“Mənə bir şapalaq vurdu, burnumdan qan açıldı” - Keçmişdəki mən
Uşaqlıq,
gənclik illərinin çətin keçdiyini deyir. Amma eyni zamanda bildirir ki, bütün çətinliklərə
dözmək, səbirli, təmkinli olmaq, öz işini sevmək lazımdır. O, 73 illik həyat
yolunda məhz bu prinsipi əsas tutub, indi isə heç də peşman deyil. Müsahibimiz
uzun illər Sumqayıt Dövlət Dram Teatrında çalışan, hazırda təqaüddə olan xalq
artisti Məzahir Süleymanovdur. Səhnəyə qədəm qoyduğu ilk vaxtlardan
rejissorların diqqətini cəlb edən, hər zaman teatr repertuarının ağırlığını
daşıyan əsas aktyorlardan olan M.Süleymanovla bu dəfə teatrdan, oynadığı
rollardan deyil, keçmişindən, gənclik illərindən danışdıq.
"Uşaqlıq
dövrü hər halı ilə gözəldir”
Uşaqlıq
illərindən danışanda, deyir ki, kənddə keçən o illər gözü önünə gəlir. Kənd
uşaqları necə, o da elə: "1944-cü il yanvar ayının 29-da Zərdab rayonunun Məmmədqasımlı
kəndində doğulmuşam. Lakin bizim öz kəndimiz Yuxarı Seyidlər adlanırdı. Məmmədqasımlı
kəndinə atamın işinə görə müvəqqəti köçmüşdük. Kənd uşaqlarının uşaqlığı necə
keçirsə, məndə də elə olub. Bəlkə də tam ifadə etmək mümkün olmasın, amma
uşaqlıq dövrü hər halı ilə gözəldir. Məktəb illərimiz yadımdadır. İbtidai sinfi
öz kəndimizdə oxusam da, yuxarı siniflər üçün təhsil bizim kənddəki məktəbdə
yox idi. Bunun üçün arada 7 kilometr məsafə olan qonşu Bıçaqçı kəndinə
gedirdik. İndiki kimi nəqliyyat da olmurdu, piyada getməyə məcbur olurduq. O məsafəni
yayda piyada gedib-gəlməyimiz mümkün olsa da, qışda alınmırdı. Ona görə də, həftəlik
azuqəmizi yığıb həmin kənddə qalır, məktəbə gedirdik. Uşaqlıq illərimdən ən çox
çətinliklər yadımdadır. 10 yaşım olanda ev tikməyimizi unutmuram. Bir usta
çağırmışdıq, amma qalan işləri ailəlikcə görürdük. Mən də gücü çatan qədər işləyirdim,
o qədər yorulurdum ki, tikinti gedən yerdə başımı qoyub yatırdım”.
"Əsgərliyim
maraqlı keçib”
Bakıya
ilk gəlişi ali təhsil almaq üçün olur. Lakin ilk cəhdi uğursuz olur, buna görə
də, peşə təhsilinə yönəlir və bir müddət bu istiqamətdə çalışır: "Orta məktəbi
bitirəndən sonra sənədlərimi Xarici Dillər İnstitutuna (indiki Azərbaycan Dillər
Universiteti) verdim. Amma ikinci imtahandan kəsildim, sonra sənədlərimi
texniki peşə məktəbinə verdim. İki il
oxuyub, çilingər peşəsinə yiyələndim. Bu təhsilimlə əlaqəli bir çox yerlərdə
işlədim. Amma institutda oxumaq, aktyor olmaq istəyimi arxa plana atmaq istəmədim.
Bakıya gəldim və sənədlərimi İncəsənət
İnstitutunun (hazırkı Mədəniyyət və İncəsənət Universiteti) "Dram və kino aktyoru"
fakültəsinə verdim və daxil oldum”.
Bir il təhsil alandan sonra isə hərbi xidmətə çağırılır.
Nə az, nə çox, 4 il Həştərxan şəhərində hərbi xidmətdə olur: "1963-67-ci illərdə
Hərbi Dəniz Donanmasında
qulluq etmişəm. Hərbi xidmətin müddətinin uzun olması o vaxtın qanunu idi. Çətin
də olsa, qulluğumu başa vurmalıydım. Müddət uzun, çətinliklər çox olsa da, əsgərliyim
maraqlı keçib, Hərbi Dəniz Donanmasında qulluq etmək maraqlı oldu”.
"Komandirimizi
suda batmaqdan xilas etmişdim”
Kişilərin
hərbi xidmət hekayələri bitmir. M.Süleymanovun da 4 il ərzində maraqlı xatirələri
olub. Onlardan ən çox yadında qalanlarından biri komandirinin həyatını xilas
etməsidir: "Bir dəfə öz komandirimizi suda batmaqdan xilas etmişdim, onu
unutmuram. Deməli, bir dəfə biz dalğıc aparatını sınaqdan keçirirdik. Bir qurğu
var, onun üstündə dayanmışdıq. Komandirimiz dalğıc aparatını geyinib suya
düşdü. Mən də sınağın necə olacağını diqqətlə izləyirdim. Amma birdən gördüm
ki, nə sınaq, komandir suyun altında hərəkətsiz qalıb. Və onu sudan çıxardım.
Suda huşunu itiribmiş, vaxtında yardım etdik deyə, özünə gəldi”.
Hərbi
xidmət dövrünün davalarında o da iştirakçı olub. Bununla bağlı bir xatirəsini də
bizimlə bölüşdü: "Köhnə və yeni əsgərlər arasında davalar daha çox olur. Yeni
gedəndə mənim də köhnələrlə davalarım olurdu. Deməli, gəmidə belə idi ki, yeməklərimizi
özümüz hazırlayırdıq, qablarımızı növbə ilə yuyurduq. Mən yeni getmişdim, gülərin
birində növbə Ukraynadan olan yaşlı əsgərlərdən birində idi. Amma o qabları
yumaqdan imtina etdi. Bir neçə dəfə onu çağırıb, qabları yumalı olduğunu
xatırlatdım, amma gəlmədi. Axırıncı dəfə kobud şəkildə çağırdım. O da qalxıb gəldi.
Elə bildim qabları yumağa gəlir, amma yaxınlaşıb mənə bir şapalaq vurdu, burnumdan qan açıldı. Təbii ki qayda-qanun
vardı və o, cəzasını aldı. Amma sonra zaman keçdi və mən köhnənin əsgəri oldum,
Bosman vəzifəsinə keçdim, yeni əsgərlər mənim rəhbərliyim altında işlədilər”.
"Maraqlı, yaddaqalan gənclik illərim olduğunu deyə
bilmərəm”
Hərbi
xidmətdən qayıdandan sonra təhsilini davam etdirir. Amma həm oxuyur, həm də
maddi cəhətdən özünü təmin etmək üçün işləyir. Sonra tələbə ikən ailə də qurur
deyə, məsuliyyəti daha da çoxalır: "Axşam növbəsində oxuyurdum, həm də
zavodlarda çilingər işləyirdim. Oxuya-oxuya işləmək tələbə üçün elə də asan
deyildi, üstəlik, tələbəlik illərində ailə qurdum, onun məsuliyyətini də çəkmək
lazım idi. Zamanını dərs oxuyub, əylənməklə keçirən tələbələrdən olmamışam.
Maraqlı, yaddaqalan gənclik illərimin olduğunu deyə bilmərəm. İşləri, problemləri
həll etmək üçün çalışmışam, o illər də gəlib-keçib”.
Aktyor
olaraq fəaliyyətə institutu bitirəndən sonra başlayır: "İnstitutu bitirəndən
sonra təyinatla Naxçıvan teatrına göndərdilər. Amma səhər Naxçıvana düşdüm,
axşam geri qayıtdım. Teatrda heç kim yox idi, hamı qastrola getmişdi. Sonra
Sumqayıt teatrına gedib, öz təşəbbüsümlə işə düzəlmək istədiyimi bildirdim. Bəzi
nüanslar oldu, ilk olaraq məni işə götürmək istəmədiklərini bildirdilər. Amma
sonra götürdülər. 1972-ci ildən orda işləməyə başladım. 2014-cü ildə 70 yaşında
təqaüdə çıxana qədər orda çalışdım”.
"Hansı işdən
yapışdımsa, gərək ən yaxşı olum”
Ömrünün
42 ilini teatra verib. Teatrdakı maaşların az olduğu zamanda belə, bu, onun
işinə həvəsini öldürməyib. Çünki ömrünü sevdiyi işə həsr edib: "Az məvaciblə
çalışmaq çətin olurdu, amma xarakterimdə şikayət etmək yoxdur. Heç vaxt kiməsə
şikayət etməmişəm ki, çətin yaşayıram və s. Şikayətlənmək lazım deyil, hər şey
düzələcək, səbir etmək lazımdır. İşə can yandıran adam olduğuma, obrazlar üzərində
ciddi işlədiyimə görə, teatrda işlərim yaxşı gedirdi. Bu, həm də mənin
xarakterimdən irəli gələn məsələdir. Hansı işdən yapışdımsa, gərək ən yaxşı
olum. Ortabab olmağı heç vaxt istəməmişəm. Hər zaman seçilməyə çalışmışam.
Görünür, xarakterimdən irəli gələn bu xüsusiyyət işimdə də inkişaf etməyimə, irəli
getməyimə kömək edib. Düzdür, gec oldu, amma əməkdar, xalq artisti adı da
verildi. 5-6 dəfə Prezident mükafatına layiq görülmüşəm”.
"Hər kəs öz
sevdiyi peşədə çalışsa, mütləq nəsə alınacaq”
Deyir
ki, zamanı geri qaytarmaq mümkün olsa, yalnız bir şeyi dəyişmək istəyərdi:
"Aktyor kimi fəaliyyətimdən narazılığım yoxdur. Amma indiki ağlım o vaxt
olsaydı, paytaxt teatrlarında çalışmağa can atardım. Əyalət teatrlarında işləmək
ikiqat çətindir. Çətin olmaqla yanaşı, gözdən uzaqda olursan. Çox şeylərdən
uzaq düşürsən”.
M.Süleymanovun
gənclərə məsləhəti isə bunlar oldu: "Hansı işi görürlərsə, mütləq sevə-sevə görsünlər.
Olduqları sahədə inkişaf etmək, yüksəlmək üçün daim çalışsınlar. Bunun başqa yolu yoxdur. Hər kəs
öz sevdiyi peşədə çalışsa, mütləq nəsə alınacaq. Bütün çətinliklərə dözmək, səbirli,
təmkinli olmaq, öz işini sevmək lazımdır. Sözdə yox, əməldə sevmək lazımdır. Bu
sevgini isə öz işində əməlinlə təsdiq etməlisən”.
Aygün Asimqızı