Mehriban Əliyeva Pirşağıda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
01.03.17 20:10
1356
Azərbaycanın birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Sabunçu rayonunun Pirşağı qəsəbəsində
226 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak edib.
APA-nın məlumatına görə, birinci vitse-prezident
körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan
Mehriban Əliyevaya məlumat verib ki, körpələr evi-uşaq bağçası Pirşağı qəsəbəsi
112 saylı orta məktəbin binasında 2 qrupla fəaliyyətə başlayıb. Bu məktəbin
binası qəzalı vəziyyətdə olduğundan 2011-ci ilin aprel ayında söküldükdən sonra
uşaq bağçası Pirşağı qəsəbə nümayəndəliyinin birmərtəbəli binasında 2 otaqda
yerləşdirilib. Uşaq bağçası 35 yerlik 2 qrupdan ibarət idi. Prezident İlham Əliyevin
2011-ci il 4 may tarixli sərəncamı ilə təsdiq edilən "2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”nın Tədbirlər Planının icrası ilə əlaqədar Pirşağı qəsəbə nümayəndəliyi
üçün başqa yer ayrıldıqdan sonra 2013-cü ilin iyun ayında qeyd edilən ünvanda
yerləşən birmərtəbəli köhnə bina sökülərək yerində uşaq bağçası üçün yeni
binanın inşasına başlanılıb.
İndi 110 yerlik bu müəssisədə 2-6 yaş arasında
uşaqlar tərbiyə olunurlar. Üçmərtəbəli körpələr evi-uşaq bağçasında azyaşlı
sakinlərin rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək,
həmçinin onlarda olan bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli lazımi
şərait yaradılıb. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları,
musiqi zalları, yeməkxana var.
Körpələr evi-uşaq bağçası ilə tanış olan birinci
vitse-prezident Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzulayıb.