
Məhsula ömürlük təminat verən brendin yaradıcısı - Biznes
Gənclik qəzeti
12 İyun 2020, 09:45
4790
İlyas Danilov: "Bəzi müştərilərimiz var ki, timsah
dərisindən ayaqqabı istəyir”
Diqqət
mərkəzində olmağı, fərqli işlər görməyi, yaşıdlarından seçilməyi sevir. Hətta,
işinə o qədər bağlıdır ki, məclislərdə belə insanların ayağına baxır, onları
xarakterlərinə görə analiz edir. "Biznes”
rubrikamızın budəfəki qonağı "Danilov” yerli ayaqqabı brendinin yaradıcısı
İlyas Danilovdur.
- Müsahibələrinizin birində "13 yaşından işləmişəm
və bununla fəxr edirəm” deyibsiniz. Maraqlıdır, İlyası 13 yaşında işləməyə
vadar edən səbəblər nələr idi?
- Məcburiyyət... Həyatda
bəzən elə məqamlar olur ki, sən bu addımı atmağa məcbur qalırsan. Mən o yaşda
anladım ki, işləməli və ailəmə kömək etməliyəm. Bəlkə də həmin dövrdə
yaşadığımız sıxıntılar olmasaydı, iş həyatına bu qədər tez atılmazdım. Həm də
kiçik yaşlarımdan ambisiyalarım olub. Uşaqlıq dövrümdən düşünmüşəm ki, mən
fərqli insan olmalıyam.
- Ailə vəziyyətinizdən danışdınız. Necə bir ailədə
böyüyübsünüz?
- Əslində,
kifayət qədər zəngin ailədə doğulmuşam. 90-cı illərin əvvəllərində vəziyyətimiz
çox yaxşı idi. Bir müddət sonra bəzi səbəblərdən həyat şəraitimiz dəyişdi və
işləməli oldum. Açığı, o dövrdə məni işləməyə heç kim məcbur etmirdi, özüm bu
hissi duyurdum.

- O illərdə hansı sahələrdə təcrübəniz olub və bu
sizə nə qazandırıb?
- İlk iş yerim internet
kafe, gündəlik qazancım isə həmin vaxtın pulu ilə "5 məmməd” idi. Daha sonra
yanacaqdoldurma məntəqəsində, yayda dəniz kənarında ofisiant, əvvəlki "Sədərək”
ticarət mərkəzində arabaçı və satıcı kimi çalışmışam. Müxtəlif sahələrdə
işləmişəm və buna görə də heç vaxt utanmamışam. Düşünmüşəm ki, halal pulumu
qazanıram, gördüyüm işdən utanmamalıyam. Əksinə, iş nə qədər çətin və yorucu
olurdusa, daha çox ləzzət alırdım.
- "Sədərək”də araba sürdüyünüz
dönəmlərdə bir gün brend yaradıcısı olacağınızı düşünürdünüzmü?
- Özümü
tanıdığım vaxtdan hiss edirdim ki, nə isə fərqli işlər görəcəyəm. Amma nəyi,
necə edəcəyimi bilmirdim deyə, bu, məni həyəcanlandırırdı. Hətta, bəzən
qıcıqlandırırdı, düşünürdüm ki, özümü həyatda tapa bilmirəm. Digər tərəfdən də,
yaşıdlarıma baxırdım ki, valideynlərinin hesabına dolanırlar, onda özümə
təskinlik verirdim ki, az da olsa, nə isə etməyi bacarıram. Məsələn, 20 yaşımda
özümə "Mercedes-190” markalı maşın hədiyyə
etdim. Yəni kifayət qədər qazanırdım. Amma qazandığım puldan zövq almırdım.
Çünki bilirdim ki, bu, ədəbi deyil, indi olan pul, gələn il olmaya bilər.
- 9-cu sinifdən məktəbdən çıxıbsınız və təhsillə
bütün əlaqənizi kəsərək işləyibsiniz. Arada heç düşünürsünüzmü ki, ali təhsil
alsaydınız, nələrsə fərqli ola bilərdi?
- Çıxmamışam, qovublar.
Məktəb vaxtı çox nadinc uşaq olmuşam, bir yerdə dura bilmirdim. Düzdür, indi də
dura bilmirəm, amma uşaq vaxtı bundan betər idim (gülür). Diqqət mərkəzində
olmağı sevirəm. Digər uşaqlardan fərqlənmək istəyirdim. Əslində, istəsəydim,
yaxşı oxuyan uşaq olardım. Təhsilimi davam etdirib, ali məktəbə qəbul olsaydım
belə, bu, ancaq və ancaq Azərbaycana Dövlət Mədəniyyət və İncəsənət
Universiteti olardı. Uşaqlıqdan incəsənətlə maraqlanmışam. Amma həyat elə
gətirdi ki, bu istəyim ikinci plana keçdi. Üstündən kifayət qədər vaxt
keçməsinə baxmayaraq, hələ də o istək var. İndi hobbi kimi məşğul oluram. Ona
görə, ali təhsil almadığım üçün nələrinsə başqa cür ola biləcəyini düşünmürəm.

- Özünüzə 20 yaşında maşın hədiyyə etdiyinizi qeyd
etdiniz. Maraqlıdır, hazırda 31 yaşındakı İlyas 20 yaşlı gənclərə özlərinə
hansı hədiyyəni almağı məsləhət görər?
- İlk olaraq məsləhət
görərdim ki, "190”
almasınlar (gülür). Yaxşı olardı ki, pulu hansısa biznes sahəsinə qoysunlar.
Düzdür, mən məsləhət verirəm, amma bilirəm ki, qulaq asan yoxdur. Mənim çox
gənc tanışlarım var. Hərdən oturub söhbət edəndə, məsləhət verirəm, lakin hiss
edirəm ki, məni dinləsə də, dediyimi etməyəcək. Əslində, onları da başa
düşürəm, çünki mən də elə olmuşam. 20 yaşımda özümə maşın aldığım üçün peşman
deyiləm. Çünki onun ləzzətini indiki yaşımda duya bilməyəcəkdim. Ona görə,
gənclərə məsləhət verərdim ki, nəyi ürəkdən istəyirlərsə, onu etsinlər.
- İlk biznesiniz ayaqqabı aksesuarı satışı
sahəsində olub və batıb. Daha sonra başqa sahədə işləyərkən "Danilov” brendinin
ilk addımlarını atıbsınız. Maraqlıdır, ikinci dəfə müflis olmaqdan qorxmurdunuz?
- (Gülür)
Əlbəttə, qorxurdum. Hərdən düşünürəm ki, həyatımda heç vaxt stabillik olmayıb.
Enişli-yoxuşlu həyat tərzi yaşamışam. Yüksələn və o yüksəklikdən enən vaxtlarım
da olub. "Danilov”un ilk addımlarını atanda, bilirdim ki, artıq bu işdə səhv
etmək haqqım yoxdur və etməməliyəm də. Bəzi insanların həyatda həmişə "B”
variantları olur. Amma mənim yox idi. Ya öz işimi qurmalı, ya da kiminsə işçisi
olmalı idim. Mən də birinci yolu seçdim.
- Dediniz ki, həyatınızda həm qalxan, həm də enən
zamanlarınız olub. Bəs indi hansı mərhələni yaşayırsınız?
- İndi
təyyarədə oturmuşuq, hər iş qaydasındadır və qalxmağa hazırlaşırıq.
- Bir az da yeni brend yaradarkən yaşadığınız
çətinliklərdən danışaq.
- Yeni, xüsusilə də yerli
məhsul yaratmaq çox çətindir. Çünki "Made in Azerbaijan” adı ilə istehsal
olunan ayaqqabı markası, demək olar ki, mövcud deyildi. Digər tərəfdən,
insanlarda yerli məhsulun keyfiyyətinə inam yoxdur. Bizim ilk çətinliyimiz bu
sahədə idi. Həmçinin qiyməti də ucuz deyildi, bu baxımdan müştəri tapmaq müşkül
məsələ olmuşdu. Qoyduğumuz qiymətləri görənlərin çoxu gülür, Azərbaycanda o
qiymətə yerli marka ola bilməyəcəyini düşünürdülər. Amma qarşıma məqsəd
qoymuşdum, bu brendi yaradacağam. Bəlkə də 8 ay gecə-gündüz demədən işlədim və
bacardım. İşə başlayanda mənə gülənlər indi zəng vurub ayaqqabı istəyirlər.

- Əslində, çox yaxşı məqama toxundunuz. Həqiqətən
də bazara yeni daxil olan bir brendin insanların inamını qazanması çətin olur.
Siz bunu necə bacardınız?
- Ömürlük
təminat və müştəri məmnuniyyətini əsas tutaraq. Məhsullarımıza ömürlük təminat
verirəm və müştəri yanlış olsa belə, heç vaxt demirəm ki, səhvsiniz. Biz
fəaliyyət göstərəndən bu günə qədər təqribən 1500-ə yaxın müştəridən, bəlkə də
2-si narazı olub. Amma bacardığımız qədər, müştərilərimizin narazı qalmamağı
üçün çalışırıq. Ömürlük təminat məsələsinə gəlincə, ilk olaraq vurğulayım ki,
dünyada belə bir təcrübə yoxdur. Lakin biz bunu edirik. Müştəri bizdən aldığı
ayaqqabını nə vaxt olursa-olsun, gətirsin, ya biz onu bərpa edirik, ya da
yenisini veririk. Bu, müştəri məmnuniyyəti üçün vacibdir.
- Yaşadığınız çətinliklərdən danışarkən
"ayaqqabılarımızın qiyməti ucuz deyil” dediniz. Maraqlıdır, "Danilov”
markasından geyinmək üçün cibimizdə nə qədər pulumuz olmalıdır?
- Bəli, ən əsas məsələ qiymətdir
(gülür). Biz bazara daxil olarkən 250 manatla başladıq və insanlar deyirdi ki,
bu qiymətə yerli ayaqqabı brendi olar? Amma mən heç vaxt endirim etmədim.
Sadəcə, bircə dəfə 28 May tarixində - həm doğum günüm idi, həm də
Cümhuriyyətimizin 100 illiyinə təsadüf edirdi deyə, bütün məhsullarımıza 100
manatlıq endirim etdik.
Qiymətlərimizdə
maksimum qiyməti demək çətindir. Çünki bizdə sırf sifariş əsasında tikilir
deyə, qiymət formalaşarkən istifadə olunan xammal, zəhmət nəzərə alınır. Amma
bəzi müştərilərimiz var ki, timsah dərisindən ayaqqabı istəyir. Bunun qiyməti
2000 AZN-dən başlayır. Hətta elə istehlakçılar var ki, "tapoçka” sifariş verir
və üzərində qızıldan dəmir istəyir. Onun qiyməti isə 1000 manatdan çox olur.
Ayaqqabılarımızın baha olmasının əsas səbəbi əl işi olması və təmiz dəridən
hazırlanmasıdır. Piton, timsah dərisindən ayaqqabılarımız var.

- Bir az da ayağımızı incidən, ayaqlarımızdan pis
qoxu gəlməyinə səbəb olan məhsullardan danışaq...
- Əslində,
ayaqqabı çox önəm verilməli əşyadır. Bəziləri evdən çıxanda, hansı paltarı
geyinəcəyi haqqında düşünürsə, mən hansı ayaqqabını geyinəcəyimi fikirləşirəm.
İnsanlar bilməlidir ki, ayaqqabı görüntüdür, sağlamlıqdır. Çünki ayaqqabı xarici
görünüşü tamamlayan ən vacib elementdir. Siz bahalı paltar geyinib ucuz
ayaqqabı geyinsəniz, heç olur, amma ucuz paltar geyinib bahalı ayaqqabı
geyinsəniz, paltarın da qiyməti qalxacaq. Ayaqqabı narahat olanda, bu, bütün
əhval-ruhiyyəmizə təsir edir. Narahatlığa səbəb isə ayaqqabı qəlibləridir.
Qəlib forması elə seçilməlidir ki, ayaq rahat olsun. Bu da şəxslərdən asılı
olaraq dəyişir. Ən əsas nüans isə odur ki, insan gərək ayağının necə bir
ayaqqabıda rahat olacağını bilsin. Bəzisi sərt, kimisi yumşaq ayaqqabı sevir.
Qoxu
məsələsinə gəlincə, bu, ayaqqabının materialından, yəni tikildiyi dəridən
asılıdır. Təcrübə üçün bir ayaqqabını kəsib baxa bilərsiniz. Hətta, mağazalarda
brend adı altında satılan bir çox ayaqqabıların içərisinə belə karton qoyulur.
Bu da istər-istəməz, bir müddətdən sonra iyi verməyə başlayır. Amma bizdə isə
ayaqqabı sırf individual olaraq müştərinin ayağının ölçüsünə özünün seçdiyi
dəri materialından tikilir. Digər tərəfdən, ayaqqabı sırf dəri olsa belə, hər
gün geyinməyin. Elə insanlar var aylarla eyni ayaqqabını geyinir. Bu, düzgün
deyil. Bir ayaqqabını həftədə maksimum 3 dəfə geyinməlisən. Əks halda, 6 aya istənilən ayaqqabı
deformasiyaya uğrayır.
- Yaxşı bir atalar sözü var: "Dost başa, düşmən
ayağa baxar”. Aydın məsələdir ki, siz ayağa baxırsınız...
- (Gülür) Yüzdə yüz elədir.
Müştəri qapıdan addımını atdığı an, öncə ayağına baxıram və analiz edirəm. Onu
da qeyd edim ki, ayaqqabısına baxıb hansı xarakterdə insan olduğunu anlaya
bilirəm. Hətta, işdən kənar başqa bir məclisdə olanda belə, mütləq şəkildə
insanların ayağına baxıram. Bəzən adam uzaqda olur, ayağını görə bilmirəm. Bu
zaman necəsə yol tapıb yanına gedirəm və ayaqqabısını nəzərdən keçirirəm. Bu,
inkişaf, yeni modellər üçün yaxşıdır.
- Məhsullarınızı ixrac edirsinizmi?
- Hələ ki, ixrac yoxdur, amma
xaricdən müştərilərimiz var ki, sifarişlə onlar üçün ayaqqabı tikirik. Bizim
bir üstünlüyümüz də ondadır ki, ayaqqabıların üzərinə loqo kimi "Made in
Azerbaijan” yazısını vururuq.
- Son olaraq biznes qurmaq istəyən gənclərə
tövsiyəsiniz nələrdir?
- İstək... sadəcə bunu deyə
bilərəm. Hansı sahədə olursan ol, gördüyün işi dəlicəsinə sevməlisən. Pul
qazanmağı düşünərək biznes qurmaq düzgün deyil. Təbii ki, pul vacib nüansdır,
amma ilk deyil. Məncə, hər kəs işini sevərək görsə, heç bir sahədə problem
olmaz.
Günel
Azadə



Digər xəbərlər