Məhsullarımızı Avropa bazarlarına çıxarmaq hər baxımdan faydalıdır
Azərbaycan şirkətlərinin Bosniya və Herseqovinanın şirkətləri ilə
əməkdaşlıq etməsi Azərbaycan məhsullarının Avropa ölkələrinin bazarlarına çıxışına
imkan yaradacaq. Bunu Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib. R.Məmmədovun sözlərinə görə,
bu, Bosniya və Herseqovinanın Avropa İttifaqı ilə azad ticarət haqqında
razılaşmasının olması sayəsində mümkün ola bilər: "Biz də öz növbəmizdə
Bosniya şirkətlərinə Azərbaycanla arasında azad ticarət haqqında razılaşma olan
MDB ölkələrinin bazarlarına sərbəst çıxış təklif edə bilərik. Yəni söhbət
qarşılıqlı maraqlardan gedir".
AZPROMO-nun rəbəri bildirib ki, iki ölkənin işgüzar dairələri bir çox
məsələlərə maraq göstərirlər: "İlk növbədə tikinti, ağır maşınqayırma,
avtomobil istehsalı, kənd təsərrüfatı, qida, tekstil, mebel sənayesi və emal sənayesinin
müxtəlif istiqamətləri üzrə. Yəni artıq bizim şirkətlərimizin ünsiyyət qurduğu
bir sıra istiqamətlər var. Azərbaycanın kənd təsərrüfatı, aqrar sənaye, yeyinti
məhsullarının emalı və istehsalı şirkətləri artıq Bosniya və Herseqovina
bazarlarındadırlar. Bu, Bosniya və Herseqovina üçün, o cümlədən bizim üçün də
ənənəvi sektordur".
Bəs görəsən Bosniya və Herseqovina ilə əməkdaşlıq bizim Avropa
bazarlarına çıxış imkanlarımızı daha da şaxələndirə bilərmi? Ümumiyyətlə, bunun
üçün daha nələr edilməlidir?
İqtisadçı-ekspert Rəşad
Həsənov deyir ki, bu əməkdaşlıq
Azərbaycanla Avropa Birliyinə daxil olan
ölkələr arasındakı əməkdaşlığı sürətləndirəcək: "Bu özü də bir bazardır və bu
istiqamətdə əməkdaşlığın edilməsi, Azərbaycan məhsullarının Bosniya və Herseqovinaya
satışı öz növbəsində ixracın həcminin artmasını da şərtləndirə bilər. Amma düşünürəm
ki, indiki halda Azərbaycana böyük iqtisadiyyatlarla əməkdaşlıq edilməsi daha
çox lazımdır. Məsələn, Almaniya, Fransa, İtaliya kimi nəhəng Avropa ölkələri
ilə əməkdaşlığın qurulması istiqamətində səylər daha çox artırılmalıdır. Məhz
bu yolla Azərbaycanda ixracın ciddi şəkildə artmasına və iqtisadiyyatın inkişafına
təkan vermək olar. Düzdür, əlaqələr üzrə əməkdaşlıq əsas şərtlərdəndir. Amma
bundan əvvəl biz böyük bazarlar üçün keyfiyyətli məhsul istehsal etməyi
bacarmalıyıq. Biz öz istehsalımızı rəqabətə davamlı etməliyik. Onda bu
bazarlara çıxış imkanı əldə edə bilək. Bu məsələ öz həllini tapdıqdan sonra artıq
növbəti mərhələ yeni bazarların tapılması, əməkdaşlığın genişləndirilməsi olmalıdır.
Bu gün Azərbaycanda yerli sahibkarların xaricə çıxışla bağlı əlaqələri çox
zəifdir. Çünki istehsal daha çox yerli tələbata hədəflənib. Bu, ixracın
strukturundan da məlumdur. Ölkə 1-1,5 milyardlıq məhsul istehsal edir ki, bunun
da böyük hissəsi ancaq kənd təsərrüfatı məhsullarıdır və yerli bazarlara
çıxarılır. Məhz bu məqam onu göstərir ki, Azərbaycan sahibkarlarının xarici
bazarlarda tərəfdaşlarının sayı azdır və əməkdaşlıq zəif inkişaf edir. Ona görə
də xarici şirkətlərin Azərbaycandakı proseslərə cəlb edilməsi və böyük
iqtisadiyyatlarla əməkdaşlığın qurulması vacibdir. Düşünürəm ki, bütün hallarda
Bosniya və Herseqovina ilə əməkdaşlıq irəliyə doğru atılan bir addımdır və
müsbət qiymətləndirilməlidir”.
İqtisadçı ekspert Qadir İbrahimlideyir ki, belə bir əməkdaşlıq çox müsbət haldır
və yalnız alqışa layiqdir: "Amma Bosniya və Herseqovina aparıcı Avropa ölkəsi
olmadığına görə, bu əməkdaşlıq çərçivəsində yüksək dividentlərdən danışmaq üçün
hələ bir qədər tezdir. Bütövlükdə götürdükdə isə, bu əməkdaşlıq özlüyündə
Avropaya çıxış deməkdir. Avropa bazarına çıxış Azərbaycana xeyli iqtisadi
dividentlər gətirəcək. Azərbaycan şirkətlərinin həmin bazarlara çıxışı
şirkətlərin Avropa dövlətləri tərəfindən tanınmasına stimul verəcək. Amma yenə də
qeyd edim ki, indiki halda böyük gözləntilərdən danışmaq tezdir. Avropa bazarlarına
çıxışımızı təmin etmək və əlaqələrimizi genişləndirmək üçün ilk növbədə
keyfiyyətli məhsul istehsalının həcmini artırmalıyıq. Yerli brendlərin Avropa
bazarlarında sayı artırılmalıdır. Hazırda Avropa bazarlarında Azərbaycanın
bəzi meyvə şirələri və digər məhsulları satılır. Amma ümumilikdə götürdükdə, bu məhsulların həcmi çox azdır. Bizim iqtisadi potensialımız
daha çox məhsul təqdim edə bilmək imkanındadır. Bütövlükdə Bosniya və Herseqovina ilə edilən bu əməkdaşlıq həm də bizim
iqtisadi gücümüzün artırılması baxımından vacibdir”.
Şəbnəm Mehdizadə