AZE | RUS | ENG |


Məkrli üçlük

Məkrli üçlük
ABŞ, Gülən şəbəkəsi və bəzi region ölkələri Azərbaycanda vəziyyəti gərginləşdirməyə çalışırlar

Sosial bazası tükənən, xalqın etimadını itirən radikal müxalifət partiyaları və onların "liderləri” Azərbaycanda keçirilən seçkilərdə hər zaman məğlub olub, siyasi mübarizəni uduzublar. Hər dəfə eyni biabırçı aqibətlə üzləşmək bu təşkilatları, orada təmsil olunan insanları bir-birindən narazı salıb, partiyadaxili gərginlik, qarşıdurma, parçalanma pik həddə çatıb. İndi siyasi partiyadan daha çox, dərnəyi xatırladan bu radikal təşkilatlar, həmçinin onların rəhbərləri varlıqlarını qorumaq üçün çarəni xarici himayədarlara sığınmaqda görürlər. Məhz xarici qüvvələrin maddi və mənəvi dəstəyi ilə radikal müxalifət liderləri Azərbaycandakı seçkilərdə yenidən iştirak edir, aldıqları siyasi sifarişlərə uyğun davranış nümayiş etdirir, "bəlkə də qaytardılar” xülyası ilə yaşamlarını davam etdirirlər.

Xatırlayırsınızsa, sonuncu prezident seçkiləri öncəsi xarici qüvvələrin təsiri altında Ziyalılar Forumu, "EL” Hərəkatı, Milli Şura təsis edən radikallar aldıqları təlimat əsasında kinodramaturq kimi tanınan, cibində ikili vətəndaşlıq pasportu gəzdirən Rüstəm İbrahimbəyovu özlərinin vahid namizədi seçmişdilər. Böyük məbləğdə maliyyə vəsaiti müqabilində radikal müxalifət liderləri heç bir siyasi fəaliyyəti olmayan R.İbrahimbəyovun az qala ətəyindən öpür, onu dahi Mirzə Cəlilin "Ölülər” əsərindəki Şeyx Nəsrullah obrazında görür, ümid edirdilər ki, o, xalqın gözündə ölmüş müxalifəti dirildəcək, ona yeni nəfəs verəcək. Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli və onların ətrafındakı kütlə sadəlövhlüklə inanırdılar ki, Rusiyada yaşayan və oradakı "Milyarderlər İttifaqı”nın üzvü olan R.İbrahimbəyov Şimal qonşumuzun dəstəyi nəticəsində prezident seçiləcək, AXCP-Müsavat liderləri və tərəfdarları da "ağ günə” çıxacaqlar. Ancaq Azərbaycan xalqı öz qətiyyətini və iradəsini ortaya qoyaraq, xarici dairələrə satılmış radikal müxalifət liderlərinin və onların havadarlarının planlarını pozdu. Beləliklə də müxalifətçilər daha bir sarsıdıcı zərbə alaraq, növbəti dəfə məğlub duruma düşdülər. 

Lakin baş verən proseslər onu göstərir ki, radikallar xalqın onlara verdiyi dərslərdən yenə də düzgün nəticə çıxarmayıblar. Belə ki, sentyabrın 26-a ümumxalq səsverməsinin təyin olunması, Konstitusiyaya əlavə və dəyişikliklərin ediləcəyi xəbərini alan AXCP, Milli Şura, Müsavat Partiyası və onların ətrafına cəm olanlar yenidən "fəallaşıblar”. Azərbaycanda sivil siyasi mübarizə aparmaq gücündə olmayan radikal müxalifət "ənənəvi” taktikaya üstünlük verərək, referendum öncəsi yenidən ölkə daxili vəziyyəti gərginləşdirməyə, daxili sabitliyi pozmağa cəhd edirlər. Mediada yayılan məlumatlardan belə məlum olur ki, bu işdə onlara xarici ölkələrin Azərbaycandakı səfirliklərindən bir neçəsi də yardım göstərməkdədir. Məhz bu məsləhət-məşvərətlərdən, yardımlardan sonra əvvəlcə AXCP və Milli Şura, ardınca isə Müsavat Partiyası mitinq təyin edib, əhalini siyasi hakimiyyətə qarşı çıxmağa, etiraz etməyə səsləyib. Bundan başqa, aksiya ərəfəsində ABŞ səfirliyindən siyasi partiyalarla, QHT-lərlə intensiv əlaqə saxlanılması, diplomatik korpusdan mitinqin dəstəklənməsi xahişinin edilməsi barədə mediada gedən məlumatlar da bir daha təsdiq edir ki, radikallar, o cümlədən AXCP sədri Ə.Kərimli və onun ətrafı Azərbaycanın imicini ləkələmək, ölkədə gərginlik yaratmaq üçün konkret sifariş icra edirlər.

Qeyd edək ki, Ə.Kərimli və onun ətrafının anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirməklə öz xəyanətkar məqsədlərini həyata keçirmək cəhdləri iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdə münasibətdə də özünü açıq şəkildə büruzə verib. Həmin vaxt Azərbaycan iqtidarı birmənalı mövqe ortaya qoyaraq Türkiyə dövlətini, dövlətçiliyini, onun qanuni hakimiyyətini dəstəkləsə də, AXCP sədri Ə.Kərimli, onun təsiri altında olan Milli Şura, rupora çevrilən "Azadlıq” qəzeti, "N!DA”çılar, həmçinin AXCP tərəfdarları, xüsusən də Natiq Ədilov, Qənimət Zahid, Mahmud Şərifov, Rəşid Cəfərov Vüqar Niftiyev və digərləri F.Gülənə dəstək xarakterli təbliğatlarını davam etdiriblər, hətta Türkiyədə bu şəbəkənin darmadağın edilməsini pislədilər. Bu heş də səbəbsiz deyildi. Belə ki, əgər Türkiyədə qiyamçılar prezident R.T.Ərdoğanı devirə bilsəydilər, Azərbaycana qarşı da geniş mübarizə cəbhəsi açacaqdılar. Türkiyənin baş naziri və xarici işlər naziri də o zaman açıq mətnlə bildiriblər ki, gülənçilər Azərbaycanda da çevriliş hazırlayırmışlar. Dünyəvi Azərbaycanda gülənçiliyin sosial bazası olmadığından bu rolu ənənəvi radikal müxalifət, daha dəqiqi, AXCP yerinə yetirməyə çalışıb.

Bütün sadalanan faktlar bir daha nümayiş etdirir ki, ABŞ-Gülən şəbəkəsi, eyni zamanda bəzi region ölkələri Azərbaycanda vəziyyəti gərginləşdirməyə çalışırlar. Xarici dairələrin, diplomatik korpus nümayəndəsi adı altında kəşfiyyat fəaliyyəti göstərən xarici qurumların bu məkrli planlarının həyata keçirilməsində AXCP, Milli Şura və başqa təşkilatlar əsas rol sahibidirlər. Cəmil Həsənlinin Strasburqa səfəri, ABŞ Konqresində, Haaqada Azərbaycanla bağlı müzakirələrin təşkili də göstərir ki, bəzi Qərb dairələri Azərbaycanda vəziyyəti gərginləşdirmək məqsədilə növbəti dəfə hərəkətə keçiblər. Elə AXCP və Milli Şuranın ötən bazar günü keçirdiyi mitinqə Qərb dairələrinin, habelə bəzi region ölkələrinin yaxından dəstəyi də buna əyani sübutdur. "İslam Hərəkatı Birliyi”nin sədri Taleh Bağırzadənin və İslam Partiyasının rəhbəri olmuş Mövsüm Səmədovun tərəfdarlarının 11 sentyabr mitinqinə qoşulması da bu prosesin bəzi qonşu ölkələrin müəyyən dairələri tərəfindən dəstəkləndiyini aydın göstərir.

Yekun olaraq qeyd edək ki, müstəqil siyasət həyata keçirən Azərbaycan günü-gündən inkişaf edib gücləndikcə, ölkə başçısının rəhbərliyi altında yalnız milli və dövlətçilik maraqlarına uyğun, uzaqgörən addımlar atıldıqca, ermənipərəst dairələr, anti-Azərbaycan şəbəkə bundan qıcıqlanır. Məhz buna görə də Azərbaycanda siyasi proseslərin normal axarını çərçivədən çıxarmaq, cəmiyyətdə gərginlik, qarşıdurma  yaratmaq üçün məkrli planlar hazırlanır. Çox təəssüflər olsun ki, belə xəyanətkar "layihələrdə” - planlarda "sapı özümüzdən olan baltalar” əsas rol ifaçısı kimi çıxış edirlər. AXCP və Milli Şura, ən əsas da Ə.Kərimli müxtəlif istiqamətlərdən Azərbaycana qarşı yönəlmiş həmlələri dəstəkləməklə, anti-Azərbaycan dairələrin sifarişlərini icra etməklə istənilən qüvvə ilə əməkdaşlığa hazır olduğunu bir daha aydın göstərir. Bu səbəbdən də artıq Ə.Kərimlinin və onun anti-milli dəstəsinin tam ifşa olunması, onların ölkənin siyasi səhnəsindən kənarlaşdırılmasının vaxtı çatıb.

Alpər TURAN


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.1809
TRY 1 Türk lirəsi 0.4816
KWD 1 Küveyt dinarı 5.7105
SEK 1 İsveç kronu 0.1945
EUR 1 Avro 1.8399
CHF 1 İsveçrə frankı 1.7292
USD 1 ABŞ dolları 1.7447