• cümə axşamı, 25 aprel, 15:36
  • Baku Bakı 23°C

Məktəblilər ümummilli lider Heydər Əliyevin azərbaycançılıq siyasətini öyrənirlər - Fotolar

01.11.18 19:02 1102
Məktəblilər ümummilli lider Heydər Əliyevin azərbaycançılıq siyasətini öyrənirlər - Fotolar
Dünən Humanitar Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Şagirdlər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində Tərəqqi Liseyində şagirdlərlə növbəti görüşünü keçirib. Birliyin sədri Nurlana Mustafayeva rəhbəri olduğu Humanitar Araşdırmalar İctimai Birliyinin fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, təşkilat ötən müddət ərzində gənclərlə və tələbələrlə bağlı layihələr həyata keçirir: "Azərbaycançılıq, vətənpərvərlik, jurnalistika və digər mövzularda layihələrimiz həyata keçirilib. Budəfəki layihəmiz məktəblilərin vətənpərvərlik, azərbaycançılıq və digər bu kimi mövzularda maarifləndirilməsinə yönəlib. Bunun üçün də biz istərdik ki, çıxışlardan daha çox, şagirdlərlə fikir mübadiləsi aparaq. Müzakirə edəcəyimiz mövzu isə "Ümummilli lider Heydər Əliyev və azərbaycançılıq siyasəti” adlanır”.

N.Mustafayeva vurğuladı ki, layihə çərçivəsində şagirdlər arasında yazı müsabiqəsi keçirilir: "İstərdim hər bir şagird bu müsabiqəyə vətənpərvərlik, azərbaycançılıq mövzuları ilə bağlı düşüncələrinin yer aldığı yazı ilə qatılsın. Əlbəttə ki, sonda təqdim edilən yazılar təşkilatımız tərəfindən qiymətləndiriləcək”.

Azərbaycan Dillər Universitetinin jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı bildirdi ki, orta məktəblərdə şagirdlərin maarifləndirilməsində qeyri-hökumət təşkilatlarına yaradılan şərait təqdir olunmalıdır: "Mövzuya gəlincə, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası hər zaman aktualdır. Ümummilli lider hər zaman çıxışlarında bu ideyanın vacibliyini bu və ya digər formada aşılayıb. Bugünkü şagirdlər onu sağ olarkən görməyiblər və ulu öndərin vətənpərvərlik çıxışlarını canlı izləməyiblər. Lakin onunla ünsiyyətdə olan jurnalistlər, Heydər Əliyevin necə bir istedad sahibi, siyasətçi olmasını yaxından görüblər. Ulu öndər Heydər Əliyev dahi bir şəxsiyyətdir və bu gün bizim müstəqil, sabitliyin təmin olunduğu bir ölkədə yaşamağımızda onun müstəsna rolu olub. Bizim hər birimiz yaradılan bu yüksək şəraitə görə Heydər Əliyevə borcluyuq. Təbii ki, indiki uşaqlar, yeniyetmələr sovetlər dövrünü və daha sonra müstəqilliyin ilk illərindəki ağır sosial şəraiti görməyib və yaşamayıblar. Ötən əsrin 90-cı illərinin əvvəllərində elə olurdu ki, orta məktəbə ac getməli olurduq, çörək tapa bilmirdik. İşıq, qaz və hətta su problemə çevrilmişdi, evləri isitmək mümkün olmurdu. Bu gün isə o problemlər artıq geridə qalıb və Azərbaycan bütün sahələrdə inkişafa nail olub. Ölkəmiz beynəlxalq tədbirlərin ünvanına çevrilib. Amma bütün bunlar heç də asan başa gəlməyib. Fəxrlə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin siyasətini prezident İlham Əliyev uğurla davam etdirir və biz Azərbaycanın inkişafının günbəgün şahidi oluruq”.

N.Qurbanlı qeyd etdi ki, ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideyasının təbliği istiqamətində çox böyük işlər görüb: "O vurğulayırdı ki, azərbaycanlılar harada yaşamasından asılı olmayaraq, orada milli mənəvi dəyərləri qorumalı və onun təbliğatçısına çevrilməlidirlər. Türkiyəyə tələbələri göndərərkən ulu öndər onlara təhsil alıb vətənə dönmələrini tövsiyə edirdi. Çünki xaricdə əldə olunan biliklər və dünya görüşünə sahib olanlar onu Azərbaycanda gənclərə ötürmək imkanı əldə edirlər. Bu vətənpərvərlik hissi hər bir azərbaycanlının qanına-canına hopubdur. Xaricdə təhsil alan gənclər harada Azərbaycan bayrağını görürdülərsə, onu öpüb gözünü üstünə qoyurdular. Çünki Azərbaycan adının dünyada tanıdılması hər bir azərbaycanlının vəzifə borcu olmaqla yanaşı, həm də qürur mənbəyidir. Heç təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev hər zaman qürurla "Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyirdi”.

Tərəqqi Liseyinin direktor müavini Mehriban Salahova vurğuladı ki, təmsil etdiyi təhsil ocağında mütəmadi olaraq vətənpərvərlik, azərbaycançılıq mövzularında tədbirlər keçirilir: "Bizim məktəbimiz beynəlmiləl olsa da, çalışırıq ki, milliyyətindən asılı olmayaraq hər bir şagird bu tədbirlərə qatılsın. Çünki hər kəsin borcudur ki, Azərbaycan haqqında bilsin, öyrənsin və onun təbliğ eləsin. Elə bu məqsədlə 9 noyabr-Bayraq Günü münasibətilə yazısı müsabiqə elan etmişik. Bütün bu tədbirlər şagirdlərin formalaşmasında böyük rol oynayır”.

Tərəqqi Liseyinin 9 b sinfinin şagirdləri Aytac Daşdəmirova və Ləman Həsənzadə Humanitar Araşdırmalar İctimai Birliyinin elan etdiyi yazı müsabiqəsinə təqdim etdikləri inşanı diqqətə çatdırdılar. Daha sonra tədbir mövzu ətrafında müzakirələrlə davam etdirildi.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər