Məktəbli xəstəlikləri
Uşaqların bədəni böyüklərə nisbətən zəif olduğundan onların
xəstəliklərə tutulmaları daha asan olur. Xüsusilə də məktəbə, bağçaya gedən
uşaqlarda bu hallar daha sıx baş verir. Hazırda məktəb uşaqları arasında bir
sıra xəstəliklər yayılıb. Uşaqların bir neçə saat fasiləsiz parta arxasında əyləşməsi
və məktəbdə olan vaxt gigiyenik qaydalara əməl etməməsi onların bəzi
xəstəliklərə tutulmasına gətirib çıxarır. Məktəblilər arasında bu tip xəstəliklərin
yayılmasının səbəbinin nə olduğunu və bunların qarşısını almaq üçün nə kimi
tədbirlər görülə biləcəyini öyrəndik.
Təhsil üzrə ekspert
Almaz Həsrət deyir ki, bu problem hər dövrdə olub və olacaq da.
Çünki orta məktəblərdə parta arxasında əyləşən şagirdlər səhər saat səkkizdən günorta
birə qədər oturaq vəziyyətdə olurlar. "Ümumiyyətlə, nə problem yaranırsa hamısı
şagirdlərimizin hərəkətsizliyindən irəli gəlir. Uşaq müəyyən yaş həddinə
çatanda bağçaya, məktəbə gedir. Onların əksəriyyəti məktəbə maşınla gəlib-gedirlər.
Bunun da nəticəsində onların bədənlərində müəyyən dəyişiklik əmələ gəlir. Yəni
uşaqlar hərəkətdən uzaq olduqlarından və istər evdə, istər təhsil müəssisəsində
idmanla məşğul olmadıqlarından bədənlərində deformasiyalar baş verir. Bəzi
uşaqların günlük rejiminə fikir versəniz görəcəksiniz ki, onlar çox hərəkətsiz
olurlar. Səhər dərsə maşınla gəlirlər, evə maşınla gedirlər, evdə də oturaq
vəziyyətdə olurlar. Yəni uşaq daim hərəkətsiz olur. Bu, müəyyən vaxtdan sonra
onların sağlamlığı üçün fəsadlar törədir. Amma bunu bütün məktəb uşaqlarına aid
etmək olmaz. Araşdırmalar göstərir ki,
bölgə və rayon məktəblərində bu cür hallar yaşanmır. Çünki oradakı uşaqlar
dərsə piyada gedir və evə piyada gəlir. Evə gəldikdən sonra da həyətdə müəyyən
işlərlə məşğul olur. Bu səbəbdəndir ki, Bakıda elə məktəblər var ki, müəllimlər dərs arası uşaqlara az bir
vaxt ərzində olsa da bəzi fiziki
hərəkətlər etdirirlər”.
Almaz xanım həmçinin
qeyd edir ki, uşaqlar evdən gətirdikləri yeməyi yeyərkən və ya məktəbin
bufetindən aldığı qidanı qəbul edərkən əllərini yumur. "Təbii ki, məktəbdə su
təchizatı var. Amma uşaqlar yemək yeməzdən əvvəl gedib əllərini yumurlar. Bu da
evdə valideynlərin, məktəbdə sinif rəhbərinin maarifləndirməməsindən irəli
gəlir. Uşaqlar ola bilsin bilmir, amma böyüklər bunu öyrətməlidirlər. Bunu
bütün şagirdlərə şamil etmək olmaz. Elə ailələrin uşaqları var ki, imkan
daxilində yaş salfetkalarla, xüsusi dəsmallarla əllərini təmizləyirlər. Ümumilikdə
hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”.
Azərbaycan Tibb
Universitetinin Uşaq və yeniyetmələr gigiyenası, əmək gigiyenası kafedrasının
müdiri Şəhla Balayeva bildirir ki, məktəb xəstəlikləri termini 19-cu
əsrdən yaranıb. "Bunlara mədə-bağırsaq sisteminin pozğunluğu, qamətin əyilməsi,
görmənin zəifləməsi kimi xəstəliklər aiddir. Bu xəstəliklərin əsas səbəbi
məktəbdə uşaqların uzun müddət oturaq vəziyyətdə olmalarıdır. Digər tərəfdən,
uşaqların oturduqları partalar onların boy göstəricilərinə uyğun olmur.
Partaların səthi düz olduğuna görə məcburdurlar ki, yazan və oxuyan zaman
başlarını daha çox əysinlər. Bəzən sinif otağının işıqlanması düzgün olmur.
Həmçinin məktəblinin çantasının ağır olması və s. uşaqlarda müəyyən
xəstəliklərin əmələ gəlməsinə səbəb olur”.
Ş. Balayeva deyir ki, gigiyenik qaydalara əməl olunması üçün daha
yaxşı olardı ki, ümumi məktəbdə deyil, hər bir sinif otağında əl-üz yumaq üçün
imkan olsun. "Uşaqların əllərini yumadan qidalanması onlarda mədə-bağırsaq
sisteminin pozulmasına, qurd xəstəliklərinin
əmələ gəlməsinə səbəb ola bilər. Bütün bunların qarşısını almaq üçün həm
valideynlər, həm müəllimlər uşağa nəzarət etməlidirlər. Çalışmaq lazımdır ki,
uşaq boyuna uyğun parta arxasında əyləşsin. Buna həm evdə, həm məktəbdə nəzarət
etmək lazımdır. İstər sinif otağının, istərsə də uşağın dərslə məşğul olduğu
yerin işıqlanma sistemi yaxşı olmalıdır. Bu zaman uşağın gözünə güc düşmür. Hərəkətsizliyin
qarşısını almaq üçünsə məktəblilər hər gün dərsdən sonra heç olmasa altmış
dəqiqə açıq havada gəzərək fəal hərəkətlərlə məşğul olmalıdırlar. Təbii ki, bu
hərəkətlərin müddəti nə qədər çox olsa, bir o qədər yaxşıdır. Mümkün olarsa,
məktəblərdə uşaqlar üçün oyun meydançaları yaradılmalıdır ki, onlar böyük
tənəffüslərdə həmin meydançalarda hərəkət edərək gərginliklərini aradan
qaldırsınlar”.
Günel Azadə