• şənbə, 20 Aprel, 05:30
  • Baku Bakı 15°C

Mənəvi dəyərlər bizim sabaha olan təminatımızdır - Fotolar

30.10.18 17:10 696
Mənəvi dəyərlər bizim sabaha olan təminatımızdır - Fotolar
Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlayıb. Dəyərlərin formalaşması prosesi nəticəsində dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlayıb, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarıb. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə sovet dönəmində Azərbaycan SSR-nin Konstitusiyası qəbul olunarkən orada ana dilimizin dövlət dili statusu təsbit olunub, həmçinin Novruz bayramı daha geniş şəkildə təbliğ edilib.
"Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, xalq ola bilməz”
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə gələn ulu öndər Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə də başlayıb. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarılıb, milli-mənəvi dəyərlərimizin təbliğinə geniş yer verilib. Ümummilli lider Heydər Əliyev dünyada yaşayan azərbaycanlılara tövsiyə xarakterli çıxışında xüsusilə vurğulayıb ki, soydaşlarımız öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Onun sözlərinə görə, hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır: "Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.
Dəyərlərimiz mühafizə olunur
Milli-mənəvi dəyərlərimizin qorunmasında, həmçinin təbliğində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin də kifayət qədər xidmətləri var. Ölkəmizin başçısı bu gün də ən yaxın silahdaşı – birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə bu ali ideyaların gerçəkləşməsində yaxından iştirak edir. Hər iki şəxsin rəhbərliyi ilə milli-mənəvi dəyərlərimiz mühafizə olunur. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir.
Təsadüfi deyil ki, dövlət başçısı tərəfindən ardıcıl tədbirlər nəticəsində aparılan tikinti, yenidənqurma və bərpa işlərindən sonra Bibiheybət, Təzəpir, İçərişəhər Cümə, digər məscid və ziyarətgahları, habelə Qafqazın ən böyük ibadət evini - Heydər Məscidini görəndə hər bir azərbaycanlının qəlbi iftixar hissi ilə dolur. Bu müqəddəs ocaqlar öz unikal milli memarlıq xüsusiyyətləri və tarixiliyi ilə ölkəmizin çağdaş mədəni simasına misilsiz gözəllik və zənginlik gətirməklə yanaşı, vətənimizin İslam dünyasında yerini möhkəmləndirərək, nüfuzunu daha da artırır.
Media cəmiyyəti daha doğru istiqamətləndirə bilər
Heç kimə sirr deyil ki, hər bir millət üçün ən böyük və ən qiymətli dəyərlər sayılan din, dil, mədəni-mənəvi irsin qorunub saxlanmasında, təbliğində, nəsillərdən-nəsillərə ötürülməsində media da mühüm rol oynayır. Xüsusən də nəzərə alanda ki, cəmiyyətimiz inkişaf edir və müasirləşir, bu inkişafdan, dünyadakı qloballaşmadan irəli gələrək dəyərlərimizə müxtəlif təsirlər ola bilər, məhz belə zamanda milli dəyərlərimizi qorumaq getdikcə çətinləşir. Ona görə də medianın bu sahədə oynadığı rol daha böyük önəm daşıyır, medianın üzərinə böyük məsuliyyət düşür. Bəs media bu məsuliyyətin, üzərinə düşən işin öhdəsindən layiqincə gələ bilirmi?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa hesab edir ki, Azərbaycanda milli-mənəvi dəyərlər anlayışı doğru müəyyənləşmədiyinə görə, çox vaxt cəmiyyətdə gerilikçi təzahürlərin təbliğ olunmasına münbit şərait yaradır. Deputatın sözlərinə görə, milli-mənəvi dəyərlər ilk öncə modernlik baxımından faydalı dəyərlər kimi anlaşılmalıdır: "Çox zaman media peşəkarlığının zəif olması illərdir ideoloji xarakterli əzbər mətnlərin dəyərlər kateqoriyasında təqdim olunmasına səbəb olur. İlk növbədə düşüncə adamları bu dəyərlərin təsnifatını verməlidir, media quruluşları da fikirlərə istinad prinsipi ilə bu istiqamətdə təbliğat aparmalıdırlar. Burada bəlkə də ən mühüm rol mediaya aiddir. Xüsusilə də internet məkanında çevik informasiya silahına malik olan media cəmiyyəti daha doğru istiqamətə yönləndirə bilər”.
Mənəvi dəyərlərə sadiqlik ruhuna köklənmək
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bizimlə söhbətində deyib ki, mənəvi dəyərlər səviyyəsindən, intellektual hazırlığından asılı olmayaraq istənilən cəmiyyət üçün vacib həyat mexanizmləridir. Deputat bildirib ki, cəmiyyət onun üzərində qurulur: "Düşünürəm ki, media ilk növbədə bu amili nəzərə almalıdır. Nəinki nəzərə almalı, eyni zamanda inkişaf etdirməlidir. Bu, medianın üzərinə düşən başlıca missiyalardandır. Əlbəttə, bəzən ziddiyyətli məqamlar da ortaya çıxır. Media elə edə bilər ki, həmin ziddiyyətlər münaqişə halına gələr. Ancaq elə etməlidir ki, ziddiyyətli məsələlər əsaslı və soyuq şəkildə izah olunsun. O zaman anlaşma mühiti formalaşır. Media peşəkarlığı da məhz bundan ibarətdir. Yəni peşəkarlıq ilk növbədə həssaslığa söykənməlidir. Media həssas olacaqsa, mənəvi dəyərlər təbliğ olunacaq. Təbliğ olunacaqsa, deməli, həm də qorunacaqdır. Düşünürəm ki, Azərbaycan mediası mahiyyət etibarilə mənəvi dəyərlərə sadiq ictimai institut kimi özünü təsdiqləyib. İstər tarixilik, istərsə də müstəqillik illərindəki fəaliyyət baxımından ortada olan mənzərə bunu deməyə əsas verir. Ancaq hər bir halda media vasitəçidir. Mövcud istiqamətdə çalışan qurumlar var. Hesab edirəm ki, onlar işlərinə daha institusional şəkildə yanaşmalıdırlar. Yəni, medianı informasiyalarla təmin etməlidirlər. Belə olduqda bu qurumların fəaliyyətlərinin cəmiyyətdəki təzahürü də mənəvi dəyərlərə sadiqlik ruhuna köklənəcəkdir”.
Yalnız medianın deyil, hər kəsin vəzifəsi
Siyasi şərhçi Azər Həsrət bildirib ki, mənəvi dəyərlərin qorunması və təbliğ edilməsi yalnız medianın deyil, hər kəsin vəzifəsidir. Onun fikrincə, bu dəyərlər aşındıqca cəmiyyətimiz də gücdən düşəcək, sabahımız şübhə altına alınacaq: "Mənəvi dəyərlər bizim sabaha olan təminatımızdır. Bu təminatın möhkəmlənməsində media hamıdan öndə olmalıdır. O baxımdan, jurnalistlərin görə biləcəyi iş başqalarına nisbətdə daha çoxdur. Biz media təmsilçiləri olaraq elə etməliyik ki, mənəvi dəyərlərin təbliğində öndə olaq. Bunun ən yaxşı üsulu yaxşı örnəkləri daim diqqətdə saxlamaq, qabartmaq, populyarlaşdırmaqdır. Yəni elə etməliyik ki, oxucu-istifadəçi mediada bir qayda olaraq yaxşı örnəklərə alışsın, daim gözü belə örnəkləri axtarsın. Biz belə davranacağımız təqdirdə mənəvi dəyərlərə sayğı cəmiyyətdə vərdişə çevriləcək. Belə bir vərdişsə o dəyərlərin yaşarlılığını təmin edəcək. Şəxsi örnək, başqalarının yaxşı örnəkləri yaxşı mənada yoluxucudur. Media hər kəsi belə örnəklərə yoluxdurmaq üçün vasitəçi rolunu layiqincə oynamalıdır.”
Azərbaycanın mənəvi mühitinə medianın təsir gücü
Şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, Azərbaycanda milli-mənəvi dəyərlərin, mədəni irsimizin dövlət tərəfindən həqiqi təəssübkeşliyi yüksək səviyyədədir. O, bunu Azərbaycan xalqının böyük uğuru kimi dəyərləndirib: "Milli-mənəvi dəyərlərimizin qorunmasında, təbliğində medianın rolu misilsizdir. Çox təəssüf ki, bəzi hallarda bir sıra xəbər saytları bu rola məsuliyyətsiz yanaşır, uyğunsuz materialları tirajlamaqla milli-mənəvi dəyərlərimizə zərbə vurur. Bu, üzücüdür. Lakin bütövlükdə milli-mənəvi dəyərlərin təbliği ilə bağlı Azərbaycanda həm onlayn medianın və mətbu orqanların, həm də radio-televiziyaların özünəməxsus xidmətləri var. Bu xidmətlər içərisində mənim daha çox görmək istədiyim ondan ibarətdir ki, Azərbaycanın mənəvi mühitində təsir gücü olan, əməlləri ilə milli-mənəvi dəyərləri öz həyatına transfer edən insanlar da gündəmə gətirilsin. Mənəvi dəyərlərə heç bir aidiyyəti olmayan, dini cameədə, toplumda, cəmiyyətdə, hətta öz ailəsində belə sözü keçməyən, öz kəndində, qəsəbəsində, məhəlləsində sevilməyən, qəbul olunmayan bəzi şəxslərin ekspert qismində geniş ictimaiyyətə təqdim olunmasına da yol vermək olmaz. Belələrinin fikirlərinin insanlarımıza çatdırılmasını düzgün hesab etmirəm. Hər zaman çalışmaq lazımdır ki, mənəvi dəyərlərin təbliği zamanı Azərbaycan dövlətçiliyinə, milli mənafeyimizə zidd olacaq addımlar atılmasın. Sevindirici haldır ki, dövlətimizin bu sahədə həyata keçirdiyi çoxsaylı layihələr var. Zaman-zaman həmin layihələrdə ekspert kimi mən də iştirak etmişəm. Son olaraq vurğulamaq istərdim ki, ümumən medianın milli-mənəvi dəyərlərin qorunmasında xidmətləri böyükdür”.
Rufik İSMAYILOV
Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən elan olunan "Media və mənəvi dəyərlər” mövzusunda məqalə müsabiqəsinə təqdim edilir

banner

Oxşar Xəbərlər