• cümə axşamı, 28 mart, 13:32
  • Baku Bakı 16°C

“Məhşər-məhşər oyunu”

06.10.15 14:27 1818
“Məhşər-məhşər oyunu”
Yeni yazımın mövzusu ADMİU-un “Musiqili teatr rejissorluğu” ixtisasının tələbəsi Elşad Adullanın quruluşunda Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində nümayiş olunan H.Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanmış bir hissəli “Məhşər-məhşər oyunu”dur. “Ya Allahu Təbaraku və təala... Dissidentlik bütövlükdür, vəhdətdir, sistem əlaqələndiricisidir. Belə ki, İblis (şeytan) və Allah (Tanrı) qarşıdurması özündə Din adlı bir sistemi qapsıyır, ehtiva edir. Dünyada biri birinə düşmən və ya dost olan nə varsa, hamısı bir “bütöv”ə söykənir.
“İblis nədir?” və ya Cavid kimdir... Mehdi Hüseyn Cavid romantizmi haqqında deyirdi: “Cavid romantizmi çox zaman canlı həyatdan uzaqlaşmağa meyl göstərən sənətkar romantizmi olmuşdur, lakin bu heç də onun fantaziya aləminə qapıldığı demək deyil...” Yuxarıda qeyd etdiyim Din adlı bütövlük içrə teizm və ateizm qərarlaşır, mübarizə aparır. Mehdi Hüseyn də bu fikrində ikili mövqe sərgiləyir. Belə ki, o İblisi “həyatdan uzaq” adlandırsa da, Fantaziya hesab etmir. Axı, niyə Cavid dövrünün “dramatik çağlar”ında yazdığı bu əsərə “İblis” adı verdi? Əcəba, o özü İblisin varlığına, onun “mifoloji fiqur” olmadığına inanırdımı? Cavidin mövqeyini araşdırmağa və Elşad Abdullanın qənaəti ilə müqayisə etməyə çalışaq... Varlıq idrakın inikası - təzahürüdür, ədəbiyyat mövcud olduğu ictimai-siyasi dövrün güzgüsü. Məhz rejissorun və dramaturqun “İblisə”yanaşma tərzlərindəki... fərq də burdan doğur, zühur edir.
Cavid əsərində dövrün ictimai-siyasi tələblərindən asılı olaraq, MÜHARİBƏ problematikasından doğan hisslərin təsviri güclü şəkildə özünü büruzə verir və onun İblisə münasibətində bir “inkar” aşkar görünür. Dramaturq İnsanla İblisi qarşı-qarşıya qoyur, sonra bu ikisini bir vücudda birləşdirib də, bir növ, “İblis yoxdur, bəşəriyyətdə mövcud cəmi iblisliklər insan əməlindən doğur”,- deyir. Bəs, Allah haradadır?! Niyə Cavidin əsərində İblis (insan) və onun əməlləri var, İblisin qalibiyyəti var, amma Allahın verdiyi cəza yoxdur?! Qeyd edək ki, Cavidin İblisə yanaşmasında iki variant özün büruzə verir: invariant (anavariant) və törəmə variant. İnvariantda İblis islamın təlqin etdiyi kurallar içrə təsvir edilir və mələklə yan-yana qoyulur. İnsanın qarşısında iki yolun, dünyaya baxışında iki pəncərənin mövcudluğunu qabardır, ona şans verir. Törəmə variantda isə İblis insanlığın “psixoloji faktı”, təxəyyülünün məhsulu və törətdiyi çirkin əməllərə gətirdiyi əsassız bəraəti kimi verilir. Sanki, dramaturq demək istəyir ki, ey insan, İblis adlı bir məxluq yoxdur, mövcud olan sənsən, sənin düşüncən, dünyagörüşün və ondan doğan əməllərindir.
Qeyd edək ki, əsərin sonuna doğru irəlilədikcə dramaturq invarianta dönüş edir... “lə havle və lə küvvətə illə billahil aliyil azim...” “İnsan nədir?” və ya Elşad Abdulla kimdir... Elşad Abdulla tələbə-rejissorlar arasında o tələbələrdəndir ki, imiginasiya (təxəyyül) qalaktikasında özünə bir planet seçmiş və orada sakin olmuşdur. Yəni, “Bapbalaca böyüklər” planetindən gəlib düşmüşdür ADMİU-ya...
İndi isə gəlin onun “İblis”ə və İblis (şeytan) məfhumuna baxış bucağını, yanaşma tərzini araşdırmağa çalışaq. Oyun içrə genezis və sokrallıq. “Qiyamət” surəsi... Onun sədaları altında vücuda qovuşan məxluqlar... İnsandırlar. Amma maraqlıdır ki, onlar ağ libas-kəfən içrə zühur edirlər. Bu səhnə özündə törəyişi deyil, oyanışı ehtiva edir: Şeyx Nəsrullahın sözü olmasın, ölülər dirilir. Tamaşada siqnal var - imtahan siqnalı! Məhz bu zamanda rejissor İslamın ehkamlarına qatı etiqad sərgiləyir: insan ölümünün yalnız bədənsəl olaraq mümkünlüyünü, ruhun isə əbədi yaşayacağı ideyasını özündə daşıyır. “İnsan “qiyamət nə zaman olacaq?” deyə sual edər. Göz qamaşdığı, Ay tutulduğu və Günəşlə bir yerə gətirildiyi zaman! O gün insan “qaçacaq yer varmı” deyə soruşacaq... xeyir, qaçacaq yer yoxdur!!! O gün varıb duracağın yeganə məkan Allahın hüzurudur” (“ Qiyamət” surəsi 6-12). Bəli, deməli, tamaşa nəticədən səbəblərə doğru irəliləyəcək... Bu isə dramaturgiyada “inversiya effekti” adlanır.
Biz qeyd etdik ki, Cavid öz əsərində hər iki variananta önəm verir. Sonda anavarianta dönür. Rejissorun məsələyə münasibətində isə qəribə bir anlaşılmazlıq höküm sürür: Nədən ki, rejissor tamaşanın sonunda “insan nədir? İblis!” desə də, süjet xətti boyunca bu fikir qabardılmır. Belə ki, onun yanaşmasında üç qütb mövcuddur: İnsan, İblis, Allah! Hərəsi öz mövqeyində durur və necə deyərlər öz “postunu” tərk etmir. O, əsasən, Cavidin invariantı ətrafında gəlişir. Tamaşanı islamın suggestiv (təlqinedici) təsiri altında düzənləyir. Obrazların vəhtətində sistem tamamlanır. İnsanın əməlləri İblisdən, İblisin əməlləri Allahın hökmündən dolayı mövcudiyyətə qovuşur.
Tamaşanın Azanla bitməsi isə hər bir halda Allahın iradəsinin hökmranlığını özündə ehtiva edir. Bu inanc oyunudur, sokral əlaqəyə iddialı oyundur, tövbə məqamında mövcuddur. Tövbə məqamında mövcud olan oyunun gərək seyrçisi də ol məqama ucala... Oyun predmetinin aktuallığı da səhnə əməlinin düzəninə uyğun gələ... Teatr orqanizmdir. Tamaşa içrə milli və bəşəri dəyərlərin, obyektiv və subyektiv yanaşmadan doğan münasibətlərin üzvi dərəcədə qaynayıb-qarışma dərəcəsi bizim “dəyərləndirmə”mizə biləvasitə təsir göstərir. Və bu qaynayıb- qarışma nə qədər uğurludursa, müvazi olaraq fikirlərimiz də bir o qədər müsbətə köklənir. Xalqımızın böyük hissəsi İslami dəyərlər daşıyıcısıdır. Rejissor da əsəri müharibə problematikasından uzaqlaşdıraraq, bütövlükdə dini ilmələrlə toxuduğu xalata bürüyür. Və “insanlar Allahı unudur“ faktını qabardaraq, insanları tövbəyə çağırır.
O ki qaldı aktyorların səhnə əməlinə... Biz borcluyuq deyək ki, tamaşanın temporitmi və texniki təminatı bir o qədər də tərifəlaiq deyil və əsərin təlqinedicilik qabiliyyətinə ardı-arası kəsilməz zərbələr vurur. Tamaşanın temporitmik uğursuzluğu isə seyrçi təxəyyülündə qaranlıq məqamlar buraxır, onu azacıq da olsa çaşdırır. Rejissor oyunun harmoniyasına - yəni hər bir cəhətin, detalın sıx qarşılıqlı əlaqəsinə, elementlərin bir-birini şərtləndirməsinə daha bir az diqqətcil olsaydı, tamaşanı fikir müstəvisində daha aydınlıqla incələsəydi, onda yəqin biz də tənqidi fikirdən uzaq qaçardıq. Bu kimi anlaşılmazlıqlar aktyorların rol bölgüsündə də özünü görükdürür ki, biz bunun təfərrüatına varmırıq.
Ümumilikdə isə tamaşanı uğurlu hesab etmək, onu yeni estetik prinsiplərlə yaranmaqda olan teatrımızın “ayaq səsləri“ adlandırmaq olar. Oyun Şamil İbrahimovun (İblis), Fatimə Əliyevanın (xisləti-İblis), Elşad Abdullanın (Arif), Nurlan Suleymanlının, Hüseynağa Aslanovun, Kamran Muradlının uğurlu səhnə əməli ilə yadda qalır. Hələ heç mən onu da demirəm ki, istedadlı Şamil bəyin oyununun “25 ci kadrında” bir monotonluq vardı... Elşad Abdullanın məşq prosesi zamanı tələbə-teatrşünasla, gənc teatral fikirlə hesablaşmasını, böyük Aydın Talıbzadənin kiçik tələbəsi Dağlar Yusifin adını tələbə teatrşünas-rəyçi kimi afişaya salmasını (teatrımızın tarixində ilk dəfə) yaranmaqda olan teatrımız üçün teatrşünaslıq elminin aktuallaşması yönündə mühüm addım hesab edirik. Gənc rejissorumuza sənət və həyat uğurları, çökəkli yollarda büdrəməməyi arzulayırıq!!! Hörmət və sayqılarla...
Dağlar Yusif
banner

Oxşar Xəbərlər