• çərşənbə, 24 Aprel, 02:46
  • Baku Bakı 14°C

Məmməd Araz demişkən....

22.06.15 12:17 2461
Məmməd Araz demişkən....
Unutqanlıq bütün insanların problemidir, deyilmi? Məncə, hə... Elə, səncə də, hə! Çünki, bilirəm, indi durub sənə zəng etsəm ki, “Ay İntiqam, Bakıda “Əl oyunları sarayı” hardadı?”- ən azı 10 dəq telefonda susub xəyalən Bakını gəzəcəksən...
Bilirəm, artıq anlamısan niyə məhz o binanı soruşuram... Bilirsən... Hərdən adam ən acı xatirələri də təkrar yaşamaq istəyir... Təkrar sevməyi arzuladığı kimi ayrılığı da yaşamaq, yaşamaq istəyir... Yadında, bir dəfə sənə nə demişdim?
HƏR İNSAN MÖHTƏŞƏM AYRILIĞI ÖMRÜNDƏ TƏK BİR DƏFƏ YAŞAYIR...Bundan sonra sadəcə sükut başlayır... Sənin dediyin kimi... Əzizin oxuduğu kimi... “Və susarsan...”
Bəzən qopub getmək istərsən bu şəhərdən,
Güvəndiyin əlləri soyuq görəndə…
Və sadəcə “əfsus” -deyərsən dünənlərə…
Bundan başqa bircə kəlməyə belə gücün çatmaz.
Qəhər boğar, çırpınarsan qəfəsində…
Bax, beləcə, bir ad sınar, çiliklənər nəfəsində…
Və susarsan…
Hər hərfindən bir əlamət boylandıqca dünənlərə,
Şüşə kimi çilikləri kəsər sənin əllərini,
Xəbərin olmaz.
Sahiblənər hər hissəni, bircə-bircə toplayarsan…
Qoymazsan ki, yerdə qala…
Qəfildən lap gözlərin qaralar, az qalsın ki, yıxılasan…
Gözlərin əllərinə sataşar,
Doğram-doğramdı əllərin…
Söykənərək bir divara “ah” çəkərsən dərindən,
“deyəsən, çox qan itirdim, deyəsən, çox yorulmuşam”…
-Nə yaxşı ki, söykənməyə bu divar var!
Və susarsan…
Mənə uşaqlıqdan maraqlı gəlirdi ki, şeir yazan adamlar harda yaşayır? Hərdən məktəbdən qayıdanda dizəcən batdığım qarda ayaqlarım islanardı. Üşüyərdim... Titrəyə-titrəyə özümdən ağır məktəb çantamı qarın üstündə sürüdükcə ağlıma gəlirdi:
-Mən niyə şeir yazıram axı? Məmməd Araz heç vaxt belə qar görməyib yəqin... Ona görə yaxşı şair olub.
Bu uşaq düşüncəsiylə də yazırdım... Yazdıqlarımı gizlətmirdim də... Nənəmə oxuyurdum... Anama danışırdım... Bacımın dəftərinin orta vərəqlərini gizlicə cırırdım ki, şeir yazım... Öz dəftərlərim tez dolmasın... Bunları anlayırsan, bilirəm... Sonra böyüdüm... Böyümək bumuydu? -deyə xəyallarımın qırıldığı zamanlar da oldu... Amma, böyüdükcə, şairlərin bu həyatda həmişə qərib olduğunu anladım... Sən demə, Məmməd Araz da qarda üşüyürmüş... Sən demə, mənim anam da şair imiş... Mənim üşüyən ayaqlarımı qırmızı adyala büküb odun sobasının altına uzadan anam... Saçım gur gəlsin deyə hər gün əlini başıma qoyub dua edən anam... Bacımın hörüyünün ucuna ağ bantları özü düzəldib taxan anam... Qardaşım xoşlamır deyə ona balaca tavada soğansız yemək bişirən anam... Balaca bacımın dişi tez çıxsın deyə hədik bişirən anam... Mənim anam şair imiş...
Ay İntiqam... Sən də şairsən... Harda əlinə qələm aldığını görməyə getdim bir qış günü sizin kəndə... Dörd saat yol getmişdik. Elə yollardan keçmişdik ki, elə bil nağıldaydıq. Əlimizdəki dəmir əsa, ayağımızdakı dəmir çarıq idi. Bizi qarşılamağa da Arabaçı kəndindən qaçaraq gəlmişdin. “Yeddi qalaça”dan birini göstərmişdin mənə. Sən asanca görürdün pəncərədən, dönə-dönə dörd dəfə demişdin:
-Bax, ordadı, bax da! Utanmışdım deməyə ki, boyum çatmır axı... Hə, bir də, sən telefonda “evdə yoxam” dedikcə bilirdim ki, harda olsan da səni evdə tapacağıq. Axı, bu yalanı səndən çoxdan eşitmişdim...
Qapımı döyən ayrılıq, 
Evdə yoxam, evdə yoxam. 
Qonağam deyən ayrılıq, 
Evdə yoxam, evdə yoxam.
Gördüyüm mənə çoxdumu, 
Xoş günüm iti oxdumu, 
Döyməyə qapı yoxdumu, 
Evdə yoxam, evdə yoxam.
Sənə kim dedi gündə gəl, 
Ömür bitəndə sonda gəl, 
Haçan çağırsam onda gəl, 
Evdə yoxam, evdə yoxam. 
Mülkümdən qoparıb məni, 
Bu qayğı lap sarıb məni, 
Aparan aparıb məni,
Evdə yoxam, evdə yoxam. 
Divardakı nəm danışır.
Dam dolusu qəm danışır,
Yerimə qələm danışır,
Evdə yoxam, evdə yoxam.
Bir gün də səni danlamışdım. Böyük kimi... Ərkyana... Demişdim: -ən gözəl şeirlərini “O” -na yazırsansa, “O”-nun ucalığını anla! Nə gözəl cavab oxumuşdum az sonra...
Ən gözəl şeirlərimi,
Deyirlər, sənə yazmışam.
İnanma hər deyilənə,
Hələ sənə nə yazmışam?!
Sənə şeir yazmaq olmur,
Sənə təkcə vurulmaq olar.
Ömürlük əmrə müntəzir,
Müti bir qul olmaq var.
Bircə nəzərin bəs edir,
İçərimdən boğulmağa.
Bu gedişlə çox az qalıb,
Səndə itib, yox olmağa.
Sən mənim ümidlərimin,
Yeganə sığınacağı.
Nə qədər uzaq getsəm də,
Sənə gələrəm uzağı…
Bu şeir sənin ən gözəl etirafın idi...
Ananın əllərindən öpməyə zaman tapmadım... Ona deməyə də cürətim çatmadı deyim ki, “niyə İntiqamın bacısı yoxdur?” Sonra düşündüm ki, bu sualı vermək, Allahın işinə qarışmaqdır. Naşükür bəndə deyiləm deyə oturub yenə şükür etməyə başlamışdım. Elə yaxşı ki, yoxdur. Təkcə mən olaram onun bacısı. Bu eqomu görürsənmi? Bəlkə hələ hiss etməmisən, amma çox özümüsevənəm. Nə yaxşı ki, bacın təkcə mənəm. Dünyaya naz edəndə də bir bacının dərdini çək... Özü də sən dünyaya naz etmirsən, dünyanın nə olduğunu artıq anlamısan.
Bu dünyanın nə baharı,
Nə də yazı seviləsi.
Nə çoxu əzizlənəsi,
Nə də azı seviləsi.
Yaxamda əli dünyanın,
Quluyam dəli dünyanın.
Bu “sevilməli” dünyanın,
Bəs, harası seviləsi?
Fikri dağıtmaqdan ötrü,
Günaha batmaqdan ötrü.
Sevib ağlatmaqdan ötrü,
Tək bir qızı seviləsi.
Uzun-uzun danışanda da hansısa sözlərimiz əksik qalır... Bu dünyadan qopuruq hər şeirdə... Əl çəkirik həyatın var olanından... Yanlış edirik, İntiqam... Çox yanlış... Gəl, qayıdaq bu
dünyayla yaşamağa çalışaq. Məmməd Araz demişkən,
Həyatda “ürəkləş”, “sevləş” demirlər,
“Ayaqlaş” deyirlər bu həyat ilə...
Gəl, ayaqlaşaq bu həyat ilə... Ayın sonunda qapımızı döyəcək qaz istismar idarəsininn işçisini yada salaq. İşıq sayğacımızın balansındakı pulu necə artıracağımızı düşünək... Gəl, arada özümüzdən, şeirimizdən qaçıb da bu dünyayla “ayaqlaşaq”...
P.S: Əgər bacarsaq....
Şəfa Vəli
banner

Oxşar Xəbərlər