• cümə axşamı, 25 aprel, 10:01
  • Baku Bakı 14°C

Məktəb illəri

14.04.15 12:53 4601
Məktəb illəri
“1994-ci il sentyabr ayının 1-i səhər yuxudan oyananda çox həyəcanlı olduğum yadımdadı. Məktəbli idim artıq. Məktəb illərim çox maraqlı olub.Yəqin dəcəl olduğum üçün elə fikirləşirəm. Yadımdadır ki, həmişə öndə olmağa çalışmışam. Həm dərslərimdə, həm də digər sahələrdə” deyə Məktəb-Lisey Kompleksin məzunu, Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev “Kaspi” qəzetinin “Bir məktəbin tarixi” layihəsinə məktəblə bağlı xatirələrini bölüşdü:
- İlk dəfə məktəbə gedəndə sinif rəhbərim və sinif yoldaşlarımı təsəvvür edirdim. Sinif rəhbərimlə tanış oldum, hamı kimi mən də sıraya düzüldüm. Valideynlərim və qohumlarım qıraqda durub bizə baxırdılar. Bu arada, mənim 2 qohumum və 1 dostumda mənimlə eyni sinifdə idi. Biz sırada durmuşduq, bir də gördüm ki, balaca qardaşım yanıma gəldi və mənimlə oxuyacağını dedi. Valideynlərim çətinliklə onu yanlarına apardılar. Mən isə yaxınlaşdım qardaşımın yanına və qulağına dedim ki, narahat olma, dərsdən gəlim məktəbdə öyrəndiklərimi sənə öyrədəcəm. Düzünə qalsa ilk dərs günü heçnə öyrənə bilmədim. Sinfin yarısı ağlayırdı və müəllim onları sakitləşdirməklə məşğul idi. Vaxt keçdikcə bütün uşaqlar öyrəşdi və hamı ilə dostlaşdım. Müəllimin rəğbətini də qazanmağı bacardım.
Yuxarı siniflər daha maraqlı olmağa başladı. Daha çox dərs oxuyurduq. Humanitar fənlərə marağım daha çox idi. Lakin riyaziyyat ən çox sevdiyim fənn idi.
İdman dərsinə hər zaman həvəslə gedərdim, ən çox da futbol oynamağı sevirdim. Bununla bağlı çox maraqlı xatirəm var. 6-cı sinifdə oxuyurduq. Futbol çempionatı idi. Bizim sinif çempion olamağa çox iddialı siniflərdən biri idi. Mən isə sinif komandasının kapitanı seçilmişdim. İlk oyun günü idi və püşkatmada birinci oyun bizim sinfə qismət oldu. Futbol meydançasına çıxdıq, digər sinif də bizim kimi ilk oyunu qalib olmaq istəyirdi. Oyun başladı, ilk qolu mən vurdum və komandımızın ruh yüksəkliyi artdı, oyun isə 3-1 bizim xeyrimizə qurtardı. Çempionat boyu lider olaraq digər oyunları qalib olduq. Final günü idi. Çox həvəsli idim, çempion adını qazanmaq istəyirdim və bunun üçün əlimdən gələni edəcəyimi özümə söz vermişdim. Həmin oyuna baxmağa paralel siniflərin bütün şagirdləri gəlmişdi. Çünki bizim siniflərdə ilk çempionat idi və qalibin kim olacağı hamı üçün maraqlı idi. Hətta yuxarı siniflərin şagirdləri də oyunu izləmək üçün meydançada idilər. Oyun başladı! İlk hissə heç-heçə oldu. Çox əsəbi və həyəcanlı olduğum yadımdadı, amma qalib olacağımıza əmin idim. İkinci hissə başlayan kimi hücumə keçdik və ilk qolu bizim sinif vurdu. Oyunda üstünlük bizə keçdi və biz bundan istifadə edərək bir daha qol vurduq. Bu səfər hesabı bizim xeyrimizə mən artırdım. Oyunun sonlarına doğru bir daha qol vuraraq qalibiyyəti sığortaladım. Oyun qurtardı, bununla belə biz Çempion olduq. Çox sevincli idim, məktəb illərində ilk uğurum idi. Daha sonralar da bu cür uğurlar qazandıq, lakin mən tək idman yox bilik səviyyəsində də uğurlar əldə etmək istəyirdim. Məktəb olimpiadalarında iştirak etməyə başladım. Bir dəfə riyaziyyat fənni üzrə olimpiada qalibi olmuşam. Düzünü desəm digər fənlər üzrə qalib olmağı bacarmadım.
Məktəb illəri mənim həyatımda xüsusi yeri var. Müəllimlərimiz bizə bilikli olmağımızın bizim üçün xeyirləri, həyata daha hazırlıqlı olmaq, cəmiyyətdə öz yerimizi tapmağa köməklik edəcəyi barədə tövsiyələri hələ də yadımdadır. Müəllimlərimin və sinif yoldaşlarımın dəstəyini həmişə hiss etmişəm və mən də onlara öz qayğımı əsirgəməmişəm. Bunun nəticəsidir ki, indiyə qədər müəllimlərimlə və sinif yoldaşlarımla əlaqə saxlayıb, dostluq edirəm. Orta məktəbi 11 il əvvəl başa vursam da o illər hələ də mənim üçün çox maraqlı və əzizdir.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər