• cümə, 26 Aprel, 03:53
  • Baku Bakı 16°C

Məktəbəhazırlıq kursları fəaliyyətə başladı - Fotolar

04.10.16 11:48 3577
Məktəbəhazırlıq kursları fəaliyyətə başladı - Fotolar
Ölkənin təhsil sistemində məktəbəqədər təhsil sisteminin diqqətdən kənarda qalması və passiv fəaliyyəti övladlarını məktəbəqədər hazırlığa qoymaq istəyən valideynlərdə müəyyən narazılıqlar yaradırdı. Həmçinin məktəbəqədər təhsil sisteminin əhatə etdiyi uşaqların sayının azlığı, məktəbəqədər təhsilin rayon icra hakimiyyətlərinin nəzarətində və əsasən ödənişli olması da narazılıqlara təkan verirdi. Üstəlik "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda da məktəbəqədər təhsillə bağlı hazırlıq səviyyəsinin qeyri-qənaətbəxş olması qeyd edildiyindən, bu, əlaqədar qurumları məktəbəqədər təhsillə bağlı addımar atmağa sövq etdi.

Məktəbəqədər təhsilin ölkənin orta və uzunmüddətli inkişafına təsir edən ən vacib təhsil pilləsi olduğunu nəzərə alaraq məktəbəqədər təhsillə əhatənin ölkə üzrə 90 faizə çatdırılması qarşıya məqsəd kimi qoyuldu. Bu tədris ilində Təhsil Nazirliyinin məktəbəqədər hazırlıq siniflərinin ödənişsiz olaraq fəaliyyətə başlayacağı xəbəri isə valideyn və uşaqlar üçün əsl sürpriz oldu. Belə ki, istənilən valideyn övladının məktəbəqədər hazırlığa cəlb olunmasına qərar verə bilər: "Bunun üçün hər bir şərait yaradılacaq”- deyə təhsil naziri Mikayıl Cabbarov bildirib.

Məktəbəqədər hazırlığa marağın yüksək olması isə artıq özünü doğruldur.

Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində ödənişsiz əsaslarla məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması valideynlərin böyük sevincinə səbəb olub. Belə ki, 2016-2017-ci tədris ili üçün Bakı şəhəri üzrə 847 məktəbəhazırlıq qrupuna 19538 uşaq müraciət edib. BŞTİ-nin tabeliyindəki 254 məktəbdə 4 gün fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır. Belə ki, məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın 1-də başlanacaq və mayın 31-də başa çatacaq. Bununla belə, 2016-cı ildə oktyabrın 1-i şənbə gününə təsadüf etdiyindən bu il məşğələlər oktyabrın 3-dən başlayıb.

Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar. Bununla belə, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, yaradılmış qrupların sayını artırmamaq şərti ilə uşaq norması imkan verdiyi halda, 2010-cu ildə anadan olmuş, lakin məktəb yaşına çatmamış uşaqların da valideyninin arzusuna görə məktəbəhazırlıq qruplarına cəlbi yerli təhsili iderəetmə orqanlarına tövsiyə edilib.

Məktəbəhazırlıq qruplarında «Ətraf aləmlə tanışlıq», «Savad təliminə hazırlıq və nitq inkişafı», «Bədii təfəkkürün inkişafı», «Məntiqi və riyazi təfəkkürün inkişafı», «Təsviri fəaliyyət», «Musiqi» və «Fiziki mədəniyyət» dərs məşğələləri tədris ediləcək. Gün ərzində 3 məşğələ, tədris qruplarında məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

Məktəbəhazırlıq qruplarında məşğələləri aparmaq məqsədilə təcrübəli ibtidai sinif müəllimləri seçilib və onlar üçün iki təlim kursu təşkil olunub. Təlimlərə 850 müəllim cəlb edilib. Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilmiş təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılıb.

Məktəbəqədər məşğələlərə start verilən məktəblərdən biri - Bakı şəhərindəki 7 nömrəli tam orta məktəbdə qrupların fəaliyyətə başlamasına həsr olunan tədbirdə məktəbəhazırlıq qruplarında tədrisin təşkili baxımından qarşıda duran məsələlərdən bəhs edən videoçarx nümayiş olundu. Məktəbin direktoru Könül Həsənova şagirdləri təbrik edərək «Uğur yolunun açarı məktəbimizin bilik açarıdır» - deyə bildirdi: "Hazırda bu məktəbdə şagirdlər 4 qrup – 2 rus və 2 Azərbaycan sinifləri üzrə dərs alacaqlar. Məktəbəqədər hazırlıq siniflərinə 80 uşaq cəlb edilib”. Gələcəkdə siniflərin və uşaqların sayının artırılacağı da istisna deyil.

Daha sonra məktəbəhazırlıq qruplarında ilk məşğələyə start verildi. Təhsil idarəsinin nümayəndələri, valideynlər, media işçiləri şagirdlərin oxuyacaqları siniflərlə tanış oldular.

Məktəbəqədər təhsil siniflərinin respublikanın bütün şəhər və kəndlərində fəaliyyəti nəzərdə tutulub. Belə ki, kənd məktəblərində bir qrupda uşaqların sıxlığının 10 nəfərdən, şəhər məktəblərində 15 nəfərdən, ümumilikdə isə sinifdə şagirdlərin sayının 30 nəfərdən çox olmasına icazə verilmir. Şagirdlərin qiymətləndirilməsinə gəlincə, onlar şifahi formada qiymətləndiriləcək və tədris məşğələləri ilə bağlı valideynlərinə məlumat veriləcək.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər