• cümə axşamı, 28 mart, 19:15
  • Baku Bakı 13°C

Məhkəmələr elektronlaşarsa...

13.06.14 09:43 1379
Məhkəmələr elektronlaşarsa...
Dünən Bakıda “Açıq hökumət: “Elektron Məhkəmə” İnformasiya sisteminin quruculuğunun İctimai Müzakirəsi” adlı konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Hüquqşünasları Konfederasiyası, Ümumi Məhkəmə Hakimləri Assosiasiyası və AADİGT-nin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanda məhkəmələrin elektronlaşdırılması prosesi haqda məlumat verilib. Bildirilib ki, artıq bir neçə məhkəmədə, o cümlədən Bakının Yasamal və Xətai rayon məhkəmələrində elektron informasiya sisteminin tətbiqinə başlanılıb. Sistemin tətbiqi imkan verəcək ki, vətəndaş məhkəməyə gəlmədən iddia ərizəsi göndərsin, ərizənin icraata götürülməsindən, hansı hakimə verilməsindən xəbər tutsun. Elektron məhkəmələrdə işlərin hakimlərə paylaşması da elektron qaydada avtomatik olaraq sistem tərəfindən aparılır. Bu da müəyyən dərəcədə neqativ halların qarşısının alınmasına xidmət edəcək.
Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) eksperti, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov öz çıxışında bildirib ki, bu, həm hakimlərin, həm də vətəndaşların işini asanlaşdıracaq. “Məhkəmənin yekun qərarı çıxana kimi bütün proseslər barədə vətəndaşa SMS-lə xəbər göndəriləcək. Gələcəkdə müraciət edən şəxs məhkəmə qərarını da elektron qaydada əldə edəcək”. R.Qurbanovun sözlərinə görə, məhkəmələrdə protokollar elektron qaydada hazırlanacaq, bu da hakimlərin vaxtına qənaət edilməsinə səbəb olacaq. Hətta məhkəmə çəkişmələrinin video və audio yazısı da təqdim olunacaq ki, bu da bir sıra hallarda mübahisəli məqamların aradan qalxmasına kömək edəcək: “Şəxsən mənim özümün hakim kimi iştirak etdiyim bir prosesdən şikayət edilmişdi. Prosesin video yazısını təqdim edəndən sonra mübahisəyə son qoyuldu”. Lakin R.Qurbanov hesab edir ki, proseslərin video yazılarının təşkili dövlət üçün maddi baxımdan ağır yük olacaq, ona görə gələcəkdə audio yazı ilə kifayətlənmək lazım olacaq. Ekspertin sözlərinə görə, məhkəmələrin işini ləngidən proseslərdən biri də sorğulardır. Elektronlaşma bu problemi də aradan qaldıracaq. Məhkəmələr digər dövlət qurumları ilə elektron sənəd mübadilə sisteminə qoşulacaq və nəticədə hansısa sənədi, məsələn, kiminsə mənzil mülkiyyətini təsdiqləyən sənədi əldə etmək vaxt almayacaq.
Qeyd edək ki, Azərbaycanda tədricən bütün məhkəmələr elektronlaşdırılacaq. Hələlik Yasamal rayon məhkəməsində bu sistem yalnız daxili istifadə üçün açıqdır. Digər pilot məhkəmələr də seçilib, onlarda sistemin tətbiqi üçün proqramlar yaradılıb, elektron qeydiyyat sistemi tətbiq edilib. Məhkəmələrin 1700-ə yaxın əməkdaşı üçün təlimlər keçirilib, onlara ümumi İKT bilikləri aşılanıb. Yaxın vaxtlarda pilot məhkəmələrdə bu sistem vətəndaşlar üçün də açıq olacaq.
Tədbirdə həmçinin qeyd olunub ki, Avropada orta hesabla 100 min nəfərə 20 hakim, Azərbaycanda isə son illər hakimlərin sayının iki dəfəyə qədər artırılmasına baxmayaraq, 100 min nəfərə 7 hakim düşür. Bir sıra Avropa ölkələrində də 100 min nəfərə düşən hakimlərin sayı 20 hakimdən azdır. Digər tərəfdən, mülki işlər son illər 7 dəfə artıb. Ona görə də son tövsiyələr məhkəmə sistemində İKT-nin tətbiqinə yönəlir. Yəni əsas çıxış yolu məhkəmə sistemində İKT-nin tətbiqidir. Hazırda Estoniya, Portuqaliya, Avstriya və Maltada məhkəmələrdə İKT tam tətbiq olunub. Bu ölkələrdə, sadəcə, elektron statistika tətbiq olunmayıb.
İKT üzrə mütəxəssis Osman Gündüz çıxış edərək elektron hökumət quruculuğu sahəsində işlərin gücləndiyini bildirdi: “Artıq hər gün Nazirlər Kabinetinin elektronlaşmalı olan xidmətlərin siyahısı ilə bağlı qərarı dəyişir. Biz də 80 ən populyar xidmətin adını müəyyənləşdirib aidiyyatı qurumlara təqdim etmişik. Məhkəmə sahəsində də xeyli sayda xidmətlər var ki, vətəndaşlar üçün əlçatan olması çox sevindiricidir”. O.Gündüzün sözlərinə görə, ilk növbədə məhkəmə sistemində çalışanların özlərinin İKT sahəsində biliklərini artırmaq lazımdır: “Biz 2002-ci ildə internetlə bağlı məhkəməyə müraciət etmişdik, işə baxan hakimin özü nə internetdən istifadə edə bilirdi, nə də internetdə çıxışı vardı. Amma indi burada da rəqəm səsləndirildi ki, 11 min nəfər bu istiqamətdə maarifləndirilib, bu, yaxşı göstəricidir. Görünən odur ki, İKT-ləşmə hələlik məhkəmə sisteminin özündə gedir, lakin vətəndaşların bu elektron xidmətlərə əlçatanlığını təmin etmək daha vacibdir”.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə bildirib ki, hakimlər ədalətli olarsa ədalətli qərarı hər bir şəraitdə vermək olar: “Mən düşünürəm ki, iddia qaldırmağın elektronlaşdırılması məhkəmələrdə işlərin sayını 10 qat artıracaq. Düzdür, bu, fiziki baxımdan işi yüngülləşdirir, amma iddiaların sayı durmadan artacaq. Üstəlik, qərarların ədalətli olub-olmamasına elektronlaşmanın nə qədər təsir edəcəyi də sual doğurur. Məhkəmə sistemində ciddi islahatlar aparılmalı, vətəndaşların məhkəməyə münasibətini dəyişmək lazımdır”.
Tədbirdə digər bir sıra suallara da aydınlıq gətirildi, məhkəmələrin elektronlaşmasının əhəmiyyəti və doğura biləcəyi mənfi hallarla bağlı müzakirələr aparıldı.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər