• şənbə, 20 Aprel, 12:50
  • Baku Bakı 23°C

“Mən adamı olmadan nə isə edən adamam” - Gör-götür

15.12.17 10:30 7825
“Mən adamı olmadan nə isə edən adamam” - Gör-götür
Özünü həvəsdən düşməyən adam kimi xarakterizə edir. Deyir ki, bir işin uzun vaxt aparması onu qətiyyən həvəsdən salmır, əksinə daha dərindən araşdırır, qaranlıq qalan tərəflərini öyrənir. Bu zaman isə ortaya daha yaxşı iş çıxarmaq mümkün olur. Müsahibimiz elə bu xarakterinin verdiyi səbir nəticəsində bir çox layihələrinin uğur qazanmasına nail olan PR və kommunikasiya mütəxəssisi Azər Nəzərovdur.

- Azərbaycan, Gürcüstan və Amerikada təhsil almısınız. Fərqli ölkələrin təhsili özəl olaraq nə verdi?
- Yaxşı şəbəkə deyə bilərəm. Dostlar, gözəl müəllimlərlə əlaqələr, yaxşı karyera imkanları verdi. Tədrisi də müqayisə edə bilirəm. Xarici ölkələrin universitetlərində daha çox inkişaf etmiş, dünyaca tanınmış adamların dərs deməsi kimi üstünlüklər olsa da, əslində bütün universitetlərdə tədris metodu elə də çox fərqlənmir. Həmişə düşünmüşəm ki, universitet sənə nəsə öyrədə bilməz, əgər sən ondan nəsə öyrənmək istəmirsənsə. Əsas odur ki, hər universitet özünə görə yaxşı karyera əlaqələri verdi.


- O əlaqələr davam edir?
- Bəli, hələ də əlaqəmiz var, bacardığım qədər davamlı olması üçün çalışıram. Tələbə vaxtı bu əlaqələrin önəmini o qədər də hiss edə bilmirsən, amma bitirdikdən sonra görürsən ki, o şəxslər ayrı-ayrı yerlərdədirlər və hamısı bir əlaqədir. Azərbaycanda olanlarla görüşürük, xaricdəkilərlə isə onlayn olaraq sıx əlaqələrimiz davam edir. Sabah hansınınsa köməyinə ehtiyacım olsa, yardımlarını əsirgəməyəcəklərini bilirəm. Arada onlara Azərbaycan məhsullarından ibarət sovqat qutuları göndərirəm.

- Bəzən insanlar öz ölkələrindəkilərlə belə, geniş əlaqə qura bilmirlər. Xaricdə təhsil almaqla da əlaqə öz-özünə qurulmur. Burda insanın özünün rolu nə dərəcədədir?
- Bunun üçün sosial olmaq lazımdır. Bəzən gənclər xaricdə oxuyub gəlirlər, amma heç bir əlaqələri olmur. Yaxud, olsa da, sabah üçün heç bir faydası yoxdur. Buna görə, ilk olaraq gənc gələcək karyerası ilə bağlı bir yol müəyyənləşdirməli və onunla bağlı əlaqələrin üstünə düşməlidir. Yəni, nə üçün əlaqə qurmaq istədiyinə baxmalıdır. Xaricdə və ya ölkədə fərqi yoxdur, əlaqələrin hamısı universitetdə qurulmur, tədbirlərdə, görüşlərdə bunu davam etdirməlisən. Amerikada olanda ictimai radiolarında və bir neçə media qurumlarında uzun müddət həm təcrübə, həm araşdırma fəaliyyətim olub. Əksəriyyəti ilə özüm gedib maraqlanırdım, görüşürdüm, əlaqələr yaranırdı. Onların nəticəsində təcrübə keçmək üçün PR agentlikləri, media qurumları kimi əlaqələr tapmışdım. Onlarla münasibətimiz indi də davam edir.


- Amerikada yaxşı mühitə düşmüşdünüz, bəs niyə qayıtdınız?
- Bu sual həyat yoldaşımla mənə çox ünvanlanır. Hətta bəzən danlayırlar ki, niyə qayıtmısınız. Məsələ bir az fərqlidir. Birincisi, karyeranı harada və necə gördüyünə baxmalısan. Mən karyeramı Amerikada görmürdüm. İndi dövlətimiz gənclərə üstünlük verir, ölkə başçısının, rəsmilərin çıxışlarında xaricə oxumaq üçün gedən gənclərin geri qayıtması ilə bağlı çoxsaylı müraciətlər görürük. Düşünürəm ki, o müraciətlərin heç biri boşuna edilmir. Bura qayıdıb o müraciətləri dəyərləndirmək lazımdır. Həm də özümü Bakıya bağlı adam hesab edirəm. İki ilə yaxın Amerikada, il yarım Tiflisdə yaşamışam. Tiflis hələ bura yaxındır, amma arada Bakıya gəlməsəm olmurdu. Bir az bağlılıq var, doğmalarım da burdadır. Həm də burda karyeramla bağlı müəyyən bir yerə gəlmişəm.

- Böyük yerdə nöqtə olmağı yox, balaca yerdə böyük olmağı seçdiniz?
- Elə düşünmürəm. Amerikada hər nöqtənin özünün böyük çevrəsi var. Orada vəziyyət tamam fərqlidir. Doğrudur, orda olmağım karyera cəhətdən daha faydalı ola bilər, amma karyeramın hazırkı mərhələsində bu addımı hələ ki görmürəm. Bir məsələ də var, təhsil üçün getmisənsə, deməli, hansısa çatışmayan bilikləri əldə etməyə ehtiyacın yaranıb və ona görə də öyrəndiklərini qayıdıb tətbiq etmək istəyi güclü olur. Məhz ona görə də, təhsil üçün gedənlərin əksəriyyəti qayıdır. Gələcəkdə yenə də Amerikaya getmək fikrim var, amma bu yenə də daimi yaşamaq məqsədli deyildir. Daimi yaşayış yeri kimi özümü Bakıdan başqa yerdə təsəvvür etmirəm.


- İnkişafa meyilli adam olduğunuzu deyirlər. İnkişaf etmək cəhətdən menyunuza nələr daxildir?
- Hər şey daxildir. Birincisi, həmişə düşünmüşəm ki, nəsə edirsənsə, mütləq yaxşısını etməlisən. İkincisi isə, biz dünyaya ona görə gəlməmişik ki, yaşayaq, evlənək, uşaq dünyaya gətirək və ölək. Həyatın fəlsəfəsi bundan ibarət ola bilməz. Biz burdayıqsa, cəmiyyətə fayda verməyi bacarmalıyıq. Amma faydanı birinci özümüzə verməyi bacarmalıyıq. Bu, mütləqdir. Təhsil məsələsindən tutmuş, yemək bişirməyə qədər nəyisə bacarıramsa, özümü o istiqamətdə inkişaf etdirməyə çalışıram. Uzun müddət media sahəsində oldum, o zaman media ilə bağlı nə görsəm ora gedirdim, təlimlərə qatılırdım, xaricdən kim gəlirdisə, onunla görüşürdüm, bütün qəzetləri bir-bir oxuyurdum. İstədiyim kimi alınması üçün bir yazını bəzən 50 dəfə yazırdım. Fikrimcə, inkişaf etmək - həm də sənə nəsə öyrədəcək adamlara sözün yaxşı mənasında nəfəs almağa imkan verməməkdir, tez-tez nəyisə soruşmaq, müəllimə zəng vurub nə iləsə maraqlanmaqdır. GİPA-da oxuyanda müəllimlərimizlə dərsdən sonra da skaypla danışırdıq, nəyisə soruşurduq. Amerikada da, həmçinin. Sizin yanınıza gələndə bir mütəxəssislə danışırdım, adama nəfəs almağa imkan vermirəm. Məsləhət alıram, fikirlərini öyrənirəm, görüşmək istədiyimi yazdım. Şəxsi tanışlığımız yoxdur, amma bir məsələ ilə bağlı ondan öyrənəcəyim şeylər çoxdur.

- Onun vaxtını aldığınızı, yaxud sizə zaman ayırmaq istəmədiyini düşünmürsüz?
- Əgər vaxtı olmasa, məncə, bunu açıq şəkildə deyər. Çünki mən də beləyəm. Bir də danışıqların düzgün aparılması məsələsi var. Ünsiyyət quranda artıq əvvəldən bilirəm ki, bu, onun üçün problemdir, yoxsa yox. O, bunu etməkdən nə dərəcədə məmnundur? Vaxtı varmı, yoxmu? Xaricdə elə mütəxəssis və müəllimlər varıydı ki, bir ay sonraya görüş təyin edirdilər. İki-üç yerin mütəxəssisi var ki, onlarla görüş üçün sentyabr ayında müraciət etdim, biri ilə yanvar ayında, digəri ilə martda görüşdüm. Kimsə məndən nə isə soruşursa, görüşmək istəyirsə, vaxtım varsa və məmnunamsa, qarşımdakının məndən istifadə etməsinə şərait yaradıram.


- Vaxtınız varsa, sizi məmnun etməyən nə ola bilər?
- Lovğalıq kimi çıxmasın, amma məmnun qalmadığım hallar dəhşət çox olur. O vaxt olur ki, istəyən adam bunu öz inkişafı üçün istəmir, yaxud da söz olaraq deyir, bəzən isə onun yerinə işlərini görməyimi istəyir. Bakı Dövlət Universitetində 4 kurs tədris olunan "Yeni media” fənninin proqramının müəlliflərindən biri də mənəm. Onu yazan müəllifləri tanıyan tələbə üçün hər şey asan olur. O, gəlib müəllifdən nəsə öyrənə bilər, amma tələbə müəllifdən sualların cavabını yazmağı istəyirsə, deməli, artıq məmnun olmuram. İstiqamət verə, hansısa sual varsa, kömək edə bilərəm, düzgün maraqlar üçün istəməyəndə məmnun olmuram.

- Jurnalist kimi başlasanız da, sonra bir az istiqaməti dəyişdiniz. Səbəb nə oldu?
- Əvvəldən PR-a olan maraq deyərdim. Jurnalist kimi uşaq yaşlarımdan "Pöhrələr” qəzetindən başlamışdım, digər uşaq qəzetlərində də vaxtaşırı kiçik yazılarım dərc olunurdu. İlk dəfə PR-ı telekanallardan birinin debat verilişində eşitmişdim. Orada qara PR sözünü işlətdilər. Orta məktəbin sonuncu siniflərində oxuyurdum. O vaxt indiki kimi internet imkanları geniş deyildi. Ona görə də PR haqqında dəqiq məlumat ala bilmirdim, bircə dəqiqləşdirə bildiyim media ilə sıx bağlı olması idi. Jurnalistika təhsili alanda həm də işləyirdim, 15 yaşımdan 21 yaşıma qədər UNİCEF-də könüllü olmuşam. UNİCEF-də, media təlimlərində xaricilərlə əlaqələr PR haqqında məlumatlanmağıma səbəb olurdu. İlk fürsətdə də PR ilə məşğul olmağa başladım.


- 15 yaşdan aktiv olmusunuz. Sizi istiqamətləndirən olub?
- O vaxt məktəblərdə olimpiadalar keçirilirdi, yazılar və s. yazırdıq. Orta məktəb səviyyəsində heç də pis olmayan yazılarım vardı. Məktəbin girişində istedadlı şagird kimi şəklimi vurmuşdular, hansısa tədbir olanda məni də aparırdılar. Belə tədbirlərin birində indiki Ombudsman Elmira Süleymanova ilə tanış oldum. O, tədbirdə "Uşaqdan-uşağa” sülh şəbəkəsi haqqında danışırdı. Bir neçə uşaq yaxınlaşıb, özümüzü təqdim etdik. O vaxt məktəblilərdən ibarət təşəbbüs qrupu filan qurmaq istəyirdik, bu haqda dedim. Bildirdi ki, tədbir bitsin, danışarıq. Bitən kimi bizi özü ilə taksiyə mindirib "Uşaqdan-uşağa” sülh şəbəkəsinə apardı. Elə-elə artıq sosial olmağa başladım. Orda liderlik məktəbi vardı, onun məzunlarından oldum. Ora getməyim həm də mənim jurnalistikaya gəlməyimə səbəb oldu.

- Yəni, hər tanışlıq, hər bir şey vasitədir?
- Düşünürəm ki, bir şeyi çox istəyirsənsə, çox çalışsan, onu əldə edəcəksən. Tənbəllik etmək və işə hiylə qatmaq lazım deyil. Media sahəsinə gəlməyim, sonrakı işlərimi qura bilməyimdə Elmira xanımla tanışlığımın bir vasitə oldu. O vaxt hələ Ombudsman deyildi. Bayaq sual verdiniz ki, niyə qayıtdınız? Bilirsiniz, bəzən qayıtmayanlar heç nə edə bilmədiyi halda burdan narazılıq edənlər, əksər hallarda "adamın olmadan burda nəsə etmək mümkün deyil” yanaşmasında olanlardır. Mən adamı olmadan nə isə edən adamam. İndiyə qədər həyatımda dəyişiklik edəcək dərəcədə rolu olan bir neçə adam qarşıma çıxıb, onların heç biri mənim qohumum olmayıb. Elmira xanım da qohumum deyildi.


- İş həyatına atılandan qısa müddət sonra artıq öz işlərinizi qurmağa başlamısınız. Müsahibənizdə demisiniz ki, bu layihələrin heç biri mənim deyil. Əksəriyyətinin ideya müəllifiyəm, amma icra edənlər komandadır...
- İndiyə qədər bir neçə media layihəm - GSR fm, 7/24news.az, kishi.az, Pro Media School və s. olub. Hamısı yaxşı səs gətirib. Bu gün beynimdə o qədər ideya var ki, tək onun heç birini edə bilmərəm. Fərd olaraq "mənəm-mənəm” deyən adamların uğurları ya çox gec olur, ya da olmur. Komanda ilə bağlı olan uğurlar isə möhkəm və dayanıqlıdır. Həqiqətən də mənim layihələrdə işim yalnız layihəni koordinə etmək olur, onu ortaya çıxaran isə komandadır.

- Başqası kimi Azər Nəzərovu necə xarakterizə edərdiniz?
- Əsəbi (Gülür). Başqalarının bilmədiyi tərəflərimi bilirəm deyə, bu, mənim üçün çətindir. Mümkün qədər həvəsdən düşməməyə çalışan adamam. 2 ilə yaxındır, ictimaiyyətlə əlaqələr sahəsində böyük araşdırma aparıram, sonda kitab kimi çap olunacaq. Hamı soruşur ki, o kitab nə oldu, nə vaxt çıxacaq? Bəli, gecikir, amma heç nəyə baxmadan çalışıram ki, daha dərin araşdırım. Həvəsdən düşmürəm və daha dərindən öyrənmək üçün çalışıram.


- Feysbuk səhifənizə baxıram, uzun zamandadır pəhrizlə bağlı paylaşımlar qüvvədədir. Arıqlayıb qurtara bilmirsiniz?
- (Gülür) 4 ildən çoxdur ki, şirniyyat yemirəm. Kifayət qədər tez arıqlayıb kökələn adamam. 3-4 il əvvəl 30 kilo arıqlamışdım. Belədə həmişə artıq çəkim olub. Gürcüstanda oxuyanda maraqlı bir hadisə baş vermişdi. Brend mağazaların birində vitrində pencək gördüm. Mənim pencək sevgim var. Gedib qiymətini soruşdum, həm də mənə görə ölçüsü olub-olmadığını öyrənəcəkdim. Gürcü xanım bir az kobud formada dedi ki, bizdə ancaq normal ölçülər var. Bu, mənə pis təsir etdi, bir az əsəbiləşdim, sonra hardasa 15 kilo arıqladım. Amerikada velosipeddən çox istifadə etdiyim üçün çəkim yaxşıydı. Azərbaycana qayıdandan sonra iş çox olduğu üçün bir az oturaq rejimində çalışdım deyə, çəkim artırdı, indi də yavaş-yavaş arıqlayıram. Həvəsdən düşmürəm.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər