• cümə axşamı, 25 aprel, 19:17
  • Baku Bakı 21°C

Mən yalnızca əsərləri sevirəm, müəlliflərini yox

26.04.20 11:45 1425
Mən yalnızca əsərləri sevirəm, müəlliflərini yox
Şahanə Müşfiq: "Məni hazırda ədəbiyyatın və incəsənətin sabahından daha çox insanlığın sabahı narahat edir”
Müsahibimiz bir neçə kitabın müəllifi, Prezident təqaüdçüsü, gənc şair, nasir Şahanə Müşfiqdir:

– Şahanə, adın ədəbi mühitdə çox hallansa da, mənə elə gəlir ki, əslində, kənardasan. Müşahidəm nə qədər doğrudur?
– Deyə bilərəm ki, tam doğrudur (gülür). Həqiqətən də, kənardayam, kənarda olmağı üstün tuturam. Bunun üçün də müəyyən səbəblərim var. Əsas səbəbim isə işim, yaradıcılığımdır. Elə sırf bunlarla məşğulam deyə adım çox hallanır. Qəzetdə işlərim çoxdur. Hər dəfə fərqli yazılar qələmə alıram. Mədəniyyət yazarı olsam da, hərdən bunun kənarına da çıxır, başqa mövzularda yazıram, ya öz istəyim, marağımla, ya da redaktorlarımın tapşırığı ilə. Qısacası, hazırda fəaliyyətimin böyük qismini publisistika təşkil edir. Bundan başqa, bədii yaradıcılığımı diqqətdən kənar qoymamağa çalışıram. Şəxsi mütaliəmi axsatmıram, dissertasiyam üçün araşdırmalarımı davam etdirirəm. Yəni, işlərim çoxdur, mən tək, gün 24 saat. Hamısını çatdırmaq lazımdır axı. Bəzən dostların kitab təqdimatlarına, hansısa işlərinə, görüşlərinə qatıla bilmirəm. Sağ olsunlar, çoxu anlayır məni. Digər tərəfdən isə çox göz önündə olmağı sevən insan deyiləm. Adım yazımla, işimlə hallansın bəsdir.

– Filologiya təhsilin yaradıcılığına nə qədər təsir göstərir?
– Çox. Məncə, yazıçı, şair olmaq üçün istedad əsasdırsa, filoloji təhsil avantajdır. Cümləni filoloji biliyinlə qurursan, onun enerjisini isə istedadınla duyursan. Filoloji təhsil olmasa belə, şəxsi mütaliə olmazsa olmazlardandır.
– Bu günlərdə Türkiyədə kitabın çap olundu. Nə vaxtsa bu mərtəbəyə çatacağına inanırdın?
– Mən heç nə vaxtsa kitab çıxaracağımı ağlıma gətirmirdim ki, bunu da düşünəm. Amma hər zaman özümə, istedadıma, biliyimə və zəhmətkeşliyimə arxayın olmuşam. Düşünürəm ki, bu vaxta qədər də əldə etdiklərim bunların və bunlara dəyər verən insanların sayəsindədir. Türkiyədə fəaliyyət göstərən, bütün Türk Dünyasını əhatə edən Avrasiya Yazarlar Birliyi ilə 2017-ci ildən tanışam. Həmin il onların İstanbulda keçirdikləri Türk Dünyası Gənc yazarlar görüşünə Azərbaycandan qatılan 4 nəfərdən biri idim. Birliyin başqanı Yaqub Öməroğlu Azərbaycan sevdalısı, türk aşiqi, çox dəyərli ziyalıdır. Onlar bir neçə azərbaycanlı yazarın kitabını orada "Bengü" nəşriyyatında çap ediblər. Bu dəfə mənim kitabımı çap elədilər. Əlbəttə, bu işdə də illərdir mənə dəstəyini əsirgəməyən, mənə hər zaman inanan Rəşad Məcidin rolu böyükdür. Ona hər zaman minnətdaram! Kitabı yenə də Azərbaycan sevdalısı xanım yazar, tərcüməçi Ülkü Taşlıova çevirdi və çox gözəl bir ön söz də yazdı. Beləcə, uzun zəhmətlərin və gözəl insanların sayəsində "Şahanenin masalı" doğuldu.

– Rəşad Məcid hər zaman gənclərə dəstək verməsiylə tanınıb. Dediyin kimi, sənə də dəstəyi az olmayıb.
– Bəli. Mənim yaradıcılığımda, publisistikamda bir Rəşad Məcid imzası var ki, bu silinməzdir. Yazıçılar Birliyində ilk tanıdığım insan da o olub. II Gənc Ədiblər Məktəbinə qatılmaq üçün müraciət etmişdim. Onda tələbə idim. Onun haqqında yazdığım yazımda demişdim ki, ilk tanışlığımızda onun telefonda danışdığı kiməsə qışqırmağından qorxmuşdum, nolar dedikləri Rəşad Məcid bu adam olmasın deyə dua eləmişdim (gülür). Amma yaxşı ki də o imiş. Məni GƏM-ə qəbul elədi. Sonra AYB-yə üzvlüyü, gənc yazarlar üçün ayrılmış prezident təqaüdü, Azərbaycanın ən nüfuzlu mətbu orqanlarından biri olan "525-ci qəzet"də iş, "Şahanənin nağılı" kitabım, Türkiyədəki kitabım və sair kimi irili-xırdalı çox dəstəyini görmüşəm. Allah razı olsun!
Ümumiyyətlə, Rəşad müəllim üçün iki əsas meyar var: istedad və zəhmət. O, özünün sonradan dediyinə görə, mənim "Azərbaycan" jurnalında çap olunan şeirlərimi oxuduqdan sonra bəyənib və məni qəzetdə işləməyə dəvət edib. Bu, onun istedada biganə olmadığının göstəricisidir. Bunun kimi onlarla başqa yazarların həyatından nümunələr var. Məni qəzetə dəvət edəndə dedi ki, bax ha, şairlər tənbəl olur, işləmək istəmirlər. Əgər sən də belə edəcəksənsə, indidən işimizi bilək. Dedim ki, müəllim, siz hələ məni tanımırsız, mən işdən qorxan deyiləm, əksinə, işləməyi sevirəm. Düşünürəm ki, bu dörd ildə bircə dəfə də olsun işdən qorxmadım, onun və redaktorlarımın inamını doğrultmaq üçün çalışdım. İnşallah ki, bacarmışam. Bundan sonra da çalışacağam.

– Ədəbiyyatla bağlı olsan da, teatrdan, kinodan yazıların var. Xüsusən teatra böyük önəm verirsən. Hardan gəlir bu sevgi?
– Teatrla tanış olanda çox balaca idim. 3-4 yaşlarım vardı Kukla teatrının aktyorları, xüsusən Rəhman Rəhmanov getdiyim bağçaya gəlib, tamaşa göstərərdilər. Heyrətlə izləyərdim onları, çox sevərdim. Sonra məktəbdə 11 il ərzində anam oxuduğum sinifdə valideyn komitəsinin sədri oldu. Sinif rəhbərimizlə birgə təşkilatçılıq edər bizi müxtəlif tamaşalara, muzeylərə, uşaq tədbirlərinə aparardılar. Gənc Tamaşaçılar Teatrına da ilk dəfə anam aparıb bizi, Mərdəkandakı Nəbatət bağına da. Nəbatət bağına getməyimizə əsas səbəb milyonçu Murtuza Muxtarovun evini görmək idi. Bilirsiniz ki, "Dərviş Parisi partladır" və başqa Azərbaycan kinoları məhz o evdə çəkilib. O bağda Yeseninin ev muzeyi var. Beləcə, teatra uşaq vaxtı anam apardı, öyrətdi, maraq yaratdı, sonradan isə özüm davam etdirdim. Deyim ki, aktrisalığa da marağım, sevgim var. Tələbə vaxtı BDU dram dərnəyinin üzvü idim. Böyük çıxmasın, Hüseyn Caviddən İblis, Səlma Ana, Cəfər Cabbarlıdan Sevil, Almaz, Rəsul Rzadan Vəfa, Məmməd Səid Ordubadidən Qətibə İnanc, İlyas Əfəndiyevin "Unuda bilmirəm"ində Nərmin kimi rolları oynamışam. İndi isə teatrdan yazıram. Çünki yazmaq istəyirəm. O aləm, o insanlar, o səhnə mənə maraqlıdır. Teatrdan teatşünas, bədii əsərdən ədəbiyyatşünas yazmalıdır deyə bir qayda yoxdur ki.

– Teatra ki, bu qədər sevgin vardı, niyə aktrisa olmadın?
– Mənim ədəbiyyat sevgim teatrdan da, jurnalistikadan da yuxarıdadır axı. Bir də ki, ədəbiyyat bunların hamısını öz içində birləşdirir, əridir. Ədəbiyyatı heç zaman dəyişə bilməzdim, dəyişmərəm də.

– Çox məhsuldarsan. Hardan alırsan bu enerjini?
– Ədəbiyyat, yazıb-yaratmaq sevgimdən. Təkcə işləmək üçün yox, yaşamaq üçün də enerjimi bundan alıram.

– Bir gənc olaraq ədəbiyyatın sabahını necə görürsən?
– Ədəbiyyatın da, incəsənətin də sabahına çox inanıram, güvənirəm. Sənət Azərbaycan xalqının qanında, canındadır e, hara da qaçsan, gələcək və tapacaq. Ona görə də narahat olmağa dəyməz. Böhran zaman-zaman bütün sahələrdə yaşanır. Məni hazırda ədəbiyyatın və incəsənətin sabahından daha çox insanlığın sabahı narahat edir.

– Niyə?
– Çünki təkcə Azərbaycanda yox, bütün dünyada insanlığın gedişatı heç də ürəkaçıcı deyil. Hətta bəzən daha qorxulu olur. Bunu da zamanla əlaqələndirmirəm. Biz keçmişdə yaşamamışıq ki. Amma tarixə, o dövrün kitablarına, filmlərinə nəzər salanda insan olanın bəzən bu cür öz yolunu azdığı faktları var. Yəqin ki, indi internet, sosial şəbəkələr vəziyyəti daha gözönünə gətirib. İndi Azərbaycanın hansısa kəndində oturub Amerikanın bir vilayətindəki olaydan xəbər tutursan. Bunlar da istər-istəməz insanda ümidsizlik, depressiya yaradır. Nəsə, Allah sonumuzu xeyir eləsin!

– Bir yazıçı və ya şairdə öncə insanlığa önəm verirsən, yoxsa yaradıcılığa?
– Düzünü deyim, mənim üçün nəinki yaradıcılıq, hər şeydən öncə insanlıq gəlir. Ona görə bəzən əsərini sevdiyim, yazısını xoşladığım müəlliflərlə şəxsən tanış olmamağa çalışıram. Bəzən bu qaçışlarım mümkün olmasa da (gülür). Çünki güvənmir, əsərindən aldığım o enerjini özündən almayacağımdan qorxuram. Xəyallarımın yıxılmağından ehtiyat edirəm. Bir şey də var ki, insanlığında qüsur olan adamın yazısında da mütləq qüsur olacaq. Onun mətnində heç də hər şey əvvəldən axıra kimi yaxşı olmayacaq. Ya da yaradıcılığı tam olmayacaq. Bütün yaradıcılığı boyu mütaliəsinin, istedadının, redaktorunun (gülür) hesabına 1-2 yaxşı deyə biləcəyimiz mətn qoyar ortaya və bu qədər, bununla da tükənər, davamı gəlməz. Çünki içi, qəlbi imkan vermir. Çünki o deyil. Axıra kimi "O” qala bilmək üçün ilk növbədə şəxsiyyət olmalısan.

– Bu mövzuda xəyal qırıqlığı yaşadığın çox olub?
– Bəzən olur, amma çox yox. Çünki mənim heç zaman sevdiyim yazıçı, sevdiyim şair, sevdiyim müğənni, sevdiyim bəstəkarım olmayıb. Mən yalnızca əsərləri sevirəm, müəlliflərini yox. Müəllifin mənimçün çox vaxt elə bir fərqi də olmur. Əsəri oxuyarkən heç vaxt müəllifi haqqında düşünməmişəm, "bunu necə yazıb, bunu necə düşünüb?” kimi romantik suallar verməmişəm. Heç vaxt fikirləşməmişəm ki, "Səfillər”in müəllifi insanlıq mücəssəməsi olmalıdır. Dostoyevskinin 2-3 əsərini oxudum, sevdim, amma "Əbədi ər” romanını sevmədim, daha doğrusu, mənə xitab eləmədi. Durum deyim ki, Dostoyevski mənim ən sevdiyim yazıçıdır, ya da sevmədiyim yazıçıdır? Olmur axı. Ya da mən sevgiyə çox böyük anlamlar yükləyirəm, bilmirəm. Mənimçün "sevdiyim” deyirsənsə, hər şeyini sevməlisən. Sevdiyin yazıçının qələmindən təsadüfi düşən mürəkkəb ləkəsini də, sevdiyin müğənninin ağzını açıb-yummağını da. Bu da gedib fanatikliyə çıxır. Mənimçünsə, həyatdakı ən ağır xəstəlik fanatiklikdir. Bu baxımdan lazım olmadıqca yazıçıların, şairlərin bioqrafiyaları ilə maraqlanmıram. Birinə Orxan Pamukun əsərindən danışıram, onun siyasi görüşlərini qabağıma qoyur ki, niyə oxuyursan? Başqasına Nazim Hikmətdən gözəl bir misra deyirəm. Deyir "Nazim Hikmət bilirsən neçə qadınla gəzib, neçəsini atıb?” Bacım, qardaşım, mənə nə bundan? Yəqin bu xüsusiyyətimlə özümün mütaliəmi və ondan alacağım zövqü sığortalayıram.

– Bu qədər çox işləyən, oxuyan xanımlara adətən, ev işləriylə arası olmur.
– Bu yaxınlarda həftə sonu səhər bir tanışım mesaj yazdı ki, nə edirsən? Dedim ev süpürürəm. Dedi, inanmaram, sən ev də süpürə bilirsən? Bunu ətrafdakı dost-tanışdan çox eşitmişəm, niyəsə mənim ev işləri görə biləcəyimə inanmırlar. Halbuki, ev işlərində də yaxşıyam. Demirəm ki, bütün gün təmizliklə, yeməklə məşğulam, yox. Amma ehtiyac olsa, nə özüm ac qalaram, nə yanımdakını ac saxlayaram, evin təmizliyi də öz yerində (gülür). Həm də qarşısında anaları olan qızlar çox da bu işləri görməzlər. Allah bütün analara can sağlığı versin, mənim anam da elə uşaqlığımdan oxumağıma, sonra da işimə çox dəstək olub. Bununla bərabər ev işlərini də öyrədib. Evi də qəşəng təmizləyirəm, yeməyi də qəşəng bişirirəm. Deyilənə görə, əlimin duzu da var. Düşbərəni, şəkərburanı bükməyi öyrənəndə heç 10 yaşım yox idi. Rəhmətlik nənəmin bir sözü vardı: "Elə mənimçün, öyrən özünçün". Anam da tez-tez təkrarlayardı bu sözü. Mən uşaq olanda dayım bizdə qalırdı. Yadımdadır ki, altı yaşım olanda bir gün anamın xalasının yoldaşıyla bizə gəldilər. Anam evdə yox idi. Onlar üçün qəşəng çay dəmlədim, süfrə açdım, mürəbbəsindən, şokoladından, limonundan hər şey düzdüm süfrəyə. Sən demə qonaq da fikir verirmiş ki, 6 yaşında balaca qız necə məharətlə edir bunları. Anam gələndən sonra məni tərifləyib. Sonra da illərlə onu hər yerdə danışdı. Anam həmişə deyir, səndən arxayınam ki, evinə 50 nəfər qonaq da gəlsə, sən onları çox yaxşı yola verəcəksən. Amma hər gün ev işiylə məşğulam, yemək bişirirəm deyə bilmərəm. İşim, tədbirlər, müsahibələr, evdə olanda yazılar, kitablar o qədər vaxtımı alır, bir də baxıram axşam düşüb.

Söhbətləşdi: Xanım Aydın

banner

Oxşar Xəbərlər