• çərşənbə, 24 Aprel, 15:24
  • Baku Bakı 27°C

Məhsullarımızı bütün dünyaya sərgiləyən virtual məkan

22.02.17 12:00 1532
Məhsullarımızı bütün dünyaya sərgiləyən virtual məkan
Son dövrlərdə kiçik, orta və iri sahibkarların ən çox rastlaşdığı problemlərdən biri də öz məshullarını beynəlxalq arenaya çıxarmaq məsələsi idi. İxrac problemi hətta bir çoxlarını bazardan sıxışdırıb çıxarırdı. Artıq bununla bağlı problemlər demək olar ki, geridə qalıb. İndi sahibkar öz məhsulunu çox asanlıqla ixrac edə bilər. Necə? Yazıda bu məsələlərə aydınlıq gətirdik.
Belə ki, Azərbaycanda 20 dekabr 2016-cı ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azexport.az portalı bu sahədə analoqu olmayan bir layihə kimi tarixə keçdi. Portalın təqdimat mərasimində çıxış edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirdi ki, Azexport.az-ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. O, Azexport.az-ın dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq, Azərbaycan mallarını bütün dünyaya sərgilədiyini də qeyd edib. "Dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-loqistika şirkətləri və ödəmə sistemləri Azərbaycan mallarının realizasiyası üçün əlverişli şəkildə Azexport.az-a inteqrasiya olunublar. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli, hər yerdə və həmişə olmaqla Azexport.az vasitəsilə "Made in Azerbaijan" brendi alıcılara yaxınlaşdırılır”.
Saytın istifadəyə verilməsindən təqribən iki aya yaxın vaxt keçir. Biz də sayta ümumi baxış keçirərək perspektivləri və problemləri araşdırmağa çalışdıq. Böyük şirkətlərin sayta marağı nə yerdədir, yeni şirkətlərin cəlb edilməsi çətindirmi? Saytda öz məhsullarını yerləşdirən şirkətlərin fəaliyyətində hansısa dəyişiklilər varmı, deyə kiçik bir araşdırma etdik.
Sayta ilkin baxış zamanı "Səba”, "Gazelli Group”, "Herba Flora”, "Fab”, "AzGranata”, "AstaraÇay” kimi şirkətlərin məhsulları ilə tanış olduq. Onu da qeyd etmək yerinə düşər ki, ümumilikdə portalda 11 adda kateqoriya fəaliyyət göstərir. Burada siz elektronika, metallurgiya, ofis ləvazimatlarından tutmuş, kənd təsərrüfatı məhsulları, hədiyə, çanta, idman və İT sahəsinə qədər istənilən məhsulu tapa bilərsiniz. Sayta baxış zamanı məhsulların qiyməti də diqqətimizi cəlb etdi. Onlardan bir neçəsini sizinlə bölüşmək qərarına gəldik. Məsələn, 10 kq-lıq Aysun marqarin yağının qiyməti 13 dollardır. İki kq-lıq "Azər-Şəkər” kəllə qəndin qiyməti 1,75 dollardır. 100 qramlıq "Azərçay”-ın qiyməti isə 0,75 dollardır. Qeyd etdiyimiz məhsullardan əlavə, istədiyiniz məhsulun qiyməti ilə siz də saytda çox asanlıqla tanış ola və əldə edə bilərsiniz.
Məhsullar işərisində daha çox "Azərsun Holdinq”in məhsulları öz bolluğu ilə diqqətimizi cəlb etdi. Şirkətin xeyli sayda məhsulları portalda təqdim edilir. Biz də işlərin nə yerdə olduğunu öyrənmək üçün şirkətlə əlaqə saxlamağa qərar verdik. "Azərsun Holdinq”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov bizimlə söhbətində bildirdi ki, portal ilin ilk satışını Azərbaycanda «Azərçay»la edib: "Artıq ilk nəticəni görmüşük. Sayt hələ ki fəaliyyətə yeni başlayıb. Azexport.az portalının fəaliyyətini yüksək qiymətləndiririk və düşünürük ki, bu çoxdan atılması gərəkən bir addım idi. Ümid edirik ki, bu portalın idarəçilərinin yerli istehsalçılardan məhsulları haqqında məlumatları mütəmadi tələb etmələri və portalda yerləşdirmək üçün onları həm həvəsləndirib, həm də yönləndirmələri müsbət qiymətləndiriləcək. Çünki sahibarklar da beləcə, başa düşəcəklər ki, istehsal olunan məhsulun dünyaya çıxarılması lazımdır. Bu baxımdan həm də sahibkar istehsal etdiyi məhsulu da artıq ixrac standartlarına uyğun buraxmağın vacib olduğunu dərk edəcək. Hesab edirəm ki, bu, çox uğurlu bir başlanğıcdır. Azexport.az portalı birbaşa "Made in Azərbaycan” brendini təşviq və təqdim edən bir portaldır. Ümid edirəm və inanıram ki, bundan sonrakı mərhələdə ixrac imkanları və rəqəmlərinin artımının şahidi olacağıq. Bununla yanaşı, düşünürəm ki, bu portaldan irəli gələrək kiçik və orta sahibkarlara məhsulun ixrac edilməsi istiqamətində konsultativ dəstək təqdim olunarsa, daha faydalı olar. Bununla onlar portalın mahiyyətini daha da yaxşı dərk edə bilərlər”.
Azexport.az portalının meneceri Zaur Qardaşovla portalın mahiyyəti və imkanları barədə söhbətləşdik. O, görülən tədbirlərin nəticəsi olaraq sahibkarların portala olan marağının xeyli artdığını bildirdi: "Əvvəllər qeydiyyatla bağlı biz sahibkarları axtarırdıqsa, indi onlar bizə özləri müraciət edir, qaynar xətt vasitəsilə bizimlə əlaqə saxlayırlar. Biz mərkəzimizdə onları qeyd edir, yaxud telefonla əlaqə saxlayırıq. Hazırda portala 5000-ə yaxın çeşiddə məhsul təqdim edilib. Onların əksəriyyəti demək olar ki, ixrac yönümlü məhsullardır. Bununla yanaşı, bu ilin əvvəlindən etibarən xarici ölkələrdə Azərbaycan məhsullarına olan maraq da xeyli artıb. Bunun əsas səbəblərdən biri də məhz Azexport.az-ın yeni, beynəlxalq portallar vasitəsilə yaratdığı satış kanalıdır. Həmçinin manatın ucuzlaşması da bizə əlavə dəstək yaradıb. Çünki hazırda Azərbaycan məhsullarının dollara ekvivalent qiyməti beynəlxalq bazarlarda çox cəlbedici və rəqabətədavamlıdır. Bütün bunların nəticəsi olaraq sifarişlərimiz xeyli artıb. Həmin sifarişlər iş adamlarına yönləndirilir”.
Z.Qardaşovun sözlərinə görə, xarici portallar vasitəsilə məhsulun təqdim olunması müsbət nəticə verib: "Artıq pozitiv siqnallar alırıq. Hazırda xarici ticarət fəaliyyəti ilə bağlı ötən illərə nisbətən ixrac prosedurları tamamilə şəffaflaşıb, rahatlaşıb və "Elektron bəyannamə” sistemi tətbiq edilib. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, ixracatçıların prosedurlarla bağlı əlavə məlumtlara da ehtiyacı var. Həm Azərbaycan, həm də qarşı tərəfin tələblərinə vaxtında və düzgün riayət edilərsə, məhsullar gecikmədən və geri qaytarılmadan hədəflərinə çata bilər. Bütün bu məsələlərlə bağlı yaxın gələcəkdə müəyyən yeniliklər tətbiq etməyi də planlaşdırırıq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər