• şənbə, 20 Aprel, 18:03
  • Baku Bakı 24°C

“Mən özüm kimiyəm” - Fotolar

08.09.16 13:14 6832
“Mən özüm kimiyəm” - Fotolar
Yeni mövsümdə telekanallar bir sıra yeniliklər etdiyindən biz də televiziya məkanında ən çox uğur qazanan, reytinq toplayan layihələrin rəhbərləri ilə görüşüb sizlərə "Seçilənlər” rubrikasını təqdim edəcəyik. Bu rubrikada layihə rəhbərləri və aparıcılar iştirak edəcək.
İlk müsahibimizi isə, yəqin ki, yaxşı tanıyırsınız. Yaşlı və orta nəslin nümayəndələri onu "işgüzar oğlan”, "zəhmətkeş oğlan” adlandırır. Bəli, o, "İş həmişə var” layihəsi ilə tanınan və "Toy əhvalatı” layihəsi ilə sevilən və hazırda sizlərin görüşünə "Çox gəzən bilər” layihəsi ilə gələn Fərid Rəsuldur.Gənc aparıcı ilə Qış parkında görüşdük. Nə üçün bu qədər sevildiyinin sirrini açmağa çalışdıq. Deyəsən, açdıq da.Fərid Gözəlov atasının adını götürüb və bəlkə də elə bu ad ona uğur gətirib. O, Neftçalada dünyaya gəlib və orta təhsilini orada alıb. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirsə də, "Universitetim, praktikam, iş yerim ATV olub” deyir.
- Fərid bəy, istərdik bizə ilk olaraq Sizi televiziyaya gətirən yoldan danışasınız.
- Universitetə qəbul olar-olmaz işləməyə başlamışam. Belə ki, tələbə adını qazandıqdan iki ay sonra iş üçün ATV telekanalına müraciət etdim. Seçim turlarından keçdim və o gündən etibarən televiziyada çalışıram. "İş həmişə var” layihəsinə qədər televiziyada müxtəlif vəzifələrdə çalışmışam. Müxbirlikdən başlayıb, operator, montajçı işləmiş, hətta rejissorluq belə etmişəm. Demək olar ki, televiziya sahəsində bütün işlərdə özümü sınamışam. 2012-ci ildə müxbirlikdən aparıcılığa keçdim, üç aylıq yay layihəsində aparıcı kimi çıxış etdim. 50 manat pula Azərbaycanın regionlarını gəzirdim. Bu, aparıcı kimi mənim ilk işim idi.
- Bəs Sizə uğur gətirən "İş həmişə var” layihəsi necə reallaşdı?
- Beynimdəki ideyanı həyata keçirmək üçün çevrəmdəki insanlarla məsləhətləşdim. Kimin yanında belə bir ideyamın olduğunu desəm də, heç kim bunun uğur qazanacağına inanmırdı. Dedilər ki, Azərbaycan kiçik bir ölkədir və iş yerləri çox azdır. Ona görə də sənin həyata keçirmək istədiyin bu layihə heç də uzun çəkməyəcək. Ancaq danılmaz faktdır ki, bu layihə üç ildən çoxdur ki, davam edir. Elə düşünürəm ki, verilişin özü də, adı da çox uğur qazanıb. Məni küçədə görən tamaşaçılar çox vaxt adımı bilməyib, "İş həmişə var” deyirlər. Bu da verilişin uğurunun göstəricisidir.
- Yəqin ki, bu uğurlu layihəni hazırlamaq üçün bir çox çətinliklərlə üzləşmisiniz.
- Əlbəttə. Heç bir iş asan başa gəlmir. Şükürlər olsun ki, bütün çətinlikləri dəf edə bildik. Uğur qazanmaq üçün əziyyət qaçılmazdır. Həyatda kimdənsə nəsə gözləmək lazım deyil. İnsan çalışmalıdır ki, hər şeyi özü əldə etsin. Qarşına məqsəd qoyanda bütün çətinliklərə asanlıqla sinə gəlirsən. Bu layihəni həyata keçirmək üçün ilk çəkilişdə Balaxanı zibilliyinə getdim, küçələrdən zibil yığdım. Hamı mənə baxıb iradını bildirirdi. Görürdüm ki, bu, Azərbaycanda olmayan bir işdir, heç kim bu layihəni etməyib və bu, bizim teleməkanda bir yenilik idi. Göstərdiyim proseslər tamaşaçılara çox maraqlı idi. Onlar üçün də maraqlı idi ki, gündəlik tullantılar hara gedir və onlar hansı proseslərdən keçir. Bu verilişi çox əziyyətlə çəkdik. Bir həftə zibillərin iyi üstümdən getmədi. İlk işim olduğu üçün mənə çətin gəldi. Hərdən çətinliyə düşəndə zarafatla deyirəm ki, biz zibillik görmüş uşaqlarıq, bunlar bizim üçün nədir ki?
- "İş həmişə var” layihəsində bu günə qədər nə qədər iş yerində olmusunuz?
- Yüzdən çox iş yerində olmuşuq. Bilirsiniz ki, verilişimiz həftəlik olaraq yayımlanırdı. 2016-cı ildən etibarən ayda iki dəfə yayımlandıq.
- Hansı işi yarıtmamısınız?
- Demək olar ki, üzərimə düşən işlərin hamısını yarıtmışam. Çox az hissəsini, 20-30 faiz olar ki, yarıtmamışam.
- Hansı işdən gəlir əldə etmisiniz?
- Avtobus sürücüsü kimi işləyib pul qazanmışıq. 10-15 manat gəlirimiz oldu. Bir reysi 20 qəpikdən yığdıq.
- Çalışdığınız hansı peşələri özünüzə daha yaxın hiss etmisiniz?
- Hər peşənin öz çətinliyi var. Uşaqlıqdan arzulayırdım ki, gələcəkdə jurnalist, ya da rejissor olum. Çox şükür ki, bu arzuma çatdım. Amma heç zaman aparıcı olmaq istəməmişəm. Düzdür, hazırda işimi çox sevirəm. Həvəs olmadan bir işi görmək mümkün deyil. Çəkilişlər zamanı şahidi oldum ki, insan işini həvəslə görəndə daha xoşbəxt olur. Misal üçün, bir qaynaqçı çox az maaş alır, ancaq elə həvəslə işləyir ki, insan ona qısqanclıqla baxır. Elə qaynaqçı da var ki, çox maaş almasına baxmayaraq, işini yola verir.
- Bəs "Toy əhvalatı” layihəsi necə yarandı?
- "Toy əhvalatı” layihəsi hələ ki yenidir- 7-8 aydır yaranıb. Bu, mənim beynimin məhsulu deyildi. Televiziyalarımızda buna oxşar layihələr çox idi deyə bu layihədə iştirak etmək istəmirdim. Ancaq biz bu layihəyə bir qədər fərqlilik qatdıq. Belə ki, verilişin məğzini saxladıq və məşhurları toylara aparıb işlətmək qərarına gəldik (Gülür).
- Sizə elə gəlmirmi ki, bu layihə "İş həmişə var”ın davamıdır? Nəticədə şou əhli də toya gedib, oxuyub geri dönmür, işləməyə gedir.
- Əslində, elədir. Müğənniləri apardığımız toylarda işlədirik.
- Fərid Rəsul harada varsa, orada iş var...
- (Gülürük) Elə də demək olar. Hazırda çəkilişlərimiz davam edir. Hətta müğənnilərimiz deyirlər ki, bundan sonra bizi toylara kababçı, sürücü kimi çağıracaqlar.
- Gəlin qəbul edək ki, toy tipli yüngül janrlı verilişlər daha çox izlənilir.
- Mən bu fikirlə razıyam. "İş həmişə var” layihəsində biz çox əziyyət çəkirik. Ancaq sonunda izləyicilərin əksəriyyəti daha çox gənclər olur. Yaşlı nəslin nümayəndələri küçədə məni görəndə bildirirlər ki, övladımız özünə başqa peşə seçmişdi, sizə baxandan sonra peşəsini dəyişdi. Bu veriliş tamaşaçıların maariflənməsində, iş seçimində çox kömək olur. İnanıram ki, bu layihədə insanlara faydalı ola bilmişik. Ancaq nə edək ki, tamaşaçıların televiziyaya baxışı sırf toy verilişlərinin səviyyəsi qədərdir. Onlar toyla bağlı verilişləri çox xoşlayırlar. Çox insan mənə deyir ki, o verilişdən sonra niyə toy verilişi apardın? Mən aparıcıyam və bu, mənim borcumdur. İlk efirimiz günorta yayımlanırdı və günorta yayımı üçün böyük bir reytinq əldə etdik. Bu günə qədər "Toy əhvalatı”nın aşağı reytinqi olmayıb.
- "İş həmişə var” layihəsində şirkətlər sizə müraciət edir, yoxsa siz şirkətlərə?
- Çox zaman şirkətlər bizə müraciət edirlər. Misal üçün, AZAL bizə müraciət etdi. Halbuki indiyə qədər heç kim orada nə şəkil çəkmiş, nə də reportaj hazırlamışdı. Çünki buna icazə verilmirdi. Biz orada helikopter servisindən tutmuş təyyarənin havaya qalxmasına qədər hamısını çəkdik. Bir ay o layihə efirdə oldu.
- Biz Sizi müxbir kimi də efirdə görmüşük.
- Bəli. Az əvvəl qeyd etdiyim kimi, müxtəlif vəzifələrdə çalışmışam. "Bizim səhər” verilişində mədəniyyət müxbiri kimi çalışmışam. O vaxtlar tədbirlərə gedəndə arzulayırdım ki, kaş ciddi tədbirlərə gedəydim. İlk dəfə olaraq canlı yayıma qoşuldum, veriliş gedə-gedə canlı yayım edirdim. Şəhərin müxtəlif yerlərindən canlı olaraq efirə qoşulurdum. Səhər-səhər bulvarda müğənnilərlə səhər idmanı edirdik.
- Sizcə, layihələrinizin bu qədər uğur qazanmasının səbəbi nədir?
- İnsan uğurun ardınca getmir, uğur insanın ardınca gedir. Mən özüm kimiyəm. Yəni efirə çıxanda özümü, keçmişimi unutmamışam. Düşünürəm ki, məni tamaşaçılara sevdirən də budur – özüm kimi olmağım. Bir də layihələrimdə çalışmışam ki, sıravi vətəndaşı, xalqın nümayəndəsini onlara olduğu kimi göstərim. Tamaşaçı ekranda öz portretini görmək istəyir. Hər hansı xalq artistini deyil, sadəcə, özü kimi insanları daha çox görmək istəyir. Azərbaycanın 80 faizi bölgələrimizdən ibarətdir. Rayon insanları tarladan, heyvandarlıqdan gəlib yorğun halda televiziyada maraqlı bir şey izləmək istəyir. Biz media nümayəndələri insanları hansı istiqamətə yönləndirsək, onlar da o istiqamətə gedirlər. Hansısa bir layihə çəkirəmsə, çalışıram ki, o layihədə insanlara nəyisə öyrədim. Misal üçün, "Toy əhvalatı”nda tamaşaçılara milli adət-ənənələrimizdən də bəhs edirəm. Hər bölgənin özünəməxsus bir adəti var.
- Mir Səməd Cəfərli ilə yeni bir layihəyə başlamısınız. Xeyirli-uğurlu olsun.
- Təşəkkür edirəm. Layihənin adı "Çox gəzən bilər” adlanır. Bu, Azərbaycan teleməkanında bənzəri olmayan, ölkənin ilk avtoturne layihəsidir. İdeya mənə məxsusdur. Verilişi həmkarım Mir Səməd Cəfərli ilə birgə aparırıq. Qeyd edim ki, həmkarım əvvəl buna oxşar "Turne” adlı verilişin aparıcısı olub. Bu layihədə Bakıdan maşınla çıxıb, Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Sloveniya və digər ölkələrdən keçib Fransaya qədər getmişik. Təsəvvür edin ki, 21 günə 7 min kilometr yol qət etmişik.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər