• cümə, 29 Mart, 13:59
  • Baku Bakı 14°C

Mehriban Əliyeva: “Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli tədbirdir”

30.07.17 23:38 2342
Mehriban Əliyeva: “Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli tədbirdir”
"Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib. Mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran hər bir layihə bizim üçün çox dəyərlidir”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın IX Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarına göndərdiyi təbrik məktubunda deyilir.
Təbrik məktubunda həmçinin deyilir: "Son illər ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün xalqların nümayəndələrini bir araya toplayır.
Fərəhləndirici haldır ki, nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı Azərbaycanın dünyada multikulturalizm və tolerantlığın uğurlu modellərindən biri kimi tanıdılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.
Əminəm ki, maraqlı və rəngarəng musiqi proqramının təqdim olunacağı builki festival qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır. Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram”.
banner

Oxşar Xəbərlər