• cümə, 19 Aprel, 05:50
  • Baku Bakı 18°C

Mən üç adamam

21.10.19 13:30 1003
Mən üç adamam
Atam yataq xəstəsidir. Son günlərini yaşayır. Bütün ümidim, arzum, diləyim onun sağalıb həyatına qovuşmasıdır. Hələ də anamın bətnindəyəm Uşaqların ana bətnindən ətrafı müşahidə edə bilməməyini kim sübut edə bilib? Sizin başbilən alimlər buna cavab tapmaq üçün hələ çox oxumalıdılar.
Anamın sancıları başlayır. Atam da burda olmağı çox istərdi. Anamın əllərindən tutar, ona ürək-dirək verərdi. Çox istərdi "sevgilərinin meyvə”sini birlikdə dadmağı. Olmayan adım kimi buna əminəm. Atam evdə təkdir. Qulluq edəni zadı yoxdur. Bir anamdı, o da burda canıyla əlləşir.
Uzun sözün mustafası, doğuluram. Çoxunuz doğularkən sizi soyuq tər basıb, üşümüsüz, qorxmusuz, eləmi? Adam sanki isti yorğanını üstündən çəkib özünü atır qarın altına. Həkim məni əlində o yana bu yana çevirir. Sıxır, yelləyir. "Ağrı” adlandırdığınız hissi ilk o zaman dadıram.
Anam həkim köməkçisini yanına çağırıb yavaşca:
- Zəhmət olmasa, telefonumu verə bilərsizmi?
Köməkçi həkim dikdaban səsinin həzin müşayiəti ilə nazlı-nazlı telefonu anama verir. Anam həyəcanla, telefonun düymələrini qarışdıraraq nəhayət atamın nömrəsin tapır, şad xəbəri çatdırır. Birlikdə başlayırlar ağlaşmağa.
Anam atamla xəstəxanadan çıxmasına bir gün qalmış danışmaq istədi sonuncu dəfə. Nə qədər zəng vurdusa, atamın telefonuna ya zəng çatmadı, ya da sönülü oldu. Atam keçindiyini sonradan öyrəndik. Mənim doğulmağım xəbərinə sevindiyi üçün ürəyi partladığını eşidəndən "balaca qatil” ifadəsi beynimi məşğul eləyir, eləyir.
Atamla birlikdə sevinməyi də dəfn etdim. Sevinə bilmədim, sevinmək istəmədim ya da sevinmədim. Anam məni min əziyyətlə böyütdü. Məktəbə yolladı. Məktəbdə uşaqlarla isnişə bilmədim. Çoxluq içində təklik oldum. Heç kimi özümə yaxın qoymadım. "Təkəbbürlüdür”, "yekəxanadır” dedilər. Min söz qoşdular. Heç kimə aldırmadım. Bir-iki dəfə cəhd etdim dostlarımla qaynayım, qarışım, bacarmadım. Olmadı ki, olmadı. Təkcə oturub çoxlu kitab oxudum. Ədəbiyyatı sevdim, oxşadım, qucaqaldım. Anamın xadiməlikdən qazandığı pulları kitaba verdim. Nəhayət universiteti qazandım. Yüksək bal topladım. Ölkə ikincisi oldum. İlk dəfə anamı on yeddi yaşım olanda sevindirdim. Qonşular "xadimə parçasının oğlu qədər də olmadın” deyə-deyə şapalaqladılar uşaqlarını.
Kaş atam da bunu görərdi...
Gəl ki, sevinə bilmədim, bacarmadım.
Tələbəlik illərim də sən deyən yaxşı olmadı. Uşaqlardan yenə uzaq gəzdim, dolandım. Yaxınlaşmaq istədim yaxınlaşa bilmədim onlara. Bir gün qrup yoldaşım Həyat mənə dedi:
- Ən yaxşısını sən edirsən, onsuz da dörd ildən sonra it yiyəsini tanımayacaq.
Bu söz sonralar mənə təsəlli oldu. Özümə təskinlik verdim, verdim.
Son kurslarda bir qız sevdim. Qız da məni sevdi. Mənim fərqliliyim, yaraşığım, nitqim və kitab aşiqi olmağım onu cəlb etmişdi. Axı bu qızlar qaradinməz yaraşıqlıları, onlara hər şeyi qadağan edən kişiləri daha çox sevirlər. "Kişi dediyin ciddi olar” ifadəsini yəqin belələri yaradıb.
Kitabxanada başlayan söhbətlərimiz yavaş-yavaş, narın-narın köçdü mesajlara, məktublara. Beləcənə başladıq, nə başladıq. Eyni kitabları oxuyub müzakirə etdik, fərqli məkanlarda, fərqli evlərdə.
Anamın da qocalıb əldən, ayaqdan düşən vaxtlarıdır. Deyirəm yaxşı ki, bir-iki qəzetdə dostum, tanışım var. Qəzetlərə yazmaqla qazandığım pullarla dolanırıq. Artıq anamın bu yaşda ev süpürməsini, küçə təmizləməsini özümə yaraşdırmıram. Bacardıqca ona qulluq edirəm, dərmanlarını alıram. Bir tərəfdən də evlənməyi düşünürəm, anamın bu namərd dünyadan nagüman getməsini istəmirəm.
Qızla uzun zaman danışsam da adını soruşmamışam. Mən ona "qızcığazım” o isə mənə "bəybala” deyir. İlk vaxtlarda ona adımı, üstəgəl, öz adımla xitab edə biləcəyini də dedim. O isə cavabında adını demədi. Görünür ki, xoşu gəlirmiş ona "qızcığaz” deməyimdən.
Bir gün ona məktub yolladım. Münasibətimizi ciddiləşdirmək istədiyimi dönə-dönə vurğuladım. Qız məndən zaman istədi. Bir neçə ay da belə getdi. Nəhayət, cavab aldım. Qız təklifimə müsbət yanaşdı. Elə səmimi və isti məktub yazdı ki, az qaldı ağlayam.
Atamı, özümü və o qızı içimdə yaşada-yaşada yalqız həyatıma davam edirəm.
Hər gün, hər gün beynimi çəkic kimi döyəcləyirəm bu cümləylə "kaş ki, adın Sevinc olmasaydı...”

Yezqar Cəfərli
banner

Oxşar Xəbərlər