• cümə axşamı, 28 mart, 21:44
  • Baku Bakı 13°C

“Mən bu yolu tutub getməliyəm...”

04.03.20 12:52 1950
“Mən bu yolu tutub getməliyəm...”
75 yaşlı Anastasiya Vertinskaya indi daha çox nəvələri ilə vaxt keçirməyi, oğlunun biznesinə dəstək olmağı xoşlayır
Anastasiya Aleksandrovna Vertinskayanın 75 yaşı tamam olub. O, paytaxt Moskvanın tanınmış doğum evində dünyaya göz açıb. Moskvanın peşəkar tibb müəssisəsi yalnız yüksək vəzifəli şəxslərin və mədəniyyət xadimlərinin qadınları üçün idi. Nastya da bu müəssisədə təsadüfən doğulmamışdı.
O, kinoaktrisa və rəssam Lidiya Sirqvavanın və şəxsi mahnılarının ifaçısı, dünya və sovet estradasının əfsanəsi, şair Aleksandr Nikolayeviç Vertinskinin ikinci qızı idi. Hələ oktyabr inqilabından əvvəl «Qara Pyero» səhnə imicini yaratmış estrada xadimi Vertinskiy vətəndaş müharibəsi ərəfəsində sərhədin o tayına yollanır. Bir çox rus elm və incəsənət xadimindən fərqli olaraq, o, şüurlu olaraq və siyasi motivlərə görə mühacir olmamışdı. Sonralar öz memuarlarında yazırdı ki, sovet hakimiyyəti ona heç bir pislik etməyib, özü macəra və səyahət arzusunda imiş.
1930-cu illərin ortalarında Aleksandr Vertinskiy hakimiyyətdən SSRİ-yə dönmək üçün icazə alır. Bir çox səbəblərdən bu, yalnız Böyük Vətən müharibəsi zamanı – 1943-cü ildə mümkün oldu. Aleksandr Nikolayeviç Moskvaya gənc həyat yoldaşı və Şanxayda doğulmuş üçaylıq qızı Marianna ilə birgə döndü. Sovet hakimiyyəti üçün mühacirlikdən dönmüş məşhur müğənni siyasi şəxsiyyət idi. Ona görə də ona yaxşı şərait yaradıldı. Ailə üç il Moskvanın «Metropol» mehmanxanasında yaşadı. Sonralar Vertinskilər Qorki küçəsində yeni evə köçdülər. Qızları Nastya da bu evdə dünyaya gəldi. Onda Aleksandr Nikolayeviç 50 yaşlarında idi. Ona görə də o, qızlarını qəlbən sevirdi. Qızlarına «Doçenki» adlı romansını da həsr etmişdi.
Anastasiya atasına daha çox bağlanmışdı. Həmişə deyirdi ki, onların arasında mistik bağlılıq var. Aleksandr Nikolayeviç konsertdən sonra Leninqrad mehmanxanasında keçinir. Evə zəng gələndə Anastasiya artıq bilirdi ki, zəng vuran atası deyil, yad insanlardır və atasının ölüm xəbərini çatdırmaq istəyirlər. Aleksandr Vertinskinin ölümündən sonra da Anastasiya atasının varlığını yanında hiss edirdi.
Çox illər sonra ata və qızı sanki rollarını dəyişmişdilər. Anastasiya Aleksandrovna hesab edir ki, atası Aleksandr Vertinskinin mahnı irsini bərpa etmək onun əsas işidir. Onun bilavasitə iştirakı ilə atasının bir çox yazıları bərpa olunmuşdu. Bunların arasında plastinkaları, «Aleksandr Vertinski», «Məhəbbət mahnıları», «Əsrin lətifələri» qeyd etmək olar. O, eləcə də özünün memuarlarından ibarət kitabı nəşr etdirir.
Buna baxmayaraq, Anastasiya Aleksandrovna oğlunun «Vertinskiy» soyadını daşımasını istəməyib. Stepan atasının "Mixalkov” soyadını daşıyır. «Mən əmin deyiləm ki, Vertinski soyadı davam etməlidir. Mənim atam o qədər möhtəşəm idi ki, Rusiya incəsənəti üçün təkcə adı bəs edir»- deyə Anastasiya bildirir.
Düşərgənin dərsləri
Balaca Nastya atasının bəstələdiyi mahnıdakı «mələkciyəz»ə demək olar ki, oxşamırdı. Əksinə, onun oxumaqla qəti arası yox idi. Aleksandr Nikolayeviç iftixarla deyirdi ki, qızı özünə oxşayıb. Vertinski bacıları məktəbdə yalnız nəğmə dərsindən 5 alırdılar. Ataları bununla kifayətlənirdi, başqa dərslər onu maraqlandırmırdı.
Ailə içərisində Aleksandr Nikolayeviç möhtəşəm ləhcəsi ilə «mələkçik»lərini «eqoist» adlandırırdı. Anastasiya Aleksandrovna memuarlarında yazır: "Bir dəfə atam «eqoist» ailəsi sovet vətəndaşları kimi tərbiyələnmirlər” deyə şikayətləndi. Bizi pioner düşərgəsinə göndərdilər. Marina ilə birgə Almaniyadan alınmış iki dəri çemodanımız vardı. Bizim üçün ora corab, reytuz, boğazlı qaloş, paltar, toxunma isti köynək qoyulmuşdu… Orada olan müddətdə aclıqdan başqa heç nə yadıma gəlmir, yalnız «Gecələrin məşəlində, biz pionerlər fəhlə uşaqlarıyıq…» mahnısından başqa. Düşünürdüm ki, balerinalar, klounlar, it iyi verən incə qadınlardan yazmaq əvəzinə nə yaxşı olardı ki, atam fəhlə uşaqları haqqında belə mahnılar yazaydı və mən bununla fəxr edərdim…”
Biz yalnız ikimizə bir çemodanla geri döndük və orada yalnız iki əşya var idi. Mariannanın üstündə «Kolya K» yazılmış yuyulmuş mavi maykası, mənim üstündə «ikinci dəstə» yazılmış qara satin şalvarım.
Biz burnumuzu çəkə-çəkə, ana söyüşüylə özümüzü güclə evə çatdırdıq. Atamız qarşımızda kəpənəkli bayram kostyumunda, anamız, iki tərbiyəçi qadınla, nənəmiz piroqla bizi qarşılamağa çıxmışdılar. Salamlaşmadan, öpüşmədən: «Nə durmusunuz dəstəylə!... Aşırmağa bir şeylər verin!»- deyə mətbəxə keçdik, qazanların ağzını açaraq yarım qazan kotleti dayanmadan yeyib bitirdik.
Atam dəstə başçısısayağı sakitcə yazı otağına keçdi və utancaqcasına qapını bağladı. Uzun müddət oradan çıxmadı. Sonra anam onun otağına daxil oldu və biz anamızın hıçqırıq səsini, atamızın isə mızıltısını eşitdik. Artıq gec idi. Sovet hakimiyyəti bacımla mənim həyatıma nüfuz etmişdi.
Düşərgədən qayıdandan sonra başımız qaşınırdı. Nənəmiz başımızda bit və sirkə olduğunu gördü. Bizi nöyütlü əsgiyə bürüdülər, lakin düşərgə bitləri güclü çıxdılar. Sonra bizim saçımızı qırxıb tüklərimizi yandırdılar. Lakin biz sözəbaxmayan quldurlar kimi böyüyürdük. Bizi saxlamaq mümkün deyildi. Sonralar atam bizə velosiped aldı. Atama "qızların əllərini tutmadan yük maşınının arxasınca velosipedlə gedir” deyə xəbər verəndə az qala onun tutması tutmuşdu. Düşərgə bizə beləcə «yarımışdı».
Lakin düşərgə də hər şeyə qadir deyildi. O, Anastasiya Vertinskayadan «Sovet vətəndaşı» yarada bilmədi. 1972-ci ildə qadın nümunəvi sovet filmi olan «Öz yerində olan insan»a çəkildi. Bundan sonra 6 il heç bir filmə dəvət almadı. «Mən poladəridən fəhlə rolu ilə fəxr etmirəm. Mənim bu rola xarici görünüşüm uyğun gəlmir, həyatda da bunun üçün həyəcan keçirmirəm» - deyə aktrisa bildirir.
23 milyon tamaşaçı
Qrinin "Al yelkənlər” əsəri əsasında çəkilmiş film Vertinskayanın həyatında müsbət rol oynadı. Aktrisa özü də Assol obrazını sevmiş və tamaşaçılara da sevdirə bilmişdi.Ancaq Vertinskaya Assol rolunu almaya bilərdi – sınaqlara idman kostyumunda, qısa saçlı kobud gənc qız daxil olanda rejissor Aleksandr Ptuşko "sınağa buraxılmasın” deyə göstəriş vermək istəyib. Lakin Nastyaya parik və paltar geyindiriləndən sonra «Al yelkənlər» obrazına tam uyğun gəlib. Film ekranlara çıxandan sonra anşlaqla qarşılanıb. İlk il ərzində prokata buraxılan filmə 23 milyon tamaşaçı baxıb. Lakin ona gətirdiyi son dərəcə populyarlığa görə, Anastasiya bu filmi sevmirdi. Çünki aktrisa ona olan yüksək maraq üzündən mağazaları sərbəst gəzə bilmirdi.
Məhz bu filmdəki uğurlarına görə Anastasiya rejissorların diqqətini çəkməyə başladı.Onu bir-birinin ardınca yeni rollara dəvət edirdilər.
Aktrisanın cavanlığında oynadığı məşhur kino rolları – Assol, Ofeliya, Quttiere hazırki Anastasiya Vertinskayaya qəti oxşamırdı. Əlbəttə, aktyor istedadının məharəti də elə özünə oxşamayan xarakter və tipajları yaratmaqdan ibarətdir. Bu ekran «mələkləri» Anastasiya Vertinskayanın kinematoqrafiya həyatına təkcə daxil olmayıb, həm də ona böyük şöhrət qazandırıb.
Kino dünyasında partlayış
«Amfibiya adam»ın populyarlığı daha yüksək oldu. 1962-ci ildə çəkilmiş film kinoprokatın liderinə çevrildi.
Rejissor Vladmir Çebotaryov çəkilişə başlayanda bu əsərin müvəffəqiyyət qazanacağına inanırdı. Ondan fərqli olaraq, filmə bir qədər skeptik yanaşanlar da vardı. Ona görə də çəkilişə kifayət qədər maliyyə vəsaiti ayrılmamışdı. Elə ilk günlərdən rejissor texniki imkansızlıqdan yaranan problemlərlə qarşılaşmalı oldu. Sualtı epizodlarda baş rolların ifaçıları müəyyən çətinliklərlə rastlaşdılar.
Lakin film SSRİ ərazisində və ondan kənarda böyük müvəffəqiyyət qazandı. Mədəniyyət naziri Furtseva bu ekran əsərini SSRİ Maliyyə Nazirliyinə ən qiymətli hədiyyə adlandırdı. İlk yarım il ərzində filmə artıq 65 milyon tamaşaçı baxmışdı.
Filmin bir çox epizodlarıBakıdaçəkilib. Bu səbəbdən "Amfibiya adam” Azərbaycanlı tamaşaçılar üçün ikiqat maraqlıdır. Kütləvi səhnələrdə çəkilən Bakı əhalisi o günləri yaxşı xatırlayır. "Amfibiyaadam” filminin çəkilişi üçün məhz Bakının seçilməsi təsadüfi deyildi.
Bu, Koronevin Bakıya ilk, Quttiere rolunun ifaçısı Anastasiyanın isə ikinci gəlişi idi.1946-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında məşhur müğənni-şanson Aleksandr Vertinskinin konsertinə şəhərin yüksək zümrəsindən olanlar, musiqisevərlər gəlmişdilər.Aleksandr Vertinski səhnəyə kiçik qızları Marianna və Anastasiya ilə birlikdə çıxdı, şeir söyləyib konserti açdı.Anastasiyanın Bakı ilə ilk görüşü belə oldu.Bəlkə də bu xatirələr üç-dörd yaşlı Nastyanın yadına-yaddaşına həmişəlik həkk olmuşdu və on üçilsonra Bakıya çəkilişə gələndə, heç şübhəsiz, atalı günlərini, bu şəhərdə keçirdiyi o qayğısız anları xatırlamışdı.
Quttiere aktrisanın özünün də sevdiyi obrazdır. Bəlkə də, hansısa xüsusiyyətlərinə görə onun öz oynadığı personaja həsəd apardığı anlar da olub. Filmin çəkilişi bitdikdən sonra o demişdi: "Quttieredən ayrılmaq mənə ağırdır...”. Bəli, filmin böyük uğur qazanmasında, heç şübhəsiz, Anastasiya Vertinskayanın da payı var, hətta əvəzsiz payı var. Onun ekran qəhrəmanına hələ də vurulurlar.
1962-ci ildə İtaliyanın Triestşəhərində keçirilən fantastik filmlər beynəlxalq kino festivalında "Gümüş yelkən” mükafatına layiq görüləndən sonra tənqidçilərin əsərə münasibəti dəyişdi. Tənqid, tənqidçi fikri öz yerində, əsl sözü onlardan öncə tamaşaçılar demişdilər. Film sözün əsl mənasında ölkənin kino dünyasında bir partlayış idi. Təsadüfi deyil ki, bu ekran əsərindən sonra Belyayevin yaradıcılığına, o cümlədən fantastik janrdakı əsərlərə maraq xeyli artdı. Lakin sərbəst və hər hadisəyə görə mühakimə yürüdən Anastasiyada bu da xoşagəlməz hisslər yaratdı. Onun fikrincə, film şlyaqer balletritikasına uyğun çəkilib. Bütün epizodlarda Vertinskaya dublyorsuz oynayıb.
1964-cü ildə "Hamlet” filminin ekranlara çıxması kino sənətində hadisə kimi qarşılandı.Filmdə tanınmış sənətkarlar: Smoktunovski,MixailNazvanov, Yuri Qolubev və başqaları çəkilmişdi.Ofeliya rolunda isə Anastasiya Vertinskaya idi. "Ofeliyadan sonra mən qəti əmin oldum ki, kino, teatr mənim taleyimdir, mən bu yolu tutub getməliyəm” - deyə aktrisa film ekranlara çıxandan sonra deyirdi.
Yaşından 20 il cavan
1991-ci ildən Anastasiya Vertinskaya aktyorların - çətin vəziyyətdə olan həmkarlarına kömək məqsədi ilə Xeyriyyə Fondu yaradıb. O, xeyriyyəçiliyi irsi əlamət sayır. Çünki onun babası, məşhur Kiyev hüquqşünası Nikolay Vertinskiy kasıb insanların işini aparırdı. Fond Pasternakın ev-muzeyi, Peredelkinadakı Çexov muzeyinin təmirinə kömək edib, zəif görən uşaqların teatrını dəstəkləyib və bir sıra aktyorların yaşadıqları binada memorial lövhələrinin qoyulmasına nail olub.
Aktrisa daha filmlərə çəkilmir. ”Hansısa qarını və ya cinayətkarın anası rolunu oynamaq istəmirəm” deyir. İndi daha çox nəvələri ilə vaxt keçirməyi, oğlunun biznesinə dəstək olmağı xoşlayır.
Bu yaxınlarda Anastasiya Vertinskaya uzun illərdən sonra ilk dəfə ekranlarda görünüb. O, NTV kanalında yayımlanan «Sən inanmazsan» verilişinə dəvət alıb. Süjet aktrisanın 75 illiyinə həsr olunub. Televerilişi izləyən tamaşaçılar çox çətinliklə Vertinskayanı tanıdıqlarını söyləsələr də, proqramın müəllifləri onun yaşından 20 il cavan göründüyünü qeyd ediblər.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər