• şənbə, 20 Aprel, 00:51
  • Baku Bakı 15°C

Mənəvi qida üçün ora üz tuturuqsa, onlar hara üz tuturlar?

29.02.20 09:00 2307
Mənəvi qida üçün ora üz tuturuqsa, onlar hara üz tuturlar?
Təbiətlə iç-içə olan, ağaclara qulluq edən də, uzaq yolçuluğu sevən də var
Şekspir deyir ki, teatr insanı insana bağlamaq, insanla insanca danışmaq üçün yeganə canlı sənətidir. Müasir texnologiyanın yaratdığı imkanlardan bir neçə saatlıq da olsa imtina etmək, canlı bir sənət izləmək isə insanın ruhunu oxşayır və bir neçə saatlıq olsa, onu başqa bir dünyaya aparır. İnsanlar istirahət etmək, həftənin yığılıb qalan stressini dəf etmək üçün teatrlara müraciət edirlər. Maraqlıdır, insanlar istirahət etmək üçün teatra üz tuturlarsa, onlara müsbət enerji bəxş edən, fiziki yükdən azad edib mənəvi yüklə yükləyənlər - aktyorlar müsbət enerjini, mənəvi yükü tapmaq üçün hara üz tuturlar?
Xalq artisti İlham Namiq Kamal deyir ki, aktyorun ən gözəl istirahəti teatrdır: "Biz aktyoruq, səhnəyə çıxır, maraqlı tamaşalarla insanlara asudə zaman bəxş etməyə çalışırıq. Hər gün istirahət etməyə imkanımız olmur. Daha çox yay aylarında və bayram günlərində istirahət edə bilirik. Misal üçün qarşıdan Novruz bayramı gəlir, biz də bu bayram günlərində bir həftə istirahət edəcəyik. Bir həftədən sonra işimizin başına keçəcəyik”.
Xalq artisti Rafiq Əzimov 58 ildir teatrda çalışdığını və bu illər ərzində təbiətdən ilhamlandığını bildirir: "3 il bundan əvvəl Teatr Xadimlər İttifaqında Ejen İoneskonun "Stullar” tamaşası ilə çıxış etmişdik. Hazırda o tamaşanın bərpası üzərində çalışırıq. Çalışdığım Akademik Milli Dram Teatrı ilə bərabər, bu tamaşanın bərpasına da zaman ayırıram. Yəni bu aralar istirahət etmək imkanım olmur. Adətən boş zamanlarımda nəvələrimin qayğısını çəkirəm, onlarla oynayıram və beləliklə bütün yorğunluğum çıxmış olur. Yaşlı insanam, boş vaxtımda öz sağlamlığımın qayğısına qalmağa çalışıram. Yayda məzuniyyətə çıxırıq və mən Mərdəkandakı bağıma istirahətə gedirəm, orda təbiətlə iç-içə olur, ağaclara qulluq edir, gülləri sulayıram. Çalışıram ki, boş vaxtım səmərəsiz keçməsin”.
Aktyor deyir ki, dünyasını dəyişən sənətkarların xatirə gecələrinə dəvət alır və o gecələrdə rahatlıq tapır: "Dünyasını dəyişən sənət yoldaşlarım haqqında danışmaq üçün anım gecələrinə dəvətlər alıram. Belə mərasim gecələrində çox istirahət edirəm. O illərə qayıdıram. Mən 58 ildir ki, bu sənət yolunda külüng vururam. Bu gün də repertuarda varamsa və tamaşalarda rol alıramsa, bunun özü böyük şansdır. Bu vaxta qədər bu sənətdə boşluq yaşamamışam, yəni günümü hədər keçirməmişəm. Bizə "köhnə məktəbin nümayəndələri” deyirlər. İşimdə dəqiq olmağa çalışıram. Hər yerə vaxtında gedirəm. Kənardan baxanda deyirlər ki, aktyorlar kef edirlər, bütün günü çalıb-oxuyurlar, sonra da deyirlər ki, işləyirəm. Bizim işimiz əziyyətlidir, səhnədə kiminsə obrazını canlandırmaq heç də asan deyil. Çalıb-oynamaq kənardan göründüyü kimi, o qədər də asan iş deyil. Böyük enerji sərf edirik, ancaq itirdiyimiz enerjini bərpa edə bilmirik. İki övladım, 4 nəticəm var. Əgər bu sənət kənardan göründüyü kimi asan olsaydı, onlar da bu sənətdə olardılar”.
Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev aktyorların da istirahətinin əsas hissəsinin məhz tamaşalar olduğunu deyir: "Aktyorlar bir-birilərinin tamaşalarına çox az hallarda gedirlər. Çünki özləri də həftə ərzində tamaşalarda oynayır, buna görə də bir-birimizin tamaşalarına getmək imkanı əldə edə bilmirik. Bacardığım qədər, dəvət aldığım tamaşalara və filmlərə gedirəm, orada mənəvi olaraq istirahət etmiş oluram. Ancaq son zamanlar bəzi filmlərə dəvət aldıqda, gedib orada istirahət edə bilmirəm, əksinə, o film məni yorur. Belə ki, nümayişi keçirilən filmlərin mövzusu çox bayağı olur. Hətta elə olub ki, filmin yarısından zalı tərk etmişəm. Gördüm ki, mən o filmə axıra qədər baxa bilmərəm və bu, mənim bütün enerjimi alacaq. Yəni elə filmlər var ki, nəinki istirahət edir, ondan enerji alırsınız, ancaq enerjinizi öldürən filmlərimiz də var”.
Aktyor deyir ki, istirahət etmək üçün şəhərdən uzaqlaşmalı olur: "Avtomobilimlə uzaq səfərə çıxmağı sevirəm. Belə ki, uzaq yol gedərək istirahət etmiş oluram. Ailəmi götürüb yola düşürəm, maşında həzin musiqilər dinləyərək beynimi qidalandırıram. Yol boyu gördüyüm məkanlar, dəyişik mənzərələr beynimi yeniləyir. Necə ki, biz kompüterimizi format edirik, mənim beynim də belə bir halda yenilənir. Bəzən şəhərin səs-küyündən uzaqlaşıb rayona gedirəm. Kənd həyatı görmək, qoyun-quzu, inək səsi eşitmək istəyirəm. Bu, mənə qəribə bir enerji verir. Ən çox yaz fəslində enerji alıram. Ağacların günbəgün tumurcuqlanıb yaşıllaşmasını seyr etməyi sevirəm. Yaşıllaşan təbiətdən zövq alıram. Dostlarımla istirahət edirəm. Onlarla ayda bir dəfə görüşür, söhbət edirik və mən onlarla böyük bir stress atıram”.
Aktrisa Zümrüd Qasımova deyir ki, hədər yerə aktyorlara fədai demirlər: "Onlar çalışırlar, səhnədə maraqlı obrazlar yaradırlar və tamaşaçı alqışı qazanırlar. Tək qazancları olan bu alqışdan böyük enerji alırlar. Digər tərəfdən isə teatr səhnəsində olmaq bizim üçün elə istirahətdir. Bilirsiniz ki, Azərbaycan Dövlət Yuğ Teatrı ilə bərabər Abbasmirzə Şərifzadə adına ART Centrdə çalışıram”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər