• cümə axşamı, 25 aprel, 15:57
  • Baku Bakı 23°C

Mənə bir nağıl danış, Şəbnəm xala

02.10.17 09:30 5827
Mənə bir nağıl danış, Şəbnəm xala
Hər gün axşam yatmamışdan öncə uşaqlarına nağıl oxuyur, onlar yatandan sonra isə nağılları audio formada hazırlayıb digər uşaqlar üçün "Youtube” kanalına yerləşdirir. Deyir ki, bu iş onun üçün o qədər maraqlıdır ki, saatın necə gəlib keçdiyini hiss etmir: "Bəzən gecə saat üçə qədər işləyirəm, yorulmuram da. Amma səhər tezdən oyanmaq lazımdır deyə, məcburam yatmağa. Əslində yuxuya sərf etdiyim vaxta da heyifim gəlir, düşünürəm ki, o vaxtı daha səmərəli işlərə sərf edə bilərəm”.Müsahibimiz "Youtube”da "Audio nağıllar” kanalında öz məlahətli səsi ilə balacalar üçün nağıllar təqdim edən Şəbnəm Həsənəlizadədir.

- Adətən, nəyəsə ehtiyac olduğunu adam özü hiss edəndə, o sahədə iş görmək qərarına gəlir. Bəs sizdə bu ideya necə yarandı?

- Qızımın 5 yaşı var. Hələ lap uşaqlıqdan ona nağıl kitabları oxumağa başlamışıq. Artıq kitabları çox sevir. Əvvəllər ona kitabdakı şəkillər əsasında nağıl danışırdıq, sonra böyüdükcə nağılların da ölçüsü böyüyürdü. Hətta əvvəl bir nağılla kifayətlənirdisə, sonradan bizə günə daha 2-3 nağıl da lazım olurdu. Biz hər dəfə yeni kitablar əldə edir, oxuyub bitiririk, amma onun hər gün yeni bir nağıl istəməyi məni bir növ axtarışa vadar edirdi. Bu cəhətdən internetin imkanları yaxşıdır. Azərbaycan dilində də nağıllar var, rus dilində də. Rus dilində olanları həm tərcümə edib danışırdım, həm də bəzən elə rusca da oxuyurdum. "Vatsapp”da anaların bir qrupu var, bir dəfə orda uşaqlara nağıl danışmaqdan söz düşdü, hərə uşağına danışdığı nağılları dedi və axırda bu qənaətə gəlindi ki, ayrıca qrup yaradıb, uşaqlar üçün nağıllar səsləndirək. Mən həvəslə razılıq verdim, dedim uşaqlar üçün oxuyaram. Öz uşağım üçün edirəm, nə qədər nağıllar axtarıb tapıram, onların içərisindən isə uyğun gördüyümü seçib oxuyuram. Tək mən yox, orda bir neçə xanım nağıl səsləndirirdi. Digər analar da gözəl səsləndirirlər və mən də öz adıma çox müsbət rəylər aldım, analar uşaqlarının mənim səsləndirməmi də bəyəndiklərini yazırdılar. Uşaqlar, "Şəbnəm xala bu gün də yeni nağıl oxusun” deyirdilər. Həmin vaxt düşünürdüm ki, əgər bu işim belə bəyənilirsə, "Youtube” versiyasını da etmək olar. Amma bu fikrimi heç yerdə deməmişdim. Sonra həmin qrupda qızlardan biri dedi ki, "Youtube”da kanal aça bilərsən. Mən də artıq reallaşdırmağın zamanı olduğunu düşündüm. Beləliklə, başladıq. "Vatsapp” qrupunda biz sadəcə, nağılı səsləndirirdik, amma indi "Youtube” kanalda şəkil, musiqi məsələsi də xüsusi seçim tələb edir.

Əslində, mənim gördüyüm bu iş yenilik deyil, çünki, internetdə öz dilimizdə səsli nağıllar var. İstər klassik olsun, istər də müasir, çalışıram ki, əvvəl oxunmayan nağılları oxuyum. Oxunmayan, fərqli və maraqlı. Xarici nağılları rus dilində tapıram, tərcümə edirəm və səsləndirirəm. İngilis dilimi daha da inkişaf etdirsəm, bu dildə olan nağılları rus dilindən yox, elə orijinaldan tərcümə etmək istəyirəm. Artıq bunun üstündə çalışıram.

- Bir az gec-gec hazırlayırsınız, amma deyəsən…

- Son vaxtlar bir az işlər çox oldu deyə, hazırlayıb yerləşdirə bilmirəm. Toy-düyün, gələn-gedən çoxdur. Amma artıq davam edəcəyəm. Siyahıda səsləndirilməli, tərcümə ediləcək nağıllar çoxdur. Seçib hazır qoymuşam.

- Videoları tək hazırlayırsınız, yoxsa kömək edən var?

- Əvvəl yoldaşım kömək edirdi, səsləndirməni şəkillərlə birlikdə video formasına salıb "Youtube”a yükləməyi mənə o öyrətdi. İndi hamısını özüm edirəm.

- Anaların reaksiyası necə oldu? Bu nağıllarla bağlı sizə nə deyirlər?

- Bəyənirlər, alqışlayırlar. Heyvanların səsinə uyğun səsləndirməmi bəyəndiklərini, uşaqlara uyğun səs tonum olduğunu deyirlər. Səsləndirməmdən əlavə, bir şey də məni çox sevindirdi ki, seçdiyim nağıllar da diqqətdən qaçmadı. Fərqli obrazlar, maraqlı mövzular, faydalı bilgilər və s. Nağılların seçiminə böyük önəm verirəm. Qızımın, seçdiyim nağılları və onları səsləndirməyimi bəyəndiyini bilirdim, amma kənardan da bu qədər müsbət reaksiya olacağını bilməzdim. Bu, məni çox sevindirir.

- Qeyd etdiniz ki, nağılları seçirsiniz. Seçim kriteriyanız nələrdir?

- Cadu, sehr, şiddət, vəhşilik olan nağılları sevmirəm. Uşaqlara aqressiya aşılayan nağılları oxumağı lazım bilmirəm. Bizdəki "Şəngülüm, Şüngülüm və Məngülüm” nağılının başqa cür versiyası ruslarda da var. Onlarda adı "Canavar və yeddi keçi balası”dır. Hər iki versiya nağılda keçi canavarın qarnını yarıb balalarını xilas edir. Nağılın həmin hissəsinə çatanda ilişib qalırdım ki, uşağa necə deyim? O hissəsini yüngülvari tərzdə yola verirdik. "Gəlib balalarını götürdü, getdi” tipli bir cümlə ilə əvəzləyirdim. Düzdür, həyatın qanunudur ki, hansısa heyvanın qidası digər heyvanlardır, insanlar da heyvan əti yeyirlər. Amma şiddət, aqressiya olmayanlarını seçirəm.

- Şəbnəm xanım, ali təhsiliniz varmı, hardasa çalışırsınızmı?

- Təəssüf ki, ali təhsil almamışam, amma orta məktəbdə yaxşı oxumuşam, dil-ədəbiyyatdan olimpiadalara qatılmışam, ədəbi müsabiqələrdə, şənliklərdə iştirak edirdim, şerlər deyirdim, hətta aparıcılıq da eləmişəm. Bunun üçün Qəndab müəlliməmə dərin təşəkkürümü bildirirəm. Çünki üzərimdə onun əməyi böyükdür. Bu gün mənim səsləndirməm, intonasiyam belə bəyənilirsə, bunda o gözəl insanın böyük payı var. Çox aktiv şagird olmuşam. Amma bütün bunlara baxmayaraq, ali təhsil ala bilmədim, çünki, o vaxtlar istədiyim yerə qəbul olmaq üçün yüksək bal toplamaq lazım idi. Həm də mən pulsuz olanları qeyd eləmişdim, balım isə pulluya çatırdı, pulsuza düşə bilmədim və beləcə iki il kəsiləndən sonra peşə liseyində mühasibat və fərdi kompüter operatorluğu üzrə oxudum. Amma o istiqamətdə də çalışmadım.

- İşləmədiyiniz halda belə, aktiv qalmağı bacarıbsınız…

- Mən daim öz üzərimdə işləyirəm, kitablar oxuyuram, yazılar, məqalələr yazıram, uşaqlarımla məşğul oluram. Hələ mənim üçün ali təhsil almaq da gec deyil. Ali təhsil almaq, işləmək istəyirəm. Sadəc,ə indi uşaqlar balacadır deyə, vaxtımın daha çoxunu onlara sərf edirəm, bir az böyüsünlər arzularım, planlarım çoxdur.

- Bu, gəlirsiz, könüllü bir fəaliyyətdir. Bəs motivasiyanız nədir?

- Mənə ruh verən uşaqların, səsləndirdiyim nağılları bəyənməsidir. Uşaqlar onu dinləyəcək, onlara faydası olacaq. Şəbnəm xalaları onları sevindirəcək. Uşaqlar əyləncə kimi yanaşsalar da, nağılın onlar üçün faydası böyükdür. Onların xəyal dünyası genişlənir, canlı və cansız aləmi, xüsusiyyətləri, obrazları öyrənirlər, söz ehtiyatları zənginləşir. Gecə nağıl oxunması da uşaqların yuxuya rahat getmələrinə vəsilə olar. Sözsüz ki, bu zaman nağıl seçiminə də diqqət eləmək lazımdır. Daha önəmli bir şeyi də vurğulamaq istəyirəm. Analar mənim səsləndirdiyim nağılı dinləyib, uşaqlarına özləri danışsalar, daha da gözəl olar, çünki ana nağıl oxuyarkən, uşağın yanında olur, bir yerdə faydalı, maraqlı bir zaman keçirmiş olurlar. Əgər ananın səsləndirməsi alınmırsa, uşaq mənim səsimlə dinləyəndə belə, anaları yanında olsa yaxşıdır. Dinlədikdən sonra nağılı müzakirə edər, bir-birləri ilə keçirdikləri hissləri paylaşarlar. Mənəvi cəhətdən nağılın əhəmiyyəti çoxdur, sadəcə, gərək faydalı olanı seçəsən.

- Kanalınızda müəyyən qədər nağıl yerləşdiribsiniz. Bunu genişləndirmək fikriniz var?

- Əlbəttə, yuxarıda da qeyd etdiyim kimi, qızım üçün çıxdığım bu yolda, onunla topladığımız nağıl siyahımız zəngindir. Zamanla hər birini səsləndirəcəyəm. Onu da qeyd edim ki, hələ nə qədər nağıllar da var ki, onları özüm qoşmuşam. O nağılları mətn halında yığıb saxlayıram. Hələ ki, onları səsləndirmək haqda düşünmürəm, çünki, imkan olsa gələcəyə kitab halına salmaq kimi planlarım var. Amma inanıram ki, səsləndirsəm onlar da bəyəniləcək. Çünki uşaqlar üçün faydalı nağıllar olmasına çalışıram.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər