• cümə, 29 Mart, 02:53
  • Baku Bakı 7°C

“Mən həmişə Azərbaycanın müstəqilliyinə xidmət etmişəm” - Bizim qonaq

28.05.16 09:55 3577
“Mən həmişə Azərbaycanın müstəqilliyinə xidmət etmişəm” - Bizim qonaq
Xalq şairi, tanınmış ictimai-siyasi xadim Sabir Rüstəmxanlı 70 illik yubileyi günlərində "Kaspi”nin qonağı oldu. "Şöhrət” ordenli yazar söhbətində ədəbiyyatdan, poeziyadan danışdı, milli-mənəvi dəyərlərimizin qorunmasından söhbət açdı. Həyatının ötüb-keçən illəri ilə bağlı xatirələrini çözələdi...
Bizim qonaq qədim "Kaspi”nin çağdaş nəşrinin keçmiş ənənələri qorumasını da yüksək dəyərləndirdi.
Hər şey keçib gedir, qalan sözdür

– Sabir bəy, sizi "Kaspi” qəzetində salamlayır və 70 illik yubileyinizi təbrik edirik. Siz dəyərli söz sahibi, fikir adamısınız. Sizin bütün yaradıcılığınız bu milləti ayaqda saxlayacaq milli yaddaşdır.
- «Kaspi» mənə doğma qəzetdir. Azərbaycan ziyalılarına, milli mənəvi dəyərlərinə qiymət verdiyinə görə bu qəzetə xüsusi önəm verirəm. Bu gün mətbuat çox şaxələnib, genişlənib, amma bu, xeyirdən çox ziyan da vurur. Cəmiyyətimizdə sözü ucuzlaşdıran və sözü mənəvi dəyərdən çıxarıb dava obyektinə çevirən, cəmiyyətdə kini artıran, sevgini azaldan mətbuat orqanları da var. Mətbuat əslində milli dəyərlərə söykənməlidir. Bizim «Əkinçi»dən başlamış mətbuatımız əslində o dəyərləri qoruyub. Daha sonra «Şərqi-rus», «Molla Nəsrəddin», «Fyuzat» qəzet və jurnallarının indiyə qədər yaşamasının səbəbi həmişə millətin yanında olması olub. «Kaspi» də köhnə ənənələri olan qəzetdir. Digər tərəfdən, ədəbi orqanların tirajı azalıb. «Azərbaycan» jurnalı 600 nüsxə çap olunur. Amma vaxtilə 20-30 min nüsxə çıxırdı. «Ədəbiyyat» qəzeti vaxtilə 80 min tirajla dərc olunurdu. Belə bir vəziyyətdə ölkədə «Kaspi» kimi bir qəzetin nəşri, həmçinin onun "Ədəbiyyat” əlavəsinin olması hamımızı sevindirir. Bu, həm də ədəbiyyat işinin millətiin varlığı üçün nə qədər vacib olduğunu göstərir. Hər şey keçib gedir, qalan sözdür. Tarix sözdən başlayır. Söz olmasa, millətin tarixi olmaz. Sözü qoruyan da ilk növbədə ədəbiyyat adamlarıdır. Bu baxımdan, ədəbiyyat adamlarına xüsusi sayqı ilə yanaşmaq mədəni səviyyənin göstəricisidir. Söz elə bir gücdür ki, taleyini ona bağlayan adamlar ölmürlər. Bu millətin yaddaşı, hafizəsi durduqca onun sözü yaşayır. Sözün yaşayırsa, demək özün də yaşayırsan. Sözlə var olmaqla mənəvi var olmağın fərqi yoxdur. Bu gün Füzulinin, Nizaminin sözünü hansı maddi dəyərə çevirmək olar? Bu gün Vahidin, Seyid Əzimin qəzəlləri hər yerdə oxunur. Məncə, ədəbiyyat və söz adamları bunun fərqində olmalıdırlar.
– Sizin özünüzlə də bağlı müəyyən fikirlər yazılır, səslənir. Bunları necə qəbul edirsiniz?
– Bəzən məndən "Sənin haqqında bu qədər xoş sözlər danışırlar, kitablar yazırlar. Heç tənqid olunursan?” deyə soruşanda "Yox” cavabı verirəm. Doğrudan da, ciddi şəkildə kitabımı götürüb araşdırsınlar, ortaya ədəbi tənqid qoysunlar – belə şey nə görmüşəm, nə də eşitmişəm. Ancaq 20 ildir ki, mən təhqir olunuram. Tənqidsə başqa şeydir. «Meydana niyə çıxıb?», «Çıxıbsa yəqin onu öyrədib göndəriblər», «Niyə cəsarətli və ya qorxaq danışır», «Parlamentə niyə gedir?», «Bəlkə hökumət göndərib?» və s. fikirlər səsləndirirlər. «Hökumət bizim hökumətdirsə neyləməliyik?». "Əgər hökumət kimisə kimdənsə fərqləndirib parlamentə yol açırsa, ona mane olmursa, bu o demək deyil ki, sən hökumətə satılmısan. Digər tərəfdən, bu milli dövlətdir. İndiki milli təhlükəsizlik də bizimdir, dövlət də. Bu, sovet dövrünün təyin etdiyi hakimiyyət deyil. Rusun KQB-si deyil. Ona görə dövlətlə hər əməkdaşlığın üzərinə kölgə salmaq olmaz. Dövlətimiz inkişaf edir. Azərbaycan cəmiyyəti üçün bəzi saytlar və mətbuat orqanları üz qarasıdır. Millətə söyüşü, təhqiri, insanları aşağılamağı onlar öyrədir. Mən millətin sevgi ilə dolu olmasını istəyirəm. Millət bir ailənin övladı, uşağı kimi bir-birini sevməlidir. Amma onlar millətin ziyalısını təhqir edirlər. Sənin Sabir Rüstəmxanlı ilə sözün varsa qoy kitabını qarşına, denən ki, pis yazıb, filan yerdə səhv deyib və s. Mən özüm «Ədəbiyyat» qəzetində Tənqid şöbəsinin müdiri işləmişəm. Azərbaycan mətbuatında qəzetin bir sayında və bir səhifəsində iki rəyin birlikdə verilməsinin əsasını qoymuşam. Düzdür, ona görə sonralar məni işdən çıxardılar, amma bir müddət keçəndən sonra yenidən bərpa olundum. Yəni mən tənqidin tərəfdarıyam. Ancaq bizim cəmiyyət ya tərifləyib göyə qaldırır, ya da təhqir edib yerə çırpır. Məni üzən budur. Yoxsa 70 illiyimdə bir soyuq, boğazdan yuxarı deyilən söz eşitmədim.
- Keçən il sizin, daha sonra Bəxtiyar Vahabzadənin haqqında yazmışdılar. Ondan əvvəl Mirzə Cəlil, Hüseyn Cavid haqqında yazmağa başladılar. Sabiri, Bəxtiyarı, Mirzə Cəlili, Hüseyn Cavidi – millətin milli-mənəvi dəyərlərini qaralayanlar xaricdən himayə olunanlardır. Onlar Azərbaycanın ziyalı təbəqəsindən deyillər. Əlbəttə, cəmiyyətdə doğru tənqid sağlam fikri inkişaf etdirməlidir. Əsas odur ki, siz bu 70 ildə sevgidən başqa naqis bir fikirlə rastlaşmadınız. Şairin sözü millətinə, dövlətinə sevgi təbliğ edirsə, o poeziya əbədi yaşayacaq.
– Mənim çox illər əvvəl yazdığım «Ən uzun şeir» adlı, amma əslində iki misradan ibarət yazdığım bir şeirim var:
Günəşə açılan çiçəklər kimi
Ürəyim açıqdır yaxşılıqlara...
Bütün ömrüm boyu əziyyətli həyat yaşamışam. Ancaq həyatda gördüyüm pisliklər eynimə gəlməyib. Ömrüm boyu insanlara yaxşılıq etməyə çalışmışam. Bu gün bir çox ziyalılar, hətta akademiklər var ki, «Ədəbiyyat» qəzetində onların ilk yazılarını mən çap etmişəm. Sevinirəm ki, o yaxşılıqlar sonda itmir, hardasa yenidən üzə çıxır.
Bu savaş onu göstərdi ki...
– İnqilabdan sonra Rusiyada Vladimir Mayakovski intihar edəndə Marina Svetayeva onun haqqında "On bir il idi insan Mayakovski şair Mayakovskiyə zülüm verirdi. On birinci ildə şair Mayakovski cəsarət tapıb insan Mayakovskinin canını aldı”, - deyə yazırdı. Bu illər ərzində içinizdə şair Rüstəmxanlı ilə insan Rüstəmxanlının mübarizəsi gedibmi? Əgər gedibsə, onların hansını qalib tərəf kimi görürsünüz?
- Şair Rüstəmxanlı ilə insan Rüstəmxanlı arasında heç vaxt ciddi bir savaş, anlaşılmazlıq olmayıb. Amma siyasətçi, millət vəkili Rüstəmxanlı ilə insan Rüstəmxanlı arasında müəyyən fikir dartışmaları olub. İnsan Rüstəmxanlı güzəştə gedəndə, bəzən prinsiplərinə axıra qədər sadiq qala bilməyəndə təbii ki, şair Rüstəmxanlı onu dara çəkir, cəzalandırır. Bəzən elə olur ki, aylarla şeir yaza bilmirsən. Ancaq şairlik bir az xilas yeridir. Mən nazir işləyəndə bir şeir yazmışdım:
Lənət olsun bu vəzifə millətinə,
Açmaq olmur, köhnə kilid, köhnə açar.
O sirlər ki, dərd artırır millətimə,
Mən demədim, mən açmadım, tarix açar...
Mən meydan hadisələrində çox şeylər görürdüm: hansı hakimiyyət davaları gedir, kim hansı məqsədə xidmət edir, Qarabağ savaşını necə oldu uduzduq və s. Onları millətə demək olmazdı. Təbii ki, bunları görüb deyə bilməyən yerdə şair dara çəkilir.
– Siz azadlıq üçün çalışırdınız. Bu arzunuza çatdınız – Azərbaycan müstəqil oldu. O dövrün coşqun şeirləri sonradan həmin arzuya çatıldı deyə bir qədər ruh düşkünlüyü yaratmadımı? Adətən deyirlər ki, zirvədən zirvəyə yol yoxdur, mütləq aşağı eniş olmalıdır.
- Mən həmişə Azərbaycanın müstəqilliyinə xidmət eləmişəm. Azərbaycanın Rusiyadan qopmasına xidmət eləmişəm. Ona görə də o dövrə qədər olan yaradıcılığımla müstəqillik illərindəki yaradıcılığım arasında xüsusi ziddiyyət yoxdur. Bundan sonra 50 il də yazsam, yenə olmayacaq. Müstəqilliyin nə qədər çətinlikləri olsa, yenə də mənə çox əzizdir. Müstəqillik mənim idealımdır. Biz müstəqilliklə Qarabağ savaşını bir-birinə qarışdırmamalıyıq. Qarabağ savaşı Rusiyanın və qonşularımızın o müstəqilliyin qarşısını kəsmək üçün ortalığa atdığı bir bəla idi. Çalışıblar bizə müstəqilliyin dadını hiss etməyə bizə imkan verməsinlər. Savaş gəlib o müstəqilliyin böyründə yara kimi qaldı. Bədənimizin yarısı iflicdir. Qarabağ savaşdır - müstəqil olsan da, olmasan da onun uğrunda savaşacaqsan. Müstəqillik isə Azərbaycanın tarixi qələbəsidir, onu heç vaxt gözdən salmaq olmaz.
– Aprel döyüşlərində gözləmədiyimiz halda böyük vətənpərvərlik nümunələrinə rast gəldik. Heç bir komanda olmadan cəmiyyətin bir nöqtəyə vurmasını müşahidə etdik. Amma bundan əvvəl söhbətlər gəzirdi ki, xalqın ruhu ölüb, gəncliyi vətənpərvər ruhda böyütmək çətin olacaq və s. Ancaq hadisələr göstərdi ki, Qarabağ sevgisi insanlarımızın canına hopub. Siz ümumiyyətlə, aprel döyüşləri ilə bağlı cəmiyyətdəki ictimai-siyasi vəziyyəti, reaksiyaları necə qiymətləndirirsiniz?
- Azərbaycan gəncliyi mürəkkəb bir dövrdən keçib. Bu gənclərin bir hissəsi Rusiyada – Azərbaycandan köçüb getmiş ailələrdə böyüyüb. Onlar rus məktəbində oxuyublar və rusdillidirlər. Gənclərin bir hissəsi Türkiyəyə işləməyə gedən ailələrdə dünyaya gəliblər. Onlar ümumiyyətlə, məktəb görməyiblər. Başqa bir nəsil var ki, onlar çadırlarda doğulublar. Onların arasında yazıçılar, şairlər də var. Ona görə bizim yaşlı nəsillər cavan şairlərə hirslənəndə mən "onların günahı yoxdur. O uşaqlar bizim övladlarımızdır, onlar harada doğulub, hansı yolu keçib, diqqət edin...” deyirəm. Bir qisim yazıçılarımız şənliklərdən, sovet dövrünün rahat yaşamalarından məhrum olublar. Moskva, səyahətlər, Yazıçılar İttifaqının ezamiyyətləri, ordenlər, medallar – hamısından əlləri üzülüb. Onlar üçün indiki dövr bir qədər sıxıntı yaranır. Ona görə də Rusiyaya bağlı olan nəsillər bir qədər xiffət keçirirlər. Ancaq o nəsil ki, çadırlarda doğulub, həyatın içindən çıxıb gəliblər, o rəzalətləri, millətin məğlub olmasını, uduzmasını, aşağılanmasını görüblər – onlar yara almış nəsildir. Buna rəğmən gənclik bu gün Vətənə bu qədər bağlıdırsa, bütün əzabların üstündən keçib yenə «Mən vuruşaram» deyirsə, bu, qəhrəman bir nəsildir. Heç vaxt gəncliyi ittiham etmək olmaz. Bu gün Azərbaycana, bəlkə də türk dünyasına qarşı genetik savaş gedir. Bu savaşda nəsil, qan dəyişdirməkdən başlamış yeməklərə, televiziya verilişlərinə, informasiya müharibəsinə qədər millətin üstünə gəlirlər. Bütün bu hücumlara baxmayaraq, millət öz yerindədir. Xalq ruhunu qoruyub saxlayıb. Əlinin zəhməti ilə dolanan, saf, sadə, torpağa bağlı olan, əli qabarlı fəhlə, kəndli - odur sənin millətin. O millət heç vaxt əyilməz. O millət heç vaxt mənəvi dəyərlərini itirməz. Çünki millət bir gündə dəyişə bilməz. Biz heç vaxt öz millətimizin qüsurlarından xəcalət çəkməli deyilik. Bizim millət dünyanı sevən böyük insanlar, şəxsiyyətlər yetişdirib. Bu savaş onu göstərdi ki, Azərbaycan insanının vətənpərvərlik duyğuları yerindədir. Cavanlar istənilən vaxt öz torpağını qorumağa hazırdır.
Gərək kitabı təbliğ edəsən
– Keçən həftə "Ədəbiyyat” əlavəmizə sizin haqqınızda yazı hazırlayarkən şair Çingiz Əlioğlu ilə söhbətləşdik. O, daha çox sizin gənclik illərinizdən, ali məktəblərdə birlikdə iştirak etdiyiniz poeziya gecələrindən danışdı, zalları titrədən alqışıarı xatırladı. Amma bu gün o cür görüşlər keçirilmir. Poeziyanın meydanı daralıb, yoxsa gənclərin şeirə həvəsi yoxdur?
- Hər şey tərbiyəyə bağlıdır. Mən nazir işləyəndə Bakıda 114 kitab dükanı vardı. Bu gün kitab dükanları barmaqla sayılacaq qədərdir. Deyirlər ki, kitab alınmır ona görədir. Ancaq kitabın satılan yeri olmalıdır. Mən kitab almaq üçün bir dükan tapa bilmirəm. Mirzə Ələkbər Sabirin heykəli ilə üzbəüz «Akademik kitab» var idi. İndi onu buterburodxana ediblər. Kitab alındı, alınmadı, bu, tarixi bir yerdir. Kitaba bu cür münasibət olmaz. Bir yapon ildə 140 kitab oxuyur. Azərbaycanlı isə oxumaq üçün kitab tapa bilmir. 150-200 min əhalisi olan bir rayonun bircə kitab dükanı olmazmı? Əgər dükan yoxdursa, heç olmasa, əvvəlki illərdə olduğu kimi səyyar kitab satan maşınlar olsun. Gərək kitabı təbliğ edəsən. Televiziyalarımızın hansında kitab təbliğ olunur? Dodaq boyasından, saç rəngindən tutmuş hər bir şeyin reklamı gedir, təkcə kitabdan başqa. Əvvəlki görüşlərin keçirilməməsinə görə camaatı günahlandırmaq lazım deyil. Buna şərait yaratmaq lazımdır. Amma son vaxtlar Təhsil Nazirliyinin tapşırığı ilə orta məktəblərdə mütaliəyə marağın genişləndirilməsi istiqamətində işlər aparılır, yazarlarla məktəblilərin görüşləri keçirilir. Mən də 4-5 məktəbə dəvət olunmuşam. Hansı məktəblərdə ədəbiyyat müəllimləri fəaldır, o məktəblərdə görüşlər mükəmməl olub. Qoy universitetlər auditoriyalarını şair və yazıçıların üzünə açsınlar. Görün yenə də həmin divarlar titrəyir, yoxsa yox? Bu yaxınlarda Türkiyədə 70 illik yubileyim keçiriləndə «Mən bütün ömrüm boyu xalqın milli yaddaşını diri saxlamağa çalışmışam» - deyə səsləndim. Bu da «Qan yaddaşı» şeirimdən gəlmişdi. Qan yaddaşı çox mühümdür. Hər halda gələcəyimizi allah bilir, amma çox şey özümüzdən də asılıdır. Keçmişi də unutmaq olmaz. Erməni olmayan tarixindən tarix yazır, amma bizim bu boyda tariximizi hərə bir tərəfə çəkmək istəyir. Mən hər yerdə deyirəm: tarix hardan başlayıbsa, türk ordan başlayıb. Tarixin axırına kimi də belə gedəcək.
– Siz Tanrı dağını ziyarətə də getmisiniz...
- Mən Çinə getdim, bu, çoxdankı arzum idi. Çin səddini görmüşdüm. O zaman atam xəstə idi. Mərhum Heydər Əliyev bizi Çin səddinə apardı. Maraqlıdır, onun yaşlı vaxtları idi. Yuxarıda bir bürc görünürdü. Cavanlar yorulub qaldılar, amma Heydər Əliyev Çin səddini axıra qədər qalxdı. Şairlərimiz orada şeirlər oxumağa başladılar. Mən də şimala doğru baxaraq «Gör dünyanın harasındayıq» - deyə fikirləşirdim. Mən elə orada "Çin səddi üstündə” adlı bir şeir yazdım. Çində bizim tariximizlə bağlı çox böyük gizlinlər var. Çünki uzun müddət Çinə türklər başçılıq edib. Çin dilini, o tarixi bilənlər lazımdır ki, həmin gizlinləri açsınlar. Onda «Tanrı dağlarına gedəcəm» dedim. Əslində Kaşgarlı Mahmudu ziyarətə getdim. Bu, çox qeyri-adi ziyarətgahdır. Kaşgarlı Mahmud da türk dünyasının ən böyük şəxsiyyətlərindən biridir. Çində getmək istədiyim bir çox yerlər var idi. Ancaq fövqəladə vəziyyət olduğu üçün gedə bilmədim. Oradan Tanrı dağlarına getdim və dönəndə «Tanrı dağları ilə söhbət» adlı bir yazı yazdım. Sonra Altaylara səfər etdim. Türk dünyasında sonuncu getmədiyim yer Saaxa – Yakutiyadır. İnşallah, ora da gedəcəyəm və coğrafiya tamamlanacaq.
Heydər Əliyev qeyri-adi insan idi

– Ulu öndər Heydər Əliyev sizin xətrinizi çox istəyirdi...
- Heydər Əliyev qeyri-adi insan idi. O, üzümçülük, pambıqçılıq rayonlarına gedəndə cavan şairləri də özü ilə aparırdı. Ağsu rayonunda olanda bir qarğıdalı tarlasının kənarında dayandıq. Həddən artıq isti idi. Bir müharibə veteranı müharibə haqqında şeir oxudu. Birdən Heydər Əliyev çevrildi və «Burda bizim görkəmli, cavan şairimiz Sabir Rüstəmxanlı dayanıb. O şeiri verərsən ona, qoy çap etdirsin» dedi. Mən qayıdandan sonra səfərlə bağlı qeydlərimi və şeirin bir parçasını da çap etdirdim. Bir dəfə mənlə görüşündə «Sən təmiz adamsan, amma hərdən sadəlövhlük edirsən, hər adama inanma» - deyə məsləhət verdi. Sonra da «Mən səni 25 yaşından izləyirdim. Qabağına çıxan bəzi maneələri özüm götürmüşəm» - dedi. O, cəsarətli, səmimi danışan adamları sevirdi. Bizim onunla həmişə normal dialoqumuz olurdu. Çinə getməyimi də özüm ondan xahiş elədim. Təyyarədə gəlib camaatla görüşürdü: "Gördün də, Süleyman Dəmirəl Türkiyədə sənin şeirini dedi” - deyə üzünü mənə çevirdi. Mən o vaxta qədər Türkiyəyə getməmişdim. Odur ki, «Eşitdim. Birinin özü gedir Türkiyəyə, birinin də sözü» -deyə cavab verdim. O da gülüb: «Sən də Çinə gedirsən, Türkiyə yaxındır, hər zaman gedə bilərsən» - dedi. Çində çox gözəl görüşlər oldu. Ziyafət zamanı ulu öndər «Mən yazıçılarla oturacağam» - dedi. Çox gözəl söhbətlərimiz oldu. Sonra «Sənin niyə səsin çıxmır» deyə soruşdu. «Mən elə bir sağlıq deyəcəyəm ki, deyilən sağlıqlar yalan olacaq» deyə dilləndim. «Elə mən onu gözləyirəm» - deyə ulu öndər dilləndi. «Mən sizin rəsmi görüşlərinizdə iştirak etdim. Hansı səviyyədə danışıqlar apardığınızın şahidi oldum. Allah sizi yaradıbmış ki bir milyard yarım əhalisi olan Çinə, bir milyard əhalisi olan Hindistana, 350 milyonluq Amerikaya rəhbərlik edəsiniz” dedim.
Türk dünyası üçün çox işlər görülməlidir
– Türk dünyası ölkələri arasında ayrı-ayrı respublikaların ədəbi əlaqələrini necə qiymətləndirirsiniz? Azərbaycanın türk dünyası ədəbiyyatındakı yeri hansı səviyyədədir?
- Təxminən 20 ildir ki, mən Türkiyədə olarkən yerli televiziyalarla çıxışlar edirəm. Hələ 1987-ci ildə Türkiyəyə gedəndə "Türkiyə” qəzetinə verdiyim ilk müsahibəmdə «Türkiyə üzünü şərqə çevirməlidir» demişdim. Bunu hər dəfə deyirəm, salonlar alqışlayır. Yəni Türkiyə nə qədər Avropanın ətəyindən tutacaq? Avropa səni aşağılayır, dağıtmaq istəyir. Avropa Osmanlının intiqamını almaq istəyir. Sənin bu boyda dünyan var. Təəssüf ki, Türkiyə bu məsələyə biganədir. Bəlkə də gücü çatmır. Türkiyədə Azərbaycan ədəbiyyatı yoxdur. Ayrı-ayrı kitablar çap olunsa da, böyük kitab dükanları yəhudilərin, soyadını dəyişmiş ermənilərin və solçuların əlindədir. Solçular orda daha güclüdür. Milli əsərlər o dükanlara bir az çətin yol tapır. Ona görə də türk dünyasının ədəbiyyatı haqqında bir qədər az məlumatlıdırlar. Son vaxtlar bir az Çingiz Aytmatovla görüşlər keçirildi. İndi biz də Türkiyənin hər tərəfində görüşlər keçiririk. Əsərlərimizi oxumasalar da, adımızı eşidirlər. Təəssüf ki, nə özbək, nə də başqa türk xalqlarının ədəbiyyatı Türkiyədə hələ populyarlıq qazanmayıb. Ancaq Türk Tarix və Dil Qurumu möhtəşəm işlər görür. Bütün türk ləhcələrini öyrənib kitablar çap edir, türk dövlətlərinin ortaq lüğətlərini, türk folklorunu çap edirlər. Bununla belə hələ çox işlər görülməlidir. O işləri görmək üçün türk dünyasının siyasi iradəsi lazımdır. Türkçülyün mərkəzi həmişə Azərbaycan olub. Əlibəy Hüseynzadə, Yusif Axçuranın türkçülük haqqında kitabları var. Yusif Axçura yazır ki, türk dünyasında türkçülük Mirzə Fətəli Axundzadədən başlayıb. Ondan sonra Zərdabi, daha sonra Əli bəy Hüseynzadə türkçülyü davam etdiriblər. Bu gün Türkiyənin bütün universitetlərində azərbaycanlılar çalışır. Onlar da orada çox iş görməlidirlər. Çox təəssüf ki, onların hamısı özləri haqqında düşünür. Türkiyədə ermənilərin kifayət qədər kitabları çıxır. Orada qəzetləri var, amma bizim heç nəyimiz yoxdur.
Savaş yoldaşı

– Sizin 65 illik yubileyiniz ərəfəsində haqqınızda həyat yoldaşınız Tənzilə Rüstəmxanlıdan müsahibə aldıq. Sonradan qəzetimizdə «Sabir bəy yaxşı bilir ki, qadının könlünü necə alarlar” başlıqlı müsahibə yer aldı. Belə bir məşhur fikir var. Hər bir uğurlu kişinin arxasında bir cəfakeş qadın dayanır. Bu baxımdan, Tənzilə xanımın həyatınızda və yaradıcılığınızda oynadığı rol nədən ibarətdir?
– Tənzilə haqqında çoxlu şeirlər yazmışam. Təbii ki, bütün qadınlar gözləyir ki, ona ad günündə və ya 8 Mart bayramında hədiyyələr verilsin. Bəzən çatdıra bilmirsən, başın qarışıq olur, ya cibin imkan vermir. Bir dəfə də vəziyyətdən çıxmaq üçün ona ad günü ilə bağlı şeir yazdım: «Mələk yaşındasın, yaşını demə». O şeirə Türkiyədə gözəl bir mahnı da bəstələnib. Bəzən məndən incik olanda iş yerinə gedirəm. Otaqda yoxdursa, təqvimin üstündə bir şeir yazıram. Şeir onu kövrəldir, dərhal bütün gərginliklər aradan götürülür.

– Sabir bəy, 70 yaşınızı qeyd edirsiniz. Şairin yanında onu duyan, özünə də, sözünə də dəyər verən həyat yoldaşı olanda o, daha güclü olur. Düşünürəm ki, sözünüzün gücü həm də burdan qaynaqlanır.
– Tənzilə xanıma çox şeirlər yazmışam. «Əbədi sevda» kitabımda bir çox sevgi şeirlərim var. Cavanlıq illərimdə bu qədər sevgi şeirlərim yazılmamışdı. İnsanın özünü kökləməyindən çox şey asılıdır. Müəyyən bir yaşda ilham pərisi kömək edir. Amma sonra Allahın sənə verdiyi bir qabiliyyət varsa, ilham pərisini çağırmağı bacarmalısan. Tənzilə mənim savaş yoldaşımdır. Bilirsinizmi, dünyanın hər yerində ailə institutunu dağıtmağa çalışırlar. Artıq ailə dramatik bir vəziyyətə düşüb. Şükür ki, Azərbaycan cəmiyyətində hələ ailə institutu qorunur. Burda çox böyük yük qadının çiyninə düşür. Qadınlar gərək od qoruyan kimi ailəni qorusunlar. Amma qadınlarımız bəzən həddindən artıq məişətçidirlər. Ona görə əvvəllər bizim kişilər gedib başqa millətdən olan qızlarla evlənirdilər. Mən öz həyatımda görmüşəm. Bu baxımdan bizdə bir qədər çətindir. Mən istəyirəm ki, silahdaş, yoldaş, çiyindaş, ruhdaş olan qadınlarımızın sayı çox olsun. Bu baxımdan, mən öz taleyimdən razıyam. Qadınlar olan yerdə həmişə ədalət var, mədəniyyətə sayğı var.
Təranə MƏHƏRRƏMOVA
banner

Oxşar Xəbərlər