətirlərin müəllifinin və başqalarının düşüncəsini daha çox məşğul edirdi.
Anarın məhəbbət mövzusunda qələmə aldığı istər hekayə və romanları, istərsə də dram əsərləri heç də sentimental hiss və duyğuları əks etdirmək baxımından yox, qəhrəmanların mənəvi-psixoloji durumunu daha obyektiv realist boyalarla təqdim etməyə xidmət edirdi. Bunu biz "Beş mərtəbəli evin altıncı mərtəbəsi” və onun materiallarına söykənilərək yazılmış "Təhminə və Zaur” pyesində yaxşı görürük. Anar həm nəsr əsərlərində, həm də pyeslərində obrazların mənəvi-psixoloji düşüncəsində gedən prosesləri (məsələn, Təhminənin timsalında) Dadaş və Spartak kimi həmin mühitin statiklərinə qarşı çıxmaqla reallaşdırırdı. Təhminəyə görə ən yüksək mənəvi hiss və duyğular, hər bir fərdin içində yaşamalı fərd həmin stixiyanın, ictimai mühitin yetirməsi olmalı idi. Təhminə və Zaurun timsalında, Anar bu obrazlarda konkret ictimai-mədəni düşüncənin və mühitin möhürü olduğundan onların bütün daxili keyfiyyətlərini özünəməxsus ştrixlərlərlə verməyə çalışırdı.
Anarın həyat üzərindəki müşahidələri onu fərdi baxımdan proyeksiya etmə bacarığı özəldir. Bu cəhəti o, əsərdə əksini tapmış psixologizmlərin köməyi ilə həll etməyə köklənir.
Eyni zamanda Anar psixologizminin ən yaddaqalan cəhəti onun milli kontekstdə, yerli koloritin verdiyi imkanlar müstəvisində təhlillərə cəlb etmə bacarığı ilə ortada dayanmasıdır. Məsələn, "Keçən ilin son gecəsi” əsərində Bakı şəhərində baş verən hadisələrin təqdimatında müəllif milli xüsusiyyətlərlə yad ünsürlərin təsvirini elə böyük ustalıqla təqdim edir ki, əsərdən gələn estetik səmərə adət-ənənə kontekstində çulğaşır. Məlumat üçün bildirək ki, "Keçən ilin son gecəsi” pyesi 60-ci illərin sonlarına yaxın qələmə alınmışdı və həmin dövrdə ədəbiyyatın özündə gedən dinamik dəyişikliklər rus, Ukrayna, Belarus, gürcü, latış, litva, eston, osetin, abxaz, Orta Asiya və qazax ədəbiyyatlarında da gedirdi. Həmin dövrlərdə yazıb-yaradan altmışıncıların ön cərgəsində Anar da inamla irəliləyirdi. Bədii nəsr sahəsində Anarın uğurları xüsusilə diqqət çəkən idi. Və burada Anar nəinki mədəni-mənəvi, həm də ictimai-siyasi problemləri əsərlərinin episentrinə ustalıqla qoyurdu. Həmin dövrlərdə baş verən siyasi gedişlər məhz bir sıra cəhətlərinə görə 70-80-ci illərdə də öz aktuallığı ilə diqqət mərkəzində dayanırdı. Bunu biz "Səhra yuxuları” pyesində də yaxşı görürük. Və burada yenə də Anar üçün milli-mənəvi məsələlər prioritet təşkil edirdi. "Səhra yuxuları” Anar tərəfindən bir qədər fərqli rakursda qələmə alınsa da, müəllif burada sanki 60-cı illər "Molla Nəsrəddin”in bədii priyomlarından ustalıqla istifadə etməklə, sarkastik və ironik ünsürlərin köməyi ilə nəzərdə tutduqlarını oxucunun və tamaşaçının diqqətinə çatdıra bilirdi. Əsərdə ənənəvi elementlər, çalarlar, ovqat özünəxas aktual bir məcrada (eyni zamanda ictimai-siyasi şəraitin xüsusiyyətləri nəzərə alınmaqla cərəyan etməklə, ümumi və fərdi düşüncələr müstəvisində) işıqlandırılır. Anar bu əsərində yad, kənar hadisələri, düşüncəni, obrazları, personajları doğma atributikalarla elə uğurlu şəkildə bir araya gətirir ki, orada kəsini tapmış dramatik məqamlar tamaşaçı zövqünə hakim kəsilir. "Səhra yuxuları”nın qələmə alınmasından indi az qala 40 il keçməsinə baxmayaraq, onun xeyli ünsürləri günümüz üçün yenə də yetərincə müasir görünməkdədir.
Anar yaradıcılığının ən mühüm danılmaz keyfiyyəti, fikrimizcə, ondadır ki, müəllif əsərlərində qaldırdığı mənəvi-mədəni, ictimai-siyasi, tarixi-sosial problemləri milli psixologizmlərin, həyatımızın, reallığımızın, təfəkkür tərzimizin ən yaddaqalan xüsusiyyətlərinin köməyi ilə yaradır. Belə rakursdan məsələyə baxış isə ilk növbədə onun mənəvi keçmişimizə bağlılığında axtarılmalıdır. Dediyimizə ən parlaq nümunə kimi Anarın "Sizi deyib gəlmişəm” pyesini göstərmək olar. Bu əsərdə də obrazların, personajların, qəhrəmanların psixoloji durumu, ovqatı, halı mənəvi bütövlüyü, yarımçıqlığı və s. Mirzə Cəlilsayağılıqla, Sabiranə xüsusiyyətlərlə zəngindir. Anarda ictimai-mədəni mühitə və hadisələrə Molla Nəsrəddinsayağı münasibət lətifə janrından fərqli olaraq bədii ironiya tərzi ilə açılır. Anarın əsərlərindən Azərbaycan insanının bütün təbəqələri müxtəlif zaman kəsiklərində görünməkdədir. Elə buna görə də Anar yaradıcılığı mədəni-mənəvi, ictimai-siyasi həyatımızda düşüncə lokomotivi, ədəbi kilvaterdir.

Nizami Tağısoy
banner

Oxşar Xəbərlər