• şənbə, 20 Aprel, 02:05
  • Baku Bakı 15°C

Məktəblərdə silah olmalıdır ki...

14.04.15 12:55 6155
Məktəblərdə silah olmalıdır ki...
Məktəb-Lisey Kompleksin Gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən Vasif Piriyev “Kaspi” qəzetinin “Bir məktəbin tarixi” layihəsinə müsahibə verərkən qeyd etdi ki, böyüməkdə olan nəsil Vətənə məhəbbət ruhunda böyüyür.
- Bu günlərdə Təhsil Nazirliyi məktəblərdə yenilik tətbiq edib. Belə ki, döyüş şəraitində yaşayan ölkənin yeniyetmələri silahlarla bundan sonra elə məktəbdə tanış olacaqlar. Bu yeniliyi necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, məktəblərdə silah olmalıdır ki, uşaqlar onu əyani görsünlər. İndiyə qədər məktəblərdə silah olmadığından uşaqlara nəzəri dərs keçirdik. Ancaq şagirdin əli avtomata əyani olaraq toxunmalıdır. Yoxsa onların təsəvvüründə bir qədər çətinlik yaranır. Avtomatın hissələrinin adını bilsələr də, sökülüb-yığılması qaydalarını yaxşı öyrənə bilmirlər. Bu baxımdan Təhsil Nazirliyinin bu qərarı təqdirəlayiqdir.
- Hazırda ölkəmiz müharibə şəraitində yaşayır. Belə bir zamanda şagirdlərə hərbi hazırlıq fənnini tədris etmək sizin üzərinizə hansı məsuliyyəti qoyur?

- Bu, bizim üçün böyük məsuliyyətdir. Hər şeydən əvvəl biz şagirdlərə Vətəni sevməyi, lazım gələrsə onun uğrunda döyüşməyi öyrətməyi bacarmalıyıq. Biz şagirdlərə hərb tariximizdən söhbət açır, həmçinin Milli qəhrəmanlarımız, Qarabağ haqqında məlumatlandırırıq. Bizim şərəfli, qürurdoğuran mübarizə tariximiz var.
- Bu gün məktəblərdə kişi müəllimlər qadınlardan çox-çox azdır. Nə üçün kişilər pedaqoji sahəyə həvəs göstərmirlər?

- Düzdür, hazırda məktəblərdə kişi müəllimlər azlıq təşkil edir. Bu sahədə əməkhaqqı onları qane etmir. Ancaq düşünürəm ki, məktəblərdə kişi müəllimlər çox olmalıdır ki, böyüməkdə olan oğlanlar daha çox onların əhatəsində tərbiyə alsınlar.
- Sizcə, şagirdləriniz Vətənin müdafiəsinə hazırdırlarmı?

- Əgər bu hissləri onlara layiqincə aşılaya bilmişiksə, əlbəttə, onlar Vətəni müdafiə etməyə hazırdırlar. Biz uşaqların vətənpərvər ruhda böyüməsi üçün onları müxtəlif yarışlara aparırıq. Rayon və şəhər üzrə birincilik qazanan komandalarımız var. Praktiki olaraq həmin yarışlarda iştirak edərkən sanki onlar həmin həyatı yaşayırlar. Gənclərin çağırışaqədərki hazırlığı çox vacib məsələdir.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər