• cümə, 29 Mart, 10:32
  • Baku Bakı 5°C

Melodiya sədaları altında

24.11.15 11:40 1819
Melodiya sədaları altında
Ötən sayımızda xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tam yeni və maraqlı bir tamaşanın məşqlərinə start verilib. Bu dəfə uşaqların sevimli məkanında böyüklər üçün tamaşa hazırlanır. Bütövlükdə ailə dramı olan tamaşa həm canlı plan, həm də cansız əşyaların hərəkətə gətirilməsindən - zivədə asılan qadın və kişi paltarının aktyorların oyununa daxilindən ibarətdir tamaşanın adı “Melodiya” adlanır.
Bu günkü həmsöhbətimiz də tamaşanın ideya müəllifi və rejissoru, teatrın baş rejissoru Qurban Məsimovdur.
- Qurban müəllim, deyəsən repertuarda böyüklər üçün olan tamaşaların sayına daha birini əlavə edirsiniz?!
- Elədir, hazırda böyüklər üçün olan tamaşalar sırasında “Müsyö Jordan və Dərviş Məstəli Şah”, “O, olmasın, bu olsun” kimi tamaşaları göstərə bilərik. Düşündük ki, böyüklər üçün daha bir tamaşa hazırlayaq.
- Nəyə görə məhz sözsüz tamaşa?
- Bəli, “Melodiya” adlanan bu tamaşanın məxsusi seçmişik. Bu da onunla bağlıdır ki, tez-tez xarici səfərlərimiz olur. Və bu zaman əcnəbilər dili başa düşmürlər. Lakin sözsüz hərəkətləri hər bir ölkədə, hər bir kəs başa düşə bilər. Bunu hətta sınaqdan da çıxarmışıq. Belə ki, Hindistanda olarkən “Çanta, Trio Və”, Kurqan səfərində “Neçto o palote” kimi tamaşalarımız göstərdi ki, əcnəbi seyrçilər belə tamaşaları yaxşı başa düşür və çox gözəl qarşılayırlar. Qeyd edim ki, sözsüz modeli oynamaq daha çətindir. Ona görə istədim ki, bu sınağı da keçək.
- Bəs bu tamaşanın fəqliliyi nədədir?
- Bu tamaşanı iki aktyor ifa edir. Bunlar Samirə Rəcəbova və Rəhim Rəhimovdur. Süjet daha çox ailə dramı problemlərinə həsr olunub. Iki canlı insan arasında olan problemi sanki zivədən asılmış iki paltar, yəni qadın donu və kişi şalvarı həll edir. Və bu paltarlar xəfif küləyin sayəsində hərəkətə gəlirlər. Sonda zivədə balaca qiz paltarı yaranır. Qadın paltarları yığmağa çıxanda bunu görür, ən maraqlısı isə budur ki, qadın uşaq paltarını ordan asmamışdı. Qadın həmin uşaq paltarını gördükdə sanki problemlərin də həllini görür. Yəni deyə bilərik ki, bu tamaşa kiçik bir məhəbbət əfsanəsidir.
- Nəyə görə məhz qadın donu və kişi şalvarı?
- Düşündüm ki, əgər aktyorlar adi kuklaları canlandıra bilirlərsə nəyə görə də iki cansız paltara can verə bilməsinlər. O ki, qaldı paltarlara, əvvəlcə aktyorlar da təklif etdilər ki, bəlkə qadın donu ilə kişi köynəyi, lakin fikirləşdim ki, köynəyi oynamaq asandır ancaq şalvarı oynatmaq çətindir.
- Tamaşanın premyera tarixi məlumdurmu?
- Xeyr, aktyorlar nə vaxt hazır olsalar onda premyera baş tutacaq. Bu elə olmamalıdır ki, aktyor rejissor əmrlərinə tabe olsun, çünki belə olsa istədiyimizi ala bilməyəcəyik. Bu yaradıcı bir işdir və yaradıcı bir model olaraq aktyor bu tamaşanı öz üzərində yoğura-yoğura yığır. Konkret ssenari, süjet yoxdu. Aktyor öz üzərində işlərkən mizanı da tapır. Burada bərabər işləyirik, yəni nə konkret aktyor fikri, nə də rejissor fikri yoxdur. Düzdür tamaşanın ssenarisi və ideyası mənə məxsusdur. Amma aktyorlar tərəfindən də düzəlişlər olub. Tamaşanı daha maraqlı və baxımlı etmək üçünsə ultrabənövşəyi şüalardan istifadə edilib.
- Adı “Melodiya” olan tamaşada, maraqlıdır, hansı melodiyalardan istifadə olunacaq?
- Bu tamaşada əsas melodiya, yəni ana melodiyanı Vaqif Mustafazadənin melodiyaları təşkil edəcək. Tamaşa ərzində səslənən Vaqif Mustafazadəninn musiqiləri əsəri daha da mənalandıracaq.
- Bayaq qeyd etdiz ki, tamaşanın festivallarda iştirakı da nəzərdə tutulur. Dəqiq hansı festivala gedəcəyiniz bilinirmi?
-Ümumiyyətlə, Kukla Teatrı Beynəlxalq UNİMA Təşkilatına üzvdür. Ona görə də bu təşkilata hansı ölkələr daxildisə, hamısında iştirak edə bilərik. bundan başqa, hansı festival olarsa bizim üçün getmək problem deyil.
Baş rejissorla söhbətdən və tamaşanın məşqini izlədikdən sonra ifaçılar Rəhim Rəhimov və Samirə Rəcəbovanın fikirlərini də öyrəndik.
Rəhim Rəhimov: “Özünüz də məşqi izlədiniz. Burada hər şey musiqi üstündə qurulub. Əsas fikrimiz ailələrdə olan söz-söhbətləri, problemləri tamaşaçılara bu tərzdə çardırmaqdır. Düzü mənimçün çox maraqlı bir işdir. Çünki bugünəcən kuklaları canlandırmışam, ancaq indi isə şalvarı. Ümid edirəm ki, tamaşaçıların da bəyənəcəyi bir tamaşa olacaq. Düzdür bir az çətin işdir, kənardan ola bilər ki, nəsə asan görünə, ancaq belə deyil, külək, əski parçaları, musiqi hamısı tam olmalıdır”.
Samirə Rəcəbova: “Əvvəlcə planla tanış olduqda mənə bir az çətin göründü, lakin sonradan gördüm ki, elə deyil, həm də olduqca maraqlı bir işdir. Burada sozsuz bir qadını oynayıram, ailə problemləri, söz-söhbət canlandırılır. Tamaşanın sonunda da bilinir ki, ailədə uşağın olmaması nə qədər problemlərə gətirib çıxarır. Lakin axırda elə edirik ki, bu qadın sonsuz qalmır və qız övladı olur. Mənim də zənnimcə, tamaşaçılar üçün fərqli və maraqlı bir tamaşa olacaq”.
Nigar Pirimova
Teatrşünas
banner

Oxşar Xəbərlər