• cümə, 29 Mart, 12:41
  • Baku Bakı 14°C

“Məhkəmələrdə nümayəndəlik” adlı praktiki təlim keçiriləcək

09.04.14 13:56 1836
“Məhkəmələrdə nümayəndəlik” adlı praktiki təlim keçiriləcək
Son dövrlər Şirkət rəhbərləri ali məktəbi yeni bitirmiş və iş üçün müraciət edən şəxslərin praktik biliklərinin az olmasından narahatlıqlarını ifadə edirlər. Bunu nəzərə alan “Corporate Legal Consultancy” (CLC) Hüquq Şirkəti və Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) “Məhkəmələrdə nümayəndəlik” adlı birgə praktiki təlim keçirəcək. Bu təlimin əhəmiyyəti, gənclərə faydası və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını CLC Hüquq Şirkətinin direktoru Pərviz Məmmədov cavablandırır.
- Pərviz müəllim, əvvəlki müsahibələrinizdə siz də iş üçün müraciət edən şəxslərin praktik biliklərinin az olması probleminə toxunmusunuz. Siz bu problemin həllini necə görürsünüz?

- Təəssüf ki, hazırda bu problemlə bütün işəgötürənlər üz-üzə qalırlar. Ali məktəbi yenicə bitirən məzunlar haqlı olaraq onlardan iş təcrübəsinin tələb edilməsinə narazılıq edirlər. Düşünürəm ki, tələbələr təhsil aldığı dövrdə paralel olaraq praktiki biliklər əldə etmək imkanına da malik olmalıdırlar. Artıq ali məktəbi bitirdikdə onların müəyyən praktiki bilikləri olmalıdır ki, onlar da öz peşəkar karyeralarına uğurlu start verə bilsinlər. Bunu isə müxtəlif yollarla etmək olar. Məsələn, şirkətlərdə bir neçə aylıq təcrübə keçmək, peşəkar treninqlərdə iştirak etmək, yarım gün də olsa şirkətlərdə ödənişli işləmək və sair.
- Sizin rəhbərlik etdiyiniz CLC Hüquq Şirkəti bu sahədə tələbələrə və artıq məzun olmuş şəxslərə hansı formada kömək etməyi planlaşdırır?

- Biz hər imkan düşdükcə treninqlər verməklə təcrübə proqramları təşkil etməklə əlimizdən gələn dəstəyi verməyə çalışırıq. Bu istiqamətdə bizim Azərbaycan Risk Peşəkarları Assosiasiyası ilə birgə təlimlərimiz planlaşdırılır və həyata keçirilir. Növbəti bu cür təlim May ayında CLC Hüquq Şirkəti və Azərbaycan Risk Peşəkarları Assosiasiyasının birgə həyata keçirdiyi "Məhkəmələrdə nümayəndəlik" praktiki təlimi olacaqdır. Təlim heç təcrübəsi olmayan məzunlar və sonuncu kurs tələbləri eləcə də magistrantlar üçün nəzərdə tutulmuşdur. Lakin təlimdə yenicə işləməyə başlamış hüquqşünaslar üçün də bir çox maraqlı məsələlər tədris ediləcəkdir. Hesab edirik ki, bu təlim iş axtaran hüquqşünaslar üçün böyük maraqla qarşılanacaqdır.
- Təlimdə dinləyicilərin diqqətinə əsasən hansı məqamlar çatdırılacaq?

- Təlim 3 hissədən ibarət olmaqla həftədə 4 saat nəzərdə tutulur. Təlimi daha əvvəl müxtəlif rayon məhkəmələrində çalışmış və artıq bir neçə ildir ki, peşəkar hüquq praktikası ilə məşğul olan Araz Yusifov keçəcəkdir. Təlim bilavasitə praktik vərdişlərin formalaşdırılması istiqamətində keçiriləcəkdir. Təlimdə iştirak edən şəxslər artıq sərbəst olaraq hər hansı hüquqi və ya fiziki şəxsin nümayəndəsi kimi onun maraqlarını məhkəmədə müdafiə edə biləcəklər. Bunun üçün tələb olunan bütün biliklər sənəd nümunələri və daha əvvəl məhkəmələr tərəfindən qəbul edilmiş qərar nümunələri iştirakçılara təqdim ediləcəkdir. Bundan əlavə iştirakçılar özləri də praktik olaraq bu cür sənədlərin hazırlanmasında iştirak edəcəklər və sonda müsabiqə keçiriləcək. Qalib gələn 2-3 iştirakçıya CLC Hüquq şirkətində təcrübə keçmək imkanı yaradılacaqdır. Bizim təlimin digər bir fərqli cəhəti də odur ki, hazırda bu təlimin proqramı aparıcı banklar və iri şirkətlərlə müzakirə olunur. Hazırda ilkin razılıq əldə edilib. Proqram və proqramın məzmunu razılaşdırmaqla təlim iştirakçılarının həmin bank və şirkətlərdə daha rahat iş əldə etməsinə çalışırıq. CLC Hüquq Şirkəti olaraq biz ARPA ilə birgə bu cür tədbirləri mütəmadi olaraq keçirməyi planlaşdırırıq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər