Mehmet Usta Azərbaycanın ən məşhur aktyoru imiş - Fotolar
Noyabrın
16-da Nizami Kino Mərkəzində başlanan 3-cü "Türk filmləri həftəsi” ayın 20-də
başa çatdı. 5 günlük nəzərdə tutulan film həftəsi rəngarəng və maraqlı anlarla
yaddada qaldı.Tədbir
başa çatdıqdan sonra əldə olunan nəticələrlə bağlı layihənin əsas təşkilatçılarından
- Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan
Çiftçi ilə söhbət etdik. İrfan bəy "Türk filmləri həftəsi”ndə ağız dolusu
danışdı. Bildirdi ki, bu layihəyə böyük marağa səbəb olub.
- Bu
layihə çərçivəsində Azərbaycan gənclərinin türk kinosuna böyük sevgi və hörmət
göstərdiklərinin şahidinə çevrildik.
Nümayiş olunan filmlərin salonlarında tamaşaçı əlindən yer tapmaq mümkün
deyildi. Kino salonlarının bütün seansları anşlaq idi. Hətta filmlərimizi izləməyə
o qədər tamaşaçı gəlmişdi ki, onların bir qismi salona daxil ola bilmədi, təəssüf
ki, çöldə qaldılar. Onu da qeyd edim ki, gələn tamaşaçıların çoxu gənclərdən
ibarət idi. Azərbaycan gənclərinin türk filmlərinə böyük maraqları var.Layihənin
özəlliklərindən biri də ondan ibarət idi ki, tamaşaçılara təqdim olunan filmin
rejissorları və aktyorları da həmin salonda idilər. Onlar film bitdikdən sonra
tamaşaçılarla söhbət edir, fikir mübadilələri aparırdılar. Tamaşaçıların film sənəti,
ümumi olaraq filmin dili, texnikası ilə bağlı bilikləri çox yüksək idi. Tamaşaçıların
rejissor və aktyorlara verdikləri suallar da böyük marağa səbəb oldu.
- Necə?
-
Tamaşaçılar o qədər diqqətli idilər ki, sən demə izlədikləri filmlərin ən xırda
nüanslarına belə fikir veriblər. Onlar elə suallarla müraciət edirdilər ki,
türk rejissorlar heç Türkiyədə belə suallarla qarşılaşmadıqlarını deyirdilər.
Onlar elementar, boş suallar vermirdilər.
Suallar zamanı "bu səhnənin montajı niyə belə olub”, "burada ssenarinin
hekayəsində qırıqlıq var”, "bu səhnədəki replikada boşluq var” kimi fikirlər də səsləndirirdilər. Hətta,
tamaşaçıların ciddi tənqidinə məruz qalan filmlər də oldu. Bizim rejissorlar, hətta o tamaşaçılardan çox
şey öyrəndiklərini də qeyd etməyi unutmadılar.
- Türk yaradıcı heyəti ilə görüşlər
yalnız kino mərkəzində oldu?
-
Xeyr. Görüşlər iki universitetdə - Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində də keçirildi. Oradan da çox maraqlı təəssüratlarla geri döndük.
Tələbələrlə görüşdən sonra anladıq ki, sən demə, bizim sevimli aktyorumuz
Mehmet Usta Azərbaycanın ən məşhur aktyoru imiş (gülürük). Mehmet Ustanı hər
iki universitetdən güclə çıxartdıq. O, "Bez Bebek” filmindəki Şoker rolu
ilə Azərbaycanlı gənclərin qəlbində taxt qurub.
İndiki gənclər o Şokeri izləyib böyüyən uşaqlardırlar. Ona görə, ona
möhtəşəm bir münasibət göstərdilər. Azərbaycan gəncliyinin yüzdə altmışı onun
fanatıdır desəm, yəqin ki, yanılmaram. O, mənim tələbəmdir. Küçədə çətinliklə gəzirdik.
İnsanlar ona yaxınlaşır, suallar verir, şəkil çəkdirirdilər. Təbii ki, bu da
bizə yeni fikirlər verdi.
- Nə üçün layihə çərçivəsində kino izlənilən
salonları dəyişdiniz?
-
Çünki biz gözlədiyimizdən də artıq tamaşaçı gəlmişdi. Layihənin ikinci günündə
böyük salonlardan istifadə etdik. Anladıq ki, növbəti layihədə iki böyük film
salonundan istifadə etməliyik. Təbii ki, növbəti layihələrdə bunları dəyərləndirəcəyik.
Daha böyük arenalardan istifadə edəcəyik.
- Bu layihənin növbəti mərhələsində hansı
yeniliklər etməyi düşünürsünüz?
-
Bundan sonrakı layihədə yarışma etmək niyyətindəyik.
Tədbirin növbəti il daha rəngarəng olacağını ümid edirik. Tamaşaçıların bu qədər
çox maraq göstərməsi bizim də cəsarətimizi artırdı. Azərbaycan tamaşaçılarından
böyük enerji aldıq.
- 2-ci "Türk filmləri həftəsi” ilə budəfəki
tədbirin fərqi nə oldu?
- Ötən
tədbirdən fərqli olaraq bu il daha çox tamaşaçı sevgisi ilə rastlaşdıq. Daha rəngli
festival oldu. Həm təşkilatçılıq, həm də tamaşaçılarla görüşlər baxımından daha
böyük sevgi gördük. Keçən il bu qədər çox tamaşaçı sevgisi ilə
qarşılaşmamışdıq. Türkiyə səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin işə
müdaxiləsi də təbii ki, burada rol oynayır. Özümüzü tərifləmirik, ancaq
insanlar belə deyir.
- Azərbaycan gəncləri türk filmlərini
çox sevirlər. Hətta, türk aktyorlarını türklərin özlərindən belə yaxşı
tanıyırlar. Təbii ki, bu da festivalın daha rəngarəng olmasına zəmin yaradıb.
- Əlbəttə.
Azərbaycan vətəndaşlarının əksəriyyəti türk filmlərini sevir. İstər tarixi, istər
müasir türk kinolarına, seriallarına
qarşı böyük sevgiləri var. Ancaq bu layihədə nümayiş olunan filmlər son
bir-iki ildə çəkilən filmlər idi. Filmlərdə çəkilən bəzi aktrisalar var ki,
onlar Türkiyədə yeni tanınmağa
başlayırlar.
- "Türk filmləri həftəsi”ndə Azərbaycan və Türkiyənin yaradıcı insanların
qarşılıqlı müştərək işlərinin olacağı ilə bağlı bir xəbər eşitdik.
- Bəli,
bunu mən demişəm. Biz artıq layihəni
başlamışıq, davam etdirəcəyik də. İlk layihədə Türkiyə-Azərbaycan rəssamlarının
görüşünü təşkil etdik. Yayda şair və ədəbiyyatçıların görüşünü gerçəkləşdirdik.
Bundan başqa, kitab sərgisini həyata keçirdik. V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası həyata
keçirdik. Sərgi-yarmarkada 150-dən çox yerli, 40 xarici olmaqla,
ümumilikdə 40 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o
cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak etmişdi.
Biz bu layihəni başlamışıq və davam etdirəcəyik. İncəsənətin bütün sahələrində bu layihəni
davam etdirmək istəyirik.
Xəyalə Rəis