Məişət zorakılığına qarşı mübarizənin bank yolu
Ekspertin fikrincə, məişət zorakılığı ilə bağlı
məlumat bankı yaradılana qədər sosial iş
institutunun gücləndirilməsi vacibdir
"Məişət zorakılığı ilə bağlı məlumat bankının 2020-ci ildə hazır
olacağı gözlənilir”. BunuAPA-ya açıqlamasında Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.
Onun sözlərinə görə, bank yaransa da, hələ tam formalaşmayıb: "Biz yerli
icra hakimiyyətləri ilə işləyirik. Respublikanın bütün yerli icra
hakimiyyətlərində icra hakiminin müvafiq müavininin sədrliyi ilə monitorinqlər
qrupu yaranıb. Bu monitorinq qrupları öz bölgələrində olan sosial zəif ailələri
təhlil edir və həmin qrupların baş vermiş zorakılıq faktı ilə bağlı toplantıları
keçirilir. İlin yekununda həmin monitorinq qrupları bizim Komitəyə məlumat
verirlər ki, onların ərazisində neçə zorakılıq hadisəsi baş verib, qurbanlar
kimlərdir və sosial zəif ailələrin sayı nə qədərdir. Sistemi bu qaydada qurmağa
çalışırıq ki, hər şey nəzarətdə olsun və həmin təbəqə ilə konkret olaraq
maarifləndirmə işləri aparılsın”.
Komitə sədrinin müavini deyib ki, bu bankın
yaradılması bütün rayonlarla bağlı olan şəbəkədir: "Bu şəbəkə də tam hazır
olmalıdır. Onlara proseslə bağlı seminarlar keçirilir, öyrədilir”.
Sədaqət Qəhrəmanovanın sözlərinə görə,
"Məişət zorakılığının qarşısının alınması haqqında" qanun Milli
Məclisdə 2010-cu ildə qəbul olunub və Prezident İlham Əliyev Qanunu imzalayıb: "Qanun layihəsi 2 il geniş ictimaiyyətin
müzakirəsində olub. Milli Məclisdə bu qanunun qəbul olunması ilə bağlı böyük
mübahisələr gedib. Düşünürdülər ki, bu qanun bizə lazım deyil. Məişət
zorakılığı deyəndə elə bilirlər ki, təkcə kişi həyat yoldaşını döyürsə, bu,
zorakılıqdır. Amma zorakılıq təkcə kişinin qadına fiziki zorakılığı deyil, bu,
mənəvi, psixoloji, iqtisadi, cinsi, sonda isə fiziki zorakılıqdır. Bu qanun
Mehriban Əliyevanın təkidi ilə qəbul olunub. Qanunun icrası ilə bağlı müvafiq
dövlət qurumlarının üzərinə müəyyən vəzifələr qoyulub. Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin üzərinə düşən vəzifələrdən biri məişət
zorakılığına məruz qalan insanların bankını toplamaq, onu təhlil etmək və
gələcəkdə hansı addımlar atmaq, zorakılığa məruz qalmış insanların sonrakı
taleyi ilə bağlı təhlillər aparıb qərar qəbul etməkdir”.
S. Qəhrəmanova onu da bildirib ki, bu il ölkədə
neçə qadının məişət zorakılığına məruz qalması ilə bağlı təhlillər aparılır.
Maraqlıdır, belə bir bankın formalaşdırılması bu istiqamətdə faydalı
olacaqmı?
"Azərbaycan uşaqları” ictimai
birliyinin sədri Kəmalə Ağazadə bildirdi ki, belə bir
bankın yaradılmasından öncə sosial iş institutunun gücləndirilməsi lazımdır: "Bankın
iş mexanizmi ilə bağlı bir məlumat yoxdur. Ona görə, konkret bir şey demək
çətindir. Amma qeyd edim ki, "Məişət zorakılığının qarşısının alınması
haqqında” qanun 2010-cu ildə qəbul edilib. Çox təəssüf ki, qanunun qəbul
edilməsinin 10-cu ilində bu bank yaradılır. Ümumiyyətlə, belə bir bankın
yaradılmasından öncə sosial iş institutunun gücləndirilməsi lazımdır. Ümid
edirəm ki, bütün bunlar nəzərdə tutulub. Həmçinin Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və bu sahədə fəaliyyət göstərən QHT-lər tərəfindən məişət
zorakılığı qurbanı olan uşaqlar üçün mərkəzlər fəaliyyətə başlayıb. Məsələn,
bizim təşkilatın icra etdiyi 4 layihə var ki, onlardan 3-ü elə məişət
zorakılığına aiddir. Bu bankın iş mexanizmi necə olacaq, bilmirəm, amma ən
azından, zorakılığa məruz qalan qadınlar üçün əlçatan bir sistem yaradılmalıdır”.
"Sağlam Cəmiyyət” İctimai
Birliyinin sədri Lalə Mehralı məişət
zorakılığı ilə bağlı məlumat bankının yaradılmasını müsbət qiymətləndirir, amma
bəzi qaranlıq qalan məqamların olduğunu qeyd edir: "Son aylarda medida
işıqlandırılan məişət zorakılığı xəbərlərindən aydın olur ki, vəziyyət heç də
yaxşı deyil. Bütün hallarda, məişət zorakılığına məruz qalanlar üçün istər
dövlət, istər qeyri hökumət təşkilatlarının atdığı addımlar təqdirəlayiqdir. Sahəsindən
asılı olmayaraq, məlumat bankının yaradılması bütün istiqamətlərdə müsbət
qiymətləndirilir. Bu, baş vermiş hadisə ilə bağlı daha çevik, daha düşünülmüş
addımlar atmağa imkan verir. Məişət zorakılığının qarşısının alınması ilə bağlı
qanunun da qəbul edilməsi bu istiqamətdə atılan addımlardan ən vacibi idi. Lakin
qanunun qəbul edilməsi ilə məsələ bitmir. İstənilən halda bir sual yaranır ki,
bu məlumat bankı həqiqətən cəmiyyətdə baş verən məişət zorakılığının qarşısını
alacaqmı? Bəs bu problemin həlli istiqamətində hansı addımlar atılacaq, bunlar
xanımların zorakılığa məruz qalmasının qarşısını alacaqmı? Bu kimi məqamlar
qaranlıq qalır. Məlumat toplamaq, statistikaya əsasən fikirlər səsləndirmək
asandır”.
Bir məsələni də qeyd etmək istəyirəm ki, məişət zorakılığına məruz
qalan qadınların bir çoxu, nədənsə, bunu gizlədir. Baş vermiş hadisənin
cəmiyyətdə bilinməsini istəmirlər. Bundan başqa, nə qədər zorakılığa məruz
qalsalar da, heç bir quruma müraciət etmirlər. Lakin bu bankın fəaliyyət
göstərməsində həmin xanımların rolu böyük olmalıdır. Onlar susmamalı, əgər
zorakılığa məruz qalıblarsa, mütləq şəkildə bununla bağlı lazımı orqanlara
məlumat verməlidirlər.
Qeyd edək ki, məişət zorakılığı ilə bağlı
məlumat bankında toplanmış məlumatların konfidensiallığı Komitə tərəfindən
təmin edilir. Məişət zorakılığı ilə bağlı məlumatlar yalnız qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada verilməlidir. Məişət zorakılığı ilə bağlı
statistik məlumatlar adsızlaşdırılmış şəkildə açıqlanmalıdır. Komitə tərəfindən
məlumat bankında məişət zorakılığı halları üzrə toplanan məlumatlar əsasında
ümumiləşdirmələr və təhlil materiallar hazırlanır.
Günel
Azadə