• cümə axşamı, 28 mart, 16:19
  • Baku Bakı 16°C

“Mən xəbərdə böyümüşəm” - Gör-götür

04.10.19 10:00 1761
“Mən xəbərdə böyümüşəm” - Gör-götür
15 ildir ki, televiziyada, xəbər sahəsindədir. Bu müddətdə onu paralel olaraq başqa işlərdə də görmüşük, ancaq xəbərdən uzaqlaşmayıb. Deyir ki, işini, xəbəri sevir. İşinin ən çox sevdiyi tərəfi mətn üzərində çalışmaq, kamera ilə ünsiyyət, səhnədən tamaşaçı ilə enerji mübadiləsi olduğunu deyən müsahibimiz İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi proqramlar departamentinin aparıcısıCeyhun Əlidir.

- Bir xanım videonuza belə bir rəy yazmışdı: "Səliqəli görünüşünüz, səlis nitqiniz var”. Görünüş mövzusuna da gələrik, amma məncə, birinci nitqlə başlayaq. Bilirəm ki, sizin xüsusilə diqqət etdiyiniz məsələdir.
- Yaxşı başladıq (Gülür). Nitq həyat tərzidir. Əgər nitqimin formalaşmasından danışsaq, bu, ailəmizdən gəlib. Formalaşmağımda nənəmin xüsusi rolu olub. Kiçik yaşlarımda mənə nağıllar, qaravəllilər, yanıltmaclar öyrədərdi. Sonra öyrəndiklərimi ona söyləməyimi istəyirdi. Nələrisə düzəldirdi, qeydlər edirdi.

Orta təhsilimi İncəsənət Gimnaziyasında almışam. Orada çalışan pedaqoqlar müxtəlif bacarıq və istedadı ilə fərqlənən şagirdlərə xüsusi diqqət yetirirdilər. Sevinirəm ki, uşaq ikən həmin pedaqoqlardan dərs almışam. Gimnaziyaya qəbul olanda direktor Oqtay Rəcəbovun qəbuluna apardılar və ona Xəlil Rza Ulutürkün vəfatı ilə bağlı yazdığım şeiri söylədim. O da məni Bədii yaradıcılığa yönəltməyi tapşırdı. Həmin dövrdən başlayaraq müəllimlər formalaşmaqda olan bir uşağın üzərində iş aparmağa başladılar.

Sonra isə universitet təhsilinin rolunu vurğulamaq istərdim. Sevinirəm ki, istər məktəb, istərsə də universitet dövründə peşəkar və gözəl insani keyfiyyətlərə malik müəllimlərim olub. Son dövrlərə qədər ibtidai sinif müəllimimlə belə, əlaqə saxlayırdım. Sonra o, evini dəyişdi və əlaqəmiz itdi. Başqa bir müsahibədə də qeyd etmişəm, yenə demək istəyirəm ki, əgər müəlliməm Züleyxa xanım bizim müsahibəni oxusa, bilsin ki, onunla əlaqə saxlamaq istəyirəm.


- İnsanlarımızın səlis nitqə yanaşmasında zamanla hansı dəyişikliyi müşahidə edirsiniz?
- Bizim öyrəndiyimiz dövrə nisbətən, hazırda səlis nitqə yiyələnmək imkanları daha əlçatandır. Həmin dövrdə hansısa məlumatı almaq üçün kitabxanaya getməyə məcbur olurduqsa, indi bu məlumatları əldə etmək imkanları daha genişdir. Bir hadisəni danışım. Bir gün dərs üçün müəllimimi gözləyirdim, onun isə o qədər də çox vaxtı olmurdu. Düşünürdüm ki, müəllim maşını televiziyadan bir az uzaqda saxlasaydı, onu orada qarşılayardım, televiziyanın qapısına çatana qədər də ünsiyyət imkanımız daha çox olardı və vaxt qazanardım. İndi öyrədənlər çoxdur, amma baxır hansı formada. Öyrənmək istəyənlərin olmadığını, ya az olduğunu deyə bilmərəm.

- Deyirlər ki, gözəl danışıq qabiliyyətinə malik olmaq hər kəs üçün böyük üstünlükdür.
- Hər kəs nitqi vasitəsilə özünü təqdim etmiş olur. Bir dəfə diktor Rafiq Həşimov Xorxe LuisBorxesin "Qılınc əlin davamıdır” misalını çəkdi. Mən bunu eşidəndən sonra gündəliyimə bir qeyd etmişdim ki, "nitq ruhun davamıdır”. Bu qənaətə gələndə və fikri kağıza köçürəndə 19-20 yaşım var idi. İstənilən fəaliyyət sahəsində çalışan şəxs nitqi, hadisələrə münasibəti, daxili vəziyyəti ilə özünü təqdim etmiş olur.

- İstər universitetlərdə, istərsə də müxtəlif şirkətlərdə mühazirələr oxuyur və fərdi dərslər keçirsiniz. Biznes mühitindəki rəhbər şəxslərin nitqinin təkmilləşdirilməsi istiqamətində də işləyirsiniz. Düzgün danışıq texnikasına malik olmaq onların işinin keyfiyyətinə necə təsir edir?
- Daha çox etiraf edirlər ki, əvvəllər ana dilimizin bu qədər zəngin, musiqili olduğunun fərqinə varmayıblar. Nitq onların işinə birbaşa təsir edən amillərdəndir. Maraqlı bir məqamı müşahidə etmişəm. Azərbaycan dili ilə bağlı biliklərini artıran şəxslər işgüzar mühitdə onlara qarşı inamın artdığını etiraf edirlər.


- 3-cü kursdan - 15 ildir ki televiziya sahəsindəsiniz. Bu zaman kəsiyi izləyici üçün yəqin ki bir göz qırpımında keçib. Bəs sizin üçün?
- Bəzən hiss edirəm ki, bir göz qırpımında keçib. 35 yaşa necə çatdığımı bilmirəm (gülür). Hərdən düşünürəm ki, 20-25 yaşımdayam və o dövrdən bəri daxili enerji içimdə daha da artıb. Fəqət hansı mərhələlərdən, çətinliklərdən keçdiyimi, hansı nailiyyətlərimin, uğursuzluqlarımın olduğunu düşünəndə, anlayıram ki, elə də qısa zaman keçməyib.

- Bu müddətdə paralel işləriniz də olub, amma xəbərdən tam uzaqlaşmamısınız.
- Xəbəri sevirəm. Çünki xəbər aparıcı üçün sanki, tonusdur. Mən xəbərdə böyümüşəm. ANS-ə gələndə 20 yaşım var idi. Əvvəlcə təcrübəçi diktor, sonra diktor, sonra aparıcı, reportyor, xüsusi müxbir, radioda aparıcı, xüsusi analitik qrupda müxbir və s. Eyni zamanda, yaradıcılığa da meyl edirdim, ona görə xəbərlə məhdudlaşmamağa çalışırdım.

- İşinizin ən çox sevdiyiniz tərəfi nədir?
- Mətn üzərində çalışmaq, kamera ilə ünsiyyət, səhnədən tamaşaçı ilə enerji mübadiləsi. Hər biri ayrı-ayrılıqda təkmil yanaşma tələb edir.

- Bu, 15 ildə adiləşmədi?
- Adiləşsəydi, indi tamam başqa sahə ilə məşğul olardım. Mətn canlıdır və onu necə oxumaq lazım olduğunu özü sənə deyir. Mətn necə səsləndirilməlisini, oxunmasını və təqdim edilməsini natiqdən, aparıcıdan və ifaçıdan gözləyir. Mətni oxumağın ən yüksək səviyyəsi düşünürəm ki, ifadır. Bu zaman nitq sanki, musiqiyə çevrilmiş olur. Bir mətni bir neçə şəxs oxuyur və hər birinin də öz tamaşaçısı və dinləyicisi var. Məşhur bir kəlam var: Söz həmişə xatırlayır ki, əvvəli musiqi olub.
- Məncə, nə qədər işimizi sevsək də, bəyənmədiyimiz tərəfləri də olur. Aparıcılıqda bəyənmədiyiniz tərəf var?
- Vaxtımı çox almasını demək olar. Ancaq mən özüm bunu bir o qədər də hiss etmirəm. Bəlkə də doğmalarıma, dostlarıma istədiyim qədər zaman ayıra bilmirəm. Yəqin onlar bunu daha çox hiss edir və buna görə onlardan üzr istəyirəm.

- Deyirlər ki, insanın xarakteri çalışdığı işlə uyğunluq təşkil etməlidir. Xarakterinizdə əsas nəyi bu sahə ilə uyğun görürsünüz?
- İnadkarlıq.

- İndiyə qədər nəyi inadkarlıq göstərərək əldə etmisiniz?
- Mən təcrübəçi kimi işə başlayanda bir neçə kanalda müsabiqələrdə iştirak etmişəm. Əksəriyyəti "səndə alınmayacaq” tipli cavablar vermişdi. Hətta kanalların birində demişdilər ki, sən hələ uşaqsan, həyat məktəbini keçməlisən. Mən də o sözü gündəliyimə yazmışdım. 10 ildən sonra həmin sözü söyləyən adamla təsadüfən küçədə rastlaşdıq. Bildirdim ki, televiziyada böyüməyə başlamışam (Gülür).


- Bəs özünüz TV-də işçini seçən tərəf olmusunuz?
- Təəssüf ki, hazırda aparıcılar üçün vaxtaşırı müsabiqələr keçirilmir. Amma reportyorların işə qəbulunda iştirak etmişəm.

- Reportyorları seçəndə bəyənmədiyiniz, uyğun görmədiyiniz halda necə davranırsınız?
- İnsanların umduğunu onlardan əsirgəməməyə çalışıram. Mən də telejurnalist, reportyor olaraq formalaşmağım üçün uzun yol, asan olmayan mərhələlərdən keçmişəm. Külək, ayaz, şaxta vura-vura möhkəmlənirsən. Seçim zamanı ilk növbədə müsabiqədə iştirak edən müdavimin işinə sevgisinin olub-olmadığını hiss etməyə çalışıram. Əgər sevirsə, bu zaman ondan istədiyini əsirgəməməyə çalışıram.

- Nəyi indiyə qədər deməmisiniz?
- Bunu indiyə qədər deməmişdim. Əvvəllər çalışdığım yerdə uzun illər nədənsə, axşam efirinə çıxmağımı istəmədilər. Həmişə ustadımız, mərhum Rafiq Hüseynli mənə deyirdi ki, niyə axşam efirinə çıxmırsan? Tale elə gətirdi ki, mənim ilk axşam efirinə çıxdığım gün Rafiq müəllimin Almaniyada dünyasını dəyişdiyi günə təsadüf etdi. Almaniyada getdiyi vaxtdan hər gün həyat yoldaşı ilə telefonla danışırdıq. Efirə çıxmağıma bir saat qalmışdı. Xanımı zəng vurdu, söylədi ki, Rafiq müəllim dünyasını dəyişdi.

- Axşam efiri nəyə görə bu qədər önəmlidir?
- Bu, televiziyada rəmzi məna daşıyan məqamlardan biridir. Ana xəbər aparıcısı daha çox məsuliyyəti üzərinə götürmüş olur. Məhz 33 yaşımda bu işi mənə həvalə edilməsi çox yaxşı oldu. Düşünmürəm ki, daha tez çıxsaydım, keyfiyyətli alınardı. Çünki tamaşaçı oturuşmuş, həyatda müəyyən qədər təcrübə qazanmış insanla ünsiyyət etmək və informasiya almaq istəyir. Beynəlxalq təcrübədə əsas xəbərlər aparıcılara 35-40 yaşdan sonra həvalə olunur.

- Bəzən işçilər özlərini hansısa işi görməyə layiq bilirlər, rəhbər hələ ki o qənaətdə olmur. Bu zaman həmin işçilərin bir qismi narazılıq dolu fikirlər səsləndirirlər. Siz bir az başqa cür yanaşdınız.
- Düşünürəm ki, insan ilk növbədə özü ilə ədalətli davranmalıdır. Yəni heç kim eşitməsə belə, özü ilə açıq söhbət etməyi bacarmalıdır. Məhz bu halda şəxsi keyfiyyətlərini qərəzsiz qiymətləndirməyi öyrənirsən.

- Yəni insan özünü doğru qiymətləndirməyi bacarmalıdır?
- Bu, arzuolunandır. Yəni sən ilk növbədə qəlbinlə danışırsan, sonra beyninlə, sonra nitqinlə.
- Bəzən isə əksinə olur, rəhbərlik layiq görür, kadr işi görə biləcəyini düşünmür.
- Ola bilər və bu, çox yaxşıdır. O artıq anlayır ki, nəyə çatmalıdır. İnsanın seçim hüququnu özündə saxlaması daha yaxşı haldır. Səni möhkəmləndirmək üçün müxtəlif situasiyalara sala bilərlər. Bu, həmin mütəxəssis üçün güclü immunitet yaratmaq istiqamətində bir vasitə ola bilər.
- Sizin xaraktercə çox dəqiq, xırdalıqlara belə həssas yanaşan biri olduğunuzu deyirlər.
- Deyilənlərə qalsa, artıq evliyəm, bir övladım var. Hətta bir dəfə boşandığımı da söyləyənlər olub (gülür). Televiziyada detallar çox vacibdir. İtalyanların məşhur atalar sözü var: Uğur detallarda gizlənir. İşin keyfiyyəti məni xüsusilə düşündürən amillərdəndir.

- Niyə evlənmirsiniz?
- Vaxt yoxdur (gülür).

- Bəlkə bu cəhətdən də xırdalıqlara fikir verirsiniz?
- Xırdalıq deyəndə nəyi nəzərdə tutmaq da insana görə dəyişir. Uğur, müvəffəqiyyət, sosial status, bunların hamısı çox gözəldir. Hər bir insan buna çalışır. Mənə görə həyatda ən çətin olan öz insanını tapmaqdır. Bu günlərdə bir eksperimentlə tanış oldum. Amerikalı araşdırmaçılar 4-8 yaş arası uşaqlara "sevgi nədir?” sualını ünvanlayıblar. Orda müxtəlif maraqlı fikirlər var idi. Mənə ən çox xoş gələn 4 yaşlı bir uşağın fikri oldu. Deyir ki, kimsə səni sevirsə, sənin adını xüsusi tələffüz edir, bilirsən ki, sənin adın onun ağzında təhlükəsizlikdədir.

- Yəni bir az da adınızı elə səsləndirən biri olmalıdır?
- Çalışıram ki, şəxsi həyatımı müzakirə etməyim. Çünki diqqət cəlb edən tərəflərdən ola bilər. Mənim üçün münasibət birlikdə susmağı bacarmaqdır.

- Sosial şəbəkədə aktivsiniz, bu, həm də tamaşaçılara sizinlə rahat əlaqə saxlamaq imkanı verir. Burada tamaşaçılar sizə yazırlarmı?
- Bəli, yazırlar və hətta onların bir qismini özüm üçün saxlayıram. İşimə məsuliyyətlə yanaşmağa çalışıram və zəhmətimin hədər getmədiyini anlamaq üçün tamaşaçı reaksiyası mənə yardım edir. Mən o formada tərbiyə almışam ki, bu sənətdə gözləntim yalnız tamaşaçıdan olub. Müəllimlərim mənə bu sənəti təmənnasız öyrədiblər. Heç bir maraq, daxili təmənna güdmədən təhsil veriblər. Eyni zamanda tamaşaçı üçün çalışmaq hissini aşılayıblar. Tamaşaçıların məni izlməyə, dinləməyə borcu yoxdur. Əgər fəaliyyətimlə onların diqqətini istiqamətləndirə bilmişəmsə, bu mənim üçün xoşdur. Həm də tamaşaçı qarşısında məsuliyyət hiss edirəm. Düzdür, kameraya baxanda tamaşaçını görmək olmur, amma mən onları hiss edirəm. Tənqidi məktublar da olur, bu da normaldır.


- Nə ilə bağlı tənqid edirlər?
- Nə üçün efirdə az təbəssüm edirsiniz və ya az gülürsünüz? Bildirirəm ki, verilişlərin formatı buna imkan vermir. Amma aparıcısı olduğum tədbirlərin formatından asılı olaraq kifayət qədər şən oluram (Gülür).

- Sevgi məktubları yazırlar?
- O da olur (Gülür).

- Sizi efirdə daim rəsmi ab-havada görmüşük. Bu rəsmilik həyatınıza necə sirayət edib?
- Təəssüf ki məni qeyri-rəsmi ab-havada görənlər azdır. Hovuzda, qolf oynayanda, hardasa dincələndə, idmanla məşğul olanda, məni əsasən dostlarım görür. Lakin artıq müasir dövrdə xəbərin təqdimatında da daha rahat olmaq mümkündür. Yəqin ki, yaxın zamanlarda məni rəsmi verilişlərdə bir qədər qeyri-rəsmi tərzdə də görə biləcəksiniz.

- Səliqəli görünüş məsələsinə də toxunaq…
- Mən bu barədə xüsusi olaraq düşünmürəm. Mənim üçün vacib olan daxili səliqədir. Daxili sahmanın qaydasında olmasına çalışıram. Əgər bu zahirə də sirayət edirsə... Daim "belə olmalıyam” deyə düşünmürəm.
Aygün Asimqızı




banner

Oxşar Xəbərlər