Məktəblərdə özünümaliyyələşdirmə mexanizminin mahiyyəti
2020-ci ilə qədər məktəblər
özünümaliyyələşdirmə sisteminə keçməlidir. Bu barədə Bakı Şəhər Təhsil
İdarəsinin direktoru Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, bununla
bağlı təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub:
"Məktəbin idarə olunmasında maliyyənin böyük rolu var. Burada söhbət
çoxsaylı uşaqların təhsilə cəlb olunması və təhsil ehtiyaclarının
ödənilməsindən gedir. Maliyyənin rolunu qeyd etməmək olmaz. Biz hazırda
məktəblərdə özünü maliyyələşməyə keçməmişik. Məktəblərin özünü maliyyələşməsi
2020-ci ilə qədər baş tutmalıdır".
M.Vəliyeva qeyd edib ki, təhsil
sahəsində son 2 il ərzində islahatların aparılması ilə yanaşı, beynəlxalq
təcrübənin tətbiqinə də geniş yer verilib: "Bu gün təhsil sahəsində vacib
islahatlar aparılır. Bunların hamısının təməlini ümumtəhsil təşkil edir. Bu
sahədə çalışan hər bir kəs üzərinə düşən məsuliyyəti dərk edir. Ümumtəhsil
sahəsi təhsil sisteminin təməl sütunudur və şəxsiyyətin formalaşması buradan
başlayır".
Onun bildirdiyinə görə,
məktəblərin özünümaliyyələşdirməsi ilə bağlı plan Təhsil Nazirliyi tərəfindən
hazırlanır. O, deyib ki, Təhsil Nazirliyinin hazırladığı plan BŞTİ-yə hələ
təqdim edilməyib: "Məktəblərin özünümaliyyələşdirməsi istiqamətində Dövlət
Strategiyasını və fəaliyyəti Təhsil Nazirliyi müəyyənləşdirir. Bu plan bizə
təqdim edilmədiyi üçün bu barədə danışmaq hələ tezdir”.
Bu mexanizmin necə işləyəcəyini,
məktəblərin özünümaliyyələşdirmə sisteminə necə keçəcəyini, ümumiyyətlə, bu
keçidin mahiyyətini öyrənmək üçün Bakı Şəhər üzrə Təhsil İdarəsi ilə əlaqə
saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun
məlumatına görə, məktəblər haqqında yayılmış bu informasiya mətbuatda yanlış
şərh olunub: "Bəzi kütləvi informasiya vasitələrində "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunmuş
təhsil müəssisələrinin bir təhsil alana düşən xərc əsasında maliyyələşdirmə
mexanizminə keçidi, dövlət və bələdiyyə təhsil müəssisələrində
özünümaliyyələşdirmə prinsiplərinin təşviqi məsələləri yanlış şərh olunub.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın
həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5.1.1-ci və 5.2.3-cü
bəndlərində aydın şəkildə qeyd olunur ki, ortamüddətli proqnozlaşdırmada
təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin
mərhələlərlə artırılmasının nəzərdə tutulması 2016-cı ildən, təhsil müəssisələrinin
bir təhsil alana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata
keçirilməsi 2017-ci ildən başlayaraq icra olunacaq. Bu isə sadəcə, ənənəvi
maliyyələşdirmə mexanizmindən adambaşına maliyyələşdirmə mexanizminə keçidi
ehtiva edir. Yəni, daha sadə formada ifadə etsək, burada məktəblərin ödənişli
olmasından söhbət getmir, dünya təcrübəsinə uyğun olaraq, təhsil
müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə
(adambaşına) müəyyənləşdirilməsi nəzərdə tutulur”.
Məsələni təhsil eksperti Kamran
Əsədovla müzakirə etdik: "Azərbaycan
Respublikasının 1995-ci ildə qəbul edilmiş Təhsil haqqında qanununa görə dövlət
minimum icbari təhsil verməyi öz öhdəsinə götürüb. Yəni, dövlət buna borcludur.
Heç bir halda dövlət müəssisələrində ödənişli fəaliyyət ola bilməz. Təhsillə
bağlı pullu xidmətlərin göstərilməsi mümkün deyil. Sadəcə olaraq, 2016-cı ildən
ölkəmizdə "publik hüquqi şəxs” statusu
formalaşmağa başlayıb. Artıq bir çox müəssisələr təkcə dövlət büdcəsi hesabına
yox, eyni ilə də bir sıra xidmətlər göstərməklə
özlərini maliyyə baxımından təmin edirlər. Və hesab edirəm ki, bu hal Azərbaycanda orta
ümumtəhsil məktəblərində də tətbiq olunmalıdır.
Ən azından ona görə ki, məktəblər
təchizat və təmir, bu və ya digər işləri göstərdikləri xidmətə görə
ödəməlidirlər. Bu gün Azərbaycanın 4500-dən çox orta məktəbində 1,6 milyona
yaxın şagird təhsil alır. Bu, əlbəttə
ki, kifayət qədər ciddi saydır. Bütün təhsil ocaqlarının xərcləri bərabər
şəkildə həyata keçirilir. Amma qeyd edim ki,
məktəblərin şagird başına nə qədər tutumu varsa, ona görə
maliyyələşmənin həyata keçirilməsi tədris resurslarına ciddi təsir göstərəcək. Məktəb direktorları
çalışacaqlar ki, rəhbəri olduqları təhsil müəssisəsinin şagird sayı və
göstəriciləri yüksək olsun. İndiyədək direktorlar bu məsələdə maraqlı
deyildilər”.
Müsahibimiz "məktəblər pullu
olacaq” ifadəsini çoxlarının yanlış anladığını və əslində mexanizmin başqa cür
olduğunu deyir: "Məktəblər öz infrastrukturlarından ciddi şəkildə istifadə
etməlidirlər. Amma təəssüflər olsun ki, bizdə bu sistem aşağı səviyyədədir.
Təhsil müəssisəsi öz binalarında ödənişli şəkildə rəqs, rəsm, şahmat dərsləri,
bu və ya digər xidmətləri göstərməklə, şagird cəlbini həyata keçirdər və rəsmi
gəlir əldə edər. Bundan başqa, hər bir məktəb özü qrant layihələrində iştirak etməklə,
məktəbinə böyük məbləğdə vəsait qazandıra bilər. Hesab edirəm ki, məktəb rəhbərliyi bu kimi
xidmətlərlə yetərincə gəlir əldə etmiş olar. Bu o demək deyil ki, məktəblər ödənişli olacaq. Sadəcə olaraq,
işlədilən ifadə insanlara düzgün çatdırılmayıb. Məktəblərin gəlir mənbəyi
fərqli olacaq. Məsələn, hər bir məktəbin futbol və ya voleybol stadionu var.
Həmin stadionlar dərsdən sonrakı saatlarda ödənişli şəkildə bütün vətəndaşların
istifadəsinə verilərsə, bu zaman məktəb gün ərzində böyük gəlir əldə etmiş
olacaq. Yenə də vurğulayıram ki, məktəb
öz infrastrukturundan və kadr ehtiyatında səmərəli şəkildə istifadə edərsə,
kifayət qədər gəlir əldə etmiş olar”.
Günel Azadə