• cümə, 29 Mart, 10:22
  • Baku Bakı 5°C

Məktəbli valideynə neçəyə “başa gəlir”? Araşdırma

12.09.13 11:22 3110
Məktəbli valideynə neçəyə “başa gəlir”? Araşdırma
“İmkansız 2 uşağın məktəb çantasına ehtiyacı var. Yardım etmək istəyən olsa, bildirsin, valideynin telefonunu verim...” - Facebook sosial şəbəkəsində paylaşılan bu cür statuslarla həyatda da tez-tez qarşılaşmaq olur. Heç şübhəsiz, bütün bunlar övladını məktəbə, xüsusən də 1-ci sinfə yola salmağa hazırlaşan bəzi imkansız valideynlərin real durumunu əks etdirir. Ailədə 3-4 uşağı oxuyan valideynlərin vəziyyətini isə ümumiyyətlə, başa düşmək çətin deyil.
Budur, yeni dərs ilinin başlanmasından xəbər verən sayılı günlər yenidən valideynləri qayğılarla üz-üzə qoyub. Təbii ki, bir çox valideynlər üçün övladının 1-ci sinfə getməsi təkcə sevinc və yeni status yox, həm də əlavə xərclər deməkdir. Elə bu üzdən valideynlər ənənəvi olaraq öz pul kisələrinə nəzər salmağa məcburdurlar. Onlar çox vaxt yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən ilk valideyn yığıncağında sinif rəhbərinin diqtəsi ilə «Məktəbə nə lazımdır?» siyahısını tuturlar. Sonra isə tələsik mağazalara qaçıb, həmin siyahını reallaşdırmağa çalışırlar. Hərçənd hansısa geyimi və ya ləvazimatı alanda qənaətcillik göstərmək valideynə çox vaxt baha başa gəlir. Belə ki, daha çox vaxt sərf etmək, daha ucuz mallar satılan mağazaların axtarışında olmaq və daha uzun yol qət etmək çətinliyi ilə üzləşməli olurlar. Bəzən isə aldıqları mallar yüksək keyfiyyətli olmur və yararlığını tez itirir. Ona görə də valideyn övladının məktəb geyiminin və dərs ləvazimatlarının heç olmasa, bir dərs ili ərzində yararlı olmasını istəyirsə, pul xərcləmək məcburiyyətində qalır.
Ucuz dükanlar axtarışında
Elə isə övladını birinci sinfə yola salan valideynlər nə qədər xərc çəkməli olacaqlar? «Kaspi» bununla bağlı valideynlər arasında keçirdiyi sorğuda məktəb bazarlığının heç də ucuz başa gəlmədiyi qənaətinə gəlib.
«Mən oğlumun birinci sinfə getməsi münasibətilə qabaqcadan məktəbli kostyumu, ayaqqabı, dəftər-qələm və s. ləvazimatlar almışdım” - deyə valideyn Sevda Əliyeva bildirir: «Ancaq valideynlərin iştirakı ilə keçirilən ilk iclasa gedəndə məlum oldu ki, bütün xərclərim hədər gedib. Sən demə, məktəbli formasını yalnız Volodarski adına tikiş fabrikinin mağazasından almaq lazımmış. Şagirdlər üçün müəyyən edilən standart məktəbli formasını yalnız bu fabrikdən əldə etmək olar. Bundan ötrü 40 manat əlavə xərcə düşdüm. Bundan əlavə, uşağa qara ayaqqabı almaq lazım idi. Yenə də ikinci dəfə xərc çəkməli oldum. Uşaq geyimləri o qədər də ucuz deyil. Sadə bir çəkməyə 30 manat verdim. Uşağın çantasını isə 25 manata aldım”. Valideynin dediyinə görə, dəftərxana ləvazimatlarına daha az xərc çəkmək üçün metrostansiyaların içərisindəki balaca ticarət köşklərinə üz tutub və 25 manat pul xərcləyib: “Bu ləvazimatların kifayət edib-etməyəcəyini bilmirəm, amma oğlumun birinci sinfə getməsi mənə hələlik 120 manata başa gəlib. Bundan əvvəl çəkdiyim xərci isə hesaba almıram. Onu da deyim ki, uşaq üçün lazım olan geyimləri və ləvazimatları çalışıb nisbətən ucuz dükanlardan əldə etmişəm”.
Qəzetimizin əməkdaşı Rufiq Ismayilov 1-ci sinfə gedəcək oğlu üçün məktəbli kostyumunu 30 manata, jileti və ağ köynəyi birlikdə 10 manata alıb. Oğlunun ayaqqabısına 20 manat, çantasına 30 manat, dəftər-qələm və s. ləvazimatlara da 30 manat xərcləyib. Qarşıda hansı xərclərin ola biləcəyini isə hələlik bilmir.
Valideyn İlham İsmayılov 3-cü sinifdə oxuyacaq oğlunun və qızının çantasının hər birinə 20 AZN, ayaqqabılarına birlikdə 50 manat, dərs ləvazimatlarına təxminən 50-60 AZN xərcləyib.
«İbtidai sinifdə oxuyan şagirdlər üçün minimum iki cüt şalvar, 3 köynək lazımdır ki, dəyişik geyinə bilsinlər» - deyə valideyn Rəfiqə xanım deyir. Qızlar üçün isə bir-neçə kalqotka, saç lentləri, baş sancağı və s. xırda ləvazimatlar da lazımdır. Üstəlik, idman dərsləri üçün uşaqlara idman paltarı və ayaqqabıları da lazım olacaq. Təkcə «krossovka»ların qiyməti 12 manatdan başlayır. Həmçinin əmək dərsi üçün də ləvazimat lazım olacaq”.
Övladını rus bölməsində oxutduran İbrahim Əliyev adlı valideyn isə dərsliklərin çatışmamasından gileylidir: “Məktəblərdə dərsliklər adətən pulsuz paylanır. Amma rus bölmələrinin bəzilərində dərslik çatışmazlığı var. Kitab gec gəldiyi üçün valideynlərin bəziləri dərslik almaq məcburiyyətində olacaqlar. Dərsliklərin qiyməti isə 3-4 AZN-dən başlayır. Valideynlər yalnız məktəbdə dərslər başlayandan sonra hansı dərsliklərin çatışmadığını biləcəklər”.
120-200 manat arası
Bir sıra dəftərxana ləvazimatları satılan dükanlara baş çəkib qiymətlərlə maraqlanarkən gerçəkdən valideynlərin halına acımamaq olmur. Belə ki, rəngli karandaşlar, əmək qovluğu, rəngli kağızlar, yapışqan, rəsm albomu, rənglər və fırça, flomaster, xətkeş, pozan, qələmdan, kitab və dəftər üzləri və s. almaq üçün minimum 30 AZN lazım gəlir. İş dəftərlərinin qiyməti 3-4 AZN-dən başlayır. Hər fənn üzrə ayrıca iş dəftərləri tələb olunacaqsa, təxminən 5 fənn üzrə minimal qiymət 15-20 manat civarındadır.
Qeyd edək ki, lazım olan geyim və ləvazimatlar toplanandan sonra “hələ hər şey hazırdır” demək olmaz. Əgər söhbət oğlan uşağından gedirsə, standart məktəbli formasının minimal qiyməti 40 AZN-dir. Belə ki, valideynlər 30 manat (şalvar və pencək üçün), əlavə olaraq ağ köynək üçün 5 manat, jilet üçün 5 manat, qara qalstuka 2 manat ödəməlidirlər. Qız uşaqları üçün də məktəbli forması 40 manat nəzərdə tutulub. Digər aksessuarlar (qolfi, kolqotka, lent, saş sançağı, bluza və s.) isə əlavə xərc tələb edir.
Valideyn xərclərinin yekunu isə buketdir. Şagirdlər ənənəvi olaraq ilk dərs günü müəllimlərinə buket təqdim edirlər. Beləcə, dərsliklər istisna olmaqla, məktəb ödənişləri üzrə sadə hesablamalar apararaq aydınlaşdırdıq ki, hər şagird üçün minimum 120-200 manat civarında xərc çəkilməlidir. Özü də o şərtlə ki, alış-veriş nisbətən ucuz mağazalardan edilsin...

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər