AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Məktəblərin çoxunda ixtisaslı psixoloq yoxdur

Məktəblərin çoxunda ixtisaslı psixoloq yoxdur

Müsahibə
31 İyul 2013, 09:49 4344
Ətrafımızda baş verən neqativ hallar böyüklərdən çox azyaşlıların psixikasına mənfi təsirini göstərir. Bunun qarşısını almaq üçün uşağın peşəkar psixoloqla dialoqa, müəyyən seminarlara ehtiyacı olur. Bu işi isə məktəb psixoloqları həyata keçirməlidirlər. Təəssüf ki, şagirdlərin öz psixoloqunu tanımadığı məktəblər hələ də var.

Bu mövzunu Bakı şəhər 20 nömrəli tam orta məktəb-liseyin psixoloqu, 2010-cu ildə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Tünzalə Verdiyeva ilə müzakirə etdik.

- Məktəbdə psixoloji xidmətin əsas istiqamətləri hansılardır?

- Məktəbdə psixoloji xidmətin əsasını psixoloji maarifləndirmə işinin düzgün aparılması, psixoloji profilaktika, psixoloji konsultasiya, psixodiaqnostika, psixokorreksiya, psixoloji-pedaqoji konsilium təşkil edir. Psixoloji maarifləndirmə dedikdə, pedaqoji kollektivin-müəllimlərin, şagirdlərin və valideynlərin psixoloji biliklərlə ilk tanışlığı başa düşülür. Təhsil subyektləri ilə həm qrup halında, həm də fərdi söhbətlər aparır, seminarlar təşkil edirik. Məktəb psixoloqu ilk olaraq maarifləndirmə işini düzgün aparmalıdır. Psixoloqun işi kollektiv tərəfindən qəbul edildikdən sonra hamı ona müraciət edir, psixoloji yardım almaq istəyir. Psixoloji profilaktika dedikdə şagirdlərin şəxsi və psixi inkişafında ola biləcək xoşagəlməz halların qarşısını almaq istiqamətində apardığımız işlər nəzərdə tutulur. Hər yaşın öz problemi, böhranı var. Eyni problemli uşaqlar, eyni yaşlı uşaqlar qruplaşdırılır və onlara problemlərinə uyğun seminarlar təşkil edilir ki, bu da baş verə biləcək aqressiya, depressiya hallarının qarşısını alır. Psixoloji konsultasiya zamanı bizə müraciət etmiş həm böyüklərin, həm də şagirdlərin müxtəlif həyat situasiyalarında yaranan psixoloji problemləri təhlil olunur və həllinə kömək göstərilir. Açıq deyim ki, fərdi müraciətlər daha çox valideynlər tərəfindən olur. Hər gün işə gələndə görürəm ki, səhər-səhər ən azı 10 valideyn məni gözləyir. Onlar övladları ilə dil tapa bilmir, dostluq münasibətləri qura bilmirlər. Buna görə bizdən fərdi konsultasiya üçün vaxt tələb edirlər. Burda çox ciddi problem ortaya çıxır. İstəmədən ailə psixoloquna çevrilirik. Bu zaman isə vaxt azlığı bizə mane olur.

- Bütün bu gördüyünüz işlərin uşaqlara nə kimi köməyi dəyir?

- Gördüyümüz işlər uşaqların inkişafına xidmət edir. Uşaqları təkcə ali məktəbə tələbə kimi hazırlamırıq. Onları problemsiz, komplekssiz şəxsiyyət kimi yetişdiririk. Onların özünəinam hissinin yüksəldilməsi, «mən bacarıram» deməsi üçün çalışırıq. Təəssüf ki, intiharların sayı artmaqdadır. Şükürlər olsun, bizim məktəbimizdə belə hala rast gəlinməyib. İntihar edən uşaqlara ruhi xəstə damğası vururlar. Bu isə düzgün deyil. Uşaqları dinləmək lazımdır. Müəllimlərimizlə də tez-tez seminarlar aparırıq. Heç bir müəllimin mənəvi haqqı yoxdur ki, evindəki problemləri məktəbə gətirsin. Müəllim aqressiv olduqda bu şagirdə də yansıyır. Bu mövzuda daha çox ibtidai sinif müəllimlərini və sinif rəhbərlərini bilgiləndiririk. Onları şagirdlərlə daha səmimi ünsiyyətə çağırırıq. Son zamanlar kompyuter, sosial şəbəkələr uşaqları ünsiyyətdən yayındırır. Məşğələləri qrup halında keçirməkdə məqsədim odur ki, uşaqlar arasında dostluq yaransın. Dərdləşməyi, paylaşmağı öyrənsinlər. Çünki zərərli saytlardan istifadə edərkən məkrli insanlarla rastlaşırlar ki, nəticədə daha pis vəziyyətə düşürlər. Şagirdlərimizə başa salırıq ki, internetdən və kompyuterdən yeni biliklər əldə etmək, təhsillərini artırmaq üçün istifadə etsinlər.

- Sizcə bu gün orta məktəblərdəki psixoloqlar işlərinin öhdəsindən gələ bilirmi?

- Desəm ki, bütün öhdəmizə düşən işin öhdəsindən gəlirik, bu, real olmaz. Çünki bir psixoloq 3000 şagirdə xidmət edə bilməz. Vaxt və fiziki qüvvə baxımından bu işi yerinə yetirmək mümkün deyil. Həmişə çalışıram ki, lazım olan anda, lazım olan yerdə olum. Kimin psixoloji xidmətə daha çox ehtiyacı varsa, müəllim və ya şagird olmasından asılı olmayaraq onun yanında oluruq. Son zamanlar ailələrə səfərlərin təşkilini həyata keçiririk. Görürük ki, uşaq xəstədir, uzun müddətdir öskürür. Valideyn isə laqeyd yanaşır. Uşağı nə müayinə, nə müalicə etdirmir. Bu zaman qrupumuzla uşağın yaşadığı ailəyə səfər edirik. Gedib görürük ki, uşağın dərsini hazırlaması üçün heç masası yoxdur. Evdə ona aid bir guşə yaradılmayıb və uşaq yerdə yatır. Lakin ananın böyük güzgüsü, güzgünün qarşısında bahalı ətirləri və kosmetik vasitələri var. Həmçinin valideyn özü üçün böyük ekran plazma televizor, rahat divan alıb. Deməli, problem maddi imkansızlıqda deyil. Bu etinasızlıqdır, uşağa dəyər verməməkdir. Belə valideyni dəvət edir, psixoloji söhbətlər aparırıq. Bəzən məcbur olub deyirik ki, belə davam etsə, uşağı əlinizdən alıb dövlət müəssisələrinə, sosial qurumlara verəcəyik. Təbii ki, belə ailələrin problemini biz həll edə bilmərik. Çünki əvvəlindən o ailədə münasibətlər düzgün qurulmayıb. Əsas səbəbə vardıqda, qaynana-gəlin münasibətlərində və ya şəxsi keyfiyyətlərdə problemin olduğu üzə çıxır.

- Psixoloji xidmət üzrə kadr çatışmazlığı hiss olunurmu?

- Ölkəmizdə 5000-ə yaxın məktəb var. Hər birində də psixoloq ştatı var. Təəssüflər olsun ki, bu ştatlarda işləyən psixoloqların hamısı ixtisasca psixoloq deyil. Rus dili və ədəbiyyatı dərsləri ixtisar olunduqdan sonra həmin fənn müəllimləri “yenidən hazırlanma” kursuna getdilər. Bir il kurs keçdikdən sonra məktəblərdə psixoloq kimi fəaliyyətə başladılar. Mən inanmıram ki, bir il kurs keçməklə insan psixoloq ola bilər. Bu da onu göstərir ki, məktəblərin çoxunda ixtisaslı psixoloq yoxdur. Ona görə də psixoloji təhsil sisteminin vəziyyəti aşağı səviyyədədir. Digər tərəfdən, özünü təsdiq edən psixoloqlar məktəblərdə qalıb işləmirlər. Çünki məktəbdə iş çox, əməkhaqqı isə azdır. Bu səbəbdən peşəkar psixoloqlar daha çox maaş verən özəl mərkəzlərə üz tuturlar.

Məktəblərdə psixoloq ştatları şagirdlərin sayına görə açılmalıdır. 300 şagirdi olan məktəbin də 1 psixoloqu var, 3000 şagirdi olanın da. Ona görə də biz yeni təhsil nazirimizdən islahatlar gözləyirik. Mənim çalışdığım məktəbdə 3000 şagird təhsil alır. Həmçinin pedaqoji kollektivin də haqqıdır ki, psixoloqdan dəstək alsın. Valideynlər, hətta nənə-babalar da bizə müraciət edir.

Düşünürəm ki bu, həllini gözləyən məsələdir və ştatların sayı artırılacaq. Bir məsələni də xüsusi qeyd etməliyəm. Təsəvvür edin ki, psixoloqların fəaliyyəti üçün heç bir əsasnamə, hüquqi sənəd yoxdur. Ona görə də hər hansı bir müəssisə rəhbəri psixoloqun hüququnu poza bilər. Heç bir yerdə yazılmayıb ki, psixoloq gün ərzində neçə saat işləməli, saat neçədə gəlib, neçədə getməlidir. Bax, bu özü ciddi bir problemdir. Təhsil Nazirliyi gərək əsasnaməni təsdiq etsin ki, bütün məktəblərdəki psixoloqlar eyni sistemlə çalışsınlar. Mən bir psixoloq kimi məktəbdə öz istədiyim kimi psixoloji xidmət işini təşkil edirəm. Bu, mənim üçün geniş imkanlar açıb. Nəyi doğru hesab edirəmsə onu da tətbiq edirəm. Məktəbin rəhbərliyi də bunu qəbul edib. Amma başqa təhsil müəssisəsində psixoloq öz işini bilmir. Təsəvvür edin ki, psixoloqlar təşkilatçı müavinlərin işini görür. Məktəb formasını, davamiyyəti yoxlayır, psixoloq işindən başqa çox işlər görür. Məktəb rəhbərliyinin əlində bir sənəd yoxdur ki, ondan öz işini tələb etsin. O da görür ki, ondan işini tələb edən yoxdur, başqa işlərlə məşğul olur. Bəzi məktəblərdə isə psixoloqun adı gedir. Özünü heç bir şagird tanımır.

Şəfa Tapdıq