• cümə axşamı, 28 mart, 20:16
  • Baku Bakı 13°C

Məmməd Araz və milli istiqlal

31.10.16 11:32 2136
Məmməd Araz və milli istiqlal
Məmməd Araz və altmışıncıların yaradıcılığı bədii təfəkkür tarixində həm də milli istiqlala və xalqların ictimai-siyasi taleyinə münasibət nöqteyi-nəzərindən yeni estetik təcrübə nümunəsi sayıla bilər. Məmməd Arazın 90-cı illər yaradıcılığındakı müxtəlif ictimai-fəlsəfi məzmunlu təmayülləri və özünəməxsus tendensiyaları düzgün təhlil etmək, obyektiv dəyərləndirmək üçün bu məsələlərə şairin uzunmüddətli yaradıcılığı kontekstində nəzər salmaq zəruridir. İstiqlal dövrünün bir sıra böhranlı vəziyyətlərinə və problemlərinə yanaşmada şairin bəzən əsəbi münasibətini, bəzən təəcübünü, bəzən isə hiddət və qəzəbini dərindən hiss etmək üçün mütləq Məmməd Arazı tam və bütöv şəkildə anlamaq lazımdır. Məsələn, öz xalqının azadlıq arzularını, milli müstəqillik ehtiraslarını qorxunc səltənətin dəhşətli qaydalarına və qadağalarına boyun əymədən vəsf edən bir sənətkar üçün bəzi şeirləri yazmaq, sözsüz ki, çox çətin olub. Etiraf edək, ömrü boyu Vətənin azadlığını və bütövlüyünü düşünən, hətta yuxularında görən atəşin və milliyyatçı şair üçün "Düşmən qabağından qaçan "kişilər” (1993) şeirini yazmaq elə də asan olmayıb: "Başını qorudu boş papağınan, Pay verdi düşmənə zər tabağınan; Tökdü namusnu it qabağına Düşmən qabağından qaçan "kişilər”.
Məmməd Arazın 90-cı illər poeziyası həm bədii-estetik keyfiyyətlərinə, həm də ictimai-fəlsəfi məzmununa görə orijinaldır. Onun bu dövr yaradıcılığında istiqlal nəşəsi və sevincinin, demək olar ki, o qədər də nəzərə çarpmaması xüsuislə diqqəti cəlb etməlidir. Həqiqətən də milli müstəqillik Azərbaycana ağrı-acılarla, milli müsibət və matəmlərlə qədəm qoydu. Xalqın özü də bu vüsaldan 90-cı illərdə doyunca sevinə bilməmişdi; Qarabağ uğrunda savaşların ardı-arası kəsilməyən məğlubiyyətləri, itirilən şəhər və kəndlərimizin uzundan-uzun siyahısı, Bakı qırğını (1990), Qaradağlı (1992), Meşəli və Malıbəyli soyqırımları (1992), Xocalı soyqırımı (1992), Xocavənd soyqırımı (1992), Şuşa xəyanəti (1992), Daşaltı xəyanəti (1992) və başqa milli qiyamətlərimiz, milli satqınlarımızın az olmaması bütün vicdanlı və düşünən beyinləri, o cümlədən, emosional azadlıq tərənnümçüsünü son dərəcə məyus edirdi. İstiqlal iztirabları istiqlal sevincinə üstün gəlirdi:
Əl versə, əlindən əlim yapışmaz,
Yansaq bir ocaqda külüm yapışmaz.
Adını tutmağa dilim yapışmaz...
Döyüş meydanından qaçan "kişilər”
Məmməd Arazın bütün yaradıcılığı boyu həyat həqiqətlərinə ürəkdən sədaqəti həmişə tədqiqatçıların diqqətini cəlb edib. Böyük şairin əksər əsərlərindəki lirik təhkiyə ilə həyata sərt realist münasibətin vəhdəti onu öz ustadlarından da, ədəbi müasirlərindən də fərqləndirmişdir. Məmməd Araz ana yurduna öz sevgisini izhar edəndə necə səmimi idisə, xalqın ağır günlərində onu düşmən qabağında qoyub qaçan namərd və naxələf "oğullar”dan yazanda da o cür, o dərəcədə səmimi idi: "Dərədə quzğuna leş olsa yaxşı, Özü öz başına daş olsa yaxşı, Mal kimi naxıra qoşulsa yaxşı Düşmən qabağından qaçan "kişilər”. Müəllifin əgər müsbət mənəvi enerji ilə yüklənmiş, pozitiv milli probelmlərdən və dəyərlərdən bəhs edən şeirlərində Səməd Vurğun və Mikayıl Müşfiq yoluna maillik nəzərə çarpırsa, milli mahiyyətin neqativ qatlarından söz açan əsərlərində Mirzə Cəlil və Sabir, daha yaxın klassiklərimizdən isə Rəsul Rzanın sərt realizminə həmahənglik diqqəti çəkir. Ümumən, Məmməd Arazın ömrünün son 10 ilini ehtiva edən poeziyasında həqiqətpərəstlik, lirikanı gerçəyin özü ilə, amansız və dözülməz həqiqətlərlə zənginləşdirmək, dolğunlaşdırmaq tendensiyası açıq-aydın sezilir:
Qaçır varlığından, varından qaçır,
Qaçır qeyrətindən, arından qaçır.
Oğlundan, qızından, yarından qaçır.
Döyüş meydanından qaçan "kişilər”.
Bu şeir həm də altmışıncıların sosialist realizmi ədəbiyyatı ilə bir neçə onilliklərdən bəri davam edib gələn güzəştsiz polemikasının davamı təsirini bağışlayırdı. Məlumdur ki, Sovet ədəbiyyatı ictimai həqiqətlərə daha çox pozitiv münasibəti ifadə və təbliğ etməklə seçilirdi. Ətrafımızda baş verən mənfur və mənfi proseslər çox zaman bədii inikas sistemindən kənarda qalırdı. Ümumən, söz sənətində cəmiyyət həyatına öncədən düşünülmüş mübaliğəli yanaşma üstünlük təşkil edirdi. Müstəqillik dövrünün başlanğıcında milli ədəbiyyatın imperiya söz sənətinin ədəbi qayda-qanunlarından üz çevriməsi də təbii bir hal idi. "Düşmən qabağından qaçan "kişilər” şeirində müəllifin həyata sərbəst və obyektiv yanaşması yeni estetik reallığın doğulmasını da göstərirdi: "Hara qaçsan – hardasa dirənər dağa, Haqqı yox özünə qəbir qazmağa. Haqqı yox bu yurda ayaq basmağa – Düşmən qabağından qaçan "kişilər”. Və müdrik sənətkarın "Biz olmayanlar...” (1992) şeirindən sonra "Düşmən qabağından qaçan "kişilər” (1993) şeirini yazması qanunauğyun bir hal idi. Çünki "biz” olmayanlar xalqın taleyinin ağır və gərgin anlarında özlərini artıq gizlədə bilmirlər. Kimliklərini, mahiyyət və məsləklərini büruzə verməyə məcbur olurlar. "
Məmməd Arazın istiqlal lirikasını doğuran və meydana gətirən milli-ictimai mühitin mahiyyəti "Çıxıb getmək istəyirəm...” (1992) şeirində də özünəməxsus poetik cizgilərlə əks etmişdir. İstiqlal romantikasını bir vaxtlar öz gənclik şeiriyyətində həvəslə tərənnüm edən müdrik şair bu şeirində israrla istiqlal realizminə üz tutmuşdu. Üz-üzə gəldiyi dəhşətli və dözülməz həqiqətlər, onun ilham pərisini göylərdən yerə endirən qeyri-insani mənzərələr ana yurdunu öz canından artıq sevən şairi bu yerləri tərk etmək haqqında düşünməyə vadar edir. Müəllif mərdlərin məğlub olduğu, namərdlərin çoxaldığı, yalanların ayaq tutub yeridiyi bu yerləri əbədilik tərk etmək istəyir. "Çıxıb getmək istəyirəm...” Məmməd Arazın yalnız ömrünün axırında deyil, ümumən, ömrü boyu yazdığı ən fəci şeirlərdən biridir. Bu şeirdəki tragizmi onun elə əvvəlindən hiss edirsən. Müəllif öz niyyətini və əhvali-ruhiyyəsini elə ilk misralardan başlayaraq cəsarətlə bəyan edir: "Çıxıb getmək istəyirəm, çıxıb getmək... Harda, neçə iz-tozum var, yığıb getmək, Son gülləmi öz başıma sıxıb getmək... Çıxıb getmək istəyirəm, çıxıb getmək...” Müəllif Vətənin düşdüyü faciənin və mənəvi sarsıntılarının səbəblərini təhlil edir. Öz heyrətlərinin səbəblərini bizə izah edir. Ölkədə baş verən parçalanma və pərakəndəliyin mənbəyini görməyə və göstərməyə çalışır. Onun poetik tərif və təhlilləri son dərəcə dərindir.
Ömrüm boyu iki həmrəy səs tanıdım –
Xalqın səsi – haqqın səsi,
Haqqın səsi – xalqın səsi.
XX yüzildə özünəməxsus poetik zirvə yaratmış Məmməd Araz, bizə elə gəlir ki, bu şeirdə dünya klassikası ilə müqayisədə orijinallığı ilə seçilən bir poetik kədəri kəşf edib. Milli iztirabın dərəcəsinə və mündəricəsinə görə indi nəzərdən keçirdiyimiz yuxarıdakı və diqqətinizi cəlb etmək istədiyimiz aşağıdakı sətirlərdə Azərbaycan şairi Məmməd Araz Ukrayna xalqının böyük üsyankarı və kobzarı Taras Şevçenko, Rusiyanın milli dərdlərinin bənzərsiz tərənnümçüsü N.A.Nekrasov, böyük hind sənətkarı Robindranat Taqor, Benqal xalqının misilsiz və əzabkeş şairi Nazrul İslam, milli dərdlərimizin tərcümanları Mirzə Ələkbər Sabir və Məhəmməd Hadi, böyük özbək şairi Əbdülhəmid Süleyman oğlu Çolpan, dahi Çili sənətkarı Pablo Neruda və Fələstin xalqının nisgilli şairi Mahmud Dərviş qədər bəxtsizdir:
İndi, vallah, ən birinci çaşqın mənəm,
Yurddan-yurda ən birinci qaçqın mənəm.
Nə itim var – daş atalar, hürdürələr,
Nə atım var – çubuq çəkib, hürküdələr,
Nə qoyunum, nə quzum var – qurda qismət,
Varım-yoxum beş-on sözdü – yurda qismət.
Bu torpaqdan bircə ovuc torpaq alıb,
Bircə kəlmə xoş söz alıb,
Öz köçümü yığıb getmək istəyirəm...
Məmməd Araz da özünün həsrət nəğmələrini, amansız XX yüzilin sonuncu millət və Vətən məramnaməsini bizə əmanət qoyub getmişdir. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və başqaları kimi böyük sənətkarımız Məmməd Arazın da azad Vətən və istiqlal sınaqlarından doğulmuş poetik duyğuları və düşüncələri gələcək nəsillər üçün ən qiymətli həyat və ölüm-qalım dərsliyidir.
Yaşar Qasımbəyli
banner

Oxşar Xəbərlər